Page 2 of 17 · 6%

Orxanın yadına dağ düşdü, çəmən düşdü, suyu diş göynədən bulaq düşdü və bircə anın içində əhvalı duruldu. Yavəri acılamaq fikrindən vaz keçdi, həm də baxıb gördü ki, Yavərin oynaq gözlərində bir ocağın nuru var, üzündə bir dünyanın sevinci var – bu anında onun kefinə soğan doğramaq insafdan, kişilikdən deyil. “Yavər yazıq pis söz demədi ha... Mən niyə belə dəymədüşərəm, fələk, niyə belə cırtqozam?! Yavər məndən min dəfə yaxşı adamdı, heç olmasa ürəyindəkiləri gizlətmir”.

Rəqs musiqisi çalınanda, Yavər qalxıb Səfanın böyründə dayandı. Rəsmi əda ilə baş endirib, Orxandan soruşdu:

– Bağışlayın, sizin xanımı dəvət eləmək olarmı?

Orxan çiynini çəkib:

– Tamadanın xahişini yerə sala bilmərəm, – dedi.

Ləngərli, ağır bir rəqs havası çalınırdı. Oynayanlar yuxulu adamlar kimi ayaqlarını asta-asta, ehtiyatla götürüb qoyurdular. Yavərlə Səfa rəqs eləyənlərin arasında batıb-çıxırdılar. Hər dəfə Orxan səmtə gələndə, qız üzünü ona tutub gülümsəyirdi, elə bil Orxana anlatmaq istəyirdi ki, “mən səninçün rəqs eləyirəm, ikicə addımlıqda səninçün darıxıram, burda səndən başqa heç kimi görmürəm, hətta belimi bərk-bərk qucaqlayan Yavərin əlinin, nəfəsinin hərarətini hiss eləmirəm, onun mənimlə birgə, bitişik fırlanmağından da xəbərim yoxdu, mən təkcə, təmtəkcə, rəqs eləyirəm, bax!”

İşığı ölgün bu restoranda Səfanın ala gözlərindəki ifadəni Orxan lap uzaqdan da gördü. Ancaq Yavərin baxışlarını tuta bilmirdi. Onun tez-tez batıb çıxan, gah işığa, gah da kölgəyə bürünən üzünün ağlığını görürdü, nazik qara bığını görürdü, bir də aypara qaşlarını. Orxan da baxdı, ha diqqət verdi – Yavərin sifətini bütöv görə bilmədi və onun üzündəki natamamlıq bir az maraqlı, bir az gülməli gəldi Orxana. Xalçaçılıq muzeyində Yavərlə tanış olduğu günü yadına saldı. “Üzlü adamdı Yavər. Onda da özü yanladı məni”.

Onda Yavər yaxınlaşıb Orxana əl verdi. “Mən Yavərəm”, – dedi. Orxan istədi desin ki, “gözlərimin ikisi də aydın”, amma “xoşdu” dedi. Sonra Yavər: “Cəmi üç gündü ki, Səfa bacıyla bir yerdə işləyirəm”, – dedi və Orxan başa düşdü ki, gözləri qaynayan bu oğlan onun barəsində hardansa, nə isə eşidib. Yavər Orxanı bir az da təəccübləndirdi: “Sizi tanıyıram, – dedi, – xalçaçılıqla məşğulsunuz... Aspirant... Memarlıq və incəsənət institutunda... xalq dekorativ tətbiqi sənətlər şöbəsi...” Orxan qaşlarını çatıb: “Məni hardan tanıyırsınız?” – dedi. Yavər gülümsəyə-gülümsəyə: “Tanıyıram də”, – dedi. Orxan da sual-cavaba girişmədi, qorxdu ki, birdən bu balacaboy oğlan onun Allahdan da gizli qalan sirlərindən xəbərdar olar və başlayar onları bir-bir sadalamağa.

İkinci dəfə küçədə rastlaşdılar. Orxan axşamüstü Səfanın qoluna girib, Kommunist küçəsiylə üzüyuxarı gedirdi, gördü ki, budu ha, Yavər özü boyda bir qızla qol-qola üzüaşağı gəlir. Yavər dedi: “Tanış olun, bu qız mənim nişanlımdı, payızda evlənəcəyik”. Qız utancaq qız idi, adamın üzünə baxa bilmirdi, söz soruşanda qıpqırmızı qızarırdı.

Yavərin təklifilə təzə filmə baxdılar... O biri həftə yenə Yavərin təklifilə köhnə “İnturist”in restoranında oturdular. Sonra bir yay axşamı Orxanın “Jiquli”sində Buzovna çimərliyinə yollandılar... Daha bir neçə dəfə görüşdülər. Sonra utancaq qız hara isə yoxa çıxdı, deyəsən, ərə getdi. Bu itki Yavəri zərrə qədər də kədərləndirmədi. Yavər başqa bir qızla çıxdı ortalığa. Dedi, “öz yerlimizdi, anam seçib bunu mənimçün, inşallah, yazda toyumuz olacaq”. Bu qız utancaq deyildi, danışqan idi, həm də yaman qarınqulu idi, restoranda sifarişi sifariş dalınca verirdi. Söz-söhbəti qəşəng kişilərdən, oğlanlardan idi. Tamaşalarda, filmlərdə gördüyü cavan aktyorları, qışın günündə yadına gülöyşə nar düşən adam təki, ağzı sulana-sulana tərifləyirdi. Qız, deyəsən, Yavərin balacaboy olmağından utanırdı, küçədə Yavərlə qol-qola, çiyin-çiyinə gedəndə bir az sıxılırdı. Bu qızdan nə Orxanın xoşu gəlirdi, nə Səfanın, ancaq Yavərin xatirinə qızın sırtıqlığına dözürdülər.

Günlərin bir günü Yavər gülə-gülə, sevinə-sevinə gəldi ki, bəs qurtardım o qıznan, bu gen dünyada bir o qala, bir mən, genə almaram onu...

Neçə vaxt idi ki, Yavər qızlardan uzaq gəzirdi, daha evlənməkdən söhbət salmırdı, ancaq dünən sevinə-sevinə dedi ki, dostlar, Fidan adlı bir qıznan tanış olmuşam, bu qız qiyamət qızdı, mən ömrümdə belə ağıllı-dərrakəli, gözəl-göyçək qız görməmişəm. Dedi ki, bu qızın böyük qardaşı tarix elmləri namizədidi, universitetdə baş müəllimdi – qohumların, dostların uşaqlarını instituta şappıltıynan düzəldəcəyik; ortancıl qardaşı avtomobil müfəttişidi – daha Orxanın maşınına dəyib-dolaşan olmaz; kiçik qardaşı ərzaq mağazasının müdiridi – ətimiz, yağımız havayı gələcək; anası qənnadı fabrikində ustadır. Həm də deputatdır, amma dürüst bilmirəm haranın deputatıdır – bir müşkül işimiz olanda salarıq qabağa; Fidan özü də, gözünüz aydın, uşaq həkimidir – körpələrimiz xəstələnəndə day təcili yardım-filan çağırmayacağıq. Yavər dedi, dostlar, mən Fidanın dərdindən ölürəm, Fidan da mənim dərdimdən ölür, iki dünya bir olsa, genə alacam onu. Sonra da dedi ki, sizin barənizdə Fidana çox danışmışam, sabah axşam saat yeddidə “İyirmialtılar” metrosunun qabağında üçümüz də Fidanla görüşməliyik, sizi restorana aparacam...

Onlar bu axşam saat yeddidə “İyirmialtılar” metrosunun qabağında dayanıb gözlədilər, gözlədilər, Fidan gəlib çıxmadı. Yavər heç eynini də pozmadı, saatına baxıb gülümsəyə-gülümsəyə dedi:

– Yəqin Fidanın vacib işi olub... Eybi yoxdu, bu gecəmizi onsuz keçirərik.

Gəzə-gəzə restorana gedəndə də, liftə minib on ikinci mərtəbəyə qalxanda da, Orxan yalnız Yavərlə Fidan barədə düşündü. Düşündü ki, qızla tanışlıq əhvalatını, deyəsən, Yavər özündən uydurub. Fidan yəqin Yavərin yaxşı qız tapmaq arzusundan yaranıb...

İndi Yavərlə Səfa Orxanın lap yaxınlığında rəqs edirdilər. Yavər qızın qulağına nəsə pıçıldayırdı, qız da gözlərini Orxana zilləyib xoşbəxt-xoşbəxt gülümsəyirdi. Yavərin əhvalının duruluğu Orxanın Fidan barədəki şübhəsini bir az da artırdı. “Ola bilməz ki, sevdiyin qız görüşə gəlməyə, sən də qətiyyən vecinə almayasan bunu. Bu Yavər lap mat qalmalı adamdı. Bayaq metronun qabağında elə bil Fidanın gəlməməyinə sevinirdi. İndi də sevinir. Odu ey, zalımın üzündə guya gül bitib”. İndi Orxan Yavərin sifətini bütöv görürdü. Yavər elə fərəhlənirdi, deyirdin, bəs dünyanın ən bəxtəvər adamıdı.

Yavərlə Səfa yavaş-yavaş Orxandan uzaqlaşdılar. O biri oynayanların arasına girhagirdə Yavər başını qəflətən irəli uzadıb, tez də çəkdi və Orxana elə göründü ki, Yavər Səfanın boynundan öpdü. Orxanın təpəsindən dabanına qədər bir ağrı zolağı keçdi. Birdən-birə qulaqlarında qopmuş uğultu ətrafdakı bütün səs-küyü batırdı. Elə bil adamlar musiqiyə deyil, onun qulaqlarındakı uğultuya oynayırdılar. Orxan istədi durub elə buradaca Yavəri şillələsin, ayaqlarının altına salıb çığnasın. Bu dəm Səfagil rəqs edə-edə Orxana yaxınlaşdılar. Orxan baxıb gördü ki, Səfa yenə ala gözlərini ona zilləyib ilıq-məhrəm bir təbəssümlə gülümsəyir. Əllərinin əsməcəsi dayanmasa da, Orxan içində bir sərinlik, arxayınlıq duydu. “Yavər belə qələt eləyə bilməz. Yoxsa, Səfa o dəqiqə dərsini verərdi onun. Səfaya bələdəm mən. Səfa kişilərin çoxundan qeyrətlidi”.

Rəqs qurtardı. Yavər stolun arxasına keçən kimi badələrə konyak süzdü. Onun şüşə tutan əli titrəyirdi. Bunu görəndə Orxanın beyninin qurdu təzədən tərpəndi. Yavərin əlinin əsməyi təbdən çıxartdı onu. “Bu nə murdar fikirdi girib mənim beynimə? Bəlkə bayaq məni qara basmışdı, bəlkə kefliyəm mən?” Üç adam bir şüşə konyakı hələ yarı eləməmişdi. Nə keflilik? Orxan nə qədər içir-içsin, ağlı-huşu yerində olur, gözləri də ağı qaradan seçir. Orxan ayıq-sayıq gözlərilə gördü ki, Yavər Səfanın boynundan öpdü. Öpdü, öpdü, öpdü... Orxan Səfanın boynuna baxdı, guya Yavərin dodaqlarının izini görəcəkdi orda. Səfanın boyun-boğazı tərtəmiz idi, ağappaq idi. Yanaqlarındakı allıq-qırmızılıq da çəkilib getmişdi. Üzünün dərisi süd rəngində idi. Bu süd rəngi Orxana xoş gəlirdi, illah da gecələr: ay işığında, elektrik işığında elə bil bu ağlıq bir az da artırdı.

Yavər badəsini götürüb sağlıq demək istəyəndə, Orxan onu sancmaq həvəsinə düşdü.

– Tamadalıq da bir istedaddı, – dedi. – Sən, görünür, mahir tamadalardansan.

Yavər Orxanın sözlərindəki lağı başa düşmədi. Gülə-gülə:

– Qoy oturmuşuq, – dedi.

Yavərin səsindən də Orxanın zəhləsi getdi. Yəni kişi səsidi bu? Yer üzündə belə ət tökən səs yoxdu. Eşidəndə adamın bədəni çimçişir. Nə əcəb Orxan bu vaxtacan fikir verməyib buna? Fikir verməyib ki, Yavərin səsi siçan ciyiltisinə oxşayır? İndi Yavərin nazik, qara bığından da, aypara qaşlarından da, azacıq üzdə olan dəyirmi gözlərindən də Orxanın zəhləsi getdi. Sən demə, Yavərin üzü körpə qız üzü kimi totuq imiş, dodaqları sallaq, işıltılı imiş, səliqəylə yana daradığı yumşaq saçlı yağlı, parıltılı imiş. Oğlan xeylağı da bu qədər sığallı-tumarlı olarmı?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Talisman

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

198032 min
Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 min
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 min
Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 h 10 min

Poems by other poets