Gəncə, Nizaminin eyvanı qarşısında bağça. Qivami süfrə başında oturub şərab içir.

O oxuyur. Arxasından sakit addımlarla gələn Nizamini görmür.

Qivami (şərabla dolu qədəhi içərək)

Ey, ürək, gəl ömrü vermə, sən bada,
Gülüb yetməmisən kama, murada.
Kimsə yetişmədi dadıma, heyhat,
Mən ürək əlindən gəldim fəryada.

Nizami

Bu fəryad nə üçündür, Qivami?

Qivami

Aha, qardaşım, gəl sən də iç!

Nizami

Bəsdir, bu qədər içməkdən yorulmadınmı?

Qivami

İçməkdən yorulmamışam, amma yaşamaqdan yorulmuşam. (Ürəyini göstərərək) Bax, burada o qədər dərdim var ki... Şahlar sənin qədrini bilmədi. Hamı səndən üz döndərdi. Mən bilirəm. Nə qədər kefli olsam da, eh... Mən heç, mən gəldi-gedərəm. Amma sən daima yaşayacaqsan. Bu həyat məni sıxır, qardaşım... (Ayağa qalxır) Al iç, al!

Nizami

Sən ağlayırsan? (Qivaminin boynunu qucaqlayaraq) Uşaq deyilsən ki? İnsan həyatın ağırlığı qarşısında belə acizlik göstərməz.

Qivami

Mən yalnız o dünyada rahat olacağam... Al, iç!

Nizami

Şərab dünyanın ağrılarını azaltmaz!

Qivami (istehza ilə gülərək)

Bu ağrı deyildir, bu dünya kədəridir. Mən öləndən sonra da bu kədər əbədi yaşayacaq, daş ağırlığı ilə insanların qəlbinə çökəcəkdir.

Nizami

Qivami, sən içəndə, qoca anamız gizlin bir bucağa çəkilib hey ağlayır. Axı, mən onun iztirablarına dözə bilmirəm.

Qivami

Ana... Yoxsa mən dözürəm, yoxsa mənim ürəyim daşdandır? Yax, yox, inan ki, onun iztirablarına mən də dözə bilmirəm. Amma dərdim o qədərdir ki, eh...

Nizami

Ümidsiz olmaq acizlikdəndir, insan yer üzünə səadət üçün gəlir, qardaşım.

Qivami

Yalandır, bu dünya evi heç bir zaman səadət sarayı ola bilməz. Bu dünya böyük bir çanaqdır ki, insanların göz yaşı oraya tökülür.

Nizami

Səadət öz-özünə yaranmaz, onu biz yaratmalıyıq. Gəl gedək, mən bu gün yazdıqlarımı sənə oxumaq istəyirəm. Biz hər ikimiz şerimizlə dünya kədərinə qalib gələcəyik. Biz bu kədərin önündə dağ kimi durub, sözdən insanlar üçün səadət sarayı yaradacağıq!

Qivami

Eh, qardaşım, sən tufanlı, qaranlıq bir gecədə parıldayan bir məşələ bənzəyirsən. Sənin əməllərin, arzuların böyükdür. Lakin zəmanəmizin hakimləri dünyanı zülmətə çevirməkdən zövq alır, onlar sənə hər addımda göz verib işıq vermirlər. Bu işləri gördükcə, mənim gözlərimə qaranlıq çökür.

Nizami

Bu səni kədərləndirməsin, əzizim. Hər qaranlıq gecənin günəşli bir gündüzü də var! Səni qorxudanların həyatı ən mənasız bir həyatdır. İnsan əsl həyatının mənasını, dünyanın sirlərini – hər şeyi, hər şeyi zəhmətlə kəşf edəcəkdir. Gəl gedək, həm bağçada işləyib qoca anamıza kömək edək, həm də bülbüllərin nəğməsinə qulaq asa-asa şeir yazaq. Gəl, bəsdir, daha içmə! (Uzaqlaşmaq istəyir)

Qivami

Bax, içmirəm. Oxu şerini, bəlkə bir az nəşələnim. Getmə, buraxmaram!

Nizami

Əziz qardaşım, mən Xosrovla Şirinin qəmli dastanını yazıram. Bərdənin pərilər sultanı mənim xəyalımdan bir an silinməyir. Onun acı sərgüzəşti məni hər an düşündürür. Mən elə gövhər yaratmaq istəyirəm ki, onu heç kim, heç bir yerdə tapa bilməmişdir.

Mehrabı eşqdir uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?!
Eşqin qulu ol ki, doğru yol budur,
Ariflər yanında bil, eşq uludur.
Eşqsiz olsaydı xilqətin canı,
Dirilik sarmazdı bütün cahanı.
Eşqdən başqa söz könlümə yaddır,
Ömrümün quşuna o, bir qanaddır.

Qivami

Of... qardaşım, sənin qələmindən süzülən nədir? İlahi sözlərmi, yoxsa ürək dolusu məhəbbətmi? Oxu, oxu neçin dayandın?

Bu anda darvaza döyülür.

Nizami

Bu kimdir görəsən? (Hər ikisi o tərəfə boylanır)

Xədicə (əlində toxa, bağçadan Qivamiyə yanaşır)

Oğlum, gəl mənə kömək eylə!

Qivami

Sən dayan, baxım görüm kimdir.

Çadraya bürünmüş bir qızla qasid gəlir.

Xədicə

Ya rəbbi, sən özün balalarıma rəhm eylə! Yenə bir bədbəxtlik üz verməsin...

Qasid

Hörmətli şairin evini soruşdum, hamı bu həyəti göstərdi.

Nizami

Hansı şair? Gəncə şairlər vətənidir.

Qasid

Bizə böyük şair Nizami Gəncəvi lazımdır.

Nizami

Buyurun! Ana, bu xanımı evə apar, ona layiqincə ehtiram göstər!..

Xədicə

Əziz qonağa gözlərim üstə yer var (Qızı evə aparır)

Qasid (cibindən məktub çıxardıb Nizamiyə verir)

Dərbənd əmirindəndir, buyurun!

Nizami (oxuyur)

“Dərbənd əmirindən böyük şair Nizamiyə. Məclisimizdə oxunan qəzəllərin xoşuma gəldi, göndərdiyim hədiyyələri qəbul et. Əgər həyatını yaxşı keçirmək və ömründən ləzzət almaq istəyirsənsə, durma, qədrini bilməyən yerlərlə vidalaş. Gəl sarayımdakı şairlərlə bir yerdə yaşa!”.

Qasid

Qəzəlləriniz oxunanda, hamımız sevindik, şair. Mən də sizə pərəstiş edirəm. Sarayda hamı yolunuzu səbirsizliklə gözləyir.

Nizami

Sizə ürəkdən təşəkkür edirəm. Lakin mən saraya gedə bilməyəcəyəm.

Qasid

O nə üçün? Sarayda hər bir qəzəliniz qiymətli bir inci kimi parıldar.

Nizami

Əziz dost, mən getməyəcəyəm. Əmirə söylərsiniz ki, hamı məndən üz döndərərkən, o məni xatırladığı üçün, ona ürəkdən minnətdaram.

Qivami

Səni böyük bir saraya çağırırlar. Yaxşı fikirləş, Gəncədə saray yoxdur. Şirvanşah da sənə düşməndir. Dərbənd əmirinin bu dəvəti şair üçün böyük ehtiramdır.

Qasid

Əmir dedi ki, Nizami bütün ailəsi ilə köçüb gəlsin.

Qivami

Bu daha gözəl. Gedərik, sən də dastanı yazıb qurtararsan.

Nizami

Yox, yox, mənim ilhamıma burda heç bir şey mane olmayır.

Qasid

Sizin böyük bir gələcəyiniz vardır. Sarayda dan ulduzu kimi parıldayıb, bütün dünyaya şölə salarsınız.

Nizami

Əziz dost, bu balaca gülşəni görürsünüzmü? Biz bu gülləri, çiçəkləri öz əlimizlə bəsləyib böyütmüşük. Biz burada doğulmuşuq. Burada da öləcəyik. O da, mən də qoca anamızdan ayrılıb, qızıl həbsxanalara getmərik.

Qivami

Sağ ol, qardaşım, mən həmişə səndən bu cavabı gözləyirdim.

Qasid

Axı, siz ki, əvvəlcə razıydınız?

Qivami (bu anda eyvanda anasını görərək)

Anacan, oğlun Qivami kefli olsa da, hər zaman səni sevəcəkdir. (Kuzənin son damlalarını qədəhə töküb qasidə verir) Dostum, alın için, son badəni sizə verirəm.

Qasid

Sağ ol! (Badəni alıb içir) Mən bu gün qayıdacağam. O qızı əmir Nizamiyə kəniz yollamışdır. Sarayın birinci gözəli idi. Bir neçə ay bundan əvvəl yüz dirhəmə alınmışdı. Əmir dedi ki, belə gözəl bir şairə gərək ölkənin ən dilbər cananı qulluq etsin.

Nizami

Yox, yox. Mən özüm heç kimə qul olmaq istəmədiyim kimi, başqasını da özümə qul etmərəm. Onu da özünüzlə bərabər geri aparın!

Qasid

Geri? Siz nə danışırsınız? Göndərilən hədiyyəni geri qaytararlarmı?

Nizami

Əmirə söyləyin ki, Nizami qul tacirlərinə nifrət edir.

Xədicə (gəlir)

Oğlum, yazıq qızcığazın gözlərindən qanlı yaş tökülür, hey ağlayır.

Nizami

Anacan, əldən-ələ satılmış bir qızın ağlamasına nə üçün təəccüb edirsən? Ata-anasından, vətənindən ayrı düşmüş zavallının göz yaşından başqa bir pənahı ola bilərmi?

Qivami

Anacan, qonağa hörmət eylə. O qıza da söylə ki, biz də onun qardaşı, ağlamasın.

Xədicə

Yaxşı, qadan alım. (Qasidə) Buyur, oğlum.

Qasid

Yox, mən qayıdacağam. O qızı gətir, xala.

Xədicə

Ayıbdır, bala, görən nə deyər? Atların təri də qurumayıb.

Qasid

Eyb etməz. Get onu gətir, xala (Xədicə gedir) Şair! Bu çox igid bir qızdır. Saraydakılardan biri ismətinə toxunmaq istərkən, qız onun xəncərini qaparaq düz sinəsindən vurub yerə sərmişdi. Əmir fərman verdi ki, qızı edam etsinlər. Onu min əziyyətdən sonra öldürməyə apardıqları zaman qız “Of, Nizami, Nizami!” deyib inlədi. Mən əmirə yalvardım ki, Nizaminin xatiri üçün onu öldürməsin. Əmir tez cəllada “dayan!” hökmünü verdi. Sabahı bu məktubu yazdırıb onu sənin ixtiyarına göndərdi.

Qivami

İnsanın kədəri heç bir zaman azalmayacaq. Gör dünyada nə böyük faciələr yaranır.

Xədicə (qızla bərabər gəlir; qız hıçqıraraq ağlayır)

Ağlama, qızım, ağlama. Mən səni öz doğma balam kimi saxlaram. Oğlum, o mənə yalvarır ki, rəhm edin, məni doğma yurdumdan geri qaytarmayın. Sarayda ömrüm çürüməsin. İlyas, getməsin, oğul. Onsuz da mənim qızım yoxdur.

Nizami

Yaxşı, ana. Onun göz yaşlarına mən də dözməyirəm. Qoy qalsın!

Xədicə (sevinərək)

Aç bu duvağı qızım, bizim qızlar həmişə duvaqsız gəziblər. (Onun duvağını və çadrasını götürəndə, Nizami donub qalır. Qız Afaqdır)

Nizami

Aman Allah, mən kimi görürəm? Gözlərim məni aldadır. Yox-yox bu röyadır!

Afaq (Nizamini görərək)

Bu nədir, mən hardayam?

Nizami

Pərilər sultanı, sən bir həqiqətsən, yoxsa xəyal?!

Afaq

Odur, o!..

Nizami (Afaqa yaxınlaşaraq)

Gözüm aydın, gözümə surəti-canan görünür,
Baxtımın güzgüsünə sünbüli-reyhan görünür.
Allaha şükr edirəm, ey gözümün nuru, bu gün
Yar gəlib göz önünə sərvi-xuraman görünür.
Yarə yetmək iki dünyaya bərabər kimidir,
Bunu duydum, duyuram öylə ki, hicran görünür.

Hamı mənalı bir sükuta qərq olur.

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

M.F.Axundovun dramaturgiyası haqqında bəzi qeydlər

Deni Didro “Dramatik poeziya haqqında”kı kitabında yazır: “Əsər barəsində düzgün mühakimə yürütmək üçün onu başqa əsərlərlə müqayisə etmək lazım deyildir”.Bu fikir müəyyən dərəcədə doğrudur. Müəyyən dərəcədə deyirik, çünki bəzən yerli müqayisə xeyir verə bilər. Lakin Didro bu fikri söylərkən bitkin sənət əsərlərini nəzərdə tutur. Xüsusən dramlardan bəhs edildiyi zaman, müqayisə, tədqiqatçıdan böyük risq tələb edir.

194026 min
Dahi sənətkar

I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.

194210 min
Yazıçı və tarix

Birinci məqaləBizdə tarixi mövzulara böyük bir meyl oyanmışdır. Bu son dərəcə qanuni bir hadisədir. İndiyə qədər yaranmış əsərlər sayca çox az olsa da, bizim əsas yazıçı kadrlarımızın bədii yaradıcılıq şüurunu son zamanlarda tarix çox məşğul etməkdədir. Dövlət xadimlərinin, şairlərin, böyük xalq hərəkatı rəhbərlərinin həyat və mübarizəsi indi artıq bədii yaradıcılığımız üçün zəngin bir mənbə olmuşdur. Bu hadisənin özü xalqımızın şüurunda həqiqi bir intibah dövrünün başlandığına dəlalət edir. Xalqımız öz keçmişinin həqiqi bir məhəbbətlə əks olunmasını tələb edir. Xalqının mənəvi ehtiyacını az-çox duya bilən bir sənətkar isə, bu tələbə qətiyyən göz yuma bilməz. Yazıçı, hər şeydən əvvəl öz xalqının oğludur.

14 min
Zəngin xəzinələr

Bu vaxta qədər nəşr edilmiş ayrı-ayrı bayatı kitabçaları nəzərə alınmazsa, M.H.Təhmasibin tərtib etdiyi “Bayatılar” məcmuəsi¹ ədəbiyyatımızın zəngin janrlarından birini tədqiq edib öyrənmək işində ilk ciddi addım sayılmalıdır. Bayatıların toplanışı və nəşri çoxdan başlanmış olsa da, bu sahədə görülən iş hələ də böyük bir səmərə verməmişdir. Halbuki, xalq şerinin bu sahəsini tədqiq edib öyrənmək, nisbətən daha maraqlı bir işdir. Elmi qüvvələrimizin səyini müəyyən bir yola salmaqla az bir zaman içərisində biz bu işi müvəffəqiyyətlə başa çatdıra bilərik. Xüsusən, bayatının xalqımız tərəfindən sevildiyi nəzərdə tutularsa, müxtəlif variantları müqayisə etmək, tutuşdurmaq və daha gözəl bir tekst əldə etmək üçün hər bir imkan vardır. Dürüst elmi nəticələr çıxarmaq istəyən hər növ folklorçu üçün bu birinci növbədə lazımdır.Lakin biz bu qısa qeydlərimizdə yalnız bir cəhəti göstərməklə kifayətlənəcəyik: bu əsərlərə münasibətimizi aydınlaşdıracayıq.

13 min

Poems by other poets