Page 4 of 5 · 60%

Binnətin gətirdiyi suyu Əjdər çənəsinə, sinəsinə axıda-axıda ləzzətlə içdi. Ağarəhim dodaqlarını yaladı, amma su istəməyə utandı.

Əjdər:

– Ya allah! – deyib qalxdı. “Moskviç”in yük yerindən paslı bir ling çıxartdı. Elə bil illərlə əl dəyməmişdi bu lingə, illərlə yağışın altında, palçığın içində qalmışdı. Taxta çəkic çıxartdı. Dizlərini yerə qoyub, lingi “Jiquli”nin əzilmiş qanadının altına saldı. Bir dartdı, iki dartdı, çöl tərəfdən taxta çəkiclə bir vurdu, iki vurdu və əzik qanad çartıldayıb bir qarış uzunluğunda cırıldı. Əjdər əl saxladı.

– Baho! Buna nooldu, ayə? – dedi. – Bu andır lap kağızdanmış... Mənnən çıxmaz iş... Niyə cırıldı, ayə, bu?

Ağarəhim acıqlı-acıqlı Binnətə baxdı. Maşın vurulanda heç bu qədər dilxor olmamışdı, bu qədər heyfsilənməmişdi. Az qaldı Əjdərin qolundan tutub firildatsın qırağa.

Əjdər özü çəkildi kənara. Lingi, çəkici tulladı yerə.

– Əllərim niyə əsdi, ayə, mənim? – dedi. – A Binnət, o zəhrimardan bir az gətir görüm.

Binnət təzədən evə qaçdı, Əjdər də təzədən çayırlıqda oturdu.

– Düzələcək, – dedi. – Səbrini bas... O cırılan yerə fikir vermə. Lehimləyəcəm, olacaq anadangəlmə. Düzü mən həmişə yekə maşınları abıra salmışam... Leqkovoy da düzəltmişəm ha... “Moskviç” filan... “Jiquli” birinci kərədi... Qəm eləmə... Əjdər olan yerdə nə qəm? – dedi, ancaq hiss olunurdu ki, Ağarəhimdən çox, özünə ürək-dirək verir.

Binnət bir əlində ağzınacan araq dolu qalın stəkan, bir əlində pomidor gətirib verdi Əjdərə. Əjdər stəkanı bir əlinə aldı, pomidoru o biri əlinə. Dodaqları səyriyə-səyriyə stəkana baxdı.

– Əlli iki yaşı var, – dedi, – otuz iki ildi bunnan dostluq eləyirəm. Ayə, yəni mən o “Göyəzən”in təpəsinə qalxa bilməyəcəm? Yəni bu abi-zəmzəm məni qoymayacaq ora dırmaşam? Axı, əhd eləmişəm... orda vurmalıyam, axı. – Sonra üzünü göyə tutdu. – Ay tanrı, – dedi, – atam, anam sənə qurban, keç Əjdərin günahından. Onsuz da Əjdərin günahı yoxdu, bilirsən. Olsa da, xırım-xırda günahlardı, onları da qoyarsan içməyənlərin boynuna.

Əjdər stəkandakı arağı yarıyacan içdi, ağız-burnunu bürüşdürə-bürüşdürə pomidordan bir dişdəm aldı, amma deyəsən, çeynəməmiş uddu.

Binnət xəcalətindən Ağarəhimin üzünə baxa bilmirdi. Əjdəri tərifləmişdi, Əjdərə güvənmişdi, sən demə, Əjdərin də bacarmadığı işlər varmış. Binnət ürəyində allaha yalvarırdı ki, Əjdərə kəramət versin, fərasət versin, Əjdər də onu bu bəladan qurtarsın. Ağarəhimin Əjdərlə işi yox idi, Ağarəhim qanlı-qanlı Binnətə baxırdı. Bir adam ki istidə başına bu boyda kepka qoya, ondan nə umasan? “Bu nə yör-yöndəmdi, fələk, məni kimə ürcah elədin?”. Əjdər sətin pencəyinin yaxasını açıb, danqa sinəsini qaşıdı. Maykası da yox idi zalımın. Qabırğaları görünürdü, qarnı az qala belinə yapışmışdı.

– Ya allah! – deyib Əjdər ayağa qalxdı.

Ağarəhim görürdü ki, Əjdər “Jiquli”yə yaxın getməyə ürək eləmir, qalıb dirənə-dirənə. Əjdər lingi, çəkici götürüb:

– Başladıq, – dedi, amma hiss olunurdu ki, başlamaq istəmir.

Ağarəhim canını qurtardı onun. Dedi:

– Lazım deyil.

Elə bil Əjdərin çiynindən neçə ildən bəri dırmaşmaq arzusunda olduğu “Göyəzən” ağırlığında yük götürüldü, amma özünü o yerə qoymadı, özünü təəccüblənən kimi göstərdi.

– Niyə, bajoğlu? Qoy düzəldim də.

Ağarəhim hirsini boğa bilmədi.

– Bacarmadığın işə niyə girişirsən? – dedi. – Maşını day da şikəst elədin! – Üzünü Binnətə tutdu. – Yekə oğlansan! – dedi. – Qanacağın, mərifətin olsun! Məni avara qoymusan burda! İstəyirsən sənə pislik eləyim?! Pislik eləməyə gücüm çatar!

Binnət yazıqlıq yağan iri gözlərini döyə-döyə qaldı.

– Pislik niyə, dərdin alım? Bir xatadı olub. Qardaşıma ismarış göndərmişəm, qoy gəlsin, görək neynirik.

– Sabah mən Bakıda olmalıyam, başa düşürsən?!

– İndi ki, kənd ustasına ürək qızdırmırsan, deyirəm, bəlkə aparıb Bakıda düzəltdirəsən. Xərci nə qədər eləyir, de, ordan-burdan tapıb verərəm.

Ağarəhim bilmirdi ki, maşın nə qədər xərc aparacaq. Qiymət deməyə qorxurdu. Qorxurdu ki, birdən az deyər. Amma dedi:

– Min manat! – Ağarəhim Binnətin üzünə baxmadı, bilmədi ki, oğlanın sir-sifəti nə kökə düşdü.

Əjdər lingi, çəkici tulladı.

– İnsaf elə, ayə! – dedi. – Min manat nədi?

– Bəs nə bilmişdin, əşi? Təptəzə maşındı, dörd ay deyil aldığım.

Əjdər başını buladı.

– Allahın olsun, ayə, min manat çölə tökülməyib.

Söz Ağarəhimin ağzından çıxmışdı, vəssalam. Durub alver eləməyəcəkdi ki, burda? Qəti dedi:

– Min manat!

Əjdər sətin pencəyini düymələyə-düymələyə gedib çıxdı artırmaya. Çarpayıda, kök arvadın yanında oturub əllərini ölçə-ölçə başladı danışmağa.

Binnət başını aşağı salıb Ağarəhimin qabağında şaxta vurmuş toyuq təkin dayanmışdı, yanıqlı-yanıqlı siqaret çəkirdi. Handan-hana başını qaldırıb qorxa-qorxa soruşdu:

– Bəlkə yönnəşək, a dayı?

Ağarəhim sövdələşməyə son qoymaq üçün səsini qaldırdı:

– Söz bir dəfə olar!

Həyətə alçaqboy, tökməbədən, qırmızıyanaq bir kişi girdi. Saçı dibdən qırxılmışdı. Qollarını ata-ata, yanlarını basa-basa yeriyirdi. Binnətə zərrəcə oxşarı olmasa da, Ağarəhimin ürəyinə damdı ki, Binnətin qardaşıdı bu, “Əfəndi” deyilən adam budu.

– Xoş gəlibsən, dərdin alım, – deyib kişi Ağarəhimin yumşaq əlini daş kimi bərk, cod əlinin içində sıxdı. – Bə niyə burda ayaqüstə dayanmısan? – Üzünü artırmaya tutub: – Ana, hey! – dedi. – Qonağa beləmi qulluq eləyirlər?! Bəs hanı sizin süfrəniz, hanı yemək-içməyiniz?!

Kişi, Ağarəhimin əlini buraxıb artırmaya getdi. Əjdər başını yırğalaya-yırğalaya Əfəndiyə nəsə dedi. Arvad əlini dizinə çırpıb vaysınanda Əfəndinin, deyəsən, acığı tutdu.

– Qaraçılıq eləməyin siz Allah! – dedi. – Əziziniz ölməyib ha! – Artırmadakı ortalıq stolunu sinəsinə qaldırıb aşağı düşürtdü. – Tez olun görək, acından qırıldıq!.. Əyə, bu gəlin harda itib?!

Gəlin içəridən tələsik çıxdı. Əfəndi ona baxa-baxa yumruğu ilə stolun tinini döyəclədi. Gəlin otaqdan tələsik çıxmışdısa, eləcə də qayıdıb girdi otağa və Ağarəhim başa düşdü ki, bu evdə Əfəndinin hörməti hörmətdi, burda Əfəndinin bir sözünü iki eləməyə heç kimin haqqı, cürəti çatmaz.

Gəlin ağappaq süfrə gətirib stolun üstünə saldı.

Əfəndi Ağarəhimi çağırdı:

– Bəri gəl, dərdin alım. Görürəm büyün bunnar sənə sitəm eləyiblər. – Bayaqdan farağat vəziyyətində dayanmış Binnətə dedi. – Get, Əjdərin sazını gətir, qoy bir az dınqıldatsın, qulaq asaq.

Artırmanın qabağı sərin idi. Gün əyilmişdi, bürkü səngimişdi...

Ağarəhim çay içə-içə fikirləşirdi ki, nə yaxşı Əfəndi gəlib çıxdı. Əfəndinin gəlişi ilə Ağarəhimin nigarançılığı, narahatlığı sovuşmuşdu, ürəyində səbəbini özünün də anlamadığı bir arxayınçılıq, ümid yaranmışdı. Hərdən Əfəndinin qan daman yanaqlarına, qalın pırpız qaşlarına, çat-çat yoğun barmaqlarına göz yetirirdi və inanırdı ki, belə adam dağı dağ üstünə qoyar, belə adam etibarlı olar, insaflı olar, haqqı nahaqqın ayağına verməz, dostu-yoldaşı darda qoymaz. Əfəndinin gözlərindən nur tökülürdü və Ağarəhimin ürəyini işıqla, ümidlə dolduran da, deyəsən, elə bu nur idi. “Neçə ildi sovxozda traktorçu işləyir, yəni bunun evində min manat pulu yoxdu?”

Binnət sazı gətirib stolun küncünə söykənmişdi, bayaqdan bəri ağzından bircə kəlmə də söz çıxmamışdı. Danışan Əjdərlə Əfəndi idi. Hər şeydən danışırdılar – ala dağdan, qara dağdan, öləndən, qalandan – təkcə “Jinuli”nin vurulmağından danışmırdılar, “min manat” məsələsini dillərinə gətirmirdilər.

Gəlin stolun üstünə dərin buludda çolpa çığırtması qoydu, bir qrafin dolusu qırmızı çaxır qoydu, bir butulka da araq. Süfrəni sahmana salıb kölgə kimi yox oldu.

Əfəndi stəkanlara çaxır süzməyə başladı.

– A qohum hey, – dedi, büyün siftə eləmisənmi?

– Bu nədi? – Əjdərin dodaqları dartıldı, qabaqdakı üç dişi göründü.

– Siftə eləməsəydim, gedib Göyəzənin təpəsinə çıxardım, dana.

– Batmıyasan səni. İçməkdən başın ayılmayacaq, öləcəksən, muradın gözündə qalacaq. Əziyyətin bizim çiynimizə düşəcək: gərək meyidini qaldıraq Göyəzənin kəlləsinə, səni orda basdıraq, qəbrinin də üstünə bir vedrə çaxır tökək.

Əjdər əllərini bir-birinə sürtdü.

– Dərdin alaram, Əfəndi, sənnən qabaq ölsəm, dediyin kimi eləyərsən.

Əfəndi stəkanını qaldırdı.

– Qonaq qardaşın sağlığına! Həmişə işığı gəlsin, iti hürsün, ocağı yansın. – Stəkandakı çaxırı üç-dörd qurtuma içdi.

Əfəndi başının işarəsi ilə icazə verəndən sonra Binnət stəkanı götürdü. İçdi, amma üstündən ağzına heç nə qoymadı.

Ağarəhim ac idi, di gəl ki, boğazı tikilmişdi, loğmasını güclə udurdu. Gözləyirdi ki, Əfəndi nə vaxt dillənəcək, nə vaxt deyəcək ki, “çörəyini rahat ye, pulun dərdini çəkmə, min manat budu ha, cibimdədi”. Amma Əfəndi olan kəs bircə dəfə də soruşmurdu ki, “qonaq qardaş, kimsən, nəçisən, hardan gəlib, hara gedirsən?”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Duz

Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...

19685 min
Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 min
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 min
Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 h 10 min

Poems by other poets