Page 1 of 5

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...

Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

Ağarəhim maqnitofonun ağzındakı kaseti barmağı ilə qabağa basdı və türk qızının sərxoş kişi səsinə bənzəyən boğuq, yorğun səsi maşının salonuna dolub, təkərlərdən qopan şəlalə şırıltısını batırdı.

Benim könlüm sərxoşdu –
yıldızların altında.
Sevişmək, ah, nə xoşdu –
yıldızların altında.

Yanmam, könlüm yansa da,
Əcəl beni alsa da,
Gözlərim kapansa da –
yıldızların altında.

Mahnıya qulaq asa-asa Ağarəhimin fikri çözələndi. Hə-ə.. Bakıdakı üçotaqlı mənzilində düz bir ay təm-tək yaşayacaq. Bir ay nə arvadının üzünü görəcək, nə qızının. Özü-özünə qulluq edəcək: çay qoyacaq, xörək bişirəcək, mitil-şitil salıb yığışdıracaq. Düzdü, hərdən böyük qardaşıgilə gedəcək, amma bu da onu tənhalıq əziyyətindən qurtarmayacaq.

Ağarəhim evlənəndən bəri hər yay bu kökə düşürdü. Pərvanə orta məktəbdə müəllim idi, dərslər qurtaran kimi uşağı götürüb atasıgilə gedirdi. Ağarəhim də məzuniyyət gününü gözləyə-gözləyə qalırdı Bakıda. Ağarəhimin arvad-uşağı bu dəfə qatara minəsi olmadı – Ağarəhim onları təzəcə aldığı “Jiquli” də apardı. Maşın yaxşı şeydi, vallah; harda istəyirsən saxla, dincəl. Günün hansı vədəsində istəyirsən otur maşına, sür ürəyinə yatan yerə: dağa, bağa, meşəyə... Amma qəribə xasiyyəti var Pərvanənin: cavanca gəlin olasan, kurorta-zada meyl eləməyəsən? Pərvanə hara desəydi, Ağarəhim aparırdı onu. Lap xaricə aparardı; qardaşı Ağakərimin canı sağ olsun – putyovka təşkil eləmək onun əlində nə çətin işdi – bircə zəngi kifayətdi ki, qıfıllı qapılar taybatay açılsın. Di gəl ki, Pərvanə Borçalıdan başqa heç yeri bəyənmir. “Həm də qocalarımın gözləri yoldadı, – deyir. – İldə ikicə ay onların yanında qalmağım da qənimətdi. Axı, bizdən savayı onların kimi var?”.

Pərvanənin sözləri Ağarəhimin ağlına batırdı. Doğrudan da, ildə ikicə ay Borçalıdakı qocaların könlünü ovundurmaq allaha da xoş gedərdi, bəndəyə də. Amma indi Ağarəhim bu qərara gəldi ki, həvəsdi-bəsdi, daha arvadının barmaq tuşladığı boyunduruğun altına girməyəcək, daha avqustun axırınacan Borçalıda ilişib qalmayacaq. Əvvəllər maşını yox idi – əl-qolu bağlı kimi idi – indi, şükür allaha, maşını da var, pulu da. Borçalıda bir-iki həftə qaldı, kifayətdi, sonra arvad-uşağını mindirəcək “Jiquli”yə aparacaq gəzməli, görməli yerlərə. “Bəs maşını niyə almışam, atam-qardaşım, bəs maşına bir ətək pulu nədən ötrü vermişəm? Bağışlasınlar məni Pərvanənin qocaları, mən də ürəyimcə yaşamaq istəyirəm”.

Ağarəhim müşkül bir məsələni öz xeyrinə həll eləmiş adam təkin dərindən, rahat nəfəs aldı və ağlı-huşu bu maşına, bu yola qayıdanda gördü ki, Qazağa çataçatdadı. İrəlidə, postamentin üstündəki təyyarə abidəsi gün işığında elə parıldayırdı, elə işıldayırdı, deyirdin bəs təyyarə deyil bu, qanadlı bir günəşdi doğub burda. Ağarəhim bilirdi ki, bu abidəni ilk azərbaycanlı təyyarəçinin şərəfinə qoyublar bura. “Sağ olsunlar qazaxlılar, başları iş-gücə nə qədər qarışıq olsa da, ölüb-itən igidlərini yaddan çıxartmırlar”.

Abidənin qənşərində yol haçalanırdı. Sola dönən yol enli idi, asfalt idi, düz Qazağın içinə girirdi və bu yol Ağarəhimi Bakıya aparan yol idi. Sağa dönən yol kənd yolu idi, bu yolda uzaqdan ot tayasına oxşar bir şey saralırdı, amma yaxınlaşandan sonra aydın oldu ki, ot tayası deyil bu, üzü o yana dayanmış yük maşınıdı, kuzovuna o qədər ot qalayıblar ki, kabinəsi, zadı görünmür.

Yolun haçasına çatanda Ağarəhim maqnitofonu söndürdü, sürəti azaltdı, lap haçanın başlanğıcında dayanmış maşının yanından ötəndə qəfil bir taqqıltı eşitdi: “Jiquli” yırğalandı, sağ yandan qabaq qapının şüşəsi çiliklənib oturacağa töküldü. Ağarəhim bu taqqıltıdan, bu yırğalanmadan əvvəl-əvvəl heç nə başa düşmədi, başa düşəndə belindən ağrı qopdu, elə bil böyrəklərinə bıçaq yeritdilər. Əlləri, ayaqları əsdi. Əyləci güclə basıb maşından birtəhər çıxdı.

“Jiquli”nin sağ tərəfdən qabaq qanadı əzik-əzik olmuşdu, qabaq qapı əyilib içəri girmişdi, sağ fənər sınıq-sınıq idi. Ağarəhim qorxudan boğula-boğula, ürəyi titrəyə-titrəyə yük maşınına tərəf baxdı. Ayaqlığın yanında cavan, çəlimsiz bir oğlan donuxub qalmışdı. O qədər arıq idi ki, ovurdu-ovurdundan keçirdi. Nazik, qara bığı olmasaydı, deyərdin bəs uşaqdı.

Ağarəhimin belindəki ağrı hələ çəkilməmişdi, üşütməli adam kimi qolları, qıçları hələ əsirdi: Boğazı qovuşa-qovuşa:

– Neynədin, əşi? – dedi və ona elə gəldi ki, səsi dilçəyindən bu yana keçmədi, səsi içində qaldı.

Amma oğlan onun sualını eşitmişdi. O da səsi titrəyə-titrəyə:

– Bilmədim, ay dayı, – dedi: – görmədim, vallah.

Oğlanın gözləri ya anadangəlmə belə iri idi, ya da qorxudan irilənmişdi. Ağarəhim güman elədi ki, yəqin öz gözləri də bax beləcə böyüyüb. Ağarəhimin bərkə-boşa düşdüyü vədələr olmuşdu, lap qorxduğu vədələr də olmuşdu, ancaq heç vaxt belindən belə ağrı qopmamışdı. Birinci dəfəydi ki, böyrəkləri bu cür sancırdı, birinci dəfəydi ki, kürəyinin zoqqultusu nəfəsini kəsirdi. Ağarəhim “Jiquli”nin böyründəcə tozlu yola uzanmaq istəyirdi, heydən düşmüş canını hara olur-olsun, yıxmaq istəyirdi, amma uşağa oxşayan çəlimsiz oğlanın yanında şəninə, bazburuduna sığışdırmırdı bunu. Bilmirdi neynəsin, nə danışsın. Bəlkə dişinin dibindən çıxam desin oğlana, bəlkə basıb döysün onu? Bu nə iş idi, fələk, bu nə qəza idi? Bu ot maşını hardan çıxdı, şeytana oxşayan bu köpəyoğlu hardan çıxdı?

Bu titrətməli, əsməcəli vaxtında Ağarəhimin yadına Pərvanənin sözləri düşdü. Pərvanə dönə-dönə demişdi ki, “maşında talisman gəzdir; göz dəyməz, xata-baladan uzaq olarsan”. Ağarəhim talismana, gözmuncuğuna, cadu-filana inanmırdı, amma Pərvanənin sözünə baxmamağına indi peşman oldu.

Ağarəhim içindəki əsməcəni büruzə verməmək üçün nəfəsini birtəhər nizamladı.

– Kor idin? – dedi. – Görmürdün ki, mən arxadan gəlirəm?

Oğlan udquna-udquna:

– Görmədim, vallah, – dedi. – Bu andır maşında dalı göstərən güzgü yoxdu. Ot da gözümün qabağını tutmuşdu. Elə dönmək istəyəndə...

– Oğlan ürəkləndi, Ağarəhimə yaxınlaşa-yaxınlaş: – Şükür Allaha, salamatlıqdı, – dedi. Maşının xürd-xəşil olmuş qanadına, içəri batmış qapısına baxdı. – Bunlar düzələr, – dedi, – təki ölüm, xəsarət olmasın.

Ağarəhim yan-yörəyə göz gəzdirdi. Belə işlək yolda tərslikdən bir ins-cins də görünmürdü – bərk ayaqda Ağarəhimin şahidi olardı, tərəfini saxlayardı onun, deyərdi, bu kişinin oğlunda zərrəcə günah yoxdu.

Oğlan da Ağarəhim sayağı yan-yörəyə baxdı, sonra iri gözlərini dikdi Ağarəhimin üzünə.

– Ay dayı, – dedi, – it-qurd yığışmamış gəl çıxaq aradan.

Ağarəhim başını buladı.

– Qoy avtoinspektor gəlsin.

Oğlan başladı dil tökməyə:

– Vallah, düzəltdirəcəm maşınını. Vurulmağı qətiyyən bilinməyəcək. Bütün xərci mənim boynuma.

Bu “Jiquli”nin daha əvvəlki “Jiquli” olmayacağını fikrinə gətirəndə Ağarəhimin damarlarında qanı tərsinə fırlandı. Ağarəhim içini bürüyən və çıxmağa fürsət, məqam axtaran acığını irigözlü oğlanın başına tökmək istədi. İstədi qışqırsın, ancaq özü də bilmədi ki, səsi niyə yumşaq çıxdı. Ağarəhim öz gücsüzlüyündən, acizliyindən hövlə gələn naçar adam kimi ağlamsındı.

– Neyi düzəltdirəcəksən? – dedi. – Şikəst eləmisən maşını. Mən sabah Bakıda olmalıydım. Neynəyim indi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Duz

Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...

19685 min
Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 min
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 min
Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 h 10 min

Poems by other poets