Altıncı fəsil
Page 5 of 5 · 80%
– Çıxardınız? – deyə usta səbirsizcə soruşdu.
– Çıxaraq deyənlər az olmadı. Elə biri Lətifə. Dedi ki, biz gərək o biri uşaqlara nümunə olaq, amma Tahir təşkilatın adını batırır.
– Lətifə nə dedi, “çıxaraq?”
– Bəli, o təklif elədi ki, o birilərinə ibrət dərsi olmaq üçün bir dəfəlik çıxaraq getsin. Amma Dadaşlı razı olmadı. Dedi ki, çıxarmaq asandır, tərbiyə eləmək lazımdır. Bərk töhmət verdik.
Usta Ramazan otaqda var-gəl etdi, sonra yenə Cəmilə üz tutdu:
– Əvvəlcə bizə də məsləhət eləyəydin də... Hamıya bir ölçü ilə yanaşmaq olmaz axı... Yəqin o qədər danlamısınız ki, axırda baş götürüb qaçıb...
– Bəs özünütənqid nədən ötrüdür? Hamımız onun xeyrini fikirləşirik də... Bu dəfə bərk vurmazsan, axırda elə iş açar ki, buruğu da korlayar, özü də bədbəxt olub gedər.
– Mən deyəni başa düş. Tənqid elə, səhvini göstər, amma həvəsdən salma!.. – deyə usta, cavanların həddi-hüdudu keçdiklərini düşünüb, bütün günahları Cəmilin üstünə yıxdı: – Əgər yaxşı yoldaşdın, niyə əvvəlcədən onu başa salmırdın?
– Axı o məni saymır, usta... Elə bilir ki, onunla qərəzliyim var. Guya ki, mən onun ayağından çəkirəm.
– Niyə ayağından çəkirsən?
– Guya mən Lətifəni istəyirəm.
Usta, cavanlar arasındakı bu macəradan yalnız indi xəbər tuturdu:
– Yəni elə bir şey var?
– Yox, canım, sözdür!
Bu halda Səməndər içəri girdi. Ustaya salam verib, əlindəki bağlamanı tumboçkaya qoydu (deyəsən o yemək alıb gətirmişdi).
– İclasda sən də vardın? – deyə Ramazan Səməndərdən soruşdu.
– Bəli, vardım.
– Sən də Tahirin pisliyinə danışdın?
– Xeyr. Mən heç danışmadım. Doğrusu, uşaqlar qarışqanı böyüdüb dəvə elədilər. Adam başına iş gələr. Elə hər şeydən ötrü adamın abrını tökməzlər ki? Amma bunlar ağına-bozuna baxmadılar. Döşə ki, döşəyəsən... Öz aramızdır, son vaxtlar çox həvəslə oxuyurdu. Deyirdi bir də kənd adını dilimə gətirməyəcəyəm. – Səməndər Bədirlinin təzə aldırdığı etajerkanın gözlərində cərgə ilə düzülmüş kitabları göstərdi.
– Bunların hamısını təzəcə almışdı. Öz aramızdır, bərk çalışırdı, balam... – O Cəmilə baxıb ondan bu fikrini təsdiq işarəsi gözlədi, amma Cəmil gözlərini yerə dikib cavab vermirdi. – Nə qədər deyirdin saz çal, oxu, deyirdi yox, mane olmayın, vaxtım yoxdur.
Səməndər ürəyində Cəmili yamanlayırdı:
“Kənddən həvəsləndirib gətirib, indi də sözü düz gəlmir” deyə düşünürdü, ancaq heç kəsi özündən incitməmək üçün özünü də ona qatdı: – Əlbəttə ki, təqsir bizdədir, – dedi, – istəsəydik, yaxşı dostluq eləyərdik, o da bizdən incimÉzdi...
– Belə görünür ki, özünütənqid düşmənçilikdir? – deyə Cəmil ona tərs-tərs baxıb etiraz etdi. – Yaxşı dost dostunu tənqid eləyər də...
– Tənqid eləyər, daha deməyiblər ki, baltalı da, baltasız da...
Usta əlilə havanı yardı və qapıya yönəldi:
– Allah onun bəlasını versin! – deyib getdi.
Ramazan axşama qədər evindən eşiyə çıxmadı. Kefsizliyinin səbəbini dönə-dönə soruşan Nisa qarıya da cavab vermirdi. Uşaqların axşam dərsi başlananda, o mühəndis Fikrətin dərs verdiyi sinif otağında göründü.
– Ay yoldaş müəllim, – dedi və birdən salam vermədiyini xatırlayıb tutuldu. – Axşamınız xeyir, uşaqlar!
– Axşamınız xeyir, usta, – deyə cavan fəhlələr hər tərəfdən səs-küy qaldırdılar.
Qoca buraya ilk dəfə gəlirdi. Onu yaxından tanıyan uşaqlar bu gəlişin səbəbi ilə maraqlanıb, gözlərini ona dikmişdilər.
– Yoldaş müəllim, – deyə o, Fikrətin qabağında dayandı, – axı mən bilmirəm, buradakı altmış-yetmiş uşağın niyə biri fərsiz çıxdı?
Mühəndis Fikrət ustanın kimi nəzərdə tutduğunu bilirdi. Ancaq yəqinlik hasil etmək üçün soruşdu:
– Siz Tahiri deyirsiniz?
– Bəs kimi? Yoxsa özgəsi də var?
– Xeyr, usta, Tahirdən heç gözlənilməyən işdir. İzin alıb ustasını aldatmağı heç ona yaraşan hərəkət deyil. Son günlərdə çox həvəslə oxuyurdu. Deyirəm bəlkə xəstələnib, usta?
– Yox, elə olsaydı, mənə tel vurardı, xəbər verərdi. Qaçıb, bir də qayıtmaz. Yaxşı, heç insafdırmı, onun bu qədər yoldaşı ola, biri də onu başa salmaya? – Ramazan yenə başını buladı. – Özünüz təşkilatlar uzun, hamınız da yekə oğlan... Niyə onun başına ağıl qoymamısınız?
Qabaq cərgədə oturan gənclərdən biri, üzr istəyirmiş kimi, cavab verdi:
– Biclik eləyib, aldadıb...
Ramazan, dərsə mane olduğunu birdən xatırlayıb, Fikrətin qolundan tutdu:
– Məni bağışla, yoldaş incinar, Tahir sinəmə dağ çəkib, mənə yalan satıb, – deyə gəldiyi kimi də qaşqabaqlı sinif otağını tərk etdi.
O evə qayıdanda, Nisa qarı oturub, əlində boz ipdən corab toxuya-toxuya radioya qulaq asırdı. Neftçilərdən danışırdılar. Ramazan, fikri dağınıq halda bir az dinlədi. Diktor onun yaxşı tanıdığı buruq ustası Volkovu tərifləyirdi:
“Onun rəhbərliyi ilə cavan fəhlə İman Səfdər oğlu yeni sənətini mükəmməl öyrənmişdir!..”
Ramazan radio aparatının işığını söndürəndə, Nisa qarı ona acıqlı bir nəzər saldı:
– A kişi, niyə söndürürsən? Qoysana qulaq asaq!..
– Qanım qaradır, ay arvad. Görmürsən nə deyir?
5
Bu hadisədən iki gün sonra Qüdrət öz kabinetində oturub radio ilə yeni xəbərləri dinlərkən, qapı açıldı və onun yaxşı xatırladığı bir gənc içəri girməyə izin istədi.
Qüdrət gözlərinə inanmadı: qarşısında Tahir Bayramlı dayanmışdı.
– Hə, sənsən?
– Bəli, mənəm, yoldaş İsmayılzadə, ancaq tək deyiləm, icazə verin yoldaşlarımı da çağırım...
Qüdrətin qaşları təəccüblə çatıldı:
– Onlar kimdir? Gəlsinlər.
Tahir geriyə dönüb əlilə eşikdəki adamlara gəlmək işarəsi verdi. Beş nəfər boylu-buxunlu, Tahir kimi qarayanız və sağlam gənc bir-birinin dalınca kabinetə girdi. Onlar hərbi qayda ilə sıraya düzülüb, dartınmış halda dayandılar və salam verdilər. Qüdrət bu gəlişin mənasını heç anlaya bilmirdi. Cavanlar dinməz-söyləməz ona baxır, Tahir isə Qüdrətə yanaşıb deyirdi:
– Ustaya söz vermişdim ki, səngərdən qaçmayacağam. Mən sözümün üstündə möhkəm durmuşam. Bu uşaqların hamısını da mən gətirmişəm. Dəniz buruğunda işləmək istəyirlər.
Qüdrət öz adi təbəssümü ilə güldü:
– Demək istəyirsən ki, gec qayıtmağın üzürlü səbəbdən olub?
Tahir:
– Xeyr, – dedi, – bu günahımı nəyin hesabına yazırsınız, yazın.
Qüdrət, komandir kimi, əli belində cərgənin qabağına yeridi. Baş tərəfdə dayanmış birinci oğlana yanaşıb soruşdu:
– Adın nədir?
Oğlan, əsgəri qayda ilə dartınaraq cavab verdi:
– Əhməd Bayramlı.
Qüdrət ikinci oğlana yanaşdı:
– Sənin adın nədir?
Bu oğlan da geniş sinəsini irəliyə verib gur səsilə dilləndi:
– Səməd Bayramlı.
Qüdrət bir neçə an duruxdu və üzündə təəccüblə qarışıq bir təbəssüm gəzindi. Sonra üçüncü oğlanın adını soruşdu. Boyca o birilərindən bir daban gödək olan bu oğlanın döşündə iki-üç hərbi medal parıldayırdı (Avropa şəhərlərini vurub keçdiyi aydın oldu), onun duruşu da hərbi qaydaya tamam müvafiq idi. Əllərini yanını qısmış, döşünü irəli verib başını dik tutmuşdu. Qüdrətə cavab verəndə, onun azacıq pəltək olduğu aydınlaşdı:
– Mə-mm-məd Bayramlı.
Qüdrət özünü saxlaya bilməyib qaqqıltı ilə güldü. Oğlan, məhz pəltəkliyinin gülüşə səbəb olduğunu düşünüb, qulağının dibinəcən qızardı. Amma Qüdrəti güldürən, əlbəttə, onun fiziki qüsuru deyildi. Onun nəzərində cavanların bu gəlişi qəribə və gülməli idi. Pəltək oğlanın utandığını hiss edən Qüdrət, səsinə mehriban bir ifadə verdi:
– Neçə yaşın var?
– İyirmi bir.
– Əhsən! – deyə Qüdrət əlilə onun çiyninə vurdu, – Berlinə çata bildin, ya yox?
– Çatdım, yoldaş İsmayılzadə. Amma hayıf ki, bərk yaralandım (oğlan sağ qıçını göstərdi), məni hərbi qulluqdan azad elədilər.
– Eybi yoxdur. Qəhrəmanlıq üçün Bakıda da fürsət tapacaqsan.
Oğlan şirmayı kimi ağ dişlərini göstərdi:
– Bi-bi-bilirəm, yoldaş İsmayılzadə, Ta-ta-ta-hir bizə hər şeyi danışıb.
Qüdrət dördüncü oğlana yanaşdı:
– Bəs sənin adın?
Bu oğlandan nazik qız səsi çıxdı:
– Əhəd Bayramlı.
Onun cavabına təkcə Qüdrət deyil, hamı güldü. Bu cavanların hamısından yoğun olan Əhəd, deyəsən, xasiyyətcə məzəli bir oğlandı. Hələ yalnız adını söyləyəndə belə gülüş doğururdusa, demək, o, yol uzunu bütün bayramlıları doyunca güldürmüşdü.
İsmayılzadə beşinci oğlanın adını soruşmadı:
– Yəqin, – dedi, – sənin də familiyan Bayramlıdır, hə?
Oğlan Qüdrətin sözünü yarıda kəsdi:
– Düzdür, mən də Bayramlıyam, elə adım da Bayramdır.
Bu anda telefon zənginin səsi eşidildi. İsmayılzadə tez yazı stolunun dalına keçib dəstəyi götürdü. Azərneft birliyindən danışırdılar. Qüdrətin üzündəki xəfif təbəssüm tədricən silinib, dodaqları səyriməyə başladı:
– Bəli, dedi, – əgər o öz hörmətini gözləmirsə, mən müqəssir deyiləm. Mirzəyevin hərəkəti yalnız məni deyil, hamını qəzəbləndirmişdi. Xeyr, burada şəxsiyyət məsələsi yoxdur. Mirzəyev məni fokstrot oynarkən görsəydi və ya təhqir etsəydi, bu doğrudan da şəxsi məsələ olardı. Minayevin ixtirası nəticə verərsə, o zaman mən Mirzəyevdən yox, o məndən də, iclasdakı yoldaşların hamısından da üzr istəməli olacaq. Mən sizin yanınıza gəlməyə hazıram, lakin ondan üzr istəməyəcəyəm. Xeyr, – Qüdrət səsini ucaltdı. – O, qaçmamışdır.
Tahir, səksənmiş kimi başını dik qaldırıb gözlərini Qüdrətə zillədi: söhbətin özünə aid olduğunu düşünməkdə o yanılmırdı.
O nəinki qaçmamışdır, hətta beş nəfəri də özü ilə bərabər gətirmişdir. Mirzəyev yoldaşın verdiyi məlumat həqiqətə yalnız bu dərəcədə uyğun gəlirsə, onun dediklərinə bir qədər tənqidi yanaşmalı olacaqsınız!
Qüdrət dəstəyi yerinə qoydu. Papiros götürüb yandırdı və dərindən qullab vurub Tahirə baxarkən gülümsədisə də, bütün bayramlılar onun əsəbiləşdiyini, əlinin xəfif titrəyişindən aydın hiss edirdilər.
– Yaxşı, qoçaq, – deyə Qüdrət Tahirdən soruşdu: – Bu oğlanlar bir kənddəndir, yoxsa bir familyadan?
– Hamısı mənim əmim uşaqlarıdır. Ancaq, yoldaş İsmayılzadə, sizdən xahişim budur ki, usta Ramazana zəng edib deyəsiniz. Qorxuram gecikməyim onu həyəcanlandırsın. Təqsir məndə olmadı. Anam fermadan gec gəldi. Onu görməmiş qayıtsaydım, elə siz də razı olmazdınız.
Qüdrət qəsdən qaşqabağını turşutdu.
– Hər halda xəbər verməli idin, – dedi.
Tahir dinmədi. Haqlı sözə nə deyə bilərdi?
– Gedin, hamınıza iş veriləcək. Tahir buranın qaydasını bilir, o sizi aparar...
– Bəli, apararam.
Bayramlılar kabinetdən çıxdılar.
Bir neçə dəqiqə əvvəl cavanların gəlişindən hədsiz dərəcədə sevinmiş Qüdrət, indi artıq pərt olmuşdu. Telefonla danışan adamın sözlərini eşidəndən sonra əsil vuruşmaların hələ yenicə başlandığını duyurdu. Lakin ümidsizlik onun ürəyinə yol tapa bilmirdi. Ağır mübarizə onun mənəvi qüdrətini artırır, o, xəyalən gələcək döyüşlərə hazırlaşır və öz-özünə deyirdi: “Axı bunsuz, həyat cansıxıcı olmazdımı?”
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-altinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Gəncə yaxınlığında bir ovlaq. Yaşıl bir təpə. Uzaqda çadırlar ağarışır. Təpənin başında şah dayanıb uzaqlara baxır. Arxadan gələn vəzir ona yanaşır. Şah onun gəldiyini hiss edərək, ona tərəf dönür.*Şah**
Beşinci şəkilYenə orada, səhər tezdəndir. Günəş yeni-yeni tülu edir. Hər tərəf bomboşdur. Dərin sükut içində quşların həzin-həzin nəğmələri eşidilir. Birdən iki nəfər şəhərli görünür.*Onlar elə bir qorxa-qorxa ətrafı dinləyirlər.*
Altıncı şəkilGəncə, Nizaminin eyvanı qarşısında bağça. Qivami süfrə başında oturub şərab içir.*O oxuyur. Arxasından sakit addımlarla gələn Nizamini görmür.*
Yeddinci şəkilYenə Nizaminin eyvanı qarşısında bağça. Qürub etməkdə olan günəş meyvə ağaclarının yarpaqları arasından balaca arxın sularına əks edir. Afaq yalnız dayanmış, kədərli-kədərli baxır. Onun gözləri yaşarmışdır. Oxuyur.*Afaq**
Poems by other poets
Əlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
Sən düzə çıxandaElim başdan-başa yazdır.Əlimdə üç telli sazıdr,
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,