Birinci hissə, 1
Page 1 of 2
Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdi. Bu il yağınlıq olduğundan, o otlar vaxtından əvvəl göyərmiş, yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. Hələ aprel sona çatmamış bu çal-çəpərsiz kəndin həyətləri, xırman yerləri, tövlə və samanlıqların üstü, hətta evlərin damları da yaşıllaşmışdı. Həyətləri birləşdirib torpaq yola çıxan, sonra da sahildəki çəmənliyi çalın-çarpaz doğrayıb Kürə enən cığırları ot basmış, kəndin üst tərəfindəki ləpələrin rəngi dəyişmişdi. İl quraqlıq keçəndə bahar gəlməmiş saralıb-solan dəmyələr bu il gül-çiçəyə qərq olmuşdu. Yalnız kəndin yaxınından ötüb Tiflisə doğru uzanan xır yolu əvvəlki kimi ağarır, bəzi yerlərdə daşların arasından ot cücərsə də təbiətin bu ümumi ahənginə tabe olmaq istəmir, dərəli-təpəli yamacları aşıb üfüqdə gözdən itirdi. Hər şey əvvəlki kimi idi. Həyat-bacalarda ocaq tüstülənir, mallar haylanıb Kürə tökülür, qız-gəlinlər suya enirdilər. Haçaquyruq qaranquşlar süzüb sinələrini çiçəklərə toxundurur, Kürə baş vurub su götürür, sonra da civildəşə-civildəşə balalarının yanına qayıdırdılar. Torpaqdan güclə seçilən qara damların arasında təkəm-seyrək gözə dəyən daş evlərin kirəmitli damındakı sığırçınlar yenə əvvəlki kimi dimdiklərini şaqqıldadıb oxuyurdular.
Zərnigar xanım bunların heç birini görmürdü. O, başını göy məhəccərli eyvanın dirəyinə söykəyib için-için ağlayırdı. Tez-tez kəlağayısının ucu ilə gözünün yaşını silir, "mən bu dərdə necə dözüm, kimdən imdad istəyim?" - deyə inildəyirdi.
Havada süzən iri bir çalağanın kölgəsi çəpərin üstündən aşıb, həyətin ortası ilə tövləyə doğru süründü. Zəncirdəki itlər dartınıb mırıldaşdılar. Toyuq-cücə qorxudan samanlığa doluşdu. Zərnigar xanım bunların heç birinə fıkir vermədi, kəlağayısını düzəldib eyvandan endi, cığırla sahilə doğru addımladı.
Gün xeyli qalxmışdı. Axşamdan kəndin üstünə çökən duman çəkilmiş, səhərə yaxın yağış da çiləmişdi. Torpaq yolların və cığırların tozu xal-xal olmuşdu. Çəmənliyin şehi parıldayırdı. Kürün ləpədöyənindən bir az aralı, çaylaqda qaynar asmışdılar. Tumançaq uşaqlar yarğanın dibi ilə qaçışırdılar. Camışları haylayıb suya tökən cavanların hay-küyü sıldırım yarğanlarda əks edir, bu yarğanların ovuqlarındakı quşlar hürküşüb bölük-bölük havaya qalxırdılar. Lakin Zərnigar xanım heç nəyə fikir vermirdi. Bütün gecəni yatmayıb səhərəcən ağladığından arvadın gözləri şişmiş, kirpikləri bir-birinə yapışmış, göz yaşı quruyııb, müşəmbə kimi yanağında qalmışdı. Qulaqları güyüldəyirdi. O, hara getdiyini bilmirdi. Öz evindan baş götürüb uzaqlaşmaq, bir anlığa da olsa, dərdini unutmaq istəyirdi. Ancaq bacarmırdı. Dil desə də ürək razı olmur, ayaqları sözünə baxmayıb, sürünürdü. Zərnigar xanım özü də hiss etmədən gəlib yarğanın qaşına çatdı. Qarşısındakı uçurumu, ayağının altındakı yarıq-yarıq olmuş torpağı görmədi. Əgər bir az irəlidə yarğan gurultu ilə uçmasaydı, o, ayaq saxlamayacaq, bəlkə də torpağa qarışıb birbaş Kürə düşəcəkdi. Gurultunu eşidən kimi qeyri-ixtiyari geri çəkildi, toz yatandan sonra isə uçurumun dibi ilə axan qıjıltılı boz-bulanıq suya dəhşətlə baxdı. "Birparça çörəyim ov-sanata keçdi. Yoxsa balalarım yetim qalacaqdı", - deyə salamat qurtardığına şükür elədi. Bu hal uzun sürmədi. O yenidən gözünü Kürə zillədi. O taydakı qalın meşənin ətəyini, boz qumsallığı yalaya-yalaya axan, bəzi yerlərdə isə burulub, kolları araya alan Kür şaxələnib qollara ayrılır, balaca adaların ətrafında fırlanıb bəri üzə, hündür yarğanların üstünə cumurdu. Sular sarı torpağı yalayıb geri çəkilir, lillənə-lillənə uzaqlara gedirdi. Yarğanən dibi görünmürdü. Oraya düşənin heç sümüyü də ələ gəlməzdi. Zərnigar xanım ehtiyatla yarğana yaxınlaşdı. Bəlkə birdəfəlik özünü atsın? İkicə addım qabağa getsə, torpaq ayağı altından ovxalanıb töküləcək, uçuruma necə düşdüyündən özünün də xəbəri olmayacaqdı. Bəs sonra? Eşidən-bilən nə deyər?
Bu fikirlər Zərnigar xanımı dəhşətə gətirdi. Bədəni üyüşdü. Suyun soyuq havasını üzündə hiss edib geri çəkildi. İxtiyarsız olaraq dönüb evlərinə baxdı. Ətrafına yulğun kollarından hündür çəpər çəkilmiş bir-mərtəbə daş evin pəncərə şüşələri səhər günəşinin şəfəqlərini əks etdirib parıldayırdı. Darvaza açıq idi. Eyvanın məhəccərindəki naxışlı taxtalar, mavi rəngli dirəklər, göy qapılar, üstündə bir cüt qabaq-qarşı xoruz çəkilmiş divar, bir az o yandakı samanlıq, çardağının üstünə ilanyalı ot tayası yığılmış tövlə, həyətdə eşələnən toyuq-cücə aydınca görünürdü. Axı bunların çoxunu o özü düzəltmişdi. O, buraya gəlin gələndə ərinin var-dövləti olsa da, əməlli-başlı bir otağı da yox idi. Bunların hamısında onun, Zərnigar xanımın əməyi vardı.
O özünə toxtaqlıq verdi. Heç yana getməməyi, əksinə, onun yurduna su salmaq istəyəni evdən qovmağı qərara aldı. Yarğanın kənarında oturub oğlunu gözləyəsi oldu. "Şamxal bu işləri belə qoymaz, - deyə özünə təsəlli verdi. - Harada olsa gəlib çıxacaq. Kimin anasının mələr qaldığını onda görərik..."
...Kürün o tayında, hündür qovaqların seyrəlib yulğunluğun başladığı yerdə beş-altı qaraltı görünürdü. Zərnigar xanım dikəldi. Əlini gözünün üstünə qoyub diqqətlə baxdı. Gələnlərin, qayığı yuxarıdan salıb, suyun axan ilə bəri üzə keçmək İstədiklərini anladı. Arvadın ürəyi atlandı. Oğlu Şamxalın da orada olduğunu yəqin etdi. Qaraltılar bir-bir atılıb qayığa mindilər. Sahildən aralanan kimi kürəyi işə saldılar. Çəpin təkanı ilə şütüyən uzun qayıq ləpələri yara-yara irəlilədi. Onlar çayın ortasına yaxınlaşdılar. Arvad oğlunu tanıdı. Şamxal qabaqda oturub kürək çəkirdi. Kürün suyu bulanmışdı. Yəqin yuxarılara yağmışdı. Qayıqdakılar nə qədər çalışsalar da, istiqaməti düz götürə bilmir, su qayığı əyirdi.
Zərnigar xanım qayığın suyun axarı ilə gedib, çiləkənə çırpılacağından qorxdu. Ancaq əbəs yerə həyəcan keçirirdi. Çəpin güclü təkanı qayığı suyun axarından çıxartdı. Onlar bəri üzə şütüdülər. Zərnigar xanım əllərini yanına salıb dərindən nəfəs aldı. Qayıq sahilə yanaşdı, burnu xırdaca daşları şaqqıldatdı. Şamxal quş kimi sıçrayıb kənara atıldı. Təkandan silkələnmiş qayıq ləngərləndi və sahildən aralandı. Şamxal əlindəki heybəni çiyninə atdı. Kərəntiyə dirənib suvadağı çıxdı. Qayığı suyun axarına buraxıb yarğanın dibi ilə gedən yoldaşlarının arxasınca baxdı. Onlar bir az aşağıdan, kəndin ucqarındakı qazmaların bərabərindən sahilə çıxacaqdılar.
Şamxal üst-başını çırpıb, kəmərini daraltdı. Gümüş dəstəkli xəncərini yana çəkdi. Kərəntiyə çiyninə alıb, pəncərəsi Kürə baxan evlərinin qənşərindəki cığırla asta-asta yuxarı qalxdı. Zərnigar xanım oğlunun qabağına gəldi. Ana-oğul dikdirdə qabaqlaşdılar. Şamxal anasını gözü-yaşlı görüb, evdə bədbəxt bir hadisə baş verdiyini zənn etdi. Yoxsa arvad bircə gecənin içində bu qədər qocalıb, yumaq kimi büzüşməzdi. Onun beli də bükülmüşdü. Zərnigar xanım yaman günə düşmüşdü.
Şamxal anasına yaxınlaşdı. Qolundan tutub, diqqətlə üzünə baxdı:
– Yenə nə olub, niyə gözüyün on yerindən əhəyirsən?
Arvad daha da kövrəldi. Önlüyünün ətəyi ilə gözlərini silib, hikkəsindən boğula-boğula:
– Gördünmü, ay bala, - dedi, - atan mənim başıma nə oyun açdı?
Şamxal bir az sakitləşdi. Hətta ürəyində anasını yamanladı da. Onun kərənti çəkib, ot çalmaqdan qolları gizildəyirdi. Bu saat doyunca yemək, qılçalarını uzadıb, əzalarının sızıltısı kəsincəyə qədər uzanmaq, rahat nəfəs almaq istəyirdi. Anası isə səhər-səhər onu vay-şivənlə qarşılayırdı.
O, anasının yanından sakitcə ötüb qabağa keçdi. Zərnigar xanım uzun donunun ətəyi ilə gözlərini silə-silə Şamxalın arxasınca cığıra düşdü və oğlunun enli kürəyinə yapışmış tərli köynəyinə, belindəki sallamalı kəmərinə, Kürdən keçəndə islanmış zər baftalı dolağına, suya batmış quşburun çarığına baxdı. Belə bir oğulun onu darda qoymayacağını yəqin edib, özünə toxtaqlıq verdi. Şamxal isə iki yanını basa-basa gedir, yeridikcə çiynindəki kərənti sağa-sola ləngər vururdu. Kərəntinin ovxarlanmış və ora-burasında yaşıl ot qırıntıları ilişib qalmış iti ağzı parıldayırdı. Şamxalın üst-başından təzəcə çalınmış ot iyi gəlirdi.
Zərnigar xanım yenidən kövrəldi. Anasının bu halı Şaraxalı darıxırdı. "Görəsən yenə nə olub? Bu zalım qızının da göz yaşı ovcunun içindədir. Bir şey olan kimi gözünü yumub tökür," - deyə öz-özünə düşündü.
Oğlunun gəlişindən sonra həm ürəklənən, həm də kövrələn Zərnigar xanım yenidən dilləndi:
Mənim hayıfımı ondan almasan, südümü sənə halal eləmərəm, oğul! Qiyamətəcən ahu-naləm səni yandırar, bala!
Şamxalın səbri tükəndi. Cəld geri dönüb, anasının üstünə qışqırdı:
– Bəs deyilmi, səhər-səhər nə çərənləyirsən?
– Belə, atan ölmüş təzə eşqə düşüb, ay bala - deyə, Zərnigar xanım göz yaşına ara verib səsini ucaltdı. - Bizi el içində biabır edib. Heç ərlik-boyluq qızı olan, sənin kimi oğul böyüdən kişi də belə iş tutarmı?
Şamxal dinmədi. O bu cür sözləri birinci dəfə eşitmirdi. Atası hər dəfə bir yana gedəndə, toydan-mağardan qayıdanda evdə belə söhbətlər olurdu. Anası həmişə kişinin üstünə düşüb dava-dalaş salar, ağlayıb-sızıldayar, sonra da sakitləşərdi.
Şamxal həyətə girdi. Xalxalın yanından ötüb çardağa yaxınlaşdı. Kərəntini dirəkdən asdı. Heybəni çiynindən götürdü. Üstünə boz kilim salınmış taxtda oturub, əlini çarığın bağına uzatdı. Oğlunun sakitcə əyləşib, çarıqlarını və corabını soyunmaq istədiyini görən Zərnigar xanım irəli gəldi, əllərini belinə qoyub Şamxalın qabağında dayandı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-deli-kur-birinci-hisse-1
Use ← → keys to move, R for a random poem
More by this author
Yaz aylarında Tükəzban xala həmişə ağac dibində gəbə salıb süfrə açmaqdan ləzzət alardı. Onun xoşu gələrdi ki, ürəyi istədiyi adamlar evinə qonaq gəlsinlər, döşəkcənin üstündə oturub mütəkkəyə dirsəklənsinlər, xoruzquyruğu çay içib söhbət eləsinlər. Qohum-əqrəbanın söhbəti uzandıqca, stəkanlardakı məxməri çay buğlanıb qaysaqlandıqca, Tükəzban xalanın ürəyi də sərinləyirdi. İmran da yazda həmişə çöldə, ağac dibində çörək yeməyi xoşlayırdı.Tükəzban xala Nərgiz müəllimi də buna öyrətmişdi. Neçə gün idi ki, onlar bağda nahar eləyirdilər. Nərgiz müəllimə dərsdən gələndə hər şeyi hazır görürdü. Tükəzban xala ona ağzını açmağa imkan vermirdi.
15Nəsib dayı sahələri gəzməkdən qayıdırdı. At bürküdən və yorğunluqdan ağır-ağır yeriyirdi. Yəhərdə oturmaqdan bəzən Nəsib dayı yorğun nəzərlərlə ətrafa göz gəzdirdi. O gah Ermənistana doğru uzanan yollara, gah Dəlidağa, gah da yaşıl çöllərə baxırdı.Dalğalanmağa başlayan taxıl zəmilərinin içində quşlar səkirdi. Bəzən qulaqlarını qoşalaşdırıb yolun kənarında oturan dovşan gözə dəyirdi.
16Nərgiz müəllimə bu səhər lap tezdən durmuşdu. O, tarlaları gəzmək, tənəffüsdə kolxozçulara qəzet oxuyub, ikinci növbəyə qədər dərsə qayıtmaq istəyirdi. Hava olduqca xoş idi. Çisələmə yağışdan sonra bütün ağaclar, çöllər, taxıl zəmiləri par-par parıldayırdı. Hər şey adamın üzünə gülürdü. Elə bil təbiət yuyunmuş, indi də nazlı gəlinlər kimi səhər-səhər xumarlanırdı. Çiçək açmış meyvə ağaclarının qoynunda yerləşən kəndi ətirli səhər havası bürümüşdü.Kəndin ortası ilə bir dəstə qız gedirdi. Yaşıl, bənövşəyi, sarı, qırmızı, yelənli kəlağayıların ucları yellənirdi. İpək koftatar, güllü donlar adamın gözünü qamaşdırırdı. Çiyinlərində kətmən qızlar gülüşür, arabir də zarafat edib bir-birini qovurdular.
17Məktəbin küncündəkı otağın pəncərələrindən işıq gəlirdi. Axşamdan xeyli keçmişdi. Məktəbin qabağındakı bağda baş-başa verən çinar ağacları, qollu-budaqlı armudlar, salxım söyüdlər elə bil mürgüləyirdi. Arabir yarpaqlar astadan xışıldayırdı. Ağacların dibindən axan suyun şırıltısı sanki bu sakitliyə layla çalırdı. Lap uzaqda, kəndin kənarındakı gölməçələrdə qurbağalar quruldaşırdı. İmran pilləkənə yaxınlaşdı. Səs salacağından ehtiyat edərək, asta-asta yuxarı qalxdı. Qapının ağzında dayandı. Pəncərədə kitab oxuyan bir adamın kölgəsi görünürdü. "Evdədir" - deyə İmran öz-özünə pıçıldadı. Əlini qaldırıb qapını döymək istədi. "Birdən mənim gəlişimdən incidi, bəlkə də heç qapını açmaq istəmədi, onda nə olsun? - deyə düşündü. - Deməzmi gecə vaxtı sənin qız xeylağı ilə nə işin ola bilər? Nə cavab verərəm?" O qayıdıb getmək istədi. İçəridən ayaq səsi gəldi. Stul tərpəndi və birdən qapı açıldı. Onlar üzü-üzə gəldilər. Qız qəfildən qarşısına çıxan adamı görəndə diksinib geri çəkildi. qapını örtdü.– Kimdir?
Poems by other poets
Kurortdayıq. Bağdayıq,Oturub dincəlirik.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Ey xudanı fikr edən, gəl kuhsarın fikr qılEy xudanı fikr edən, gəl kuhsarın fikr qıl,Gunə-gunə tər şükufə, laləzarın fikr qıl!
DənizGünəş qızıl balıq təkDənizdə batdı getdi.