Evin kişisi
Page 4 of 10 · 30%
Qaçay alnını ovxalayıb, sədrin burnunun ucundakı göyümtül xala baxdı. Otaqda ikisindən başqa heç kim yox idi. Oğlan bura gəlməyinə peşman olmuşdu və qəlbində qəflətən baş qaldırmış bu hissi boğmağa çalışırdı. Boğdu bu hissi. Ürəyindən çıxarıb, bayaq gözlərinə görünən ağ pərdənin arxasına atdı... Baxışın çay qumu rəngində olan sifətinə yayılmış təbəssüm Qaçayı cəsarətləndirdi. Dili topuq çala-çala mətləbini dedi. Sədr, ona axıracan danışmağa macal vermədi:
– Mütləq. Mütləq tapşıraram Tapdığa. Demək, evlənirsən? Mübarək!.. Mübarək!
– Hələ evlənmirəm. Hazırlıq görürəm.
– Əlinin içindən gəlir. Lazımdı... Lazımdı... Atan necədi? Çoxdandır kişidən xəbər tuta bilmirəm. Mən ona borcluyam... Ömrüm boyu... Kişiyə de ki, onun yaxşılıqlarını unutmamışam. – Sədr barmaqları ilə stolu döyəclədi və Qaçay başa düşdü ki, söhbət artıq qurtarıb...
O, Baxışın kabinetindən sevincək çıxdı. Sanki bütün müşkül işləri bu müşəmbəli qapının arxasında yerli-dibli həll olunmuşdu. Pul haqqında, borc haqqında heç fikirləşmək də istəmirdi. İndi göy onun gözlərinə başqa rəngdə görünürdü. Beyni də, ürəyi də işıqla dolmuşdu: “Dünyada nə qədər yaxşı adam varmış... Sahibov... Baxış... Tapdıq... Lap elə Canəli də. Nə olsun ki, keçəldir”.
Qaçay ayaqlarının altını görmürdü. Fikri Ağcanın yanında idi. Düşünürdü ki, günorta yeməyinə gedəndə atasını da, anasını da sevindirəcək. Otaqda gizlənən bacısı bu xoş xəbəri eşidib şadlanacaq. Ancaq utandığından qardaşını bağrına basa bilməyəcək. Qaçay bir evin kişisi olduğuna yavaş-yavaş inanmağa başladı. Bəs necə? Əgər elə deyilsə, niyə Baxış onun təvəqqesini yerə salmadı, niyə Tapdıq sözünü ağzında yarımçıq qoyub geri qaytarmadı? İkisi də ədəb-ərkanla onu dinlədi, onun üzünə gülümsədi. Bəlkə əynindəki mundirinə görə onunla xoş danışdılar? Qoy olsun! Mundir də kişiliyin bir nişanəsidir!
Sədrin son sözləri onunçün qaranlıq qalmışdı. Baxış dedi ki, ömrüm boyu atana borcluyam. Dedi ki, onun yaxşılıqlarını unutmamışam. Nə borc? Nə yaxşılıq? Rayonun bütün ticarət işləri əlində olan bir adama, o boyda idarənin böyüyünə kor Mikayılın hansı yaxşılığı keçə bilər? Bəlkə Baxış səhv edir? Bəlkə Qaçayı kiminləsə dəyişik salıb? Hə, bir də dedi ki, çoxdandır kişidən xəbər tuta bilmirəm. Axı, Baxış nə vaxt Mikayılın qapısını açıb? Yadına gəlmirdi Qaçayın. Qətiyyən yadına gəlmirdi. Bəlkə Mikayıl, doğrudan da nə vaxtsa Baxışın dadına yetib. Axı, Mikayıl əvvəllər kor deyildi. Çörəkxanada işləyirdi. Yəqin o, adamlara yaxşılıq eləyəndə Qaçay bu dünyada yoxmuş.
O, bazar başına çatdı. Bir cərgədə düzülmüş xırda dükanların qabağında yaşıl “Volqa” gördü. Arxa şüşəsinə ipək pərdə çəkilmişdi. Nömrəsinə baxmadı, onsuz da tanıyırdı.
Pənah dərzixanadan gülə-gülə çıxdı. Qoltuğunda qəzet bükülüsü vardı. Qara eynəyi gözlərində idi. Balacaboy, çil-çil dərzi onu maşına qədər ötürdü. Pənah “Volqa”ya əyləşdi. Maşın asta-asta uzaqlaşdı.
