Birinci fəsil
Page 2 of 10 · 10%
Tahirin nəzərləri, müxtəlif dillərdə danışa-danışa böyründən tez-tez ötüb-gedən və harasa tələsən qızların, oğlanların üzünə dikilirdi.
– Bura bax, Cəmil, görəsən Bakıda nə qədər adam olar, hə? – deyə, Tahir xəbər aldı.
Bu gözlənilməyən suala Cəmilin gülməyi tutdu. “Aşnam yamanca qarıxıb!” – deyə düşündü və dodaqlarındakı təbəssümlə dostunu pərt eləməmək üçün, qəsdən fikirli görünməyə çalışdı.
– Nə qədər? Davadan qabaq...
Tahir onun sözünü kəsdi:
– Hə, yadıma düşdü, dərsdə oxumuşuq. Bir milyona yaxındır, hə?
Onlar tramvayın dayanacağına çatanda, növbə gözləyən adamların sayı birdən-birə artdı. Cəmilin göstərdiyi üç vaqonlu tramvay uzaqlaşdı və o, bağın böyründə gözdən itən kimi, bir başqası onun qabağından bəriyə doğru şığıyıb gəldi. Tahir onun qabağındakı şüşədə “3” rəqəmini aydın görüb soruşdu:
– Buradan gedəndir? Nə tez qayıtdı, ə?
– Yox, həmin nömrədir. İki tərəfə işləyir, – deyə Cəmil, dostunun nabələdliyini yenə üzə vurmamaq üçün, yavaşcadan, az qala pıçıltı ilə cavab verdi.
Tahir Cəmilin ardınca vaqona mindi. Heybəsini çiynindən düşürüb, vaqonun dal tərəfindəki balaca meydançada Cəmilin çamadanı ilə yanaşı, dibə söykədi.
Tramvay hərəkətə gələndə, içəridə adamların çoxluğundan nəfəs almaq olmurdu.
Cəmil əlilə adamları göstərib, Tahiri başa saldı:
– Kinoya, teatra tələsirlər. Bu saat Bakının yaxşı vaxtıdır. Yay teatrları ağzına kimi dolu olur.
Tahir yaylığını çıxarıb, alnının tərini silə-silə dedi.
– Yəqin istidəndir, hə?
– Sentyabrda Bakının havası sərinləşir. Amma yarım ay bundan qabaq asfalt elə qızırdı ki, adamın ayağını yandırırdı.
– Yəni elə isti olur?
– Əlbəttə ki. Sənin ağlın bizim kəndə getməsin. Dağın kəlləsində, hər tərəfi də açıq. Buranın dənizi olmasa, yayda istidən adamın bağrı çatlar.
Təəccübdən Tahirin qaşları çatıldı. Bunun mənasını özünə görə yozan Cəmil, “Tahir yəqin elə fikir eləyəcək ki, niyə bunu əvvəldən mənə demirdi? Axı mən Bakını niyə pisləyirəm?” – deyə düşünüb əlavə etdi:
– Sən ona nə baxırsan? Bir də görürsən yayın lap cır-cıramasında xəzri elə başlayır ki, axşamlar pencəksiz gəzmək olmur.
Tramvay, bir yarpağı belə tərpənməyən bağın yanından keçdikcə sürətini artırırdı. Uzun, enli və düz küçədə qızıl bayraqlar görünürdü. Dörd-beş mərtəbəli evlərin qabağından Vətən müharibəsi qəhrəmanlarının şəkilləri asılmışdı. Hələ Tahirin uzaqdan gördüyü işıq salxımları titrəşdikcə, küçə rəng verib, rəng alırdı. Bu küçə ilə gedib-gələn adamların sayı-hesabı yox idi. Tahir Cəmili dinləyə-dinləyə gah hündür evlərə, gah da müharibə cəbhələrində ad-san qazanmış qəhrəmanların şəkillərinə baxırdı. Hər şey tez və sürətlə gəlib onun gözləri önündən keçirdi. Tramvayın sola burulduğu döngənin sağ tərəfində yüksəlmiş qəhvəyi binanı və onun qarşısında böyük bir əzəmətlə dalğalanan insan dənizini görərkən, Tahirin gözləri yenə böyüdü:
– Nizami kinosudur, – deyə Cəmil əlilə qəhvəyi binanı göstərdi, – yəqin qəzetlərdə şəklini görmüsən.
Tahir baxışlarını insan dənizindən ayırmayaraq:
– Görmüşəm, – dedi, – amma qəzet hara, bu hara?
– Yəqin təzə film göstərirlər. İndi ora bilet tapmaq hər oğulun hünəri deyil. İki salonu var. Biri yay binasıdır, o biri də qış. Bu saat ikisi də doludur, amma bu kino-teatr bütün şəhərin yaraşığıdır.
Bakı hər dəqiqə Tahirin nəzərində böyüyür, binaların əzəməti daha da artır, tez-tez dolub-boşalan tramvay irəlilədikcə, elə bil, Tahir də dənizin dayaz sahilindən üzüb get-gedə lap dərinlərinə düşür, onun təəccübü yavaş-yavaş vahiməyə bənzəyən bir hisslə əvəz olunurdu.
Tahir bu aləmin gözəlliyini başqasına da sevdirmək üçün sadə, tez-tez işlənən, adi sözlərin kafi olmadığını yalnız indi başa düşdü və ürəyində yenə Cəmilə haqq verdi: “Bakını özün görməsən, deyilənlər həmişə azlıq eləyəcək”.
2
Cəmil kəndə məzuniyyətə gedəndə, ata-anası ilə görüşəndən sonra, hamıdan əvvəl Tahiri xatırladı: bir yerdə oxuyub, bir yerdə boya-başa çatmışdılar.
Tahirin anası Gülsənəm arvad onu birmərtəbəli daş evin eyvanında qarşıladı.
– Xoş gəlmisən, ağrın alım, həmişə sən gələsən!
Gülsənəm arvad Cəmilin boyuna-buxununa tamaşa edəndə, onun bir ildə azı bir daban uzandığını görüb sevindi. – Deyəsən Bakı sənə düşüb, qadan ürəyimə... – dedi.
Əlini çənəsinə dayamış Gülsənəm arvad, başını azacıq yana sarı əyib heyran-heyran baxırdı. Cəmil gülümsəyən gözlərini Tahirin anasından çəkmir, bir illik ayrılıqdan sonra yenə həmin tanış evin qabağında dostunun anasilə görüşdüyünə sevinirdi.
Bu sevinc Gülsənəm arvadın da üzündən aydın oxunurdu. O da kirpiklərini qırpmadan Cəmilə baxırdı. Elə bil onun doğma balası uzaq səfərdən qayıtmışdı. Cəmilin döşündəki bəzəkli qalstuk, alma kimi yumru yanaqlarına və qabarıq kimi görünən enli sinəsinə çox yaraşırdı. Qara cızıqlı ağ köynəyinin ətəyini təzəcə ütülənmiş açıq balaqlı tünd mavi şalvarına salıb, üstündən ensiz, sarı kəmər bağlamışdı. Hələ keçən iləcən üzünə ülgüc dəyməmiş Cəmil, indi saqqalını tərtəmiz qırxdırıb, qara, nazik bığının üstünü azacıq aldırmışdı. Xırdaca qara gözləri yenə gülümsər kimi baxırdı.
– Tahir haradadır, xala? – deyə o, Gülsənəmin əlini sıxdı. Arvadın irəli yönəldiyini görüb, üzündən öpmək istədiyini hiss edəndə, yanağını onun dodaqlarına yaxınlaşdırdı. Gülsənəm arvad onun boynunu qolları arasına alıb, sol yanağından öpdü və qıvrım saçlarını sığalladı:
– Boyuna xala qurban, oğul, – dedi. – Tahir alatorandan gedəndir. Bilmirəm bu vaxtacan harada qalıb? Təzə həvəsə düşüb, ovçuluq eləyir.
– Nə ovu, xala?
– Nə bilim, vallah, gah ördək vurur, gah da turacdan, qırqovuldan gətirir.
Cəmil Gülsənəmin qolları arasından çıxandan sonra belə gözlərini ondan çəkmədi, yanağına dəyən istinin süd iyinə bənzəyən rayihəsini duya-duya, Bakıdan kəndə gəlincəyədək könlündən keçən fikri açıb söylədi.
– Gəlmişəm onu da özümlə bərabər aparam, xala.
Müsbət cavab ala biləcəyinə o qədər də ümid etməyən Cəmil, bu sözləri sual tərzində dediyi kimi, Tahirin anası da ona qeyri-müəyyən cavab verdi:
– Nə olar ki? – deyib, kirpiklərini aşağı saldı. – Görünür zəmanə belədir. Cavanlar indi Bakıya yol eləyiblər. Dünən Tahir özü də başlamışdı ki, yoldaşlarım gedib mədənlərdə işləyir, qəhrəman olurlar. Elə hey qəzeti oxuyub dumuxa gedirdi.
– Özü gec gələr? – Cəmil dağın döşündən dərəyə enən əyri-üyrüm araba yoluna baxdı.
Uzaqlarda ağ tüstü buraxa-buraxa sürünən dəmiryolu qatarı görünür, arabir də onun zəif eşidilən fit səsi gəlirdi. Dəmiryolundan o yana, bozumtul və ucsuz-bucaqsız düzənlikdə ləkə kimi görünən qamışlıqlar arasında balaca gölməçələr ağarışırdı. Cəmil əlilə onları nişan verib dedi:
– Yəqin oradadır, hə? Axı bu zaman qaz-ördək olmaz ki... Piyada gedib, atlı?
– Atlı gedib... Uzun ip də apardı. Heç bilmirəm onu neyləyirdi? Ha soruşdum, demədi. Bilmirsən necə tərsdir? – Gülsənəm arvad əlilə evi göstərdi. – Gəl, oturgunan ağrın alım, niyə burada durmusan? Hara getsə, axırda gəlib bura çıxacaq.
Cəmil, Tahirin uzun ipi nə üçün apardığı ilə maraqlanıb, yenə düzəngaha baxdı.
– Bəlkə ceyran ovlayır, xala? – dedi.
Bu anda dərədən qalxan bir atlını görüb, sağ əlini açıq havada alnına dayadı və balaca gözlərini büzüşdürüb, bir neçə an hərəkətsiz dayanaraq, ona səbirsiz bir nəzər saldı: – Deyəsən qucağında nə isə gətirir.
Cəmil Tahiri tanıdı və onun məharətinə qibtə ilə baxıb, xəfifcə bir tərzdə gülümsədi:
– Odur, xala. Ceyran vurub, – dedi.
Gülsənəm arvadın sifəti tünd bir qızartı ilə örtüldü.
– Ondan nə desən çıxar. Axırda bizi cərimələdəcək.
– Bilmir ki, ceyran ovu qadağandır? – deyə Cəmil də həyəcanlandı. – Qoy gəlsin, bəlkə vurduğu ceyran deyil? – Atlı yaxınlaşdıqca, onun qucağındakı heyvan da aydın görünməyə başladı. – Yox, ceyrandır, xala!
– Oğul mənimdir, mən bilirəm, Allahına bəndəlik eləmir.
Kəhər at yoxuşu dırmanıb, kəndin ortasından keçən düz yola çıxanda, aşağı məhəllənin itləri hürüşüb Tahirin üstünə tökülüşdülər.
– O, qucağındakı ceyranı tez çiyninə alıb, ayaqlarını yəhərin üstünə qaldırdı və dümdüz dayanıb, atını yortma yerişlə sürməyə başladı.
– Bir bax, bir bax, gör neyləyir? – deyə Gülsənəm arvad qorxudan qızdırmalı kimi uçundu. – Ayağı sürüşüb yıxılsa, itlər gövdəsində sağ yer qoymaz.
Kəhər at dörd nala çaparaq, itləri geridə qoyub gözdən itdi.
– Tahirdən əsil süvari çıxar, xala... – deyə Cəmil dostunun bu hərəkətini iftixarla təriflədi. – Görünür vurduğu bala ceyrandır, yoxsa atın üstündə elə dayana bilməzdi.
– Eh, sən bilmirsən o nə oyunlardan çıxır. Vallah, onu da özünnən aparsan, bir yolluq bilərəm ki, canı-başı salamatdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Mən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danışmıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum: həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasitə axtarıb tapmaq! Tədqiqat institutumuzun görkəmli alimləri mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə dönə-dönə deyirdi: “Əgər təcrübən müvəffəqiyyətlə nəticələnsə, bunun gözəl praktik əhəmiyyəti olacaq”.Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir verməliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözürdüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdhət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəbər-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüşdü. Amma biz dərdimizi ürəyimizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözləyirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulurduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən küncdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırdıq.
İmtahan günləri başlanır...Partbiletimi aldıqları zaman necə hönkürüb ağladığımı gizlətmək istəmirəm. Partiya sıralarından kənarda qaldığım on il müddətində bir dəqiqə, bəlkə də bir an mən özümü ondan ayrı təsəvvür eləməmişəm. Mən özüm istəsəm də, bunu bacarmazdım. Məni ona bağlayan mənəvi telləri qırmağa heç bir qərarın gücü çatmazdı...Direktorumuz bu günün işini sabaha qoyan adamlardan deyildi. O, məni işdən çıxarmaqla qalmadı, mənzilimizi də boşaltmağa əmr elədi. Biz, vaxtı ilə, hələ Müdhətlə evlənməmişdən qayınanamın, Müdhətin və qaynım Faiqin yaşadığı zirzəmiyə köçdük. Bu rütubətli zirzəmidə yeraltı suların qarşısını almaq üçün vasitə arayıb-tapmaq arzusu məndə daha çox güclənməyə başladı...
AyrılıqXəfif və bürkülü bir dumana bürünmüş Bakı da, sakit-sakit ləpələnən mavi Xəzər də heç vaxt mənim üçün bu qədər əziz olmamışdı. Gəmi sahildən uzaqlaşdıqca, mən doğma şəhərimi necə sonsuz bir məhəbbətlə sevdiyimi həqiqi mənada elə bil yalnız indi dərk eləməyə başlayırdım. Ondan ayrılıb getdiyimə bir növ inanmırdım. Mən bir daha buraya qayıdıb-qayıtmayacağımı bilmirdim. Qalın kül altında qalmış gözləri qəfildən əsən külək necə üzə çıxarırsa, gözlənilməz ayrılıq da insanın ürəyinin hansı guşəsində isə gizlənmiş məhəbbəti o cür üzə çıxardır.Mən gəminin göyərtəsində sıxlaşmış adamların arasında dəmir məhəccərə söykənib şəhərə baxırdım. Yarımdairə halında boyunbağı kimi sahili çevrələmiş və göz işlədikcə uzanıb gedən Bakının əzəmətini sanki yalnız indi duyurdum. Mən bu şəhərdə doğulmuşdum. Atam-anam da buralı idi. Mən onların yeganə övladı idim. Gəmi sürətini artırıb sahildən uzaqlaşdıqca, həyatımın səhifələri gözlərim qarşısında ağır-ağır vərəqlənirdi. Atam bütün ömrü boyu neft mədənlərində işləmişdi. Adicə fəhlə idi. Özü savadsız olsa da, məni oxudub boya-başa çatdırmaq üçün hər əziyyətə qatlaşmışdı. Gözlərimi dünyaya açandan sonra özümü də, ata-anamı da şəhərin dağlı məhəlləsindəki birmərtəbəli, alçaq və təkpəncərəli daxmada görmüşdüm. İndi mən istər-istəməz o məhəlləni, o daxmanı axtarırdım. Otuz üçüncü ilə kimi yaşadığımız bu qaranlıq daxma, əlbəttə, çoxdan sökülmüşdü. Əgər ona toxunmamış olsaydılar da, buradan, dörd-beş kilometrlik məsafədən onu görmək mümkün deyildi. Yeni, uca binalar içərisində təkəm-seyrək daxmalar, indi şəhərin gözəlliyinə xələl gətirən bozumtul-qara ləkələr kimi əriyib gedirdi. Ancaq mən öz daxmamızı elə bil indi də görürdüm, onu mən həyatımın son dəqiqələrində belə unuda bilməyəcəkdim, çünki mən divarlarımın dibi həmişə rütubətçəkən, taxta-şalbanlarını qurd yeyib deşik-deşik eləmiş bu qədim daxmada bütün ömrümün ən dərdsiz-qəmsiz illərini yaşamışdım. Bax, elə bu dəqiqə də, işdən yorğun-arğın qayıdıb döşəmədəki həsir üstündə uzanan atamı, onun cadar-cadar olmuş ayaqlarını yumaq üçün aftafa-ləyən gətirən anamı görürdüm. Özü də elə bil onların ölümündən on bir il keçməmişdi... Ah, ey mənim əziz qocalarım, yaxşı ki, siz Çəmbərəkəndin sarımtıl torpağı altında rahat yatırsınız, qızınızın bu acı sərgüzəştindən xəbər tutmursunuz... Əgər siz bu günəcən sağ qalsaydınız, hər vaxt xoşbəxtliyini arzuladığınız Səmirənin dərdi ikinizi də vərəmlədib öldürdü...
Çölün düzündəNağıllarda deyildiyi kimi, az getdik. Üz getdik, dərə-təpə düz getdik, ən axırda heç vaxt görmədiyimiz və bilmədiyimiz bir çölə gəlib çıxdıq. Adi səyahət olsaydı, xəritə götürərdim, hansı şəhərləri, hansı yaşayış məntəqələrini, hansı yollardan keçib getdiyimizi öyrənərdim, ancaq indi nə xəritəm vardı, nə də bizi ötürən adamlardan bunu soruşa bilirdim.Bizi Krasnovodskdan yük qatarına doldurmuşdular. Az qala sərnişinlər qarın-qarına oturmuşdular. Görünür, bizim bəxtimizdən havalar hələ o qədər də isti deyildi, buna baxmayaraq, bəzən bürküdən nəfəsi darıxanlar və ürəyi gedənlər də olurdu. Vaqonun qapısı ağzını kəsmiş gözətçi heç vaxt bizim yanımıza gəlmir, nəyə ehtiyacımız olduğunu soruşmurdu. İçəridə, ayaq tərəfdə qoyulmuş alümin bakı gündə bir dəfə su ilə dolduran bələdçidən başqa biz heç kəsi görmürdük. Yemək ehtiyatı çoxdan qurtarmış mənim kimi adamlar ona pul verib bir parça çörək, pendir, ya başqa bir şey aldırmaq istədikləri vaxt, o, boynumuza bir xeyli minnət qoyur, ancaq insafən həmişə mütləq bir şey tapıb gətirir, pulumuzun da xırdasını düppədüz özümüzə qaytarır, təklif elədiyimiz bəxşişi götürmürdü.
Poems by other poets
İtmişdi dili-qəmzədə viranələr içrə,Səd şukr ki, tapdım onu meyxanələr içrə.
A zalımMəgər məşuq aşiqin dərdindənHalı olmaz, xəbər bilməz, a zalım
ƏnvəriyyəMüsəlman qeyrətin çəkdin, gözətdin türkün namusun,Dağıtdın xavəri-islamdən küffar kabusun.
Ağ Aşıq Allahverdinin bacısı Ümmülbanu ilə deyişməsiÜMMÜLBANU:Can-ciyərim, getmə, aman günüdür,