Page 2 of 5 · 20%

Çax-çux bu ölümü sədr Mədədin ölümündən sonra Sultan Əmirlinin “ikinci cinayəti” sayırdı. Niyə?!

– Biləcəksən, qadası. Birinci cinayətin səbəbini də, ikinci cinayətin səbəbini də biləcəksən – deyirdi. – Səbrnən qulaq as. Səbrnən! Çünki qırx altıncı ilin oktyabrındakı “avariya”ynan əllinci ilin “vena” hadisəsinin əlaqəsini açmaqdan ötrü mən özüm də səbrnən, yerli-yataqlı danışmalıyam. Hə!.. Öldürülən adam beş deyil, on deyil. Milyonlarnan adamın nə vaxt, harda, necə öldürüldüyünü bilməsən, Sultan Əmirlinin qatilliyini dərk eləməzsən! Qulaq as!.. EvƏrEyləri yer üzündən köklü-köməcli silmək planı “Vatikan”da yazılıb. Alman Patriarxına, Gürcüstanda, xəlvəti dərədə yerləşən lap gizlin Georgi kilsəsi mərkəzinə, ermənilərin bütün Qriqoryan kilsələri mərkəzlərində bütün katalikoslara göndərilib. Milliyyəti bu vaxta qədər məlum olmuyan, yalan bioqrafiyaynan ömr sürmüş köpəyoğlunun birisinə – Hitlerə, Qrek Vissarionun oğlu Qrek İosif Stalinə göndərilib. Hə!.. Bax elə o vaxtlar bu planın birinci qurbanı kim olub, səncə? Mustafa Kamal Paşa AtaTürk! Bəli! Hə!.. AtaTürkü öldürəndən sonra bu məhv olan “Xəzinə”dən gizlin dərs alanların siyahısı tutulub. – Xalıq güldü. – Bəzi ağzıgöyçəklər söz yayıblar ki, guya o siyahını mən tutmuşam!.. Hə! Əbləhliyə bax ey! Mən özüm, bütün əslim-nəslim EvƏrEy, EvƏrEy Mustafa Kamalı siyahıya salarammı, qadası?! Hə! Stalinnən Hitler, məhz AtaTürkün qətlindən sonra görüşüblər, Vatikanın planı üzrə, bilərsən yəqin, əvvəlcə İspaniyada başlayıblar qırğını. Özü də necə?! Nəzərə alsan ki, “Alman”, “Nemes”, “Doylid”-filan millətin özünün də kökü indi “Ariy” yazılan ƏrEydəndi, yəni xaliscə EvƏrEydilər, onda gör İspaniyada kimnən kim müharibə eləyirmiş: “Kastil” – OdƏs OdƏl, yəni “İspan” – ƏsEv OdƏrləri lap xalis EvƏrEylər, bu bir! Rusiyadan səfərbər olunub İspaniyaya göndərilən OdƏs – “Odessa” EvƏrEyləri (yəni qədim “Krım”lılar – OdƏrEvlər), bu “faşist”, “nemes” damğasıynan damğalanan bədbəxt ƏrEy OdƏrləri özləri!.. Bildinmi nədi bu qan-qırğın, hardandı? Sonrasına qulaq as!..

Əgər Çax-çuxu az-çox diqqətlə dinləsəydi, “Müəllim”, AtaTürk, OdƏs, ƏsEl, ƏrEy OdƏrlərin Nəcəfoğlu adları ilə yanaşı, Səməd əmisinin köhnə yoldaşlarından daha birinin, vaxtilə kəndinin adı ilə Xalxali təxəllüsü ilə tanınıb sonralar Demokrat firqəsinin sədri və Milli hökumətin başçısı kimi məşhurlaşmış daha bir alimin – Mir Cəfər Pişəvərinin adını da eşidərdi və bilərdi ki, qırx bir-qırx beşinci illərdə Cənubda qırx dörd qəzet redaksiyasını “Azadlıq cəbhəsi” təşkilatında birləşdirib, gecəli-gündüzlü çalışdığına baxmayaraq, Xalxali də vaxt tapdıqca bu taydakı həmin “əldən-ayaqdan uzaq, etibarlı yerə” – “Şeyx Xorasan” məqbərəsinə gəlirmiş, ordakı arxivin və “Kainat Elminə aid” kitabların əsasında məqalələr yazırmış, yazdıqlarının bir üzünü Bakıya – Fəlsəfə İnstitutuna – Nəcəfoğluna göndərib, o biri üzünü Təbrizdə özünün buraxdığı “Ajir”⁷⁶ qəzetində çap edirmiş... Çax-çux yenə də “Müəllim”i – “Çopur” adlandırdığı çekisti şahid gətirib deyirdi ki, qırx beşinci ilin dekabrında Demokrat firqəsinin qələbəsindən və Milli hökumət qurulandan sonra da Xalxali bu tayda Sultan Əmirli ilə görüşə gəlməyə imkan tapırmış. İşi o qədərmiş ki, iftarı, naharı, şamı da maşında yeyirmiş, yuxusunu da maşında alırmış, əmma firqəsinin məğlubiyyətindən və Milli hökumət yıxılandan sonra Şimali Azərbaycana mühacirətə hazırlaşdığı günlərdə də Xalxali bu tayda Sultan Əmirlinin rayonuna gəlməyə imkan tapırmış. Qırğına məruz qalan mühacirləri xilas eləmək üçün, yenə gecə-gündüz maşından düşməsə də, bəzən hətta güllə yağmuru altında bu taya – Naxçıvana keçib dostu ilə görüşürmüş. “Avariya” günündən sonra – qırx yeddinci ildə də Xalxalinin vəziyyəti bir o qədər yaxşılaşmayıbmış. Əmma “avariya”dan və teleqramdan xəbər tutanda da imkan tapıb, dərhal gəlib teleqramı oxuyub və teleqramda nə görübsə, eynilə Nəcəfoğlu kimi, o da “fəlakət, fəlakət!” – deyib. Və elə bu kəlməni təkrar edə-edə rayondan çıxıb gedəndə hardasa Yevlax səmtində avariyaya düşüb ölüb.

Bu ölümü Çax-çux “bu yazıq, bədbəxt oğlanın atasının”, yəni sədr Mədədin və Nəcəfoğlunun ölümündən sonra Sultan Əmirlinin üçüncü cinayəti sayırlı. Niyə?

– Səbr elə. Biləcəksən. Əmin adi qatillərdən deyil.

⁷⁶ “Həyəcan” – “Təbil”.

Söhbətin bu yerində Gülbənizin səsi eşidildi:

– Bəsdi, dədə! Görmürsənmi sözünü eşitmir? Rusiya, Krım, Odessa, İspaniya, Faşist-filan, nə qədər çərən-pərən danışmaq olar, a kişi?! Konkret söz de, sən bu əzizimə! Aydın, konkret! Başa düşsün! Görmürsənmi nə haldadı?! Get burdan!

Çax-çux təəccüblü itaətlə dönüb aralandı.

Badamı gözlərdə anlaşılmaz qəzəbi anlaşılmaz gülgünlük, sonra köyrəklik əvəz etdi.

– Boyuna qurban olum! Bayaq da gördüm, boy-buxunun daha da gözəlləşib. Biləyindən tutdum. Tutduğumu da düz-əməlli bilmədin, sənin dərdini çəkəni əlinin hənirini bilmədin... Hayıf, boynun bükük olub, ay Səməd! Hayıf səndən! Mənə niyə belə boynuburuq baxırsan, yadına nələr düşür, ay Səməd?!

Sözlər nə qədər ürəkdən gəlsə də, Səməd hədsiz köklüklə birgə bu sözlərdə də vulqarlıq duydu. Əmma bu vulqarlıq da birdən-birə dəyişib, yanğıya çevrildi:

– Niyə belə başı bəlalı oldun, ay Səməd?! Yel hayandan əsdi, tufan hardan qopdu, niyə ayırdı səni bizdən, ay canım-ciyərim?! Bu “dədə” dediyim belə-filanın adını “Manyak” qoyublar! Soruşurlar bu Kətyən deyilən kişinin çəpəri niyə belə dağılıb? Kətyənnən çəpəri qalır burda, bu başlayır çərənləməyə ki, bəs bu Kətyənin bir oğlu Fin müharibəsində batdı getdi, o birisi, nə bilim harda!.. Axırda deyirlər, ay Çax-çux, biz səndən Kətyən kişinin çəpərini soruşuruq ki, cəmaat niyə əl tutmur, sən bizə Finlandiyadan danışırsan!.. Bədbəxtdi də! Elə gün yoxdu ki, bu “dədə” dediyimnən dalaşmıyaq, çırpışmıyaq. Əclafdı! Materyalbazdı, evyıxandı! Sənin bir dırnağını da dəyişmərəm buna. Günsən, Aysan sən! Gündüzlər gün kimi işıq saçardın üstümüzə, gecələr Ay kimi nur çiliyərdin!.. Özün bilirsən, oxuyan deyildim mən. Gözümün altını, üstünü yırtdım, o iki illikdə bircə elə ona görə oxudum ki, sən harda işləsən, mən də sənin yanındaca işləyim, “qardaş” deyim, bacın olum, ömrümün axırınacan qulluğunda durum!.. Ayağıyın kirini içərəm sənin! Xörək yediyin qabın dibini yalıyaram! Özün də bilirsən bunu, bəs niyə uzaq gəzirsən məndən, niyə qapımdan qaçırsan, qurbanın olum?! Niyə bu qədər qəlbiqaralıq eləyirsən, a canım-ciyərim, bu “dədə” dediyim, yəni o qədərmi köpəyoğludu ki, adam öldürsün?! Bu deyil qatil! Bu deyil!.. Sözünü çatdırdımı sənə, bilmirəm... Eşitmişəm, heç özün də inanmırsan bunun Mədəd əmiyə əl qaldırmağına!.. O günü... O müsibət günü olanları bax bu gözlərimnən görmüşəm. Hə, bə nə! Elə ona görə danlayıram bunu ki, çox danışma, söz de! Hə... Hamıdan qabaq mən eşitdim ki, siqnal səsi gəlir, uşaqlar da Sudüşəndə çığırışırlar, “maşın döndü, maşın döndü” deyirlər.

