Page 4 of 10 · 30%

– Bura bax, ayə, sən nə kinli adamsan? Tutaq ki, mən höcətəm, bəs sənə nə olub?

Bəzən bir-birilərini acı sözlərlə təhqir etsələr də, heç biri ürəkdən küsülü qalmağı bacarmırdı. Mədəndə işə girdikləri ilk həftədən bu balaca otaqda dərunı bir dostluq ittifaqı yaranmışdı. Həm Cəmil, həm də Səməndər öz-özlüyündə bunu etiraf etməsə də, bu səmimi dostluq hissləri gündən-günə artır, qüvvətlənir, ürəklərinin ən gizli guşəsində özünə daimi bir yuva tikir, ətə, qana hopurdu.

Səməndər Cəmilə nisbətən daha sadə və daha mehriban idi. O, yoldaşlarının heç birindən sirrini gizlətməzdi. Lakin Cəmilin, onlara məlum olmayan bir sirri vardı: keçən ilin payızından, dəniz buruqlarında tabelçi vəzifəsində çalışan Lətifəni sevirdi. Haradansa bunu Səməndər duymuşdu və bu xüsusda Cəmilə işarə belə vurmuşdu. Cəmil isə ona sərt cavab verməklə, bir də bu məsələdən danışmamağı ondan tələb etmişdi. O zamandan Cəmilin yanında Lətifənin adını dilinə gətirən olmamışdı.

Cəmil qəzetlərin son nömrələrindən bir neçəsinə göz gəzdirdisə də, trestlərinə dair heç bir şey tapa bilmədi. “Yəqin işlər, pis getmir” deyə düşünüb sevindi. Səməndərlə sözə gələrkən, həmişə bu nöqtədə məğlub olduğunu xatırladı. Əgər birdən trest kəsirdən çıxmış olsa, bundan sonra Səməndər nədir, heç kim onun qabağında dura bilməyəcəkdi.

Cəmil bunu fikirləşməkdə ikən Səməndərlə yoldaşı Biləndər, sarı haşiyəli kətan dəsmallarla əl-üzlərini silə-silə, yavaşca və səssiz addımlarla, ayaqlarının ucunda yeriyərək içəri girdilər. Cəmil gülə-gülə onları salamladı:

– Ay allah, xoş gördük! Qarın, nə var, nə yox?

Səməndərdən cavab almamış, o biri yoldaşlarının da kefini soruşdu:

– Necəsən, Biləndər? Aşna, kənddə lap ürəyim darıxırdı. Buralarda nə var, nə yox?

– Hələ bir de görüm, heybədəki nədir? – deyə Səməndər dəsmalını qatlayıb çarpayısının başından asdı. – Qorxuram, kənddən də yemək əvəzinə kitab gətirmiş olasan...

Cəmil, Səməndərin heybəni əlləşdirib, içinə diqqətlə baxdığına əmin olduğu üçün, onun üzünə sual dolu, çəpəki bir nəzər saldı:

– Guya açıb baxmamısan?

– Yox, sən öl, yox!

– İnanan daşa dönsün.

– Sənindir?

– Yox, Tahirindir.

Səməndər, ucları bir azacıq qıyıq gözlərini Tahirə zillədi.

– Tahir budur? Onu da mədənə gətirmisən? Bəs sazı hanı? Sən ki deyirdin, o aşıqdır?!

– Gətirmədi, Bakı döşünə yatsa, sifariş eləyib gətirdəcək.

Onlar əvvəlcə yavaşcadan, pıçıltı ilə danışdıqları halda, bir az keçəndən sonra özləri də fərqinə varmadan səslərini ucaltdılar. Otağı səs-küy basdı. Söhbət müxtəlif səmtlərə baş alıb getsə də, Səməndər yenə heybə və əl çamadanındakı yemək şeylərindən təkrar söz açdı, qarnını sığallaya-sığallaya gülümsəyib, mənalı bir tərzdə Biləndərə göz vurdu. Cəld yerindən qalxıb paltarını geyən Cəmil, çamadanından üstü naxışlı yağlı çörəyi və soyutma ət parçalarını bir-bir çıxarıb, ortadakı dördkünc və balaca stolun üstünə sərəndə Səməndərin gözlərinə işıq gəldi. O, ətdən və çörəkdən iştaha ilə yeyə-yeyə otaqda var-gəl eləyir, dabanı nallı zorba çəkməsilə çoxdan rəngi getmiş döşəməni taqqıldadırdı (deyəsən döşəmədəki kələ-kötürə də səbəb onun nallı çəkmələri idi).

– Əyə, səndən başqa da yeyən olacaq, bir az qənaət elə! – deyə Biləndər dilləndiyi zaman, Səməndər kefi-damağı kökəlmiş halda ucadan güldü.

Onun səsinə yuxudan oyanan Tahir, səksənmiş kimi, bir an donuxub baxdı və tez özünü toplayıb harada olduğunu xatırlayanda qımışdı. Onun sıx, inci dişləri göründü.

– Xalaoğlu, məni bağışla, deyəsən səni yuxudan kal oyatdım.

– Səməndər Tahirdən üzr istəyib, sadəlövh bir səmimiyyətlə qıyıq gözlərini ona dikərək baxdı və bir neçə anlıq sükutdan sonra əlavə etdi:

– Bakının hər şeyinə varam, amma, doğrusu, nənəmin yağlı bozartmalarından tapa bilmirəm ki, bilmirəm.

Cəmil, yoldaşının belə şirin-şirin yeməyindən ləzzət alırmış kimi, geniş açılmış gözlərilə ona bir xeyli baxıb soruşdu:

– İndi də doymadın?

Səməndər narazı halda Cəmilə nəzər saldı, başını ağır-ağır yırğalayıb cavab verdi:

– Bax, bu olmadı, balam.

Cəmil onun sifətində elə bil bu sözləri oxudu: De ki, bunların hamısını çamadandan təkcə sənin üçün, məhz sənin üçün çıxarmışam.

Cəmil onun könlünə dəymədi:

– Hamısı sənindir. Ancaq inanmıram yeyib qurtara biləsən, – dedi.

Səməndər özünü unudub birdən-birə uşaq kimi sevindi və sağ əlini açıq halda irəli uzatdı:

– Nədən mərc gələk?

– Əgər bunların hamısını yeyə bilməsən, gərək “Qurbanəli bəyi” oxuyub, məzmununu mənə danışasan. Razısan?

Cəmil də öz şərtindən razı qalaraq şəstlə əlini irəli uzatdı. Səməndərin ətli və yumşaq ovcuna çırpdı.

Səməndərə dair Cəmildən çox söz eşitmiş Tahir isə qollarını boynunun ardında çarpazlayaraq, dodaqları bir-birindən azacıq aralanmış halda, kirpiklərini qırpmadan onlara baxır, öz-özünə deyirdi: “Yeyəcək, o bu kitabı oxuyub özünə zəhmət verər?

İndi hamının gözü Səməndərdə idi. Cəmillə Biləndər hələ qəti bir fikrə gəlməmişdilər, amma Tahir nədənsə onun mərci udacağına inanırdı: “Əlbəttə yeyəcək”.

O, bu fikirlə də çarpayıdan ayaqlarını salladı, paltarını geyindi, dünən gecə vaqonda Cəmilin əlindən yerə düşüb qırılan darağın parçası ilə uzun və sərt saçlarını geriyə daradı.

İndi cavanlar maraq və intizarla Səməndərə baxıb dinmirdilər. Bir azdan sonra Cəmil qayğıkeş və ciddi bir ifadə ilə əlini Səməndərin çiyninə qoydu:

– Aşna, mərci udmağın cəhənnəm, qorxuram kəkliyin aza, axırda da günah mənim boynumda qala.

Səməndər də, elə bu sözləri gözləyirmiş kimi, sevinə-sevinə:

– Bura bax, Cəmil, – dedi, – yalnız indicə fikirləşdiyi sülh maddəsinin təsirini artırmaq və Cəmilin ürəyini yumşaltmaq üçün dişlərini ağarda-ağarda səssizcə güldü: – mərc gələndə bu şərti kəsməmişdik, de görüm su içmək olar, ya yox?

Tahir əllərini havada oynadaraq rədd işarəsi verdi və çox yeməyə suyun mane olmadığından ziyadə, Səməndərin mərci uduza biləcəyi ehtimalı ilə razılaşa bilmədi:

– İçmə, içmə! – deyə yerindən qışqırdı:

Cəmil, Tahirin tamam əksinə, bu yolla mərci uduza biləcəyindən qorxuya düşüb etiraz etdi:

– Yox, yox razı deyiləm!

– Aşna, deyəsən daha boğazımdan ötmür... – deyə Səməndər yenə duruxdu, təngnəfəs halda gözlərini Cəmilə zilləyib boynunu azacıq yana sarı əyərək, ondan mərhəmət diləyən bir ifadə ilə baxdı.

– Vallah, mənim adım çıxıb. Yaxşı deyiblər ki, çaqqal var gödən dağıdır, qurdun adı bədnamdır. Vallah, mənim köklüyüm çox yeməkdən deyil. Axı, mən hansınızdan çox yeyirəm? Ona görə belə kökəlmişəm ki, ürəyim tərtəmizdir.

Cəmil, artıq qalib gəldiyinə zərrə qədər də şübhə etmədən, cəld bir hərəkətlə çarpayısının başından üz dəsmalını götürüb kəmər kimi belinə bağladı, yaşıl rəngli sabunqabını, sərt tüklü diş şotkasını və dördkünc diş paraşoku qutusunu götürüb otaqdan çıxdı.

O geri qayıdar kimi Səməndərdən tez-tələsik soruşdu:

– Hə, nə oldu?

Səməndər kəsik-kəsik nəfəs ala-ala əllərini yuxarı qaldırdı:

– Qardaş, mən təslim! – dedi.

Hamı gülüşdü. Cəmil əlini Səməndərin çiyninə qoyub dedi:

– Günah səndə deyil. Ət də, çörək də çox yağlı idi.

Otağa sükut çökdü. Lakin üzlərdəki təbəssüm xeyli müddət silinib getmədi. Tahir gözlərini Səməndərdən çəkmir, onun rəhmdil, ürəyi saf bir cavan olduğunu hiss edib, könlündə ona isinişməyə başlayırdı. Tahir elə uşaqlıqdan bu cür oğlanlarla dost olmağı arzulayırdı. Onun fikrincə Səməndər kimi cavanlar həmişə başqasının xoşbəxtliyini istər, qəlbində kin saxlamağı bacarmaz, yeri düşəndə əlindən gələn yaxşılığı da əsirgəməzdi.

Tahir bu barədə fikirləşirdi ki, Cəmil Səməndərdən aralandı, dəsmalını çarpayısının başından asanda bir az əvvəl baxdığı qəzetlərə gözü sataşdı. O, birdən hər şeyi unudub trestlərini xatırladı, Səməndərə üz tutdu:

– Hə, bir danış görək buralarda nə var, nə yox? Usta Ramazanı görməmisən? Trestdə işlər necə gedir? Daha qəzetlərdə – bizi söymürlər?

Səməndər, söhbətin dəyişdiyinə sevinmiş kimi o dəqiqə cavab verdi:

– Trestimizə təzə müdir yollayıblar. Famili, gərək ki İsmayılzadədir. Deyəsən bərk başlayıb. Hamı tərifləyir, balam... Dünən axşam usta Ramazan bura gəlmişdi. Səni xəbər alırdı. Dedim: “Bu gündə-sabahda qayıdar”: Qiyamət kişidir, balam...

Qoca buruq ustası Ramazanın adı çəkiləndə, Cəmil ən çox sevdiyi bir adama dair şad xəbər dinləyən kimi oldu və onun gözlərində sevinc qığılcımı parıldadı.

Usta Ramazan Bakı mədənlərində çoxdan bəri tanınmış bir adam idi. Abşeron yarımadasında onun ayağı dəyməmiş bir yer göstərmək çətin idi. Nisbətən az təcrübəli buruq ustalarının işi çətinə düşəndə, onun yanına məsləhətə gəlirdilər. O, torpağın sirrini öz ürəyinin sirri kimi bilirdi. Heç bir təhsili yox idi, amma uzun illərin təcrübəsi sayəsində Suraxanı neft təbəqəsini Ramanı təbəqəsindən gözüyumulu fərqləndirə bilərdi. Onun barəsində qəribə bir əfsanə uydurmuşdular: guya ağır bir xəstəlikdən ölüm yatağına düşəndə yoldaşlarından xahiş edir ki, harada neft tapılmırsa, onu mütləq orada basdırsınlar. Xəbər alırlar: “Niyə?”, cavab verir ki, “Mənim ayağım dəyən yerə o dəqiqə neft axıb gəlir”. Həmin əfsanəni Ramazanın özünə söylədikləri zaman o gülə-gülə demişdi: “Bunun harası yalandır? Mən hələ su vuran quyu qazmamışam”. Doğrudan da o, buruq ustası olandan bəri qazdığı quyulardan heç birinin boşa çıxdığını görməmişdi. O, yalnız usta kimi deyil, həm də köhnə inqilabçı kimi məşhur idi. O, Stalinlə bir yerdə işləmiş, dəfələrlə həbsə düşüb-çıxmışdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İlk zərbə

Mən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danışmıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum: həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasitə axtarıb tapmaq! Tədqiqat institutumuzun görkəmli alimləri mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə dönə-dönə deyirdi: “Əgər təcrübən müvəffəqiyyətlə nəticələnsə, bunun gözəl praktik əhəmiyyəti olacaq”.Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir verməliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözürdüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdhət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəbər-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüşdü. Amma biz dərdimizi ürəyimizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözləyirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulurduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən küncdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırdıq.

27 min
İmtahan günləri başlanır...

Partbiletimi aldıqları zaman necə hönkürüb ağladığımı gizlətmək istəmirəm. Partiya sıralarından kənarda qaldığım on il müddətində bir dəqiqə, bəlkə də bir an mən özümü ondan ayrı təsəvvür eləməmişəm. Mən özüm istəsəm də, bunu bacarmazdım. Məni ona bağlayan mənəvi telləri qırmağa heç bir qərarın gücü çatmazdı...Direktorumuz bu günün işini sabaha qoyan adamlardan deyildi. O, məni işdən çıxarmaqla qalmadı, mənzilimizi də boşaltmağa əmr elədi. Biz, vaxtı ilə, hələ Müdhətlə evlənməmişdən qayınanamın, Müdhətin və qaynım Faiqin yaşadığı zirzəmiyə köçdük. Bu rütubətli zirzəmidə yeraltı suların qarşısını almaq üçün vasitə arayıb-tapmaq arzusu məndə daha çox güclənməyə başladı...

1 h 25 min
Ayrılıq

Xəfif və bürkülü bir dumana bürünmüş Bakı da, sakit-sakit ləpələnən mavi Xəzər də heç vaxt mənim üçün bu qədər əziz olmamışdı. Gəmi sahildən uzaqlaşdıqca, mən doğma şəhərimi necə sonsuz bir məhəbbətlə sevdiyimi həqiqi mənada elə bil yalnız indi dərk eləməyə başlayırdım. Ondan ayrılıb getdiyimə bir növ inanmırdım. Mən bir daha buraya qayıdıb-qayıtmayacağımı bilmirdim. Qalın kül altında qalmış gözləri qəfildən əsən külək necə üzə çıxarırsa, gözlənilməz ayrılıq da insanın ürəyinin hansı guşəsində isə gizlənmiş məhəbbəti o cür üzə çıxardır.Mən gəminin göyərtəsində sıxlaşmış adamların arasında dəmir məhəccərə söykənib şəhərə baxırdım. Yarımdairə halında boyunbağı kimi sahili çevrələmiş və göz işlədikcə uzanıb gedən Bakının əzəmətini sanki yalnız indi duyurdum. Mən bu şəhərdə doğulmuşdum. Atam-anam da buralı idi. Mən onların yeganə övladı idim. Gəmi sürətini artırıb sahildən uzaqlaşdıqca, həyatımın səhifələri gözlərim qarşısında ağır-ağır vərəqlənirdi. Atam bütün ömrü boyu neft mədənlərində işləmişdi. Adicə fəhlə idi. Özü savadsız olsa da, məni oxudub boya-başa çatdırmaq üçün hər əziyyətə qatlaşmışdı. Gözlərimi dünyaya açandan sonra özümü də, ata-anamı da şəhərin dağlı məhəlləsindəki birmərtəbəli, alçaq və təkpəncərəli daxmada görmüşdüm. İndi mən istər-istəməz o məhəlləni, o daxmanı axtarırdım. Otuz üçüncü ilə kimi yaşadığımız bu qaranlıq daxma, əlbəttə, çoxdan sökülmüşdü. Əgər ona toxunmamış olsaydılar da, buradan, dörd-beş kilometrlik məsafədən onu görmək mümkün deyildi. Yeni, uca binalar içərisində təkəm-seyrək daxmalar, indi şəhərin gözəlliyinə xələl gətirən bozumtul-qara ləkələr kimi əriyib gedirdi. Ancaq mən öz daxmamızı elə bil indi də görürdüm, onu mən həyatımın son dəqiqələrində belə unuda bilməyəcəkdim, çünki mən divarlarımın dibi həmişə rütubətçəkən, taxta-şalbanlarını qurd yeyib deşik-deşik eləmiş bu qədim daxmada bütün ömrümün ən dərdsiz-qəmsiz illərini yaşamışdım. Bax, elə bu dəqiqə də, işdən yorğun-arğın qayıdıb döşəmədəki həsir üstündə uzanan atamı, onun cadar-cadar olmuş ayaqlarını yumaq üçün aftafa-ləyən gətirən anamı görürdüm. Özü də elə bil onların ölümündən on bir il keçməmişdi... Ah, ey mənim əziz qocalarım, yaxşı ki, siz Çəmbərəkəndin sarımtıl torpağı altında rahat yatırsınız, qızınızın bu acı sərgüzəştindən xəbər tutmursunuz... Əgər siz bu günəcən sağ qalsaydınız, hər vaxt xoşbəxtliyini arzuladığınız Səmirənin dərdi ikinizi də vərəmlədib öldürdü...

22 min
Çölün düzündə

Nağıllarda deyildiyi kimi, az getdik. Üz getdik, dərə-təpə düz getdik, ən axırda heç vaxt görmədiyimiz və bilmədiyimiz bir çölə gəlib çıxdıq. Adi səyahət olsaydı, xəritə götürərdim, hansı şəhərləri, hansı yaşayış məntəqələrini, hansı yollardan keçib getdiyimizi öyrənərdim, ancaq indi nə xəritəm vardı, nə də bizi ötürən adamlardan bunu soruşa bilirdim.Bizi Krasnovodskdan yük qatarına doldurmuşdular. Az qala sərnişinlər qarın-qarına oturmuşdular. Görünür, bizim bəxtimizdən havalar hələ o qədər də isti deyildi, buna baxmayaraq, bəzən bürküdən nəfəsi darıxanlar və ürəyi gedənlər də olurdu. Vaqonun qapısı ağzını kəsmiş gözətçi heç vaxt bizim yanımıza gəlmir, nəyə ehtiyacımız olduğunu soruşmurdu. İçəridə, ayaq tərəfdə qoyulmuş alümin bakı gündə bir dəfə su ilə dolduran bələdçidən başqa biz heç kəsi görmürdük. Yemək ehtiyatı çoxdan qurtarmış mənim kimi adamlar ona pul verib bir parça çörək, pendir, ya başqa bir şey aldırmaq istədikləri vaxt, o, boynumuza bir xeyli minnət qoyur, ancaq insafən həmişə mütləq bir şey tapıb gətirir, pulumuzun da xırdasını düppədüz özümüzə qaytarır, təklif elədiyimiz bəxşişi götürmürdü.

35 min

Poems by other poets