Talisman
Page 2 of 5 · 20%
Oğlanın arıq üzündə məhul-məhzun bir ifadə yarandı, iri gözlərindən mütilik töküldü və bu gözlər dilə gəlib dedi ki, “döy məni, söy məni, vur öldür – haqlısan”.
Oğlan çəkinə-çəkinə:
– Gedək, – dedi. – Günü bu gün düzəltdirəcəm. Səni gecəynən özüm aparıb qoyaram Bakıya.
Ağarəhimin susmağı oğlanın dilini bir az da açdı.
– Qurban olum, ay dayı, onsuz da mənim əskim tüstülüdü. Bir xatadan təzəcə qurtarmışam, ikinci xataya düşməyimin sənə nə xeyri? Bir parça çörəyimi əlimdən niyə alasan, axı? Allah səni saxlasın, gedəkmi? İt-qurd gəlməmiş... – Oğlan yük maşınının ayaqlığına qalxdı.
– Dalımca sür, – dedi. – Fikir eləmə, vallah düzələcək.
Ağarəhim yuxudan təzəcə oyanıb harda olduğunu kəsdirə bilməyən adam kimi idi. Bilmirdi ot maşınının ardınca getsin, yoxsa gözləsin. Kimi gözləsin, nəyi gözləsin? Bəlkə avtomobil müfəttişi axşama qədər gəlməyəcək bura? Bəlkə bu şeytana oxşayan oğlan “Jiquli”ni, doğrudan da, düzəltdirəcək? Müfəttişi gözləmək havayı işdir. Müfəttiş gəlib neynəyəcək? Ağarəhimə təzə maşın verməyəcək ha.
Ağarəhim “Jiquli”yə oturdu – niyə oturdu özü də bilmədi – irigöz oğlanın ardınca getmək istəmirdi, əzilmiş maşınla yolda da qalmaq istəmirdi. Ağarəhim odla su arasında vurnuxan adama bənzəyirdi, amma bilmirdi ki, od hansı yandadı, su hansı yanda.
Ot maşını yavaş-yavaş uzaqlaşırdı. Ağarəhim maşının ardınca baxdı, baxdı və bayaqkından da betər qorxdu: “Deyəsən, aradan çıxır köpəyoğlu”. Amma ot maşını dayandı, oğlan başını kabinədən çıxarıb Ağarəhimə əl elədi və Ağarəhim “Jiquli”ni kənd yoluna döndərdi...
Az qala bir-birinə bitişik iki-üç kəndin içindən keçdilər. Sonra əsas yoldan çıxıb, ensiz torpaq yola buruldular. Kəndin adı yazılmış dəmir lövhə döngənin tinindəki dirəyə bənd edilmişdi. Ağarəhim gözünün ucuyla baxıb, dəmir lövhədəki yazını oxudu: “Alpoud”. Ağarəhim köks ötürüb, başını buladı. “Bir kəndin ki adı “Alpoud” ola, onun adamları nə təhər olar? “Alpoud” nə deməkdi, ay fələk?”
Doqqazı enli, hasarı kol-kosdan olan bir həyətə girdilər. Oğlan kabinədən düşən kimi hələ də sükan arxasında donuxub qalmış Ağarəhimə yaxınlaşdı.
– Xoş gəlmisən, qardaş, – dedi, sonra üzünü kürsülü evə tərəf tutub çağırdı: – Ay ana! Qonağımız var!
Ağarəhim oğlanın üz tutduğu səmtə baxa-baxa maşından çıxdı və gördü ki, kürsülü evin artırmasında taxta çarpayının üstündə kök, yaşlı bir qadın oturub. Qadın yanındakı qıyqacı götürüb başına saldı.
– Qonağın qədəmlərinə qurban olum, – deyib hıqqana-hıqqana çarpayıdan düşdü.
Arvad ayaqları uyumuş adam təki yeriyirdi, elə bil ağır bədəninin gəzdirməyə qıçlarının gücü çatmırdı. Uzun, gen tumanı onu bir az da kök göstərirdi. Çatıb, Ağarəhimə əl verdi, nəfəsi təngiyə-təngiyə.
– Xoş gəlmisən, atam-anam, – dedi.
Ağarəhim başını tərpətdi. Borcu deyil ki, tanımadığı adamlara dilağız eləsin. Bu qəza olmasaydı dünyada “Alpoud” adlı bir kəndin varlığından, bəlkə də, ömrü boyu xəbər tutmayacaqdı, şeytanabənzər bu oğlanla rastlaşmayacaqdı, ağ köynəyin altından qarnının qatları bilinən, sallaq döşlü bu arvadı heç vədə görməyəcəkdi və bunlarsız da rahat yaşayacaqdı. Bu adamlar onunla bir diyarda, bir torpaqda ömür sürdülər, yaxud başqa qitədə – tutalım Afrikada – bunun Ağarəhimə nə istisi, nə soyuğu?
Arvadın üzü qaramtıl idi, dəpdəyirmi idi – kişi üzünə oxşayırdı üzü, – bir gözü yarıyacan ağ pərdə ilə örtülmüşdü. Ağarəhimin key-key dayandığını görüb, əvvəlkindən də mülayim səslə:
– Öyə keçsənə, dərdin alım, – dedi.
Ağarəhim dodaqlarının altında mızıldandı. Arvad dönüb evə tərəf gedə-gedə:
– Ay gəlin hey! – çağırdı. – Ustul gəti qonağa!
Gəlin əlində stul otaqdan çıxdı, elə bil bayaqdan stulu götürüb içəridə hazır dayanmışdı. Stulu, az qala yüyürə-yüyürə gətirib armud ağacının kölgəsinə qoydu və tez də artırmaya qayıtdı.
Tanınmaza-bilinməzə belə qəbul Ağarəhimin xoşuna gəlmədi. Ağarəhim nəzərlərilə şeytanabənzər oğlanı axtardı. Oğlan ot maşınının qabağında dayanıb yanıqlı-yanıqlı siqaret çəkirdi. Yanında üç-dörd yaşlı qız uşağı durmuşdu. Qız çitdən düzəldilmiş gəlinciyi sinəsinə sıxıb altdan-yuxarı oğlana baxırdı, amma oğlan, deyəsən, onu görmürdü. Qızın hardan çıxdığını, hardan gəldiyini Ağarəhim də görməmişdi, ancaq indi qız haqqında fikirləşməyin yeri deyildi, indi tələsmək lazım idi, maşını abıra salmaq lazım idi.
Oğlan siqareti atıb ayaqqabısının burnu ilə əzdi. Yaxınlıqda dənlənən toyuqların üstünə cumdu. Toyuqlar pərən-pərən düşüb qaqqıldaşdılar, tövlənin dalına qaçdılar, oğlan da onların dalınca yüyürdü... Bir azdan hər əlində bir çolpa tövlənin dalından çıxdı.
Ağarəhimin dil-dodağı qurumuşdu, içində elə bil ocaq qalanmışdı, özü də bu ocaq çoxdan – maşın maşına dəyən dəqiqədən qalanmışdı və Ağarəhimin sinəsinin altını pörşələyirdi. Oğlan çolpaları kəsib qurtarandan sonra Ağarəhim:
– Bir az su tapılarmı? – dedi. – İçməyə...
Oğlanın iri gözləri işıqlandı.
– İçməyə də tapılar, lap çimməyə də, – dedi və tələsə-tələsə gedib artırmadakı güyümdən bir stəkan su gətirdi.
Ağarəhim üzünü yana tutub suyu sümürə-sümürə içdi. Su elə bil içindəki közü cızıldada-cızıldada, odu söndürə-söndürə süzülüb getdi... Yenə içə bilərdi, istəmədi. Stəkanı oğlana qaytaranda ürəyindən keçdi ki, “sağ ol” desin, demədi.
Oğlan utana-utana soruşdu:
– Adın nədir, a dayı?
Oğlanın “dayı” deməyi Ağarəhimi açmırdı heç. Ağarəhim könülsüz-könülsüz adını dedi. Oğlan bu tanışlığa sevinirmiş kimi gülümsədi:
– Mənim də adım Binnətdi, – dedi. – Sən burda dincəl, mən usta dalıycan gedim... Allah eləsin, kənddə tapa bilim onu. Ora-bura dartırlar. Əzik-üzük maşınların anasıdı. Özü düzəldir, özü də kraskalayır. Çox qabiliyyətli ustadı.
Ağarəhim inanmadı. İnanmadı ki, “Alpoud” adlı kənddə qabiliyyətli usta olsun.
Oğlan artırmaya qalxdı. Taxta çarpayının üstündə mürgüləyən arvada nəsə dedi. Arvad vaysına-vaysına əlini dizinə çırpdı. Oğlan artırmadan düşə-düşə hövsələsiz halda:
– Ağzından od tökmə, ay ana. – dedi, – qəsdən eləməmişəm ha.
Binnət doqqazdan çıxandan sonra Ağarəhim armud ağacının kölgəsindəki stulda oturdu. İndicə həyətə göz gəzdirdi və gördü ki, həyət çox böyükdür. Həyətin açıq tərəfində kürsülü evdən və köhnə tövlədən savayı tikili yox idi. Evin qənşərində ucu-bucağı görünməyən bağ vardı, bağın da içində cürbəcür ağaclar vardı, deyirdin bəs kolxoz bağıdı bu. “Belə bağ sahibinin yəqin ki, pulu çox olar. Budu ey, toyuqcücələrə bax, saymaqnan qurtarmaz. Tövlə var, demək, inək-camış da var, qoyun-quzu da var. Kasıb deyillər bunlar”.
Gəlin üstünə balaca, təmiz süfrə salınmış kətili Ağarəhimin qabağına qoydu. Armudu stəkanda çay gətirdi. Bircə dəfə də başını qaldırmadı, gözünün quyruğuyla da olsa, Ağarəhimin üzünə baxmadı. Amma Ağarəhim altdan-altdan baxdı ona və inanmadı ki, “Alpoud” adlı bir kənddə belə yaraşıqlı gəlin olsun. Qaraşirin idi gəlin. Dodaqlarının rəngi yetişmiş gilənar rənginə çalırdı. İşıqlı, oynaq gözləri vardı. Tərpənişi çəld idi, yeriyəndə sinəsi irəli çıxırdı.
Gəlin artırmanın qabağında çöməlib çolpaları yolurdu. Ağarəhim yandan ona baxa-baxa köks ötürdü. “Əgər bu qəşəng gəlin Binnətin arvadıdırsa, yazıq buna, heyif buna. O şeytana oxşayan gədənin nəyinə bənd olub görəsən?” Ağarəhimin yadına öz arvadı düşdü və onsuz da qara olan bir az qaraldı. “Gərək baxaydım onun sözünə, gərək talisman qoyaydım maşına. Heç olmasa yağlıtikandan-zaddan...”
Balaca qız “Jiquli”nin yanında dayanıb zarıldayırdı, gəlinciyi də bir əli ilə sinəsinə sıxmışdı. Gəlin işini yarımçıq qoyub uşağın yanına getdi. “Jiquli”nin qabaq qapısını ehmalca açdı. Qız o dəqiqə kiridi, maşına dırmaşıb sükanın arxasında oturdu. Ağarəhimin dişi bağırsağını kəsdi. “Elə bil atalarının malıdı”.
Ağarəhim çaya əlini də vurmadı. Darıxdı. Qalxıb “Jiquli”yə yaxınlaşdı. Maşın gözündən elə düşmüşdü ki, baxmaq istəmirdi ona. Uşağa baxdı. Qız gəlinciyi dizinin üstünə qoymuşdu. İçəri isti olsa da dinməz-söyləməz oturub dözürdü. Qızın bir suyu Binnətə oxşayırdı, illah da gözləri, iri-iri, peyvənd gilas boyda. Şabalıdı, qısa saçları körpə quzu tükü kimi qıvrım-qıvrım idi. Dizinin üstündəki gəlincik qəribə gəlincik idi. Ağarəhim ömründə belə gəlincik görməmişdi. Ağ çitdən baş düzəldib balaca çöpün bir ucuna bənd eləmişdilər. İri düyməyə oxşayan dəpdəyirmi bu başın ortasında qara karandaşla ağız-burun, qaş-göz çəkmişdilər. Gəlinciyin çiyinləri yox idi – hər çiynin yerindən bir çit qol sallanırdı – əyninə əl boyda, beli büzməli tuman geyindirmişdilər. Nədənsə Ağarəhim inanırdı ki, bu gülməli gəlinciyi dodaqlarının rəngi yetişmiş gilənar rənginə çalan o qəşəng gəlin düzəldib.
– Haralısan, atam-anam?
Ağarəhim qəfil səsdən diksinən kimi oldu. Geri qanrıldı; kök arvad onun arxasında tövşüyə-tövşüyə dayanmışdı. Ağarəhim:
– Bakılıyam, – dedi.
Kitabxana.az · https://kitabxana.az/en/works/isi-melikzade-talisman
Use ← → keys to move, R for a random poem
More by this author
Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...
QatardaDostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...