Beşinci şəkil
Yenə orada, səhər tezdəndir. Günəş yeni-yeni tülu edir. Hər tərəf bomboşdur. Dərin sükut içində quşların həzin-həzin nəğmələri eşidilir. Birdən iki nəfər şəhərli görünür.
Onlar elə bir qorxa-qorxa ətrafı dinləyirlər.
1-ci şəhərli
Eh... fani dünya!
2-ci şəhərli
Nə yaman ah çəkdin, əmican!
1-ci şəhərli
Oğlum, bir azdan Məhsəti xanımı buraya gətirəcəklər. Dünən padşahın çadırları, bax, burada qurulmuşdu.
2-ci şəhərli
Əmican, niyə həmişə yaxşı adamları öldürürlər? Dünyada pis adam azdır?
1-ci şəhərli
Nə bilim, oğlum? Görünür dünyanın bünövrəsinə daş qoyan namərd olubdur.
2-ci şəhərli
O daş yığınını görürsənmi? Onları yəqin Məhsəti xanımın üstünə yağdıracaqlar.. Of, adamın bədəninə üşütmə düşür. Axı, sən demədin onun günahı nədir?
1-ci şəhərli
Nə olacaq, bu dünyada doğru söz danışmaqdan böyük günah yoxdur. Bax, Vali gəlir. Gedək, ağacın dalında gizlənək, görək axırı nə olar.
2-ci şəhərli
Gəlsənə gedib əxiləri çağıram, Valinin dəstəsinə hücum çəkib Məhsətini qurtaram. Hə, nə deyirsən, əmican?
1-ci şəhərli
Yox, oğlum, bundan heç bir şey çıxmaz. Nahaq yerə cavanlarımızı bada verməyin. Vali insan qanına çoxdan hərisdir. Gedək, sonra gəlib yalvararam. Bəlkə ürəyi yumşaldı, Məhsəti xanımın günahından keçdi. Gedək, oğlum! (Gedirlər)
Vali (bir neçə mühafizəçi ilə gəlib dayanır)
Bu işdən bir adam da xəbər tutmasın. Sizlərdən kim bu sirri açsa, onun dilini kəsdirərəm!
1-ci mühafizəçi
Doğrudur, Vali həzrətləri, xalq eşitsə, şəhərdə iğtişaş qalxar.
Vali
Ehtiyatlı olun, sizdən başqa buraya bir insan ayağı dəyməsin!
1-ci mühafizəçi
Baş üstə, o edam olunan zaman, burada bir milçək belə səslənə bilməz. (Gedir)
Vali
O, hökmdarın da, mənim də sinəmə dağ çəkmişdir; yalnız o öləndən sonra gözümə yuxu gedəcəkdir. (Qolları bağlı Məhsətini bir neçə mühafizəçi əhatə edib gətirir) Dayanın, böyük hökmdarımız bu yeri nişan verdi. Məhsətinin qəbri burada qazılacaqdır. (Mühafizəçilər onun qollarını açırlar. Vali ona yaxınlaşır, istehza ilə) Böyük şairə, izn ver son dəqiqələrində üzünə doyunca baxım.
Məhsəti
Çəkil, mənim üzüm bir aynadır, bu aynada insan qanına boyanmış simanı görüb qorxarsan.
Vali
Eşidirsinizmi o nə deyir? Sənin başına bəla gətirən də acı dilindir.
Məhsəti
Amma yenə də qorxan mən deyiləm, sənsən, Vali həzrətləri!
Vali
Mənim heç nədən qorxum yoxdur. Bütün Gəncə mənim adım gələndə zağ-zağ əsir.
Məhsəti
Yalandır, səni bu biyabana gətirən də qorxudur. Sənin başındakı papaq deyil, ifritə qadın ləçəyidir.
Vali
Bu mənasız qürurdan əl çək! Sənin bu sözlərin mənim qulağımda bir milçək vızıltısıdır. Budur, bax, sənin ki, qorxudan belin əyilib ikiqat olmuşdur.
Məhsəti
Namərd, mən yerə tərəf əyilərkən, burada, bu vəfasız torpaqda, vaxtsız ölən gəncliyimi axtarıram.
1-ci şəhərli (yoldaşlarıyla bərabər gəlir)
Vali həzrətləri, məni bağışlayın. Bu acı xəbəri eşidəndə, ürəyim tab gətirmədi. Gecə yarıdan sizin yolunuzu gözləyirdim.
Vali
Bunu sənə kim dedi, qoca?
1-ci şəhərli
Vali həzrətləri, bütün şəhərdə Məhsətinin daşqalaq olunmasından danışırdılar. Onun ana mərhəmətindən hamı nəvaziş görmüşdür. Amma siz onu öldürmək fikrindəsiniz.
Vali
Bu, hökmdarın fərmanıdır, qoca.
2-ci mühafizəçi (yüyürüb gəlir)
Vali həzrətləri!..
Vali
Nə var? Nə olmuşdur?
2-ci mühafizəçi
Şəhərdən sel kimi bir izdiham axıb gəlir!
Vali
Sən dəlimi olmuşsan, izdiham nədir? (Mühafizəçilərə) Bu saat qabaqlarını kəsin! Birini də yaxına buraxmayın!
2-ci mühafizəçi
Onların qabağınca şair Nizami də gəlir. Mən ona toxuna bilərəmmi?
Vali
Uzun danışma, qorxaq tülkü, bir addım da irəli gəlsələr, sənin boynun vurulacaqdır. Get, fərmanıma əməl et. Tez!
2-ci mühafizəçi
Baş üstə! (Gedir)
1-ci şəhərli
Vali həzrətləri, Allahın qəzəbindən qorxmayırsan, insanların naləsini eşit, insafa gəl! (Valinin qabağında diz çökərək) Ayaqlarına düşüb yalvarıram, keç onun günahından.
Vali
Bəsdir, qoca, get, bir də gözümə görünmə!
1-ci şəhərli
Belə insana əl qaldıran, Allahın qəzəbinə düçar olar, Vali həzrətləri.
Vali
Sus qoca! Səni o ağ saqqalına bağışlayıram. Çəkil get, yoxsa balaların yetim qalar.
1-ci şəhərli
Gedək, oğul! Bütün Gəncə axıb Məhsətinin dalınca gəlir. Sürüdən ayrılan qoyunu qurd qapar! Biz də gedək, onlara qarışaq!
Gedirlər. Bu anda Nizami, Qivami və Yusif gəlir
Yusif
Şükür Allaha, o sağdır. Nizami, əzizi dostum, onu ölümdən sən qurtaracaqsan!
Məhsəti (Nizamini görərək)
Gəl, Nizami, gəl, özün şahid ol. İlahi, çox şükür, faciəm nə qədər böyük olsa da, bu müdhiş ölüm daha məni qorxutmayır.
Nizami
Mən gözlərimə inanmaq istəmirəm. Edam üçün gətirilən bu qadın, Gəncənin fəxri Məhsəti xanım deyilmi? Vali, sən əsrimizin qaranlığı içərisində parlayan bu dan ulduzunu söndürməkmi istəyirsən?
Vali
Yaxın gəl, şair. O, ulduz deyildir, sən Məhsətini yaxşı tanısaydın, onun şirin dilinə aldanıb özünü bədbəxt etməzdin.
Qivami
O, şəhərimizin yeganə zinətidir.
Yusif
Onun günahı nədir?
Vali
Hökmdarı həcv edən mən deyiləm, Məhsətidir. O, padşahı qaniçən, zalım adlandırmışdır. Şəhərimizin cavanlarını azdırıb yoldan çıxardan da odur. Padşahın fərmanı belədir. O gərək burada, hökmdarın nişan verdiyi bu yerdə daşqalaq edilsin.
Nizami
Eşidin, ulu göylər! Bu sonsuz mavi səmanın altında, bu güllərin, bu çiçəklərin ətirli qoynunda böyük bir insan ürəyini susdururlar. Lakin, nə üçün? Kimin üçün?
Vali
O, hökmdarı bayquş adlandırdı. O öləcəkdir. Şirin yuxu üzünə həsrət qalan Gəncənin ürəyi bu gündən sonra rahat döyünəcəkdir.
Nizami
Lakin unutma, Vali, Məhsəti Gəncəvi ölsə də, bayquş heç bir zaman dönüb bülbül olmayacaqdır.
Vali (Mühafizəçilərə)
Başlayın!
Məhsəti
Adətdir, caniləri belə, dar ağacına apardıqları zaman, dilinə kəlmeyi-şəhadət almağa izn verərlər. İndi mənə qulaq asın!
Vali
Danış! Qoy o, gözə görünməz Tanrı şahid olsun ki, mən bu adəti pozmaq istəmirəm.
Məhsəti
Mən böyük bir insan eşqinin övladı idim. Həyatımın yelkəni qayalara toxundu.
Heç pozan olmadı qəza-qədəri;
Doğradı ümmidi eşqin xəncəri.
Sevgi badəsini içdimsə, heyhat,
Yenə tapılmadı eşqin gövhəri!
Nizami
Aman ya rəbbi, bu insan səsi deyildir, mələk səsidir.
“Heyhat, yenə tapılmadı eşqin gövhəri”.
1-ci mühafizəçi (tövşüyə-tövşüyə gəlir)
Vali həzrətləri, Vali həzrətləri, onlara heç nə əsər etmir. Yoldaşımızı ayaqlayıb öldürürlər. (Yusifə işarə edir) Hamısı bunun işidir. Beli xəncərli əxilərin də başçısı budur. Gəlirlər, tədbirin nədir?
Vali (əsəbi)
Xəncərlə, qılıncla qabaqlarını kəsin, irəli soxulanların başını bədənindən ayırın!
1-ci mühafizəçi
Baş üstə! (Yüyürüb gedir)
Vali
Onları öz qanlarında boğduracağam! (Nizamiyə) Sən də, şair, hökmdarımızın yanında günahkarsan. Bunu sənə bir də xatırladıram. Bundan gözəl fürsət ələ düşməz.
Nizami
Aha, günahkaram, doğrudur, mən bunu tamam unutmuşdum!
Vali
Məhsəti mənim doğma bacım da olsaydı, mən onu öz əllərimlə daşqalaq edərdim.
Qivami
O vaxt heç kim sənə namuslu qardaş deməzdi.
Vali
Şair, unutma ki, hökmdarın qəzəbi də özü qədər böyükdür. Onun mərhəmətini yalnız bir yolla geri qaytara bilərsən. Məhsətiyə sən özün cəza ver!
Nizami
Qəzəb, mərhəmət... doğrudur. Mən hökmdarı çox acıqlandırdım. Günahım böyükdür.
Vali
Bir də bundan gözəl fürsət ələ düşməyəcək.
Nizami
Mən öz günahımı Məhsətinin qanilə yuyub təmizləyəcəm. (Məhsətiyə yaxın gəlir)
Vali
Afərin, Nizami, indi bildim ki, sən həqiqətən böyük şairsən! Bu gündən sonra hökmdarımız səni gözləri üstündə saxlayacaqdır. Qızıllar, evinə dəvə karvanları ilə göndəriləcəkdir. Qoy bütün aləm şahid olsun ki, mən də sənin günahlarından keçirəm.
Məhsəti (Valiyə)
Haqqımı əlimdən şəriət aldı;
Hüquqsuz eləyib bu günə saldı.
Qırıldı tərlanlar, boş qaldı bağlar;
Yurdu sənin kimi sarlara qaldı!
Yusif
Sağ ol, Məhsəti xanım, öləndə də belə mərd ölmək yaxşıdır!
Vali (Bir müddət sükutdan sonra, Nizamiyə)
Bu tərəddüd nə üçündür, şair? Bax, o izdiham sənin dalınca gəlmişdir. Təkrar edirəm, yalnız bir yolun vardır: Məhsətiyə ilk daşı sən özün at! Qoy xalq sənə baxıb onun cəzasını versin... (Nizami Məhsətiyə lap yaxın gələrkən o təəccüblə Nizamiyə baxır, aralığa daha dərin bir sükut çökür)
Nizami
İnsanların qabağı qılınc-qalxanla kəsildi. Onlar bu faciənin şahidi ola bilmədilər. Qoy bu faciəyə mavi göylər şahid olsun. Mən öz intiqamımı səndən alıram, Məhsəti xanım! (Hamı Nizaminin üzünə baxır, intizarlı sükut xeyli davam edir. Nizami həyəcanla əyilib Məhsətinin əlindən öpür)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-nizami-besinci-sekil
Use ← → keys to move, R for a random poem
More by this author
Mən bu hekayədə köhnə bir igiddən danışacağam. Bir zamanlar böyük rus ədibi Maksim Qorki də onun mərdliyindən ilham almış, onun Qaf dağı kimi əyilməz, məğrur təbiətini tərənnüm eləmişdi. Bu igidi el arasında Qaçaq kərəm adı ilə tanıyırdılar.Kərəm öz dəstəsilə bərabər dağlarda, dərələrdə yuva salmışdı. Onun qan düşməni İsrafil ağa da, özü kimi qüvvətli, cəsur bir adam idi. Yalnız bir fərqləri vardı: Kərəm çar divanından qaçaq düşmüşdü, İsrafil ağa isə çar himayəsində yaşayırdı.
Şeytanın barmağıTəmsil*Çox qədim zamanlarda yoxsul bir kəndli vardı. Onun cındırından cin hürkürdü. Özü də arıq və cılızdı. Ha əlləşirdisə, kasıblığın daşını ata bilmirdi, hətta taxılını döymək üçün də başqalarından qoşqu heyvanı istəməyə məcbur olurdu. Qonşusundan ikicə günlüyə aldığı öküzləri vələ qoşub, arpasını döydü, dənini ikitəkərli arabaya yükləyib, dağ ətəyindəki kəndin dəyirmanında üyütməyə apardı. Bir çətən külfəti acından batırdı. Fikri bu idi ki, necə olursa-olsun, bu axşam özünü dəyirmana yetirsin, yalvar-yaxarla dənini üyüdüb, gecə ikən də evinə qayıtsın. “Sən saydığını say, gör fələk nə sayır!” – deyiblər. Kəndli nə qədər tələsirdisə, öküzlər bir o qədər səbirli yeriyir, bəzən də üzə durub yolun ortasında dayanır, tənbəl-tənbəl quyruqlarını tərpədir, kəndlinin hay-hüyünü sanki eşitmirdilər. Kəndli qan-tər içində idi. Qırışlarla örtülmüş alnında tumurcuqlanan tər damcılarını əlinin tərsilə silməkdən yorulmuşdu. Günün istisindən az qala yazığın başı çatlayırdı. Öküzləri qırmancla döyəcləməkdən təngə gəlmişdi. Yolun kənarında kölgəli bir yer də yox idi ki, arabanı açıb, dincini alsın. Heç yerdə otdan, göyərtidən də gözünə dəymirdi ki, öküzləri bir az otarıb, sonra yola düşsün. Bu halda, tərs kimi, öküzlərdən biri soncuq atmağa başladı, arabanı o yan-bu yana dartaraq, yoldan qırağa çıxartdı, çökəyə tərəf sürüdü. Araba kəlləmayallaq aşdı. Kəndli özü də zərblə ağzıüstə yıxıldı və istər-istəməz “lənət sənə kor şeytan!..” – dedi.
RəqiblərI**– Necə, necə? Nə buyurdunuz? Usta Heybəti öldürsəniz də ürəyiniz soyumaz?
Yeraltı çaylar dənizə axırBirinci hissə**Səmirə Aydın bizim köhnə dostumuzdu. Mənim arvadım Gülnisa xanımla orta məktəbin birinci sinfindən ta axırıncı sinfinə qədər bir skamyada oturmuşdu. O vaxtdan bəri sirləri-söhbətləri də bir olmuşdu. Yaxşı yadımdadır: bizim toyumuza dostların hamısından əvvəl o gəlmişdi. İlk sevgilisi Müdhətlə də mən o axşam tanış olmuşdum. Səmirə orta məktəbi bitirəndə on yeddi yaşına yenicə girmişdi. Ona gözəl demək çətindi, amma çirkin də deyildi. Qara, yumru və bir az çıxıq gözləri vardı. Kiçik ağzının sağ tərəfi həmişə yuxarıya dartılmış kimi göründüyündən, nazik dodaqları elə bil gülümsəyirdi. Bu ifadə onun sifətinə nə isə xüsusi bir məlahət verirdi. Qalın və sıx qaşlarının tən ortasında qaralan xal qələm ucundan təsadüfi düşmüş mürəkkəb damcısını xatırladı. Deyib-gülməyi, çalıb-oynamağı yaman sevirdi. Bəstə boyuna görə ayaqları da göyçək idi. “Ceyranı” havasının lirik ahənginə uyaraq süzəndə dirsəyə qədər açıq qolları ilan kimi qıvrılır, bütün bədəninin sümükləri elə bil əriyib yox olurdu. Onun rəqsi tək məni və Gülnisa xanımı yox, çoxlarını heyran qoyurdu. Toy məclisimizə gəlmiş qızlar arasında özünün zahiri gözəlliyi ilə onu kölgədə buraxanlar vardısa da, onun kimi məharətlə piano çalan və onun qədər zərif oynayan yox idi. Bizim toyumuza hamıdan çox o rövnəq verirdi. Müdhət isə həm uca, həm də gözəldi. Onun ağıllı, iri gözləri, geniş alnı, gur və qıvrım saçları, enli kürəyi məclisdəki qızların ürəyində Səmirəyə qarşı həsəd oyatmaya bilməzdi. Onunla Səmirə yanaşı dayananda, gənclərdən bəziləri Hüseyn Cavidin gurultulu bir müvəffəqiyyətlə səhnədə göstərilən “Səyavuş” əsərindən məşhur, qanadlı misraları xatırlayırdılar:
Poems by other poets
Ey ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
YarKönül qəmgin, səhraları gəzirəm,Nə insafdı, mən də sənsiz qalım yar.
EylədiEy qazılar, kimə qılım şikayətBir bimürvət məni candan eylədi
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun