Birinci hissə, 1
Page 2 of 2 · 50%
– Deyəsən, mənim dediklərimi qulaqardına vurursan?! Atan ölmüşün tərəfini saxlayırsan?! Yoxsa inanmırsan, hə? Gəl, yaxın gəl, gör atan sənə nə yaxşı ana gətirib? Hər yanı bir gəmi boyda. Yeriyəndə yırım-yırım yırğalanır. Gəl, yaxın gəl, tamaşa elə!..
Zərnigar xanım oğlunun əlindən yapışıb çəkə-çəkə ağ daşdan tikilmiş imarətə doğru apardı. Şamxal anasının hirsindən əsdiyini görüb, bu dəfə dinməz-söyləməz onun ardınca astanaya qədər gəldi. Arvad təpiklə vurub qapını taybatay açdı. İçəridə taxtın üstündə büzüşüb oturan gəlini göstərdi:
– İndi gördünmü tərifli atan nə iş tutub? Xalqın halal-kamal kəbinli arvadını gətirib, mindirib mənim boynuma! - O, saçını yolub üzünü cırmağa, şappıltı ilə dizlərini döyməyə başladı. - Haradasan, ay gözü tökülmüş tanrı, bu zülmü niyə götürürsən?!
Anasının fəryadı bu dəfə Şamxala yaman təsir etdi. Doğrudan da atası nə iş tutmuşdu? Oğluna toy eləyib gəlin gətirmək əvəzinə, özü eşqə düşmüşdü? "Yaxşı, deyək ki, atam kişidi, gözü qızışıb, bəs bu nə üçün evini-eşiyini buraxıb arvad üstünə gəlib?!"
Şamxalın rəngi qaçdı. Yenicə uzatdığı bığlarının ucunu ağzına salıb çeynəməyə başladı. Bayaqdan qorxu içində, küncə qısılıb titrəyə-titrəyə qardaşının bərəkətlərinə göz qoyan Salatın özünü Şamxalın üstünə saldı, əllərini tutub yalvardı:
– Qurbanın olum, ay qağa, evimizə qan salma. Amanın bir günüdü, əlini qana bulama!
Şamxal bacısını itələyib kənara yıxdı. Əlini sallamalı kəmərindən asdığı xəncərin gümüş dəstəyinə yetirdi. Salatın yenə özünü qardaşının üstünə saldı.
– Dərdin alım, ay qağa, farağat dur. Başına dönüm, evimizi yıxma. Amanın bir günüdü, bizi yazıq eləmə. Dədəm hamımızı tikə-tikə doğrayar.
Qızının dizin-dizin sürünüb əl çəkmədiyini görən Zərnigar xanım:
– Bircə belə dur, gədənin əl-ayağına dolaşma, - deyə Salatın hörüklərindən tutub dartışdırdı. - Qoy bu həyasız köpək qızını tikə-tikə doğrasın. Onun ovuc-ovuc qanını içəcəm. Qoy bilsin ki, qızışıb adam üstünə gəlməyin axın necə olur.
– Atıa, oğlun, qızm var, günalısız qana bais olma.
– Nə, günahsız?! - Zərnigar xanım elə qışqırdı ki, Salatın özünü itirdi.
Gəlin yavaşca ayağa durdu. Onun ətli sinəsi qalxıb endi. Dodaqları səyridi. Əlini xəncərin dəstəyindən çəkməyən Şamxal onun yalın ayağına, topuğıma enən gen, beli büzməli qırçın donuna, sürüşüb çiyninə düşmüş nimdaş kəlağayısına, qulağındakı yumru sırğaya, tən ortadan ayırdığı qara saçlarına, koftasının yaxasını didişdirən titrək barmaqlarına baxdı. Gəlinin iri qonur gözləri yaşarmışdı.
Şamxal qorxusundan uçum-uçum uçunan bu gəlinin öz tərəflərindən olmadığını dərhal bildi. Görünür, atası onu haradansa, Kürün aşağısındakı uzaq kəndlərin birindən gətirmişdi. Gəlinin gözəlliyi Şamxalı yumşaltdı. Onun qolları boşaldı. Bunu hiss edən Zərnigar xanım oğlunun üstünə qışqırdı:
– Hə, niyə durdun? Yoxsa, bu cindar köpək qızının qaş-gözü sənin də ağlını başından aldı? Atan kimi sən də suyuldun? Bu saat onun saçını biləyinə dolayıb sürüməsən, kişi deyilsən! Di tez ol!
Ani olaraq fikrə gedən Şamxal anasının sözlərindən sonra gəlinə yaxınlaşdı.
– Dur, şələ-küləni yığışdır, rədd ol buradan! - Yolun altı ilə gəlibsən, üstü ilə qayıt xarabana!
Gəlin sapsarı saralsa da, özünü sındırmadı. Gözünü qırpmadan qarşısında dayanan ucaboy oğlanın sarışın sifətinə baxdı. Onun qanı qaçmış dodaqları aralandı:
– Məni sən gotürməyibsən ki, evdən qovursan?
Gəlinin belə sakit, təmkinli cavabı Şamxalın qulaqlarında ildırım kimi şaqqıldadı. Ev başına dolandı, yer ayağının altından qaçdı. Üzünə isti qan vurdu, qulaqları güyüldədi. Anasının səsini güclə eşitdi:
– Gördün bu çərhəya, qızışmış köpək qızını?! Sənə demədimmi bir az da burada qalsa başımıza minəcək?! Ədə sal ayağıyın altına, sürü bu itin balasını!
Hirsindən rəngi ağappaq ağarmış Şamxal gəlinin üstünə yeriyib boğuq bir sələ qışqırdı:
– Bu saat rədd ol burdan, yoxsa bağırsaqlarını ayağına dolayaram!
Gəlin gözünü də qırpmadı.
– Qeyrətli kişi qadına əl qaldırmaz. Hünərin varsa, get atanla haqq-hesab çək!
Artıq Şamxal dözə bilmədi. Gicgahlarındakı damarlar gömgöy göyərib şişdi, az qaldı ki, partlasın. O, ayaqlarına döşənib sürünən bacısının üstündən keçib irəli şığıdı. Gəlinin saçını biləyinə dolayıb yerə yıxdı. Təpiyinin altına salıb döyəclədi...
Arvadların qışqırtısı bir-birinə qarışdığından, ovdan qayıdan Cahandar ağanın həyətdə dayandığını heç kəs görmədi.
Gözünü qan örtmüş Şamxal isə getdikcə qızışır, gəlini sürüyüb ev-dən bayıra atmaq istəyirdi. Birdən gəlin var gücünü toplayıb ayağa durdu. Qabarıq sinəsini irəli verib Şamxalın üstünə qışqırdı:
– Vur, niyə durubsan? Əlin-ayağın niyə titrəyir, arvadı öldürməyə nə var ki? Vur!
Şamxal xəncəri siyirdi. Polad tiyə havada parıldadı. Ayağını üzən-gidən yenicə çəkən Cahandar ağanın gözü pəncərəyə sataşdı. Şamxalın xəncəri gəlinin başına endirmək istədiyini gördüyü ilə tüfəngi hərləməyi bir oldu. Güllə açıldı. Pəncərənin şüşəsi cingilti ilə ətrafa səpələndi. Şamxalın əlindəki xəncərin polad tiyəsi iki bölünüb evin ortasına düşdü. Bir anlığa hamı daş kimi donub qaldı. Artıq ölümünü gözü qabağına gətirən gəlin evin ortasında heykəl tək dayandı. Zərnigar xanım əlləri üzündə dəhşət içində quruyub qaldı. Salatının ürəyi keçdi. Vəznəli çuxasının ətəyini belinə sancmış Cahandar ağa ağır bədəninə yaraşmayan bir çevikliklə atılıb içəri keçdi və hələ də özünə gələ bilməyən oğlunun üstünü aldı. Otağa gur və zəhmli bir səs yayıldı:
– İtil burdan, küçük!
Şamxal bir əlindəki dəstəyə bir də hələ də lüləsindən tüstü çıxan tüfəngə baxdı. Cahandar ağa oğlunun yaxasından yapışıb qapıya tərəf itələdi. Hirsindən nə etdiyini bilməyən Şamxal atasının qolundan tutub dartındı:
– Burax deyirəm sənə!
– Kəs səsini, qancığın balası!
– Ağzını təmiz saxla, dədə!
– Kəs səsini, qancıqdan süd əmən!
– Südümə söymə.
– Ə, qoduq, mənim üstümə şeşələnirsən?!
Cahandar ağa qolunu hərləyib oğluna bir şillə çəkdi. Şamxal gözləmədiyi bu zərbədən dik atılıb bir pişik cəldliyi ilə geri sıçradı. Onun gözlərində qığılcım oynadı. Ata ilə oğul döyüşə hazırlaşan buğalar kimi qabaq-qabağa dayandılar.
Başı az qala tavana dəyən, pəhləvan cüssəli Cahandar ağanın qara sifəti tunc kimi bozardı, iri həbəşi dodaqları titrədi, qalın, qıllı çatma qaşlarının arası düyünləndi. O az qala yerlə sürünən iri qollarını irəli uzadıb oğluna doğru ayıldı. Şamxal quzğun kimi üstünə gələn atasından əvvəlcə qorxdu. Onun nəzərində kişi getdikcə böyüdü və nərildəyərək ov üstünə atılmağa hazırlaşan heybətli bir pələngə döndü. O gördü ki, atası iri pəncəli əlləri ilə bu saat onu yaxalayacaq, sonra da qabarıq sinəsinin altına salıb xurd-xəşil edəcəkdir. Lakın o özünü ələ aldı və birdən atasının üstünə atıldı.
Oğlunun qəfil hücumunu gözləməyən Cahandar ağa tüfəngin qundağı və Şamxalın sinəsindən vurub yerə sərdi. Sonra da təpiklə döyəcləməyə başladı.
Zərnigar xanım özünü kişinin qabağına atdı. Dili dolaşa-dolaşa yalvarmağa başladı:
– A kişi, ağlını başına yığ. Ə, uşaqdan əl çək. Onda taqsır yoxdur, öldürürsənsə məni öldür. Ayə, qurbanın olum, vurma, yazığam, evimi yıxma. - Ərinin sakitləşmək istəmədiyini görəndə isə qarğamağa başladı: - Əlin çürüsün, ona necə qıyırsan? Qolun qurusun, uşaqdan əl çək! Ay Allah, ay camaat, hardasınız, qoymayın, balamı öldürdü!
Salatın yavaş-yavaş özünə gəldi. Sürünüb atasının ayaqlarına döşəndi. Üzünü torpağa sürtdü.
Bir göz qırpımında hadisədən çaşıb qalan gəlin yerindən tərpənə bilmədi. Üst-başı cırılıb, saçları üzünə dağılan bu cavan qadın heyrətlə Cahandar ağaya baxırdı. Kişi onun nəzərində getdikcə böyüyüb dağa dönürdü. O, sehrlənmiş kimi yerindən tərpənmir, əri olacaq bu adamdan gözünü çəkmirdi. Lakin Şamxalın yumaq kimi evin ortasında fırlandığını, hirsindən gözü ayağının altını seçməyən Cahandar ağanınsa getdikcə qızışdığını görəndə, elə bil yuxudan ayıldı. Gəlinin bədənini üşütmə götürdü, "Bəlkə kişi birdən uşağı xəsarət etdi, ya da əlindən bir xəta çıxdı, evə qan düşdü, onda necə olar? Bütün günahlar mənim boynumda qalmazmı? Elə Cahandar ağanın özü də sonradan, - qaradabansan, gələn kimi evimə qan saldın, - deyə mənim üstümə atılmazmı? Yox, mən qana bais ola bilmərəm".
O, irəli atılıb iri bədənini qabağa verdi. Cahandar ağanın ağır yumruqları kürəyinə dəysə də, diz çöküb kişinin ayaqlarını qucaqladı:
– Bəsdir, ay insafsız, yazıqda tutar qalmadı. Onu yox, mən başıbatmışı öldür ki, biryolluq canım qurtarsın.
Cahandar ağa onun hönkürtüsünə baxmayıb, yenə də oğlunun üstünə yeridi...
Nökərlər səs-küyə tökülüşüb gəldilər. Kürün sahilində qaynar asmağa gedən qulluqçulardan da özünü haraya yetirənlər oldu. Tapdıq hamıdan qabaq gəldi. O gördü ki, ağanın təzə arvadı kişinin ayağını qucaqlayıb irəli buraxmır, Şamxal isə namusa boğulub atasının qabağından qaçmaq istəmir. Bircə an keçsə yenə hər şey təkrar olacaq, kişi oğlunu təzədən yaxalayacaqdı. Tapdıq bir sıçrayışla özünü araya saldı. Cahandar ağa onun enli kürəyinin arxasında qalan Şamxalı görə bilmədi.
– Əl-ayağına dolaşma!
– Ağa, ayıbdır, yoldan ötən, keçən olar.
– Qabağımı kəsmə, deyirəm sənə!
– Ağa...
– Burax məni, o it küçüyünü tikə-tikə doğrayacağam!
– Ağa, səbrin olsun.
Tapdıq Cahandar ağanın başını qatdı. O biri nökərlər isə Şamxalın dartınmasına fikir vermədilər. Çəkə-çəkə onu çardağın yanına apardılar. Papağını yerdən götürüb tozunu çırpdılar, hələ də özünə gəlməyən Şamxala verdilər. Eyvanda nərildəyib, Şamxalın ardınca söyüş söyən Cahandar ağanın gözündən birtəhər uzaqlaşdırdılar.
Hər şey bir-birinə qarışmışdı. Toyuqlar qorxusundan tara çıxıb qaqqıldaşırdılar. Küllükdə eşələnən ana toyuq sirkanların arasına dolub civildəşən balalarının başına bir iş gələcəyini zənn edib, tüklərini pırpızlaşdıraraq çığırırdı. Hətta talvarın altına bağlanmış itlər belə zəncirini dartıb qırmaq və hadisə yerinə cummaq istəyirdilər...
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-deli-kur-birinci-hisse-1
Use ← → keys to move, R for a random poem
More by this author
Yaz aylarında Tükəzban xala həmişə ağac dibində gəbə salıb süfrə açmaqdan ləzzət alardı. Onun xoşu gələrdi ki, ürəyi istədiyi adamlar evinə qonaq gəlsinlər, döşəkcənin üstündə oturub mütəkkəyə dirsəklənsinlər, xoruzquyruğu çay içib söhbət eləsinlər. Qohum-əqrəbanın söhbəti uzandıqca, stəkanlardakı məxməri çay buğlanıb qaysaqlandıqca, Tükəzban xalanın ürəyi də sərinləyirdi. İmran da yazda həmişə çöldə, ağac dibində çörək yeməyi xoşlayırdı.Tükəzban xala Nərgiz müəllimi də buna öyrətmişdi. Neçə gün idi ki, onlar bağda nahar eləyirdilər. Nərgiz müəllimə dərsdən gələndə hər şeyi hazır görürdü. Tükəzban xala ona ağzını açmağa imkan vermirdi.
15Nəsib dayı sahələri gəzməkdən qayıdırdı. At bürküdən və yorğunluqdan ağır-ağır yeriyirdi. Yəhərdə oturmaqdan bəzən Nəsib dayı yorğun nəzərlərlə ətrafa göz gəzdirdi. O gah Ermənistana doğru uzanan yollara, gah Dəlidağa, gah da yaşıl çöllərə baxırdı.Dalğalanmağa başlayan taxıl zəmilərinin içində quşlar səkirdi. Bəzən qulaqlarını qoşalaşdırıb yolun kənarında oturan dovşan gözə dəyirdi.
16Nərgiz müəllimə bu səhər lap tezdən durmuşdu. O, tarlaları gəzmək, tənəffüsdə kolxozçulara qəzet oxuyub, ikinci növbəyə qədər dərsə qayıtmaq istəyirdi. Hava olduqca xoş idi. Çisələmə yağışdan sonra bütün ağaclar, çöllər, taxıl zəmiləri par-par parıldayırdı. Hər şey adamın üzünə gülürdü. Elə bil təbiət yuyunmuş, indi də nazlı gəlinlər kimi səhər-səhər xumarlanırdı. Çiçək açmış meyvə ağaclarının qoynunda yerləşən kəndi ətirli səhər havası bürümüşdü.Kəndin ortası ilə bir dəstə qız gedirdi. Yaşıl, bənövşəyi, sarı, qırmızı, yelənli kəlağayıların ucları yellənirdi. İpək koftatar, güllü donlar adamın gözünü qamaşdırırdı. Çiyinlərində kətmən qızlar gülüşür, arabir də zarafat edib bir-birini qovurdular.
17Məktəbin küncündəkı otağın pəncərələrindən işıq gəlirdi. Axşamdan xeyli keçmişdi. Məktəbin qabağındakı bağda baş-başa verən çinar ağacları, qollu-budaqlı armudlar, salxım söyüdlər elə bil mürgüləyirdi. Arabir yarpaqlar astadan xışıldayırdı. Ağacların dibindən axan suyun şırıltısı sanki bu sakitliyə layla çalırdı. Lap uzaqda, kəndin kənarındakı gölməçələrdə qurbağalar quruldaşırdı. İmran pilləkənə yaxınlaşdı. Səs salacağından ehtiyat edərək, asta-asta yuxarı qalxdı. Qapının ağzında dayandı. Pəncərədə kitab oxuyan bir adamın kölgəsi görünürdü. "Evdədir" - deyə İmran öz-özünə pıçıldadı. Əlini qaldırıb qapını döymək istədi. "Birdən mənim gəlişimdən incidi, bəlkə də heç qapını açmaq istəmədi, onda nə olsun? - deyə düşündü. - Deməzmi gecə vaxtı sənin qız xeylağı ilə nə işin ola bilər? Nə cavab verərəm?" O qayıdıb getmək istədi. İçəridən ayaq səsi gəldi. Stul tərpəndi və birdən qapı açıldı. Onlar üzü-üzə gəldilər. Qız qəfildən qarşısına çıxan adamı görəndə diksinib geri çəkildi. qapını örtdü.– Kimdir?
Poems by other poets
Kurortdayıq. Bağdayıq,Oturub dincəlirik.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Ey xudanı fikr edən, gəl kuhsarın fikr qılEy xudanı fikr edən, gəl kuhsarın fikr qıl,Gunə-gunə tər şükufə, laləzarın fikr qıl!
DənizGünəş qızıl balıq təkDənizdə batdı getdi.