Cəmaat bizim həyətdən, o yığnaqdan tərpənəndə də hamıdan qabaq mən tərpəndim, getdim gördüm qızıl-ala qanın içindədi yazıq Mədəd əmi. Bax bunu da mən tapdım ordan...

Gülbəniz əlini irəli uzatdı. Ovcunda at nalı vardı. Çax-çuxun çəki daşı əvəzinə işlətdiyi həmincə qurğuşunlu nal! “Avariya” günü bu daxmanın qabağında, bu palıd kötüyünün üstündən yoxa çıxan həmincə nal!

– Eşidirsənmi, a qurbanın olum? Deyirəm bu nalı mən tapmışam ordan. Maşının yanından... Vuran bunnan vurmuşdu, qanlı-qanlı tullamışdı ora ki, əşyayi-dəlil olsun, dədəmdən görsünlər kişinin ölümünü!.. Fikrin məndədimi? Əvvəlcə mən də elə bilirdim avariyadı. Ağlıya-ağlıya əlimdə tutub, heç baxmırdım da buna. Milis töküləndə də elə əlimdəydi. Bir də gördüm o Zor nəçənnik deyilən, Xaş deyilən Gülənovdu, kağız kimi bir şeyi tutub durub qabağımda, ayağını ayağıma vurur, böyrümü dümsükləyir ki, “Sənnənəm, ay qız! Əlindəkini bura qoy...” Dərd başdan aşanda adamın ağlı da itərmiş. Gözüm baxa-baxa, bilə-bilə ki, bizim naldı bu nal, verdim ona, bükdü götürdü. Sonradan sonraya başa düşdüm ki, dədəmin evini yıxmışam! “Qəsd işi, qəsd işi” deyirdilər. “Nal Xalıqındı”, “Qurğuşunlu naldı” deyirdilər. “Nalnan vuran Xalıq özüdüsə, Xalıq niyə bura tullayıb nalı?!” – deyirdilər... Yaranı təzələyirəm, bağışla məni, canım-ciyərim! Məcburam, neyniyim!.. Yeddi il idi bu nal Gülənovun evindəydi... İşin arasına qoymamışdı. Özün bilirsən ki, “zaklyuçeniye”sini ayrı cür yazmışdı. Bunu da aparıb evindəki stolunun siyirməsində saxlayırdı. Yeddi il idi bu nalnan bir yerdə biz hamımız ailəliknən o siyirmədəydik. Guya qohumumuzdu o Gülənov deyilən. Üzünü mürdəşir yusun! Yeddi il idi hər il soğan qabığı kimi soyurdu bizi. Bu “dədə” dediyimin özünün qazancınnan anamın əlinə gələni yığırdıq. Dəmir yol məktəbində sinif vermişdilər mənə. Əmbə bilmirdim maaş nə olan şeydi. Maaşımı da qoyurdum o pulun üstə, aparırdım verirdim Gülənovun arvadı Leyla xanıma, ayağına düşürdüm ki, nalı qaytarsın, qaytarmırdı!.. Belə dümdüz dayandığına baxma bu “dədə” dediyimin, içərisi yoxdu. Yeyib qurtarıb bağır-övkəsini, yaradı içərisi! Çünki canı Gülənovun siyirməsindəydi, var-dövləti də Leyla xanımın barmaqlarında, biləklərində, boynunda!.. İndi sənə verəcəm bu nalı? Niyə? Qulaq as.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets