Gümüşgöl əfsanəsi
Page 15 of 17 · 82%
Orxan fikirləşdi ki, günahları sayıb-sadalamağa dursa, məsələ uzanacaq – daha saymadı. Nə mənası var? Onsuz da xam xəyaldı bu. Lap belə bir göl olsa da, adamlar özləri batırardılar onu. Başına min oyun açarlar gölün. Qorxa-qorxa yaşamaq kimin xoşuna gələr? Nəfsi boğa-boğa ömür sürmək çoxlarını təngə gətirər. Onda bəzzadlar, bicəltəklər peyda olarlar, gölün işçilərini yoldan çıxararlar. Onlara adam taparlar, rüşvətlə ələ alarlar onları. Vallah, gecənin birində qurudarlar o gölü, pulun gücünə adamlara qurtum-qurtum içirdərlər, ya da gölün altında elə əngəl eləyərlər ki, göl günahları ölçə bilməz. Bir də görərsən ki, təpədən-dırnağa günah içində olan adam, budu ha, gölün üstü ilə qaşqaldaq kimi dazıyır, amma ömründə bir qarışqa da tapdalamayan günahsız bir binəva ikicə addımdan sonra ağır daş təki gedir gölün dibinə. Yox-yox, can-ciyər, lazım deyil belə göl, günahsız adamları qərq eləyərlər orda...
Günəş Çapıqqayanın təpəsindən aşıb, dağın dalında gizlənmişdi, yer-yurd axşamın bozumtul kölgəsinə bürünmüşdü. Orxanın gözləri dikilmişdi binənin yoluna, amma orda heç nə görünmürdü. Meşəliyin üstündə ay dikəlib boylandı və Orxanın ümidi artdı. “Bəlkə Bənövşə gəldi?” Bənövşəni tamam itirməyinə Orxan inanmırdı. Qət eləmişdi ki, qızı aparsın burdan. Elə indi, bu gecə, obaşdannan, səhər tezdən – dəxli yoxdu, nə vaxt olur-olsun, təki Bənövşə razılıq versin. Orxan Bənövşədən ayrı yaşamağını ağlına sığışdırmırdı. Yəqin tale onu Bənövşəylə görüşməkçün əldən-ayaqdan uzaq bu dağın başına qəsdən atıb. Orxan Səfanı unuda bilər, görüşdüyü bütün qızları unuda bilər, ancaq Bənövşəni unuda bilməz. Bənövşənin eşqi onun uzun məhəbbət yolunda son dayanacaq, son mənzildi, burdan o yana dibi görünməyən dərin uçurumdu. Bənövşənin büllurluğu, təmizliyi Orxanı da saflaşdıracaq. Bənövşə Orxana hava-su kimi lazımdı. Qoy Fatma həkim nə deyəcəksə, desin. Lap ağlasın, söysün, danlasın Orxanı. İki ayağını bir başmağa dirəyib inad eləsin ki, “qaytar bu avam, dilbilməz qızı kəndlərinə, mən sənə demişdim, halal süd əmmiş qız al, süd sağan deməmişdim”. Bəlkə Fatma həkim heç haray-həşir qopartmayacaq? Bəlkə Bənövşəni görüb bəyənəcək?
Orxan binənin üstündə qızaran aya baxa-baxa köks ötürdü. “Fatma həkimlə dil tapmaq olar, təki Bənövşə gəlib çıxsın”.
Orxan bir də baxıb gördü ki, bənövşə gölün sıldırım tərəfində, şapqa günlüyünə oxşayan uzun sal daşın üstündə durub. Qız elə bil qəflətən göydən düşmüşdü. Sevincdən Orxanın gözləri yaşardı. “Öldü var, döndü yoxdu – Bənövşə mənimdi”.
Qız qaça-qaça sıldırımı endi, yaxınlaşıb Orxanla qabaq-qənşər dayandı. Sonra keçən dəfəki kimi üzünü onun sinəsinə qoyub, ürəyinin döyüntüsünə qulaq asdı. Orxan da, keçən dəfəki kimi, qızın saçını tumarladı və qəhərdən səsi titrəyə-titrəyə:
– Gedək burdan, – dedi, – aparım səni... Lap indi... Bənövşə başını Orxanın sinəsindən qaldırmadan:
– Yox, – dedi, – qoşulub qaçmaq istəmirəm...
– Bəs mən neynəyim, Bənövşə?
– Adamlarını göndər atamın yanına.
– Birdən mən qayıdanacan səni zorla...
Bənövşə başını Orxanın sinəsindən qaldırıb, onun gözlərinin içinə baxdı.
– Heylə şey olmaz, – dedi. – Yazıya pozu yoxdu: mən səninəm.
Orxan qəhərlənə-qəhərlənə Bənövşənin sadəlövhlüyünə gülümsədi. Qızın inamını qırmamaq üçün dedi:
– Düzdü, yazıya pozu yoxdu, amma genə narahatam.
– Arxayın get, ürəyini buz təki saxla. – Bənövşə barmaqlarını Orxanın yanağında qaysaq bağlamış yaraya ehmalca sürtdü. Sonra dodaqları titrəyə-titrəyə yaradan öpdü. – Yaxşı yol, – dedi və çəkilib aralıda dayandı.
Orxanın qolları boşda qaldı. Orxan bu ayrılıq dəmində Bənövşəni qucaqlayıb bağrına basmaq, dodaqları göynəyənəcən öpmək istəyirdi, ancaq Bənövşə dalı-dalı uzaqlaşırdı ondan
Bənövşə:
– Səni Allaha tapşırıram, – dedi. – Allah amanında ol... Tez qayıt ha.
Bənövşə qaçıb getdi. Sıldırım döşə elə sürətlə dırmandı ki, Orxan onun ardınca söz deməyə macal tapmadı. Ürəyinin guppultusuna qulaq asa-asa dayanıb qaldı. Bir azdan arxadan ayaq səsləri eşidib çevrildi – gələn Atlıxan idi.
Kişi dedi:
– Ay bala, gecə vaxtı cin-şayətin kimi burda nə gəzirsən? Nabələd adamsan, qayadan-zaddan uçub mağmın olarsan... Bu binədən sağ-salamat çıxıb getsəydin, bizim də canımız qurtarardı.
Kişinin danışığında bir inciklik, giley duyulurdu, ancaq Orxan ona cavab vermədi; Orxanın fikri-xəyalı hələ Bənövşənin yanında idi, hələ ürəyinin çırpıntısı səngiməmişdi.
Atlıxan binəyə tərəf yönəldi, Orxan da onun dalınca düşdü. Çınqılları ayaqlarının altında xışıldada-xışıldada bir xeyli getdilər. Atlıxan yeriyə-yeriyə başını çiyni üstdən geri döndərib dedi:
– Bənövşə sənin babın döyül. Qız qəhətliyidi yəni? Şəhərdə o qədər gözəl-göyçək qız var ki...
* * *
Orxan lap sübhdən ev sahibləri ilə xudahafizləşdi. Atlıxanla Güləndam özlərini bikef göstərsələr də sevinirdilər ki, binənin suyunu bulandıran bu çağırılmamış qonaq axırı ki, çıxıb gedir. Day bundan sonra yetim Dəmir rahat nəfəs alar, qarabəxt Ağbəyimin yuxusu ərşə çəkilməz, Rza xəcalətindən başını aşağı salmaz, Bənövşənin də danlanmaqdan canı qurtarar. Həm də şükür olsun tanrıya ki, bu şəhərli gədəsi salamat gedir burdan – yaxşı ki, öldürmədilər bunu – yoxsa çək-çevirdən, sorğu-sualdan yaxa qurtarmaq olmazdı.
Orxan da özünü bikef göstərirdi, amma ürəyində bu sübhün işartısı kimi bir işıq vardı. Ürəyində deyirdi: “Ay qocalar, elə bilirsiniz məndən birdəfəlik canınız qurtarır? Ay qurtardı hay. Sağlıq olsun, bir həftədən sonra burdayam”.
– Yerinizi dar eləmişəm, çörəyinizi yemişəm, – deyib Orxan əlini cibinə saldı.
Atlıxan başını buladı.
– Bax, bu olmadı. Biz qonağa çörəyi pulnan vermirik ha. Rəhmətliyin oğlu, bu dağın kəlləsində pul bizim nəyimizə gərəkdi?
Güləndam maşının dalıycan atmaqçün əlində bir sapılca su tutmuşdu, sapılcanı çənəsi bərabərində qaldırıb:
– İnşallah, – dedi, – qismət olsa, ölməsək sağ qalsaq, biz də gedərik Bakıya, sənin yerini dar eləyərik.
“Jiquli” tərpəndi və Güləndam bir sapılca suyu maşının dal şüşəsinə çırpdı. İçəri hələ qızmamışdı, Orxan sübhün soyuğunda üşüyə-üşüyə pəncərədən Bənövşəgilin daxmasına baxdı, amma gözünə ins-cins dəymədi orda.
Çapıqqayaya gələndə Orxanı itlər hürə-hürə qarşılamışdılar, gedəndə də itlər onu hürə-hürə yola saldılar...
Mənzil uzaq idi, fikirlər də uzanırdı, çözələnirdi, gah dolaşıq düşürdü, gah da hardasa qırılırdı. Orxan Bənövşəni xəyalən gətirib qoymuşdu Fatma həkimin yanına. Fatma həkim də gəlinin başına pərvanə kimi dolanırdı. “Əhsən, ay oğul, – deyirdi. – Belə abırlı-ismətli qızı hardan tapmısan? Canıyanmış, gör nə gözəldi... Bəh, bəh, bəh... Ağız balaca, burun balaca, gözlər köşək gözü kimi, özü də elə bil dağ çiçəyidi... Qız deyil, qızıldı bu. Əmdiyi süd də halaldı, sağdığı süd də”. Fatma həkim min tərif deyirdi gəlininə, Orxan da sevincindən ürəyi atlana-atlana gülümsəyirdi... Orxan hər gün işdən qayıdandan sonra Bənövşəni gəzməyə aparırdı; parka, dəniz sahilinə, kinoya, teatra, hərdən də kafeyə, restorana, toya, ad gününə. Bir gün belə, beş gün belə, beş ay belə... bir il belə... Sonra Orxan gördü ki, Bənövşə mətbəxdə oturub ərinin yolunu gözləməkdən, tanış yerlərə ayaq döyməkdən təngə gəlib. Gördü ki, Bənövşə şəhərdə darıxır, Bənövşənin işi-peşəsi bələk açıb-bağlamaqdır, səhərdən axşamacan zarıyan körpəni ovundurmaq, əmizdirməkdir. Gördü ki, Bənövşənin yanaqları şaxta vurmuş gül təki solub, gözləri əvvəlki nurunu itirib. Fatma həkim də gəlinindən gen gəzir, elə hey deyinir onun dalınca: “Gözün hara baxırdı ay oğul? Bunu hardan tapıb gətirdin sən? Qanacağı yox, dili-ağzı yox. Nə söz qanır, nə him-cim. Qonaq qarşılaya bilmir, məclis yola sala bilmir, ağzını açanda adam xəcalət çəkir. Bu haranın zırramasıdı, əlindən yır-yığış da gəlmir, döşəmə süpürməyi də bacarmır. Neynirdin bunu gətirib? Bu boyda şəhərdə uşaq doğa bilən bir qız tapmırdın yeni?” Orxan gördü ki, özü də darıxır, daha əvvəlki kimi işdən evə tələsmir, orda-burda ləngiyir, həm də... Gözləri Səfanı gəzir. Ağıla gələsi fikir deyil bu, dost-tanışa deyiləsi söz deyil, belə niyyətə düşmək günahdı, vallah, amma Orxan neynəsin ki, Bənövşə evdə otura-otura Səfa gəlib Orxanın ürəyinə? Allahdan gizli deyil, bəndədən nə gizli: Bənövşə Orxanı Səfa kimi qucaqlaya bilmir, Səfa kimi əzizləyib oxşaya bilmir, Səfa kimi qılıqlı deyil o. Səfanın gözləri də, sözləri də Orxanı onun məhəbbətində uyumağa, dünyanın dərd-sərini unutmağa çağırır. Bənövşənin də gözlərindən məhəbbət tökülür, ancaq bu məhəbbətdə mütilik var, adamı təngə gətirəcək itaətkarlıq var. Belə məhəbbət Orxanı yormazmı, fələk? Həm də Bənövşə dağların dərilməmiş, qoxulanmamış çiçəyidir, dupduru çeşmə suyudur, Orxan isə... Yox, yox, heyifdir Bənövşə. Bir ildən, para ildən sonra böyük şəhər onunçün böyük məhbəsə dönər, Gümüşgölün xiffətindən çərləyib ölər Bənövşə. Əfsanələrin mürgü gətirən nənnisində ömür sürən bir qızı həyatın səs-küylü, qayğılarla dolu qəliz qucağına tullamaq insafsızlıqdır. Balıq sudan qıraqda ölər, vallah. Bənövşə Orxanın dünyasına yad adamdır. Yaddır, yaddır, yaddır...
Kitabxana.az · https://kitabxana.az/en/works/isi-melikzade-gumusgol-efsanesi
Use ← → keys to move, R for a random poem
More by this author
Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?
QatardaDostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
Poems by other poets
Kəndin laf eyliyib aşığam demə,Sən də olar bir gün dara düşərsən,
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?