Gümüşgöl əfsanəsi
Page 3 of 17 · 12%
Orxan dedi:
– Sənə əməkdar tamada adı versələr, halaldı.
Yavər Orxanın içini didib-dağıdan qəzəbdən xəbərsiz idi, ona görə də onun sözlərindəki acılığı, eyhamı duymadı.
– Zarafatsız, məndə tamadalıq məharəti var, – dedi. – Bu yaxınlarda bir dostumun qardaşının toyu idi. Nazirlər sovetində işləyir o dostum. Məclisə böyük vəzifəli adamlar toplaşmışdı. Heç kim ağsaqqallığı boynuna götürmədi. Axırda məni verdilər qabağa. Bilirsən necə tamadalıq elədim? Canımçün, hamının ağzı açıla qalmışdı.
Orxan açıq-aşkar istehzayla:
– Yox, əşi, – dedi.
Orxanın səbbini almaq üçün Səfa stolun altında ayağını onun ayağına toxundurdu.
Orxan basılmadı.
– Lap hamının ağzı açıla qalmışdı? – dedi. – Böyük vəzifəli adamların da ağzı açıla qalmışdı?
Yavər Orxanın bu sualından təəccüblənə-təəccüblənə:
– Böyük vəzifəli adamları nə bilmisən? – dedi. – Onların içində elələri var ki, üç cümləni dal-dala qoyub danışa bilmirlər. Tamadalıq savadnan, vəzifəynən deyil, ha.
Səfa bayaqdan başa düşmüşdü ki, Orxan söhbəti qəlizləşdirmək niyyətindədir. Orxanın dizinin kündəsini ustufca sıxdı. Orxan qızın səssiz-sözsüz xahişinə, yalvarışına məhəl qoymadı. Yavərin dəyirmi gözlərinin içinə baxa-baxa soruşdu:
– Sənin ki belə məharətin var, nə əcəb toylarda pulnan tamadalıq eləmirsən?
Yavər dillənmək istədi, ancaq Orxan ağzını açmağa macal vermədi. Dedi:
– Sən alverçisən, Yavər, bilirəm. Aldığın məvacib hara, xərclədiyin hara? Layka plaş, dublyonka, cins şalvar, importnı cır-cındır satırsan.
Yavərin gözlərindəki təbəssüm o saat silinib getdi. Badəni süfrəyə qoyub çaşqın-çaşqın gah Orxana baxdı, gah Səfaya. Qız Orxanı daha işarə, him-cim eləmirdi; iş-işdən keçmişdi.
Orxan soruşdu:
– Alver eləmirsənsə, bu qədər pul səndə hardandı? Hə?
Yavər acı-acı gülümsədi:
– Heç səndən soruşurammı ki, “Jiquli” ni nəynən almısan?
Orxan belə sual gözləmirdi; bir az tutuldu, dirənə-dirənə cavab verdi:
– Məlumdu necə almışam... Hamı bilir... Kömək eləyiblər... Anam otuz beş ildi sahə həkimi işləyir. Bacım, yeznəm xaricdə... Lap tutalım ki, maşını mənimçün alıblar? Nə olsun? Halal pulnan alıblar, amma sən...
Səfa, yalvarırmış kimi, astadan:
– Orxan, bəsdi də, – dedi.
Yavərin gözlərinə çökmüş çaşqınlıq tez də çəkilib getdi, dodaqlarında sirli bir təbəssüm dolandı. Onun əhvalındakı bu qəfil dönüş də Orxana xoş gəlmədi. Orxan şəhadət barmağını Yavərə tuşlayıb:
– Sənin xərclədiyin pul, haram puldu, – dedi.
Yavər gərginliyi sındırmaq üçün bu sözləri zarafata salıb güldü.
– İstəyirsən məni hirsləndirəsən, – dedi, – amma hirslənməyəcəyəm, havayı zəhmət çəkirsən. Sənin danışığın yadıma bir dostumu saldı. Şairdi, özü də yaxşı şairdi. Hərdən şəhərdə darıxanda cumur rayonlara, kəndlərə. O tərəflərdə onu yaxşı qarşılayırlar. Rayon rəhbərləri süfrə açırlar onunçün, süfrədə – day nə deyim – can dərmanı, naznemət... Şair dostum yeyir, içir, sağlıq deyir, onun da sağlığına dönə-dönə badə qaldırırlar. Axırda, canımı yediyim şair keflənir, olur lül atəş, başlayır ev yiyələriynən dalaşmağa. Deyir, siz juliksiz, oğrusunuz, siz kəndlilərin qanını içirsiniz, bu süfrədəkiləri özünüz qazanmamısınız. Nə başımı ağrıdım, şair qardaş ev yiyələrinin aşının suyunu verir. Ev yiyələri də neyləsinlər – dayanıb baxırlar bir-birilərinin üzünə... Şair dostum yatıb-ayılandan sonra elədikləri yadına düşür, xəcalətdən qaçır ordan. O yerdə ki işləri korlayıb, day ora getməyə ömür-billah üzü gəlmir. Bir dəfə ona dedim, ə, bu nə xasiyyətdi səndə? Vallah, elə eləyəcəksən, axırda ayaq basmağa rayon, kənd tapmayacaqsan bu boyda Azərbaycanda. Deyir, elə bilirsən nanəciblikdən belə eləyirəm? Yoox, deyir, içki məni götürəndən sonra dumanlı beynimdə bircə fikir dolanır. Fikirləşirəm ki, əyə, belə də iş olar? Bura gəlirəm, bunlar məni qonaq eləyirlər, bunlar Bakıya gəlirlər, orda da yenə bunlar məni qonaq eləyirlər. Öz-özümə deyirəm, əyə, ay tifağı dağılmış, bəs sən nə vaxt kişi olacaqsan? Nə vaxt sənin cibin imkan verəcək ki, bunları bir stolun başına yığasan? Baxıram onların süfrəsinə, görürəm yox, qardaş, belə süfrə açmağa mənim heç vaxt qeyrətim çatmayacaq, qarnımın borcunu qaytara bilməyəcəyəm. Bax, onda cin vurur təpəmə, mən də dalayıram, sancıram camaatı...
Yavər köks ötürüb susan kimi Orxan dedi:
– Göydən üç alma düşdü.
Yavər kürəyini stulun söykənəcəyinə dirəyib, gülümsəyə-gülümsəyə:
– Neynək, – dedi, – hesab elə ki, sənə kiçik, müasir bir nağıl danışdım bu gecə.
Səfa Orxanın qolundan yapışıb təntik-təntik:
– Qalxaq, dedi, – havam çatmır burda.
– Mehmanxananın qarşısında Yavər onlarla xudahafizləşdi.
– Sabah Fidan mütləq gələcək. Yenə həmin vaxt “İyirmialtılar” metrosunun qabağında görüşək. Sabah başqa yerə gedərik... “Moskva” restoranına. Gəlin ha, Orxan.
Yavər dönüb uzaqlaşdı. Səfa Orxanın enli sinəsini yumruqlarıyla döyəclədi.
– Kobudun biri kobud... Vəhşi... İnsafsız... Axı, yazıqdı Yavər, niyə qəlbinə dəydin onun?
Orxan qızın yumruqlarını iki əliylə tutub sinəsinə sıxdı.
– Yavər arsızlıq elədi bu gecə.
– Bizə görə özünü şən aparırdı o. İstəmirdi ki, bizim qanımız qaralsın.
– Sənin bu iş yoldaşın sırtığın sırtığıdı. Hələ utanmaz-utanmaz bizi sabah restorana dəvət eləyir.
Səfa az qala ağlamsına-ağlamsına dedi:
– Axı niyə başa düşmürsən ki, bu, restorana dəvət deyildi, söyüş idi, məzəmmət idi, ay...
Orxan Səfanı özünə tərəf çəkib, gözlərindən öpdü. Qız dartınıb, mehmanxananın qabağındakı adamlara ürkək-ürkək baxdı.
– Onlardan utanmırsan? – dedi və Orxanın qoluna girdi.
Asta-asta bulvara doğru addımladılar.
Göydə yepyekə, ağappaq bir ay vardı, hər yan bəyaz işığa qərq olmuşdu. Bu bəyaz işıqda Orxanın gözləri qaranlıq bucaq axtarırdı, çətirli ağacların altında boş skamya axtarırdı. Qız isə qəsdən onu adamların gur yerinə çəkirdi.
Xiyabanın nisbətən sakit, seyrək guşəsində Orxan qızla üzbəüz dayanıb, əllərini onun çiyninə qoydu. Hündür dirəkdəki elektrik lampasının qatı işığında Səfanın süd rənginə çalan üzünə baxdı və ona elə gəldi ki, bir xeyli beləcə baxsa, gözləri qamaşacaq. Bir əliylə qızın ipək, şabalıdı saçını sığallaya-sığallaya əyilib, onun şüşə kimi şoffaf boynundan öpdü. Səfa dinmədi, müqavimət göstərmədi və qızın bu mütiliyi Orxanın yadına restoranı saldı. Səfayla Yavərin rəqs eləməyi gəlib durdu Orxanın gözlərinin qabağında. Yavərin razı-bəxtəvər gülümsəməyini də, başını Səfanın boynuna tərəf əyməyini də Orxan təzədən gördü. Əlini Səfanın saçından çəkib, yoluna düzəldi. Küsülülər kimi yanyana, dinməz-söyləməz yeridilər...
Bulvardakı vışkanın tuşuna çatanda Səfa dayandı və müqəddiməsiz-filansız:
– Mənnən evlən, – dedi.
Orxanın nəzərləri dənizdə – sahildən çox-çox uzaqda qırmızı nöqtə kimi səyriyən işığa zillənib qaldı. Orxan ürəyində: “Köpəyoğlu Yavər, – dedi, – bu evlənmək söhbətini hardan saldı ortalığa?”
Orxanın susduğunu görəndə, Səfa başladı niyyətini çözələməyə:
– Üç ilə yaxındı açıq-aşkar görüşürük. Ömrüm boyu sənnən məşuqə kimi yaşaya bilmərəm. Mən dörd qardaşın bacısıyam, çox da ki, uzaqda olurlar, xəbər tutsalar, ətimi şişə çəkərlər.
Orxanın dilinin ucuna bir söz gəldi. Gah istədi desin, gah istədi deməsin, qaldı kəkələyə-kəkələyə:
– Bəs onda... o oğlanla... qardaşların...
– Onda mən ərə getmişdim... O ayrı, bu ayrı...
Səfanın belə ötkəm, belə qəti danışığını Orxan heç vaxt eşitməmişdi. Bir anlığa ona elə gəldi ki, üzbəüz dayandığı bu alagöz, ağçöhrə qız Səfa deyil, bambaşqa, yad bir adamdı. Orxan başa düşə bilmədi ki, bu “yad qız” ondan nə istəyir.
– Nə olub sənə? – dedi. – Yavərdən uzaq olmaq lazımdı, aranı qarışdırır o.
– Yavərin bura nə dəxli? Məni bəyənmirsənsə, rədd elə... Ya əl çək məndən, ya da... Bir sözlə, belə yaşamaq mənə sərf eləmir.
Orxan gözlərini vışkanın kəlləsində yanıb-sönən lampalara dikdi. Orda işıq-kəlmələr tez-tez batıb çıxır, bir-birini əvəz edirdi: “vozdux... veter... more... vozdux... veter... more”
Səfa:
– Vaxtım keçir, mən də ana olmaq istəyirəm, – dedi
Orxanın yadına dağ düşdü, çəmən düşdü, suyu diş göynədən bulaq düşdü. Naxışı, bəzəyi otlardan, çiçəklərdən toxunmuş canlı bir xalça gəlib durdu gözlərinin qabağında. Elə bir xalça ki, bir ucu Orxanın ayaqlarının yanında, bir ucu göylə yerin birləşdiyi xətdə. Orxan quş olub o diyara uçmaq istədi, amma Səfasız. Oranın sükutu, həniri, ətri ilə təkbətək qalmağı arzuladı. O yerlərdən ötrü burnunun ucu göynədi. Onsuz da kəndə getmək niyyəti vardı, ancaq günü günə sata-sata qalmışdı. Elmi rəhbəri Xürrəm müəllim təzə həvəsə salmışdı onu. Demişdi, dörd ildi xalçaçı Ağbəyimdən səs-soraq yoxdu, get tap Ağbəyimi, gör başında nə var onun, Ağbəyim niyə qızıl əllərini yanına salıb susur...
Kitabxana.az · https://kitabxana.az/en/works/isi-melikzade-gumusgol-efsanesi
Use ← → keys to move, R for a random poem
More by this author
Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?
QatardaDostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
Poems by other poets
Kəndin laf eyliyib aşığam demə,Sən də olar bir gün dara düşərsən,
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?