Page 4 of 5 · 60%

Qüdrət də yandan söz atdı:

– Axı onun qəhrəmanlığı nədə idi? Hələ ki, avariyadan başqa əlindən bir iş gəlmirdi.

Usta Ramazan Qüdrətdən lap incidi. Ancaq ona ağır cavab vermədi, çünki hər zaman hörmətini gözləməyə adət eləmişdi.

O yalnız:

– Qardaşoğlu, – dedi, – axı yaxşı baytar olmaq istəyən gərək hər dərədə yeddi at öldürə...

Lalə gülümsündü:

– O köhnə sözdür, usta. İstehsalat riyazi haqq-hesab sevir.

– Nə?!

– Deyirəm ki, indi buruqda elə məsuliyyətsizliyə yol vermək olmaz.

Ramazan az qaldı özündən çıxsın:

– Cavanların qədrini bilmək gərək, qızım... Mən istəmirəm belə sözləri səndən eşidim. Öyrənməyə can atan uşağın günahı da olsa, biz gərək onun qədrini bilək. Heç bilirsən Tahirdən nə usta yetişərdi?

Ramazan köksünü ötürdü. Qüdrətlə Lalə yalnız bundan sonra ustanın Tahirə nə qədər böyük ümidlər bəslədiyini başa düşüb, bir də onun könlünə toxunmadılar.

Qüdrət:

– Gedək bizə, usta, – dedi, – qəm yemə. Bu saat Bakının sənət məktəblərində minlərcə ixtisaslı fəhlə yetişdiririk. Tahirdən yüz qat artıq bacarıqlı oğlanlarımız var.

– Mən demirəm yoxdur. Ancaq, onun üstündə çox əmək çəkmişəm. Hökumətə zərər olub. Gərək onu öyrədib əvəzini çıxarım, ya yox? Vallah, izin versən, özüm gedib onu kənddən qaytararam.

Qüdrət ustanın qoluna girdi:

– Gedək, usta. Anam bizi gözləyir.

Onlar pilləkənlə həyətə enib M-1 maşınına yan aldılar və minib yola düşdülər.

Usta Ramazanın kədərini artırmamaq üçün, zahirdə bu xəbəri əhəmiyyətsiz bir hadisə kimi qarşılayan Qüdrət, əslində ondan heç də az həyəcanlanmırdı. İstehsalata yeni gəlmiş cavanları narazı salan ən adi uyğunsuzluğun belə, trestdəki ümumi vəziyyətdən əmələ gəldiyini düşündükcə, onun da ürəyində dərin bir təşviş baş qaldırırdı. Bir nəfər oğlanın işi buraxıb qaçması istehsalata çox cüzi bir təsir göstərsə də, bunun daha geniş miqyasda zərəri ola bilərdi. Tahirin qaçdığını görən cavanlara bu xəstəlik sirayət edərsə, yeni fəhlələr hazırlamaq kimi böyük dövlət tədbirinə zərbə dəyə bilərdi.

Qüdrət Lalədən soruşdu:

– Sizdə də belə hadisələr olurmu?

– Əvvəllər təkdənbir olurdu. Amma son zamanlarda əksinə, könüllü gələnlərin sayı artır.

Maşın Qüdrətin evinə yetişəndə, usta üzrxahlıq edib onlardan ayrılmaq istədi:

– Qanım qaradır, sabahda-birigündə gələrəm. Nisa məni gözləyir.

Lalə bir qoluna, Qüdrət də o biri qoluna girib onu buraxmadılar.

– Zəng edib Nisa xalaya deyərik ki, bizdəsən, o da gələr.

Qapıda onları Tükəzban qarşıladı:

– Allah sənə şükür, – dedi, – sizdən nə əcəb bu gün tez gəlibsiniz?

Qüdrət anasını qucaqladı:

– Ay ana, ay ana işimiz çoxdur. Bizdən nahaq inciyirsən, geri qalanları əzişdirirlər axı... İndi mənim dilim lap gödəkdir. Hər yoldan ötən üstümə ayaq alır. Mən buna öyrəşməmişəm.

Tükəzban qarı oğlu ilə həmişə fəxr edirdi:

– Lap yaxşı eləyirsən, oğul. Namərdə baş əymək sənə yaraşmaz. Axı sənin atan Salman...

Onun sözü yarımçıq qaldı. Gözləri Qüdrətin dalınca içəri girən Ramazana sataşanda, demək istədiyi sözləri tamam unudub oğlundan aralandı.

– Səndən nə əcəb? – deyə Ramazana yanaşdı. – Bu gün Nisanın yanındaydım. O da sənin əlindən şikayət eləyirdi. Yazıq evdə təkdir, lap bağrı çatlayır, – Tükəzban qarı duruxdu, nə isə yadına düşdü. – Hələ bir də görüm, sənə nə tapşırmışdım?

– Unutmuşam... Hə, hə yadıma düşdü. Qab-qacağı sürtməyə qum istəmişdin. Elə bunun üçün deyiblər ki, keçi can hayındadır, qəssab piy... Ramazan könülsüz bir tərzdə gülümsündü. – Bu gün axşam nə təhər olsa yollaram. Lap dənizin dibindən, iki min yüz metrlikdən...

– Usta, bununla quyunun dərinliyini bildirmək istəyirdi. – Ancaq sap gətir, barmağıma bağla, yoxsa yadımdan çıxacaq. Allahdan gizlin deyil, səndən nə gizlədim, heç nə yadımda qalmır.

Qüdrətlə Lalə qocaların söhbətini dinlədikcə, bir-birinə göz vurub oğrun-oğrun gülürdülər.

Onlar yemək stolunun dövrəsində oturub, Tükəzbanın xörəyini gözlədikləri zaman, qonşu otaqdan Şirmayı ilə musiqi müəlliməsi çıxdı. Sədəf hamını salamlayıb, axırda Qüdrətə müraciət elədi:

– Yoldaş Qüdrət, Şirmayıya Şopenin bir neçə əsəri lazımdır. Mən özüm nə qədər axtardımsa tapa bilmədim. Əgər mümkün olsaydı Moskvaya sifariş edərdiniz.

– Baş üstə! – deyə Qüdrət əlini gözünün üstünə qoydu. – Bu günlərdə yoldaşlardan Moskvaya gedənlər olacaq. Onlardan xahiş edərəm gətirərlər. Siz hara? Əyləşin bizimlə nahar edin!

– Çox sağ olun. Bu gün işim çoxdur. Hələlik... – Sədəf cəld qapıya yanaşdı və Lalənin də ərinə qoşulub nahara qalmağı xahiş etməsini gözləmədi.

O gedəndən sonra, ailədə başlanan söhbətin mövzusu çox müxtəlif idi. Tükəzban, rəfiqəsi Nisanın tərəfini saxlayır, onun yalqızlığından doğan kədərinə şərik olur, Ramazanın oğlanlarını xatırlayır, öz sadə, aydın və səmimi ifadələrilə ana məhəbbətinin böyüklüyündən danışırdı, Ramazan isə oğlanlarının dərdini yalnız ürəyinə salır, bu xüsusda deyilən hər sözə başının ahəstə hərəkətilə cavab verir, çox vaxt ağır fikrə gedir və zahirdə Tükəzbana haqq verirdi. Lakin onun nəzərincə ata da, ana da öz övladlarını yalnız bir ailənin səadəti üçün böyüdüb tərbiyə etmədiyindən, hər iki oğlu doğrudan da məhv olsaydı belə, bu dərdi hər yerdə danışıb sızlamaq və başqalarının da ürəyini köyrəltmək faydasızdı. Qocanın fikrincə, həyatın sərt və amansız qanunlarını təkcə öz mənfəətinə görə qiymətləndirənlər, xudpəsənd və dargöz adamlardı. Elə buna görə də Ramazan, qoca arvadının aramsız iniltilərinə və gizlində axıtdığı göz yaşlarına qadın acizliyinin sadəcə bir təzahürü kimi baxırdı. Onun qənaəti belə idi ki, insan dünyaya yüngül zövqlər və maraqlı əyləncələr üçün gəlmir. Belələri mənasız ömür sürənlərdir.

“–Qüdrət sənin oğlundur, amma təkcə sənin üçün yaşamağa haqlı deyil. Düz demirəmmi, Tükəzban?”

“–Yaxşı tutaq ki, Paşa qayıtmadı. Mən nə haqla deyə bilərəm ki, oğlumu əlimdən aldılar?”

“–Əgər mən təkcə özümü fikirləşsəydim, gərək bir də mədənə qayıtmayaydım”.

Ramazan bu sözləri ucadan söyləmirdisə də, amma ürəyindən keçirirdi və başını ahəstə-ahəstə tərpədib, Tükəzbana sükutla cavab verəndə də bu xüsusda fikirləşirdi. Lakin Tahir hər dəqiqə onun yadına düşür, söhbət tez-tez hədəfini dəyişsə də, qoca ustanın qüssəsi zərrə qədər də azalmırdı.

Nahar zamanı Qüdrət Tükəzbanla Ramazanı dinləyib, anasının dediklərini təsdiqləyirdisə də, fikrini ən çox məşğul edən bu günkü müşavirə idi. O, əvvəldən yaxşı tanıdığı Mirzəyevin odlanıb getdiyini, özünü haqlı çıxarmaq üçün Qüdrətlə Lalənin fikrinə və sözlərinə hər cür şey artırıb, daha nüfuzlu yoldaşlara xəbər verəcəyini və onlardan intiqam almaq üçün ən adi hiylələrə belə əl atacağını düşünürdü.

Lalə isə Qüdrətin trestindəki geriliyi və Mirzəyevin bu zəif nöqtədən bərk yapışıb ixtiranı da, müşavirəni də gözdən sala biləcəyini fikirləşdikcə həyəcanlanırdı.

O:

– Qüdrət, – deyirdi, – əlbəttə ki, Mirzəyev kobudluq elədi. Mən əminəm ki, rəhbər yoldaşlar iclasda onun dediklərini eşitsəydilər, onu kabinetdən qovardılar. Ancaq məsələ burasındadır ki, trestin geriliyini bəhanə eləyib, səndən hayıf almağa çalışacaq.

– Məni heç bir şey qorxutmur, – deyə Qüdrət dodaqları səyriyə-səyriyə ayağa qalxdı. – Cücəni payızda sayarlar. Qoy Mirzəyev əlindən gələni iki qaba çəksin!

Usta Ramazan bu söhbətdən heç nə başa düşmədiyi üçün, yenə Tahirin üstünə qayıtdı.

– İndi mən neyləyim? Nə məsləhət görürsünüz?

4

Usta Ramazan şər qarışanda Qüdrətin evindən birbaş gənc fəhlələrin ümumi yaşayış evinə getdi. İçəridə Cəmil əllərini belinə qoyub ayaq üstündə durmuş, pəncərədən eşiyə boylanır və dodağının altında Tahir oxuyan mahnılardan birini zümzümə edirdi. Ayaq səsi eşidəndə dönüb usta Ramazana baxdı. Onun tutqun qaşqabağını görüb, kədərinin səbəbini o dəqiqə başa düşdü və Ramazanı əvvəlcə o salamladı.

– Xoş gəlmisən, usta!

Usta Ramazan cavab verməyib, Tahirin yatdığı çarpayıya yanaşdı, bir söz demək istədi, ancaq nədənsə dinmədi. Tahir iş paltarını qatlayıb səliqə ilə, çarpayısının başından asmışdı. Ona verilmiş başqa dövlət şeylərinin də heç birini aparmamışdı.

Usta, Tahirin heyfini Cəmildən alacaqmış kimi, dinməz-söyləməz ona qəzəbli bir nəzər saldı, sonra ağır-ağır dilləndi:

– Allah ona lənət eləsin! Gör bir neylədi... Günah səndədir. Niyə mənə demədin ki, o kəndə gedib qayıtmaq fikrində deyil?

– Mən neyləyim, ay usta? Mən onun getdiyini sonradan bildim. Mənim günahım yoxdur, usta, – deyə Cəmil uzun bir nağıl başladı: – O günləri iclas çağırmışdılar. Tahir də orada idi. Bərk vurhavur başlandı. Avariyada müqəssir olduğu üçün üstünə düşdülər. Hamı danışdı. Düz üç saat müzakirə elədik. Başa saldıq ki, belə olmaz, fəhləsən, gərək fikrin işdə olsun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets