İkinci hissə, 7
Page 2 of 2 · 50%
Bir az bundan əvvəlki şadlıq yox oldu. Cahandar ağanın iri qıllı qaşları aşağı enib, gözünün üstünə kölgə saldı. Sanki bəbəklərindəki mənanı gizlətmək, ürəyindən keçənlərin gözlərindən oxunmasına imkan verməmək üçün kirpiklərinin qabağına çəpər çəkdi. Cahandar ağa bir anda üz-gözündən qan daman zəhmli və yontalmamış nəhəngə dönüb döşəkçənin üstünə sərələndi.
Bir az bundan əvvəl özünün də hiss etmədən verdiyi köntöy cavabdan ərinin tutulduğunu duyan Mələk onun könlünü almağa çalışdı.
– Bir azca səbir elə, sənə ləzzətli bir xəngəl bişirəcəm. Dünəndən qurud əzib, təpitmə kəsmişəm. Vallah, düz sözümdür, inanmırsan?
Cahandar ağa özünü bir az da ağır göstərməyə çalışıb dinmədi. Ancaq bu hal uzun çəkmədi. Bir azdan Mələk siniyə çəkdiyi qurudlu xəngəli taxtın üstünə qoydu. Cahandar ağa bardaş qurub oturdu. Bütün xörəklərdən çox sevdiyi xəngəli görəndə dərhal sinini qabağına çəkdi.
– Gəl otur, sən də ye.
– Mənim payım durur.
– Yoldaşlı yeyəndə iştahlı olur.
Mələk bu dəfə etiraz etmədi. Ərinin böyrünə qısılıb, əlini siniyə uzatdı.
– Xoşuna gəlirmi, deyəsən, soğanı çox olub?
– Yox, - deyə Cahandar ağa diqqətlə onun üzünə baxdı. Mələyin gözlərindən oxudu ki, təriflənmək, bişirdiyi xörəyin ləzzətli olmasını təsdiq edən söz eşitmək istəyir. Qadınların belə bir zəif cəhətlərinin olduğunu, həmişə hər balaca işdən ötəri ərlərinin tərifini eşitmək istədiklərini, bununla daha da xoşa gəlməyə çaləşdıqlarını bilən Cahandar ağanın dodağı qaçdı. - Xəngəlinə söz ola bilməz. Əlin çox duzludur. Xörəklərin ləzzətli olur.
Mələk dinmədi. Əli sinidə, gözü isə arvadının üzündə qalan ərinin böyrünə balaca toxundu.
– Yaxşı, çörəyini ye.
Xörəkdən sonra, qabağında çay, döşəkçənin üstünə uzanan Cahandar ağa Mələyi yanına çağırdı.
– O xurcunu bura gətir.
Gəlin ərinin sözünə əməl etdi.
– Aç, parçaları çıxart.
Mələk xurcunun içindəkiləri ortalığa tökdü. Atlas və güllü ipək parçalar, xara döşəküzüləri, Səmərqənd ipəyi, kişmiri şal taxtın üstündə qalaqlandı.
– Ürəyin hansı parçanı istəyir, seç götür.
– Özün ver.
– Mən bəyəndiyim xoşuna gəlməz.
– Sənin xoşuna gələn mənim də ürəyimdən olacaq.
Cahandar ağa qurtum-qurtum içdiyi çayı qurtardı, boş stəkanı nəlbəkiyə qoyub, əlini güllü atlasa uzatdı.
– Necədi?
– Nəbilim?
Kişi bu qeyri-müəyyən cavabdan arvadının ürəyindən xəbər verdiyini duyub, parçanı onun qucağına atdı.
– Al, bu sənin. Bu da onun, - deyə kişmiri şalı göstərdi: - Bu güllü parçanı da Salatına almışam. - Cahandar ağa dayanıb, yol çəkən gözləri ilə Mələyə baxdı. - Mən gedəndən sonra heç buralara hərlənibmi?
– Yox. Bircə dəfə su yolunda görmüşəm.
– Bəti-bənizi qaçmayıb ki?
– Yox. Lap yaxşıdır, - Mələk övladının intizarını çəkən kişinin ürəyindən keçənləri duydu və onu sakitləşdirmək istədi. - Maşallah lap su sonasına dönüb.
– Hardan? - Cahandar ağa astaca dilləndi. - Yəqin korluq çəkirlər.
Kişinin halı birdən-birə dəyişdi. Bir az bundan əvvəl həbəşi dodaqlarında oynayan təbəssüm yox oldu. Parçaları kənara itələyib mütəkkəyə dirsəkləndi.
– Yaxşı. Qalanlarını da özün bölüşdür. Hərənin payını özünə göndər. Şahnigarı da yaddan çıxartma. İstəyirsən onun qənd-çayını elə bu saat Tapdıqnan yolla.
– Yaxşı.
Mələk hər şeyi başa düşdü. Cahandar ağanın nə qədər hirsli olsa da, evdən küsüb gedən arvadı Zərnigara da, qızına da, oğluna da, elə gəlininə də pay aldığını anladı. Gözəyarı hər şeyi yerbəyer etdi. Kimə nə göndərəcəyini müəyyənləşdirdi. Həm də qərara aldı ki, bu işləri ərindən xəbərsiz kimi xəlvəti görsün. Amma Şahnigarın payını elə buradaca, kişinin gözü qabağında ayırdı. Güllü bir çitə bağlayıb kənara qoydu. Cahandar ağanın bacısı Şahnigarı çox istədiyini yaxşı bildiyindən, payı ləngitmədi. "Qoy arvadın payını elə kişinin gözü qabağındaca yollayım" - deyə düşündü və dərhal Tapdığı çağırdı.
Tapdıq getdi. Amma, əlində bağlama, dabanı üstündə də geri qayıtdı.
– Ağa, Şahnigar xanım evdə yoxdur.
– Hara gedib?
– Meyxanaya.
– Nə, meyxana?!
– Bəli, ağa. Müridlər bu axşam Molla Sadığın evinə yığışıblar. Türbədən də gələnlər var. Deyirlər yaman meyxana olacaq.
– Get atı yəhərlə!
Tapdıq səssizcə otaqdan çıxdı. Cahandar ağa stəkandakı çayı ikicə hortumda başına çəkib, ayağa durdu.
– Çəkmələrimi gətir!
Mələk danışmağı və ərindən soz soruşmağı yersiz bildi. Sakitcə onun paltarını geyib, yaraqlanmasına kömək etdi. O başa düşdü ki, kişinin dişi bağırsaqlarını kəsir. Əlindəki qamçının dəstəyini az qalır ovxalayıb töksün. Mələk "Yolum qara gəlsin, kaş payı bu gün göndərməyəydim", - deyin özünü danladı.
Cahandar ağa arvadının sual dolu baxışlarına cavab vermədi. Quş idimi sıçrayıb, atın belinə qalxdı. Dördnala çapan at gecənin qaranlığına qarışıb, xəyal kimi əridi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-deli-kur-ikinci-hisse-7
Use ← → keys to move, R for a random poem
More by this author
Son günlər Zeynəbi tanımaq olmurdu. Onun yanaqları daha da allaşmışdı, qaynar gözləri alışıb-yanırdı. Uşaq kimi atılıb düşür, bir yerdə qərar tuta bilmirdi. Elə bil qızın qəlbinə nə isə könülaçan, adamı fərəhləndirən bir hiss dolmuşdu. Bu hiss coşqun dağ çayı kimi kükrəyib-daşır, öz yatağına sığmırdı. Ona nə olmuşdu? Nə üçün sifəti rəngdən-rəngə düşürdü? Nə üçün bəzən ürəyi tutulmuş quş ürəyi kimi yerindən oynayırdı? Bunu Zeynəb özü də bilmirdi. Bəlkə havaların yaxştıaşması, çöllərdən qarın götürülməsi, ağacların yavaş-yavaş puçurlaması, otların cücərməsi ona təsir etmişdi? Axı yaz gəlirdi. Bu gün-sabah çöllər al-yaşıl geyinəcək, quşlar səs-səsə verəcək, bağlar-bağçalar çiçək içində üzəcəkdi. Zeynəb manqa üzvləri ilə səhər-səhər çöllərə gedəcək, yol uzunu qızlar zarafatlaşıb qaqqıldaşacaq, gecəli-gündüzlü bir yerdə olacaqdılar.Bəlkə də... Yox, Zeynəb heç nə bilmirdi. O yalnız bunu hiss edirdi ki, evdə darıxır, tək otura bilmir. Hətta manqa üzvləri onun yanına gələndə də sakit ola bilmirdi. O, itiyi itmiş kimi darıxır, qapıdan kölgə keçəndə, yaxud bir şıqqıltı gələndə pəncərədən boylanır, elə bil kimi isə gözləyirdi. O, kimin həsrətini çəkirdi? Zeynəb yalnız onu duyurdu ki, axır vaxtlar tez-tez Tükəzban xalagilə qaçır, oradan ayrıla bilmirdi. Yaxşı, burada təəccüblü nə vardı ki? Zeynəb elə uşaqlıqdan o evə gedib-gəlmirdimi? Məgər o, Tükəzban xalanı doğma anası kimi sevmirdi? Gözünü açandan ana üzü görməyən Zeynəb, Tükəzban xalanın qucağında böyüməmişdimi? Bütün el-oba bilmirdimi ki, ata-anadan yetim qalan Zeynəbi Tükəzban xala uşaq evinə göndərməyə qoymamış, "elə billəm, balamın biri də artıqdır" demişdi. Zeynəb onun laylası ilə yuxuya getmiş, onun nəvazişkar səsi ilə yuxudan oyanmışdı. Qız böyüyəndən sonra Tükəzban xala onun saçını sığallayıb: "Qızım, yenə gözüm üstündə olacaq, amma yurdunuzu boş qoyma" - demişdi. Zeynəb öz evlərində yaşamağa başlamışdı.
10Eyvanın dirəyinə söykənmiş Şahnaz, əlini qoynuna qoyub, başı üzərindən keçən qaranquşlara tamaşa edirdi. Bir həftəyə yaxın idi ki, bu quşlar onların eyvanında məskən salmışdı. Səhərdən axşama qədər civildəşə-civildəşə ağızlarında ot, palçıq gətirib yuva tikirdilər. İlk günlər Şahnazı cəlb edən bu göyçək quşlar, indi onu darıxdırırdı. Şahnaz onların qoşa dayanıb oxumalarını görəndə qəfəsə salınmış quş kimi çırpınır, qapı-bacada dura bilmirdi. "Quş quşluğu ilə tək yaşamır, qoşa gəzir. Bəs mən?.."O tez-tez güzgü qabağında hərlənir, qaş-gözünə sığal verir, saçlarının ucunu burub sinəsinin üstündən sallayır, paltarının birini soyunub o birini geyinirdi. Bəzən dabanı üstündə fırlanır, güzgüdə ətli əndamına, nazik belinə, yoğun topuğuna baxır, gülümsəyərək öz-özünə göz vururdu: "Doğrudan da qəşəng qızam, mənim kimi gözəl də evdə oturar?"
11Prokuror Əsədov əllərini qalife şalvarının cibinə qoyub otaqda hirslə gəzinirdi. Pəncərədən süzülüb düşən günəş şüaları onun təzəcə silinmiş uzunboğaz, xrom çəkmələrində əks edirdi. Əsədov parıldayan çəkmələrini döşəməyə daha bərk basır, yeridikcə ləngərlənirdi.Pəncərənin yanında oturan Nəsib dayı çox fikirli idi. İmran da burada idi. O, divar tərəfdəki skamyada kolxozçularla oturub papiros çəkirdi. Onun saçı uzanmış, üzümi tük basmışdı, Üzünün sümükləri görünürdü. Başını qaldırıb adamların üzünə baxmırdı, sanki onlardan çəkinirdi. Hamı susurdu. İçəndəkilər, eyvana yığılan kolxozçular söhbətin nə ilə qurtaracağını gözləyirdilər.
12Kosaoğln kürkünü çiyninə salıb anbara tərəf getdi. Neçə gündən bəri rayon mərkəzində olan anbardar yenicə qayıtmışdı. Onun yolunu gözləyən kolxozçular qapının ağzında dayanmışdılar. Kərim kişi ucadan gileylənirdi. Kosaoğlu ayaq saxlayıb qulaq verdi.– A bala, camaatın halalca haqqını niyə qarın ağrısı ilə verirsən?
Poems by other poets
İlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz
Sevmişəm mən səni, ey şux, peşiman deyiləmSevmişəm mən səni, ey şux, peşiman deyiləm,Səndən əl çəksəm ölüncə əyər, insan deyiləm.
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
Nigaranlıq içindəyəmBir qaranlıq içindəyəm,Nigaranlıq içindəyəm,