Qaçayın əhvalı pozuldu. Bayaqkı sevinci elə bil ürəyindən çıxıb çınqıl daşlarla dolu yola səpələndi, üstündən Pənahın yaşıl “Volqa”sı keçdi. “Mebeli nəynən alacağam?” Maşını görməsəydi, bu zəhlətökən sual bəlkə də beynində dolanmayacaqdı. Günah Pənahdadır, onun yaşıl “Volqa”sındadır, qara eynəyindədir. Niyə o, tez-tez Qaçayla rastlaşır? Sanki Pənah bir neçə nüsxə idi, rayonun hər künc-bucağında bir Pənah dayanmışdı. Niyə çəkilib ev-eşiyində oturmur, küçələrdə nə iti azıb? Bakıda instituta girmişdi. Deyilənə görə müallimlə dalaşıb, üçüncü kursdan qovublar. Qaçaydan iki yaş böyükdür, hələ əsgərliyə getməyib. Heç harda işləmir, amma “Volqa”sı var. “Eh, nə döyərdim Pənahı” – deyə Qaçay fikirləşdi, guya bununla bütün işləri düzələcəkmiş. O hiss edirdi ki, ürəyində bir acıq baş qaldırıb. Bu qəfil acığın səbəbi özünə də məlum deyildi. Təkcə onu bilirdi ki, hirslənmək üçün Pənah bir bəhanədir.
Yanı beşikli motosiklet tırıltı qopararaq körpüdən keçib ona doğru gəlirdi. Aləmi başına götürmüş gurultudan Qaçayın əsəbləri lap tarım çəkildi. Əlini qaldırdı:
– Saxla!
Motosiklet düz onun qarşısında dayandı. Gicgahlarına dən düşmüş orta yaşlı kişi motosikletin səsini azaltdı. Günəşdən qamaşan gözlərini qıyıb gülümsədi:
– Xoş gördük.
– Nə səs-küy qaldırmısan? Bu arabanı sürməsən olmaz?
– Buna da min şükür. Ayaqlarımı yerdən götürür.
Kişi çox arıq idi, onu görə də adını “Pazaq Vəli” deyirdilər. Lap cavanlığından poçt şöbəsində işləyirdi. Bu motosikletlə gəzmədiyi yer qalmamışdı. Sorağı gah Şəkidən, gah Bakıdan gəlirdi. Hər şənbə günü Şuşaya qalxıb, İsa bulağının suyundan içirdi. Vəli həm də yaxşı ovçu idi. Tez-tez quş vurmağa, balıq tutmağa gedirdi.
Qaçay beşiyə tərəf adladı. Tarım çəkilmiş brezent örtüyün ucundan tutub qaldırdı. Beşikdə dolu meşin çanta vardı.
– Bu nədir?
– Balıq.
– Hardan tutmusan?
– Ağ göldən. Meylin çəkirsə bir-ikisini götürə bilərsən. Peşkəşdir.
– Satmağa aparırsan?
– Yox, canım, balalarıma aparıram.
– Bilmirsən ki, balıq tutmaq qadağandır?
Vəli hələ də gülümsəyirdi:
– Nə qadağa, canım? Balıqdır də. Dən vermirlər, ot-ələf yedizdirmirlər, öz-özünə törəyib artır.
Deyəsən, bu sözlərdən Qaçayın xoşu gəlmədi. Qaş-qabağını salladı. Yadına düşdü ki, milis idarəsində işləyən müddətdə hələ bir adam da tutmayıb.
– Milisə gedəcəyik, Vəli!
Kişi bilmədi onun dediklərinə inansın, ya yox.
– Boşla, canım, nə milisbazlıqdır?
– Gedəcəyik! Ağ göldən balıq tutmaq qadağan olub!
Vəli, oğlanın qırımından anladı ki, o, əl çəkməyəcək. Daha gülümsəmədi:
– Mən neyləmişəm, axı? Balığa nə qadağa? Buna qadağa qoyanın kəlləsi xarab olub. – Şəhadət barmağını gümüşü gicgahına dirədi.
Qaçay əsəbiləşdi. Görəsən, bu adamlar günahlarını niyə başa düşmürlər? Buna bir bax! Dövlətin malın dağıdır, hələ özünü təmizə də çıxarmaq istəyir. Qanun hamı üçün qanundur!
Qaçay Vəlinin tərkində oturdu:
– Sür milisə!
Kişi başını çiyni üstdən döndərib tərs-tərs ona baxdı:
– Ə, məni milisnən qorxuzursan?! Xəlvətdə lum-lum udanları gözünüz görmür?! Onlara gücünüz çatmır, eləmi?!
– Sür, sənə deyirəm!
Vəli hirslə tüpürüb sükandan yapışdı. Motosiklet yerindən necə sıçradısa, Qaçay az qaldı arxası üstə yıxılsın. Əl atıb Vəlinin çiynindən bərk-bərk tutdu...
Milis idarəsinin həyətinə çatan kimi Qaçay beşikdəki meşin çantanı götürdü. Pazaq Vəli skamyada oturan milisionerləri görüb səsini qaldırdı:
– Buna bax! Tutmağa adam tapıb!
Pilləkəndə dayanan Canəli onu sakitləşdirməyə çalışdı:
– Bircə səbir elə. Hay-küy lazım döyül. Gəl içəri görək, nə əngəl qaynatmısan.
Vəlini boş otaqlardan birinə apardılar. Vəli Qaçayın küncə tulladığı meşin çantaya bir təpik ilişdirdi:
– Əşi, bundan ötrü adam tutarlar, hayy?!
– Qışqırma, ə, bura bazar döyül. – Canəli ona stul göstərdi. – Otur! Cavab ver görüm...
Vəli onun sözünü ağzında yarımçıq qoydu:
– Nə cavab verim, ey! Caniyəm mən?!
Canəli onun çənəsinin altında dayanıb ciddi görkəm aldı:
– Mən indi səni danışdıraram. – Gözlərini Vəlinin üzünə zilləyib köynəyinin sağ qolunu yavaş-yavaş çırmalamağa başladı. Pazaq Vəli təəccübdən yerində donub qaldı. Boğazının nazik dərisini az qala deşib çıxan hülqumu tez-tez enib qalxdı. Qaçaya baxdı və rəngi qaçdı. Qorxdu ki, Canəli birdən onu vurar. Vəli hirsindən titrəyən əlini çənəsinə çəkdi. Boğuq səslə, qırıq-qırıq dedi:
– Ağlını başına yığ, ə. – Gülümsəməyə çalışdı, ancaq bunun əvəzində yanaqları səyridi. Baxışlarında açıq-aydın qorxu, xəcalət oxunan Vəlinin nəzərləri, ayaqlarını aralı qoyub, qolunu çırmalayan Canəlinin işıldayan üzündə gəzdi.
Qaçayın ürəyini narahat bir hiss bürüdü: “Birdən vurar?” Canəlinin xırda gözlərinin kənarlarında bic bir təbəssüm sezdi. Onun biləyindən ehmalca yapışıb, əlini aşağı saldı.
Qapı açıldı. Sahibovu kandarda görəndə elə bil Qaçayın üstündən dağ götürüldü. Rəis sakitcə soruşdu:
– Nə olub? Nə məsələdi?
Canəli cəld cavab verdi:
– Tutmuşuq, nəçənnik.
Sahibov üzünü Vəliyə çevirdi:
– Gəl yanıma.
Vəlini rəisin otağına ötürdülər. Sahibov Qaçayın məlumatını dinlədikdən sonra başı ilə ona işarə elədi: “Gedə bilərsən”.
Qaçay uzun dəhlizdə Canəli ilə rastlaşdı. Onun qolundan yapışdı.
– Pazaq Vəlini doğrudan vurmaq istəyirdin?
Yenə həmin bic təbəssüm Canəlinin xırda oynaq gözlərində dolandı:
– Mən ömrümdə adam vurmamışam. Qorxuzurdum onu. Nəçənnik gəlməsəydi, Pazağı lap betər qorxuzardım. – Gülüb geri döndü. Qaçay onun boynunun ardına baxdı. Yanıq yerinə oxşayırdı.
Vəli bir neçə dəqiqədən sonra Sahibovun kabinetindən çıxdı. Rəngi hələ də ağappaq idi. Qaçayın ulduzsuz, işarəsiz bomboz poqonlarına baxıb, tez də üzünü nifrətlə döndərdi...
Qaçayı rəisin yanına çağırdılar.
Sahibov ona stul göstərdi. Sonra qarşısındakı qovluqları üst-üstə yığıb kənara qoydu. Əlini cibinə salıb təsbehini çıxartdı. Qara muncuqları saya-saya fikrə getdi. Gözləri yol çəkə-çəkə dilləndi:
Kitabxana.az · https://kitabxana.az/en/works/isi-melikzade-evin-kisisi
Use ← → keys to move, R for a random poem
More by this author
Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Küçələrə su səpmişəm...Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.
QuyuI**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi: