Page 13 of 17 · 71%

İri bir quş qanadlarını şappıldada-şappıldada gölün üstündən dövrə vurdu. Bənövşə də, Orxan da quşun qaqqıltısına qulaq asdılar – bu səs bir az adam səsinə oxşayırdı – elə bil göydə adam uçurdu.

Bənövşə dinməz-söyləməz dayanıb bir xeyli göyə baxdı. Tələsənə bənzəmirdi, sanki evə getmək yadına düşmürdü. Ağlına nə gəldisə, Orxanın əlindən bərk-bərk yapışıb:

– Gəl girək suya, – dedi.

Orxan səthi ay işığında gümüş ərintisi kimi şəfəqlənən gölə nəzər saldı və hiss elədi ki, bədənini gizilti bürüyür. Elə bil göl bircə anda buza döndü və adamı qılınc kimi kəsən soyuq nəfəsilə Orxanın damarlarında qanını dondurdu.

Orxan:

– Yox, – dedi və fikirləşdi ki, əgər bu göl, doğrudan da, günahları ölçən “mizan-tərəzi” gölü olsaydı, onun burda gurumbultu ilə batmağı üçün – böyük günahları bir yana – elə xırda günahları da bəs eləyərdi. Təkcə Səfanın qarğışı daş olub asılardı Orxanın boynundan, təkcə Səfanın ahı onu bu göldə qərq eləyib öldürərdi. Orxan: – Lazım deyil, – dedi.

Bənövşə:

– Qorxma, – dedi. – Burda bütün günahlar ölçülmür. Burda ər-arvad sədaqəti ölçülür... Bir də xəyanət... Nəyə olur-olsun... Lap yadlara da...

– İstəyirsən sətəlcəm olub yorğan-döşəyə düşək? Axı, Rza dedi ki, bura heç kim girmir.

– Hə, Hüsnübəyimdən sonra bu gölə girən olmayıb. Amma burda çimmək olar. Bilirəm, olar. Hamı qorxur bura girməkdən. Gərək ürəyində niyyət-zad tutmayasan. Günah ölçməyəsən. Elə belə çiməsən. Çimmək olar. Yəqin Hüsnübəyimdən qabaq çimənlər olub burda. Səncə olub, olmayıb?

Orxan istədi desin, “olub”, ancaq bu bircə kəlməni deyə bilmədi: xırda daşları ayaqlarının altında şaqqıldada-şaqqıldada iki qaraltı onlara tərəf qaçırdı. Orxan o dəqiqə başa düşdü ki, təngnəfəs yüyürənlərin biri Rzadı, biri də Dəmir – Dəmirin dəri kürkü uzaqdan ağarırdı. Qəribə idi ki, Orxan zərrə qədər də qorxu hiss eləmədi, sanki bu görüşü çoxdan gözləyirdi. Vuruşa hazır olmaq üçün əlini qızın əlindən qoparmaq istədi, ancaq Bənövşə Orxanın əlini buraxmadı, barmaqlarını elə qatladı ki, dırnaqları onun ovcuna batdı.

Dəmir çatan kimi Orxanın boynunun kökünə bir yumruq ilişdirdi. Orxana elə gəldi ki, Dəmir onu yumruqla yox, daşla vurdu. Eynən belə bir zərbədən Orxanın sinəsi yandı. Orxan bütün gücünü bir qoluna yığıb, yumruğunu Dəmirin alnına çırpdı. Dəmir dalı-dalı səndələyib arxası üstə uçanda Orxan macal tapıb nəzərləriylə Bənövşəni axtardı. Rza: “a qaragün” deyə-deyə bacısını sillələyirdi, bacı da üzünü əllərilə örtüb dayanmışdı, heç cınqırını da çıxartmırdı. Orxan qızın imdadına yetişə bilmədi: Dəmir qollarını qaraquş qanadları kimi açıb, Orxanın qabağını kəsdi, sözləri dişlərinin arasında sıxa-sıxa qəzəblə dedi:

– Köpəyoğlu, öldürrəm səni!

Orxan gözlərini zillədi Dəmirin geniş açılmış qollarına, amma Dəmir qollarını işə salmadı, qəflətən Orxanın qarnına bir təpik ilişdirdi:

– Şəhər tulası! – dedi.

Orxan ikiqat oldu, ağrıdan dişlərini bir-birinə sıxıb, altdan-yuxarı Dəmirin çənəsinə yumruq atdı, amma yumruğu boşa keçdi. Sonra qarnını qucaqlayıb qaldı. Orxanın başına, boynuna, kürəyinə zərbələr dəydi.

– Sümsük köpəyoğlu! Binamus! Oğraş!

Hər zərbə dəyən yerə elə bil od basırdılar. Orxanın ağlı-huşu yerində idi, ancaq nəfəsi batmışdı, ayaq üstə dayanmağa taqəti qalmamışdı. Yıxılhayıxılda gördü ki, Rza Dəmirin kürkündən tutub dartır:

– Bəsdir, Dəmir! Allahdan qorx, ayə! Ölər, əngələ düşərsən! Ayə, bəsdi!

Orxan böyrü üstə yıxıldı. Gözlərinin qabağında axıb gedən saysızhesabsız işıqlı nöqtələrə baxa-baxa Dəmirin get-gedə uzaqlaşan, əriyən səsini eşitdi.

– Nacinsin, nakişinin qızı! Səni saçından asacam! Səni tikə-tikə doğrayıb binədəki itlərə yedizdirəcəm.

Sonra Orxan sanki dibi görünməyən bir quyuya düşdü. Ağzını çınqıllı torpağa dirəyib, birdən-birə başına ələnmiş qurğuşun sükutu xeyli dinmədi. Handan-hana qalxıb yaxınlıqdakı qoyun-daşın üstündə oturdu. Elə bildi ağzı qanla dolub, tüpürdü. Fikirləşdi ki, yəqin bu dəqiqə Bənövşəni döyüb incidirlər. Yəqin Dəmir saçından asıb onu.

Orxan durub, tüpürə-tüpürə binəyə getdi.

Binə sərin, nəmli gecənin qucağında uyuyurdu. Çapıqqaya tərəfdən gələn ağ duman bir azdan yeri-yurdu ağappaq örtüyə bürüyəcəkdi.

Orxan birbaş Rzagilin daxmasına getdi. Ana da, balalar da ayaqüstə, narahat, nigaran dayanmışdılar. Dəmir yox idi burda. Bənövşənin saçı üzünə dağılmışdı, yanaqları göz yaşlarından islanmışdı. Orxanı görəndə Bənövşə üzünü divara dayayıb başladı hıçqırmağa.

Orxanın gəlişindən Rza heyrətlənib özünü itirdi, mat-mat gah anasına baxdı, gah da Orxana, bilmədi belə yerdə nə danışsın, nə desin.

Ağbəyim nəzərlərini Orxanın sifətində gəzdirdi, onun dodaqlarının cövcəsində, çoxdan qırxılmamış üzündə qan gördü, alnında, gözlərinin altında göy ləkələr gördü. Ağbəyimin bir yanağı yüngülcə səyridi. Oğlu ilə qabaq-qənşər dayanıb, elə bir yanağı səyriyə-səyriyə:

– Qərib adamı bu kökə salmazlar, – dedi və Rzaya yağlı bir sillə çəkdi.

Rza başını aşağı dikdi.

Ağbəyim səsi boğula-boğula:

– Allah qonağına əl qaldıranın əli quruyar! – dedi və bir yağlı sillə də Rzanın o biri üzünə çəkdi.

Rza uşaq təki kövrəldi.

– Qurban olum, ay ana, döymə məni, – dedi. Mən ona əl vurmamışam, özündən soruş.

Ağbəyim ağlamsına-ağlamsına qışqırdı:

– Sən biqeyrət atanın belindən gəlmisən! Oxşama ona! Oxşama!

Orxanın inanmağı gəlmirdi ki, üz-gözündən tərki-dünyalıq tökülən, qaradinməz Ağbəyim belə hirslənə bilər. Orxan alnını divara söykəyib hıçqıran Bənövşəyə şəfqət, mərhəmət dolu, uzun-uzadı bir nəzər saldı, sonra dönüb daxmadan çıxdı.

Çapıqqayadan üzü bəri sürünən ağappaq duman düzü-dünyanı udauda gəlib binəyə çatmışdı...

Yatağına girəndə Orxan yadına saldı ki, bu gecə doqquz işıqlı ulduz sayıb, bu gecə qismətini – Bənövşəni yuxuda görməlidi. Ulduz məsələsini Güləndam qarının quraşdırması hesab eləsə də, Bənövşəni yuxuda görmək ümidi ilə yorğanı başına çəkdi... Amma yuxusuna gah klarnetçalan Ağazəki girdi, gah Xürrəm müəllim. Yuxusu çox qarmaqarışıq, mənasız, məzmunsuz oldu.

Neçə gün Orxan aralıdan Rzagilin daxmasını pusdu, Bənövşə gözlərinə dəymədi. Qız axşamlar heç sağına da gəlmirdi. Bənövşədən ötrü Orxanın burnunun ucu göynəyirdi, ancaq qalmışdı naçar, bilmirdi neynəsin. Hərdən qərəzlənirdi ki, günün günorta çağı – Rza örüşdə olanda – gedib girsin Bənövşəgilin daxmasına. O dəqiqə də Ağbəyimi xatırlayıb fikrindən dönürdü. Hərdən də qərəzlənirdi ki, Bənövşə barədə Güləndamdan bir söz soruşsun, amma qarı hər dəfə Orxanın niyyətini duyubmuş kimi üz-gözünü elə turşaldırdı ki, Orxan ağzını açmağa ürək eləmirdi. Atlıxan da, Güləndam da Orxanın əməlindən, deyəsən, xəbərdar idilər. Orxan döyülüb gələn gecəsi qocalar onun ağız-burnunu qanlı görəndə zərrə qədər də təəccüblənmədilər, narahat olmadılar, heç xəbər də almadılar ki, “a qonaq, səni hansı əliqurumuş bu kökə salıb?” Atlıxan sırıqlısına bərk-bərk bürünüb çiynini söykəmişdi buxarının qırağına, Güləndam da Orxanın qabağına iri ləyəndə isti su qoymuşdu ki, Orxan sir-sifətinin qanını yusun.

Orxan hər gecə gedirdi Gümüşgölün qırağına, gözləyirdi, gözləyirdi, Bənövşə gəlmirdi ki, gəlmirdi. Deyəsən, Dəmirgil Orxanın ayağını gölün qırağından birdəfəlik yığışdırmaq fikrində deyildilər. Heç onlar da bu tərəflərə yön tutmurdular. Axırda Orxan qət elədi ki, özü onların yanına getsin. Bəlkə Bənövşə barədə Rzadan bir kəlmə söz eşitdi? Birdən yenə döyərlər onu? Qoy döysünlər. O ayı peysərli Dəmir qanmalıdır ki, Orxan ondan qorxmur. Qətiyyən qorxmur. Orxan birdən-birə Səfanı xatırladı və məəttəl qaldı ki, min fikrin arasında Səfa hardan düşdü yadına. Sonra Yavər gəlib durdu gözlərinin qabağında və anladı ki, Səfanı xatırlamağı əbəs deyilmiş. O gecə restoranda Orxan ürəyinin göynərtisinə güclə dözmüşdü, içindəki təlatümü güclə yatırmışdı – nədi-nədi, Yavər Səfanın boynundan öpüb. Onu da dəqiq bilmirdi, bəlkə gözlərinə elə görünmüşdü? Düzdür, Orxan onda Yavəri döyməmişdi, amma onu acılayıb, heç olmasa, ürəyini bir balaca boşaltmışdı. Bəs, Dəmir neynəsin? Məhəbbəti əlindən gedir. Bəlkə də həyatı tar-mar olur. Dəmir buna necə dözsün?.. İndi Orxan bunları düşünəndə dalaşdığı, coşub-daşdığı üçün Dəmiri qətiyyən qınamadı, əksinə, ürəyində haqq qazandırdı ona. Di gəl ki, Orxanın fikri bundan uzağa getmədi, Dəmirin aqibəti və özünün qeyrəti barədə götür-qoy eləməkdən vaz keçdi.

Orxan dağın o biri üzünə aşdı. Gördü ki, naxır yayılıb döşə, dəmir çomağın ucunu sinəsinə dirəyib durub bir qıraqda. Rza da göy otun üstündə dirsəklənib, başını tərpədə-tərpədə nəsə danışır. Gözləri Orxana sataşanda Dəmir qəddini düzəltdi. Dəmirin belə eləməyi, deyəsən, Rzanı şübhəyə saldı, Rza dikəlib oturdu, başını qanırıb geri baxdı və eləcə quruyub qaldı, elə bil cin-şayətinə ürcah olmuşdu. Orxan pis niyyətlə gəlmədiyini bildirməkçün naxırçılara yaxınlaşa-yaxınlaşa gülümsədi. Dəmir acıqlı-acıqlı nəsə deyib tüpürdü, sonra çomağıyla göy otları döyəcləyə-döyəcləyə naxıra tərəf getdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Talisman

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

198032 min
Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 min
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 min
Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 h 10 min

Poems by other poets