Evin kişisi
Page 6 of 10 · 50%
Qaçay rayonun mərkəzindəki balaca bağa yaxınlaşdı. Bağın lap kənarında çayxana vardı. Camaat akasiya ağacının kölgəsində stullar qoyub səhər açılandan gecəyarısına qədər açıq havada çay içirdi. Ürəyi çay istəməyən də bura söhbətə, gününü keçirməyə gəlirdi. Çayxana indi də adamla dolu idi. Nədənsə hamı qanrılıb Qaçaya baxırdı. Oğlan əl-qolunu ölçə-ölçə danışan Pazaq Vəlini onların arasında görəndə məsələni başa düşdü: “Dalımca gileylənir... Qanunu pozmayaydı, mən də tutmayaydım”. Qaçaya çayxanadakıların məzəmmətli baxışlarına dözə bilməyib, üzünü yana döndərdi.
O, çöl divarları təzəcə ağardılmış balaca binaya yetişdi. Burada əmanət kassası yerləşirdi. Göy rəngli qapının sağ tərəfində iri plakat asılmışdı. Üstündə adda-budda əhəng ləkələri vardı. Ancaq aşağısında böyük, qırmızı hərflərlə yazılmış sözlər açıqca oxunurdu: “Otuz qəpiyə udmaq olar...” Qaçay bu plakatı, oradakı maşın, piano, motosiklet şəkillərini əvvəllər də görmüşdü. Maraqlanmamışdı. İndi ürəyində qəribə bir həvəs oyandı, beynində qəribə bir fikir dolandı: “Bəxtimi sınayım. Bəlkə uddum”. İçəri keçdi. Yarı taxta, yarı şüşə olan arakəsmənin arxasında oturmuş yaşlı, arıq kişidən lotereya bileti istədi. Kişi bir dəstə şax-şax, təzə lotereya biletini onun qarşısında tutdu:
– Özün çək.
Qaçay üç bilet götürdü; birini altdan, birini ortadan, birini də üstdən. Gözlərinin qarasınacan sarılıq çökmüş kişinin civiltili səsi eşidildi:
– Pazaq Vəlini nahaq milisə aparmısan.
Qaçay ona təklik uzatdı:
– Günahı vardı.
– Mərdimazarlıq yaxşı iş deyil.
Qaçay pulunun qalığını almadı. Kişiyə acıq verirmiş kimi, çəkmələrinin dabanı ilə taxta döşəməni taqqıldada-taqqıldada çıxdı: “Mərdimazar niyə oluram? Mən vəzifəmi yerinə yetirmişəm. Kim qanunun ziddinə getsə, özündən küssün”. O, biletlərin üstündəki yazını oxudu. Təəssüflə başını yırğaladı: “Nəyimə lazım? Bu ki, dekabrda oynayır. Amma Ağcanın toyu sentyabrdadır”. Sonra fikirləşdi ki, dekabrda da bir şey udsa, pis olmaz. Borcunu qaytarar. Ancaq udmamışdan qabaq kimdən və nə qədər borc alacağını hələ kəsdirə bilmədi...
* * *
Sahibov dəhlizdə o baş-bu başa gəzişirdi. Elə bil Qaçayın yolunu gözləyirdi, oğlanı görən kimi barmağını örtülü qapıya tuşladı:
– Dur burda! Bu spekulyantın yanına heç kəsi buraxma. Özüm gəlib danışdıracağam.
Rəis maşına oturub harasa getdi.
Qapı içəridən bərk-bərk döyülürdü. Qaçay açmaq istəmədi. Dəhlizdə var-gəl elədi. Qapı fasiləsiz döyülürdü. Oğlan əsəbiləşdi. Sanki yumruqlar onun təpəsinə dəyirdi. Axırı ki, qapını azacıq araladı. Üzünün bir tərəfində yanıq yeri olan kök kişi Qaçayın başı üstündən dəhlizə boylandı:
– Mayor getdi? – deyə pıçıltı ilə soruşdu.
– Getdi.
– Məndə tutulan mallar necə oldu?
– Mən mal-zad görməmişəm. – Qaçay qapını örtmək istədi. Kök kişi içəridəki dəstəkdən yapışdı.
– Bura bax, mənə iş verəcəklər?.. Axı, mən neynəmişəm ey? Bu da yaxşılığımın əvəzidir? Mağazada olmayan şeyləri min bəlayi-müsibətlə tapıb satıram camaata. Kontrabanda satmıram ki?.. Qardaş, Canəlini çağır bura, sən Allah. – Kişi əlini ağzına qoyub bərkdən qışqırdı. – Canəli! Ay Canəli! – Səsi dəhlizə yayıldı.
Canəli kandarda göründü:
– Ayə, bu Müslümnən öhd eləmək olmur də. Genə ilişdi bədbəxtin balası. Qoy görüm nə deyir ə?
Qaçay qapını çəkib örtdü:
– Olmaz!
Canəli əlini qapının dəstəyinə uzatdı:
– Bəlkə bir dərdi var? Yazıqdır...
– Yazıq döyül, alverçidi. – Oğlan Canəlinin barmaqlarını dəstəkdən qopartdı.
Kişinin xırda gözləri qıyıldı:
– Mənə də olmaz?
Qaçay ayaqlarını aralı qoyub qapının qabağını kəsdi:
– Heç kimi buraxmaram! Mayor tapşırıb!
Canəlinin dərisi işıldayan sifətinə qızartı çökdü. Qaçayı ilk dəfə görürmüş təkin onu təpədən-dırnağa süzdü. Nəzərlərini onun enli, qabarıq sinəsində saxladı.
Oğlan başını aşağı saldı. Yadına qarışqa düşdü. Özündən böyük bir şeyi çapalaya-çapalaya yuvasına dartan zirək qarışqalara çox tamaşa eləmişdi. Bilirdi ki, onların ən irisinə “atlıqarışqa” deyirlər. Düşündü ki, Canəli anadan qarışqa kimi doğulub. Böyüyüb, böyüyüb olub “atlıqarışqa”. Sonra da böyüyüb düşüb adam cildinə, olub Canəli. Adam – qarışqa!..
Canəli yan-yörədən onlara tamaşa eləyən milisionerlərə baxdı, pərtliyini gizlətmək üçün zorla gülümsədi.
– Səni əsgərlikdə necə öyrədiblər, ə?
Oğlan çiynini qapının küncünə söykədi:
– Rütbəcə özündən böyüklərin əmrini qeydsiz-şərtsiz yerinə yetirmək!
Canəli mat-məəttəl baxırdı. Başa düşmüşdü ki, Qaçay onunla zarafat eləmir.
* * *
Bikə hər axşam gəlirdi. Hər axşam Cavahirlə pıçıldaşırdı. Gedəndə son sözünü elə deyirdi ki, həyətdə hamı eşidirdi: “Payız qapını kəsib. Vaxt daralıb, haa! Əlli-ayaqlı olun!”.
Qaçayın qulaqlarında bircə səs, bircə səda vardı: “Vaxt daralıb... Vaxt daralıb... Vaxt daralıb”. Qaçay yuxusunda payızı görürdü. Payız onun yanına adam şəklində gəlirdi. Sarı, pərişan saçlı, solğun bənizli, tələsən, əsəbiləşən bir kişi! “Nə oldu, qardaş? Hələ hazır deyilsən?!”.
Qaçay bəzən qərəzlənirdi ki, gedib Cahidlə açıq danışsın. Soruşsun ki, sənə Ağcanın cehizi lazımdır, yoxsa özü? Əlbəttə, deyəcək özü? Ancaq Cavahir könlüqırıq qızını mebelsiz köçürərdimi? Elin, obanın adəti var. Adama gülərlər. Ağca yetim deyil ki? Qaçay kimi nərin bacısıdır. Oğlan hərdən hirslənirdi: “Niyə Ağca vaxtında ərə getməyib? Niyə Ağcaya əvvəllər elçi gəlməyib? Yoxsa mənim kişi olmağımı gözləyiblər?”.
Qaçay milisioner yoldaşlarının içində təkcə Canəliyə ürək qızdırırdı. Mehrini ona salmışdı. Çox götür-qoydan sonra qərara aldı ki, Canəlidən borc istəsin. Güman yeri odur. Düzdür, onu alverçi Müslümün yanına buraxmamışdı. Ancaq Müslümə üç il iş verdilər. Canəli Qaçayla barışdı. Onun günahından keçdi. Canəli kinli deyil. “Gedəcəm Atlıqarışqanın yanına. Deyəcəyəm, Qarışqa dayı, mənə borc ver... Bəlkə dedi, yoxumdur?.. Onda deyərəm əgər ehtiyat yığmamısansa, daha sənin nəyin qarışqadır? Get kəpənək ol, milçək ol, ağcaqanad ol...”
Qaçay evdə ləngiməyə qorxurdu. Birdən Cavahir onu sorğu-suala tutar: “Mebeli nə vaxt alacaqsan?” Oğlanın bəhanəsi vardı, hələ mebel gəlməmişdi. Dünən Tapdıqla təsadüfən rastlaşanda kişi özü demişdi: “Gözləyirik. Bu yaxınlarda almalıyıq. Arxayın ol, bir komplekt sənə saxlayacağam, kəsdiyimiz çörək haqqı. Baxış tapşırıb...”. Qaçay sevinirdi ki, mebel hardasa ləngiyir. Kimsə onu yola salmağı unudub. Yaxşı olardı ki, heç gəlib çıxmayaydı. Bir mebelə görə Cahid toyu gecikdirməz.
O, tələm-tələsik bir stəkan şirin çay içib həyətə çıxdı. Atası barının dibində altına köhnə döşəkcə salıb dizləri üstə oturmuşdu. Əynində sırıqlı vardı. Kişi qarğı qomlarının içində itib batmışdı. O, yatağından erkən qalxar, çörək yeməmiş işə başlardı. Guya beşcə dəqiqə geciksəydi, dünya alt-üst olacaqdı. Hər gün gözləyirdi ki, kimsə qapını açıb ondan səbət istəyəcək. Sonra da deyəcək: “Əllərin var olsun, Mikayıl dayı, sən olmasaydın, mən kimin yanına diləyə gedərdim?”. Ancaq heç kim səbət üçün onun qapısın açmırdı, heç kim onun üstünə diləyə gəlmirdi... Havalar soyuyanda Mikayıl döşəkcəsini artırmaya çəkəcəkdi. Qarğı qomlarını da oraya sürüyəcəkdi. Yerə qar düşəndə onun köhnə döşəkcəsi qapının ağzında – dəmir soba ilə üzbəüz salınacaqdı. Xırda səbətlər hörəcəkdi ki, evdə əl-ayağa dolaşmasın. Bəzən arvadı deyinirdi. Onda Mikayıl başını bulayıb gülümsəyirdi: “Saxla samanı, gələr zamanı”. O, Baxışa səbət göndərəndə bu sözləri Cavahirin yadına salmışdı: “Gördün ki, zaman gəldi, Cavahir”. Oğlu qayıdan kimi onu sorğu-suala tutmuşdu:
“Verdin, bala?”
“Verdim”.
“Nə dedi?”
“Dedi, zəhmət çəkmisən. Sonra da dedi ki, çox yaxşı səbətlərdi, mən ömrümdə belə səbət görməmişəm”.
“Düz deyir. O iki səbəti keçən ilki qarğıdan hörmüşəm. Lap qutu kimi çıxıb, istəyirsən içinə su tök”.
Oğlan həyətdə dayanıb barı boyu qalaqlanmış səbət tayasına nəzər saldı və fikirləşdi ki, bu səbətlərə üç xırmanın taxılını yığmaq olar. Sonra da düşündü ki, atasının işlətdiyi qarğıları uc-uca calasaydılar, ərzin o biri başına çatardı.
Qaçay doqqazdan çıxdı. Qulağı səsdə idi, bu dəqiqə anası arxadan çağıracaq, nəsə deyəcək... O, Cavahirdən çox Bikədən qorxurdu. Qorxurdu ki, vaxtın daraldığını hər axşam ona eşitdirən arvadın bir gün səbri də daralsın və zarafata salıb Qaçayı utandırsın: “Adını kişi qoymusan, amma deyəsən, bir zənəncə fərasətin yoxdur”. Bikə eynilə belə deməsə də, yəqin buna bənzər sözlər deyəcək. Kamança Süleymanın anası bundan betərini deyər, hələ üstəlik kişi kimi söyüş də söyə bilər.
Əntiqəgilin evinin yanında Qaçay addımlarını yavaşıtdı. Nədənsə zəncir cingiltisi eşidilmədi, it hürmədi. Oğlan yan-yörəsinə baxıb, ayaqlarını yerə bərk vurdu. Yenə barının üstündə iki əl göründü. Yenə nazik barmaqlar kərpici qamarladı, gərildi. Sonra hasarın arxasından Əntiqə boylandı. Oğlana elə gəldi ki, bu, qızın özü deyil, onun yarımheykəlidir. Sanki kimsə həmişə barının yanında dayanıb Qaçayın yolunu gözləyir və o, buradan keçəndə Əntiqənin heykəlini yuxarı qaldırır.
Kitabxana.az · https://kitabxana.az/en/works/isi-melikzade-evin-kisisi
Use ← → keys to move, R for a random poem
More by this author
Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Küçələrə su səpmişəm...Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.
QuyuI**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi: