20
Page 3 of 4 · 50%
– Nə bilim, yadımda ha qalmayıb.
– Başım aşağı salma, gözümün içinə bax!
Kosaoğlu anbardarın xasiyyətinə bələd idi. Bir az bərkə düşən kimi hər şeyi aça bilərdi. Belə anlarda dərhal çıxış yolu tapmağı bacaran Kosaoğlu ayağa durub var səsi ilə qışqırdı;
– Ə, qoduq, sənin nə haqqın var, camaatın pulunu kəsib traktorçulara paylayırsan? Hesabdar sənə cədvəl tutub verib ya yox?
– Verib.
– Bəs niyə cədvəl üzrə paylamayıbsan? Yoxsa yemək istəyirsən?
Bu saat, elə prokuror da burdadır, sənin başına bir oyun açaram ki, adın da yadından çıxar, heç nə bilmirəm, günü sabahdan pulları payla, yoxsa kənddən qovaram, utanmaz!
Anbardar ağzını açıb nə isə demək istədi. Belə dəqiqələrdə arif olub hər şeyi başa düşən Kazım onun ətəyindən çəkdi.
– Əyə, otur.
– Axı, Qurban qağa, özün...
– Kəs səsini, qanmaz!
– Əyə, aşağı otur.
Anbardar yerində əyləşdi. Zalda pıçapıç başladı. İmran gülümsündü. Kosaoğlu məsələnin başqa şəkil alacağını görüb yerindən qışqırdı:
– A bala, bizi başa sal görək sən nə istəyirsən? Kəndə gələn gündən camaatla düz gətirmirsən, davan nədir?
İmran halını pozmadan davam etdi:
– Mənim camaatla heç bir davam yoxdur. Mənə elə gəlir ki, camaatla düz gətirməyən sizsiniz, yoldaş Kosaoğlu. Gah məni uşaq hesab edirsiniz, gah hədə qorxu gəlirsiniz, gah da evinizə çağırıb tumarlamaq istəyirsiniz. Sizin məqsədiniz odur ki, məni ələ alasınız, sonra da istədiyiniz havaya oynadasınız. Ancaq nahaq yerə əziyyət çəkməyin.
– Bura bax, uşaqlığınla bizə ağıl öyrətmə, de görüm nə istəyirsən?
– Mən nə istədiyimi bir dəfə sizə təklikdə demişəm. İndi də camaatın içində deyəcəm. Mən sizin iş üsulunuzun əleyhinəyəm. Siz diktator kimi hərəkət edirsiniz, bu bir. İkinci, siz şöhrətpərəstsiniz, gözə soxulmaq üçün camaatı incidirsiniz, kolxoz nizamnaməsini pozub, partiya və hökuməti aldadirsınız.
– Mən partiya, hökumət uğrunda vuruşub qan axıdanda sən buralarda ayaqyalın gəzirdin, bala, ağzını açıb yava-yava danışma! – deyə Kosaoğlu əlini stola vurdu.
– Xahiş edirəm imkan verəsiniz. Siz arxın altındakı yerdə plandan artıq pambıq əkmək istəyirdiniz, mən razı olmadım, orda idarə heyətinin qərarı ilə bostan əkdik. Yenilikdən qorxursunuz. Əməkgününü bəhanə edib camaatı üstümüzə qaldırırsınız. Siz bir hektar əvəzinə iki hektar əkmək yolu ilə plan doldurmaq istəyirsiniz, mən isə aqrotexniki qaydalara əməl etməklə, məhsuldarlığı artırmaqla. Siz kolxozçuların əməkgününə düşən pulları paylamağa qoymursunuz ki, MTS-ə verəcəyik. Beləliklə, camaatı narazı salırsınız. Siz tənqidi boğursunuz.
Kərim dayıya nə üçün hücum edirsiniz? Çünki sözü gözünüzün içinə deyir. Zeynəbi manqabaşçılıqdan niyə çıxartmaq istəyirsiniz? Çünki sizə "bəli, bəli" - dəmir, amma Kazımı əzizləyirsiniz, özü demişkən, şəxsən kişi ilə dostsunuz, çünki o, sizin əlibağlı qulunuzdur. İdarə rəhbəri ətrafına yaltaqları yox, iş bacaranları, necə deyərlər, dişli adamları toplamalıdır.
Zalda canlanma var idi. Kosaoğlu papirosu papirosun oduna yandırır, Zeynəb uşaq kimi sevinib tez-tez Nərgiz müəllimənin qolunu sıxırdı. Kərim kişinin gözləri yaşanmışdı. Nərgiz xəstə kimi titrəyir, bu mübahisələrin nə ilə qurtaracağını gözləyirdi. Kazım gözünü Kosaoğlundan çəkmir, onun işarəsini gözləyirdi. Yer olmadığından arxada dayanan Tükəzban xala həm sevinir, həm də qorxurdu. Kosaoğlunun qəzəbli baxışlarını görəndə titrəyir, ürəyi üstündə durmurdu. "Allah, sən bircə balamın pənahı ol" - deyə pıçıldayırdı. Şahnaz da burada idi, dinməz-söyləməz oturmuşdu. Şofer Məmməd onun yanını kəsdirmişdi. Həmişə deyib-gülən Şahnaz bu gün elə bil süst düşmüşdü.
– Mən nə istəyirəm? - deyə İmran sözünə davam etdi. – Mənim arzum budur ki, kəndimiz daha da varlansın, teatrımız, elektrik stansiyamız olsun. Kolxozçular fıravan yaşasın. Bunları etnıək üçün bizim imkanımız var, ancaq işə can yandırmaq, camaatın qeydinə qalmağı bacarmaq lazımdır. Partiyamız və hökumətimiz də bizdən bunu tələb edir. Biz də bunun üçün çalışmalıyıq. İndi qoy iclas desin, kim haqlıdır? Biz, yoxsa Kosaoğlu?
İmran stəkandakı suyu başına çəkib aşağı endi.
Heç kəs danışmırdı. Kosaoğlu çox əsəbiləşmişdi. O, vəziyyətdən çıxmağa çalışırdı. Nəsib dayı camaatın məsələləri düzgün başa düşdüyünə sevinirdi. İclasın axırında o:
– Mən çox danışmayacam; - deyə sözə başladı, - nöqsanlarımız çoxdur. Özü də hər sahədə. Ancaq mən bircə məsələdən - artıq əkilən pambıqdan danışacam. Mən iclasın adı ilə Kosaoğlundan soruşuram: meşədə pambıq əkilməsnıə kim icazə verib?
– Artıq yer əkilmişdi, akt bağlanıb plana qatdıq, daha nə istəyirsən?
– Mənə müqəssir lazımdır.
– Lazımdır, axtar tap.
– Taparıq, - deyə Nəsib dayı cavab verdi, sonra qabaq cərgədə oturan briqadirə müraciət etdi: - Kazım, de görək sən nə ixtiyarla, nə məqsədlə gizlicə, plandan əlavə yer əkibsən?
Kazım yavaş-yavaş ayağa durdu. Əvvəlcə gözünü Kosaoğluna dikdi. Onun sərt baxışlarını görüb prokurorun üzünə baxdı. Nəsib dayı sualını bir də təkrar edəndə Kazım diksindi. Kim isə söz atdı:
– Məqsədi geroy olmaqdır.
– Qurban qağası arxasında durandan sonra niyə olmur?
Camaat güldü. Bu gurultudan Kazımın qulaqları cingildədi. O yenə dönüb Kosaoğluna baxdı və birdən, heç gözlənilmədən gur səslə:
– Özüm əkmişəm! - dedi. - Lazım bilmişəm, əkmişəm, heç kəs mənim işimə qarışa bilməz.
Kazım, Kosaoğlu olan yerdə ürəklə danışmağa adət etdiyindən, indi də iclası saymadı. Onun briqada üzvləri söz alıb danışmağa başladılar.
Kazım döyükür, az qalırdı gözü ilə Kosaoğlunu yesin. Kosaoğlu Kazımın baxışlarındakı təlaşı aydınca sezirdi. Lakin bu saat o, öz başının hayındaydi.
– Artıq yer əkib, özü də cavab verər, - deyə o, məsələyə yekun vurmaq istədi.
– Yox; Qurban, - Nəsib dayı ona cavab verdi. - Bu işə səninlə mən də cavab verməliyik. Rayon təşküatları hamıdan əvvəl bizdən haqq-hesab soruşacaq.
– Məni heç nə qorxutmur. Cavab taparıq.
– Elə o pisdir ki, həmişə işin altından çıxmağa çalışırsan, iş görmək istəmirsən.
– Ə, nə iş görəcəm? Mən Kazımın əvəzinə cavab verəcəm? Özbaşınalıq eyləyib, canı çıxsın, cəzasını çəksin.
Kazım eşitdiklərinə inanmaq istəmirdi. O, Kosaoğlundan kömək gözlədiyi halda, Qurban qağası onun arxasından qaçırdı. Nəsib dayı ayağa durub:
– Yoldaşlar, mənim təklifim budur ki, Kazım briqadirlikdən çıxardaq, - dedi.
– Düzdür!
– Özünü də məhkəməyə!..
– Əvəzinə Zeynəb briqadir olsun.
– Ə, Zeynəb bacararmı?
– Zeynəb yüz Kazım kimi başı papaqlıdan qeyrətlidir!
– Təklifi səsə qoyun.
Kosaoğlu yerlərdən deyilən bu sözlərə qulaq asıb fikrindən daşındı. Kazımı müdafiə etsə gülünc vəziyyətə düşəcəyini duydu. Özünü itirən Kazıma gözünü ağartdı.
Nəsib dayı təklifləri səsə qoydu. İclas Kazımın vəzifədən azad edilməsini qərara aldı. Nəsib dayı iclası yekunlaşdırmaq istəyirdi ki, Kazım yerindən top kimi atıldı.
– Yoldaş partkom, demokratiyanı niyə pozursunuz? Bəs mənim təklifim necə oldu? Kərim kişini kolxozdan çıxartmaq lazımdır!
– Onun əlində qocalıq kağızı var.
– Yalandır. O kağızı verən həkim heç nə qanmır - deyə Kosaoğlu qəzəblə qışqırdı. - Səsə qoy!
Nəsib dayı bu məsələnin heç yeri olmadığını bilsə də, Kazımın təklifini səsə qoymağa razı oldu. O, Kosaoğlunu başa salmaq istəyirdi ki, kəllə-kəlləyə gəlmək olmaz.
Təklif səsə qoyulanda zalda elə sakitlik oldu ki, milçək uçsaydı səs eşidilərdi. Kosaoğlu ayağa durdu. Yuxarı qaldırılan əlləri saydı. Onun rəngi ağardı. Hirsindən dodağını çeynədi. Kərim kişinin əleyhinə yalnız on beş adam əl qaldırmışdı.
Nəsib dayı dedi:
– Keçirəm o biri təklifə.
– Hansı təklifə?
– İmran kolxozda qalsın, yoxsa getsin?
Kosaoğlu yenə ayağa durdu. Təklifinin yerə düşəcəyini hiss edib sözünü dəyişdi:
– Camaat, İmran məsələsini səsə qoymaq lazım deyil. Amma mən bu iclasda açığını deyirəm. Kəndimizdə mənim əleyhimə qruppa var.
Ancaq onu bilin ki, mənə heç kəsin dişi batmayacaq. Qoy hamı bilsin ki, bu kəndin kolxoz sədri mənəm, mən də hər şeyə cavabdehəm. Sabah bir iş olanda nə Nəsib, nə də İmran qabağa duracaq. Madam ki, belədir, heç kəs mənim işimə qarışmasın. İndiyə qədər mən üzüyumşaqlıq eləmişəm, bundan sonra kolxozun işinə mane olanlara divan tutmaq mənim boynuma! - O, içini arıtlayıb, çiyninə saldığı kürkünün yaxasını düzəltdi və məğrur bir görkəm aldı. Nəsib dayının sifətində güclə seziləcək bir kinayə əmələ gəldi.
– Başqa bir təklif yoxdur ki?
– Onda icazə verin iclasımızı qapalı hesab edək.
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-ayrilan-yollar-20
Use ← → keys to move, R for a random poem
More by this author
Qaratel nişanlısı Ələddini bircə dəfə görmüşdü. Bircə dəfə əlləri əlinə toxunmuş, barmaqları bədəninə dəymişdi. İlin-ayın axır çərşənbəsi idi. Qızlar Qaratelgilə toplaşmışdılar. Əvvəlcə həyətdəki ota, samana od vurub tonqal qalamış, üstündən atılmışdilar. Oğlanlar görmədən düzəltdikləri lopaya od vurmuşdular. Həyət bir anlığa işığa qərq olmuşdu. Qızlar lopanın işığında hərlənən oğlanlara, onların göyə atdığı fişənglərə doyunca tamaşa etmişdilər. Elə bil kəndin üstünə yarpızböcəkləri səpələnmişdi. İşığınbiri yanıb biri sönürdü. Sonra qızlar içəri keçdilər, plov yedilər, şirni paylarını götürüb qağıldaşa- qağıldaşa ortaya sulu bir qab qoyub iynəlik saldılar. Düz dan yeri qızarana qədər deyib güldülər. Bu kəndin qaydası idi: ilin - ayın axır çərşənbəsində köhnə ili yola salanda, baharın gəldiyini xəbər verən Novruzun ilk günündə dan yeri qızarar-qızarmaz axar suya– Kürə tökülüşərdilər. Su bumbuz olub adamı qılınc kimi kəssə də, çimişər, ağırlıqlarını-uğurluqlarını yuyar, təzə ilə tərtəmiz gələrdilər. Bu dəfə də elə oldu. Qızlar Kürün sahilinə gələndə artıq dan yerinə səda düşmüşdü. Kənd xoruzları banlayırdı. Göyün üzü yavaş-yavaş çəhrayı rəngə boyanırdı. Sakit havalı, tərtəmiz bir səhər gəlirdi. Kürün üstünə tül kimi nazik duman çökmüşdü. Bu duman gah sürünüb sahilə yaxınlaşır, gah da o taydakı meşəyə tərəf qanad açırdı. Elə bil Kürün üstünü qəsdən örtmək, mələk kimi uçub çimməyə gələn qızların bədənlərini yad gözlərdən qorumağa çalışırdı.
III fəsil, 3Ələddin sözünə düz çıxdı. On gündən bəri gecəsi-gündüzü bir-birinə qarışan, qorxusundan gözünə yuxu getməyən Qaratelin həyəcanlı günləri qurtardı. Qızlar ona axır vaxtlar bir cür baxırdılar. Onu görən kimi qaş-gözlərini oynadır. Fürsət düşəndə bir-birlərinə him-cim edirdilər. Əvvəlki kimi onunla açıq danışmırdılar. Elə bil nəyi isə gizlədir, hansı sirrinsə açılacağından qorxurdular. Qaratel başa düşürdü ki, qızlar ona daha əvvəlki kimi inanmır, o Novruz günü sahildə nəyin- sə baş verdiyini düşünürdülər. "Allah, mənə ölüm ver, ağlıma gələn dağlara- daşlara getsin. Əyər qızlardan biri ağzından söz qaçırtsa, kənd arvadları, kənd camaatının hansını inandıracaqsan ki, heç nə olmayıb, mən gül kim tər- təmizəm". Qaratel bəzən özü də özündən şübhələnirdi. Gecələr yerinə qor dolmuş kimi yata bilmir, səhərə kimi qıvranırdı. Amma bir gün gördü ki, başda Ömər koxa bir dəstə kişi ilə onlara gəldi. Qız özünü itirdiyindən hər şeyi unudaraq eyvana çıxdı; özü də bilmədən qapıları açıb-örtdü, samovara od saldı. Sarı lüləli aftafa-ləyəni su ilə doldurub hazır qoydu. Donunun yaxasındakı muncuqlar, qızıl pullar cingildədi. Əslinə baxsan, Qaratelin ürəyi də, qəlbi də, bütün bədəni də cingildəyirdi. O, hiss etmişdi ki, qonaqlar xeyirliyə gəliblər.Elçilər getdilər. Bir həftədən sonra qıza nişan geldi. Bunu eşidən kənd qızları Qaratelin başına toplaşdılar, ondan şirinlik istədilər.
III fəsil, 4Qarateli sakitcə, səs-səmir salmadan, qaş-qabaqları turşumuş halda, burunlarını astaca çəkə-çəkə, kəlağayılarının ucu ilə gözlərini silə-silə gəlin otağına gətirdilər. Gərdəyin yanında oturtdular. Qız xeyli başını qaldırmadan, heç nə düşünmədən eləcə oturdu. İçəri ala-qaranlıq idi. Otuzluq lampanın piltəsini aşağı çəkmişdilər. Bayırda da səs-səmir kəsilmişdi. Bircə otaqların qapısı astadan örtülüb-açılır, ev adamları ora-bura qaçışırdılar.Bunların heç biri Qarateli maraqlandırmırdı. Onım fikri uzaqlarda, Kür sahilində, Ələddinlə ilk görüşündə idi. Qız hər şeyi: hara gətirildiyini, qapını açıb kimin içəri girəcəyini belə unutmuşdu. Elə bil yuxuda idi. Heç nə onu maraqlandırmırdı. Birdən əli gərdəyə toxundu. İpək və atlasdan düzəldilmiş gərdəyin örtükləri xışıldadı... Qız diksindi, əvvəlcə ayağa durub qapıya doğru qaçmaq istədi. Sonra gərdəyin dalında heç kəsin olmadığını yəqin edib, qorxa- qorxa astaca addımlarla geri qayıtdı. Təfərrinclə ipək qumaş pərdələrin əhatə etdiyi təmiz yorğan-döşəyə, qızların üz ağlığını bilmək və qapıda pusquda dayanan yengəyə, səhəri isə qonum-qonşulara göstərmək üçün döşək üstdə salınan ağ mələfəyə baxdı. Ona elə gəldi ki, gərdək çoxdan hazırlanmışdı, lap çoxdan. Bu gərdək Ələddinin gərdəyi idi. Ələddin Qarateli bu gərdəyin arxasında görməli idi. Qız havalanan kimi oldu. Gərdəyə yaxınlaşıb ipək, qumaş pərdələri, təmiz yorğan-döşəyi, qu tükündən düzəldilmiş iri yastığı qucaqlayıb öpməyə başladı. Elə bil Ələddinin qoxusunu bunlardan almaq istədi. O özünü unutmuşdu. Gah hıçqırıb ağlayır, gah da məst olmuş kimi gülümsünürdü. "Məni niyə tək qoyub getdin, dərdin alım. Sənə kim qıydı, sənə kım əl qaldırdı, a gözlərinə qurban olum. Sən ki heç kəsə bir pislik eləməmişdin, bir adamın itinə, toyuğuna daş atmamışdın. Yenicə muraz üstündə idin. Dilim də gəlmir ki, səni vurana qarğış eləyim. Tanrı özü bilən yaxşıdı. Ey yeri-göyü yaradan, qurtar mənim bu nakam qəlbimi bəladan".
IV fəsil, 1Qəza mərkuzindəki müəllimlər seminariyasını yenicə bitirən Mürsəl Qaymaqlı kəndinə işləməyə göndərdılar. O, iki gün yol gözlədikdən sonra Tiflisə doğru gedən bir faytonla Şıxlı kəndinə yola düşdü, ordan da bir at tapıb Qaymaqlıya gəldi. Kəndin ortasındakı iki mərtəbəli məktəb binasında ona balaca bir otaq verdilər. Mürsəl yorğan-döşəyini pilləkənin üst tərəfindəki otağın küncünə yığdı, gecələr üstü naxışlı taxta çamadanını başının altına qoyub yatdı. Məktəbin ikicə müəllimi var idi. Biri Qori müəllimlər seminariyasını bitirmişdi. O da ailəsi ilə birlikdə alt mərtəbədə olurdu. Məktəb 20-ci illərin əvvəlində tutulub harayasa aparılmış bəylərdən birinin evində yerləşdirilmişdi. İri otaqları süzüb irəli çıxan geniş, başabaş eyvanı var idi. Kənd ətəyi kiçik təpələrlə örtülü olan iki dağın ortasında yerləşmişdi. Evləri, həyətləri ortadan bölən yeganə yolun bir ucu dərəyə enib aşağıdakı kəndə, o biri ucu isə yuxarıdakı şənliyə gedirdi. Çəpərlərin, həyətlərin, təpəlikdəki məhəllələrin yanından ötən cığırlar kəndin ortasındakı iri yolla birləşirdi. Deyəsən, kəndin torpağı dəmyə idi. Qapılarda bağ-bağça yox idi. Məktəbin eyvanından baxanda evlərin həyət-bacısı, qapı- pəncərəsi, evə girib çıxan arvad-uşaq aydınca görünürdü.Mürsəl bir həftə qəribsədi; yaman qəribsədi. Nə uşaqlara alışa bildi, nə də məktəbə. Ancaq sonradan hər şeyə isinişdi. Eyvanın küncündə dayanıb səhər- axşam kəndə tamaşa etdi. Gördü ki, səhər tezdən də, axşam üstü də obanın yuxarı başından zurna səsi gəlir. Zurnaçılar şövq ilə havadan havaya keçir, gah bəmdə çalır, gah da zilə çəkirdilər. Dəfin sümüyə düşən ahəngdar tappıltısı getdikcə güclənir, evlərin üstünə yayılır, həm bəlkə qonşu kəndlərə də gedib çıxırdı. Mürsəl elə bildi ki, kənddə toy var, kimisə evləndirirlər. Onun ürəyi atlandı, az qaldı eyvandan düşüb məclisə getsin. Axı o, ömründə kənd toyu görməmişdi. Ancaq sonradan öyrəndi ki, bu dəstə zurnaçı Hümmətin dəstəsidir. Onlar havacal öyrənirdilər. Ertəsi günü kəndin aşağı tərəfindən də toy səsi gəldi. Bu da Dursunun dəstəsi idi. Onlar da yeni oyun havaları öyrənirdilər. Mürsəl başa düşdü ki, kənddə iki dəstə zurnaçı var. Onlar bir-birinin bəhsinə yeni havalar çalır, səhər-axşam kənd cavanlarının, qiz-gəlinin ürəyini atlandırırdılar. Bir gün səhər "uçitel" onu aşağı çağırdı.
Poems by other poets
Keçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
KömürlənərMərd döyüşəndə namərd qaçar,Dağlar kömür kömürlənər
Çəməndə naləni ögrəndi mürğani-çəmən məndənÇəməndə naləni ögrəndi mürğani-çəmən məndən,Qəmalud olmağı kəsb etdi bərgi-yasəmən məndən.
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,