Dördüncü fəsil
Page 7 of 9 · 67%
Lalə tez-tez balkona çıxır, küçəyə baxırdı. Hər tərəf səssiz-səmirsizdi. Uzanıb gedən yoxuşlu küçənin sarımtıl işıqları, yavaşca-yavaşca göz qırpırdılar. Şəhərin gündüzlər və gecələr narahat döyünən qəlbi, indi elə bil hərəkətdən qalmışdı. Lakin Lalə həyəcanlı idi. Onun qəlbi şiddətlə döyünürdü. Trestdə hamının böyük ümid bəslədiyi yeni buruq onun hesabilə iki gündən sonra istismara verilməli idi. Əgər orada ciddi bir hadisə üz vermişdisə, bütün ümidlər alt-üst olacaqdı.
Lalənin tez-tez girib çıxmağından nə isə ciddi bir qəza baş verdiyini hiss edən Qüdrət:
– Hansı buruqdadır? – deyə soruşdu.
– Dördüncüdə...
Bu söz Qüdrəti də arvadı qədər həyəcanlandırmağa kifayət edərdi. Bütün ümidlərini övladlarından yalnız birinə bağlayan ata kimi, hər bir trest müdiri də adətən bir və ya iki quyunu o birilərindən daha çox sevir, ümumi istehsal azalanda yeni fantan hesabına kəsiri tez dolduracağına ümid bəsləyir. Lalə də dördüncü buruğu yaman günün ehtiyatı sayırdı:
Qüdrət otaqda var-gəl edərək yenə soruşdu:
– Bəs demədilərmi nə olub?
– Yox, demədilər. Mənə elə gəlir ki, avariya olmuşdur. Danışan Minayevdi. Əgər fəlakət olmasaydı, mənə heç vaxt zəng etməzdi...
Lalə yenə balkona çıxmaq və maşının gəlib-gəlmədiyini bilmək istəyirdi ki, bu anda küçədən siqnal səsi eşidib, arxaya baxmadan qapıya yönəldi və tez də eşiyə çıxıb maşına minərək yola düşdü.
O gedəndən sonra Qüdrət daha da narahat oldu. Çox zaman bir-birindən xəbərsiz, mədənlərindəki ağır hadisələrin qarşısını alan Lalə və Qüdrət, yalnız iş qurtarandan sonra bir-birinə əhvalatın təfərrüatını söylərdi. İndi isə onu intizar yorub gücdən salacaqdı. Çünki hər şey naməlum idi, kim bilir nələr olmuşdu və yaxud Lalə buruğa gedib çıxandan sonra nələr olacaqdı. Əgər Qüdrət özü yeni buruqlarda necə müdhiş hadisələr üz verdiyini təsəvvürünə gətirə bilməsəydi, yenə dərd yarı idi. Elə o özü, guruldayan qışqıran, yerin dərinliklərindən daş-kəsəyi göyə fırlayan və qabağına keçən hər şeyi məhv edən qaz fantanını görür, yerin dibində tüğyana gələn qaz və neftin yanar dağ dəhşətilə necə uğuldadığını eşidir və buruğun yanında qorxuya düşən insanların bərəlmiş kimi geniş açılan gözlərini xəyalına gətirdikcə, onun da tükləri ürpərirdi. Hələ yanğın olduğunu yəqin etmiş olsaydı, bu sakit otaqda Qüdrət bir an içində sarsılardı. Ən qaranlıq gecələrdə belə bir neçə kilometrlik məsafəni işıqlandıran, yalnız ümidləri deyil, orada öz səadətinin yandığını güman edib, qorxu bilmədən irəli atılan insanları və milyonlarca dövlət pulunu bir anda məhv edən yanğın, Qüdrətin də şəxsi səadətini əlindən ala bilərdi. Lalə, qadın olsa da lazım gələndə – özünü ölümün ağuşuna ata bilməzdimi?
Qüdrət yaxşı bilirdi ki, belə fəlakətli anlarda insan öz canından deyil, baş vermiş qəzanın ağır nəticələrindən daha çox qorxur. Lalənin məğrur bir qadın olduğunu, cəsarətdə heç bir kişidən geri qalmadığını, lakin bu xüsusda bir kəlmə də danışmağı sevmədiyini yaxşı bilən Qüdrət, onun göstərdiyi qəhrəmanlıqdan başqalarının vasitəsilə xəbər tutduğu üçün, Lalənin ən müdhiş təhlükəyə belə sinə gərdiyini həm iftixarla, həm də dəruni bir sarsıntı ilə xatırlardı. Görünür mədənlərdə baş verən qəzaların şahidi olmaq, bu barədə danışılan hekayələri dinləməkdən asan idi. Çünki hadisə olan vaxt çoxları özünə bu haqda heç bir haqq-hesab verməyə imkan tapmadığı halda, sakit oturub düşünəndə, istər-istəməz təhlükənin böyüklüyünü duyur, son nəticələrin ağırlığını hiss edirdi. “Birdən Lalə özünü irəli atıb ehtiyatsızlıq üzündən məhv olarsa?”
Bunu fikirləşən Qüdrət, nəfəsi daralmış halda balkona çıxdı. Mədənlərə sarı boylandı. Yox, heç nə görünmürdü. Azacıq təsəlli tapıb balkonda gəzinməyə başladı: “Bizim səadətimiz doğrudan da odlar, alovlar içində yaranır!” deyə düşündü və gündüzkü iclasda danışan Fikrəti xatırladı: “Yox, – deyə fikrən ona etiraz etdi, – hər bir iş sakit gedəndə, insan keyləşir. Belə yaxşıdır. Əlbəttə belə yaxşıdır!”
Bəs Lalə? Əgər ona bir şey olsa? – Qüdrət bu sualları tamam unutmaq istədi. Bir-iki saatdan sonra gülə-gülə qapıdan içəri girib: “qurtardı, hər şey öz yerindədir” deyəcək. Lalə onun könlündə daha böyük yer tutmuşdu. İndi Qüdrət mədənlər arasından şığıyıb gedən maşını görür, Lalənin yeni buruğa çatdığını, onun gəlişindən ruhlanan adamların üzündəki sevinc və ümid ifadələrini təsəvvürünə gətirirdi. Qüdrət özü də həyəcanlandığının fərqinə varmadan və nə etdiyini bilmədən yataq otağına keçib Şirmayıya yanaşdı. Gecələr yorğun olanda yerinə uzanıb kitab oxuyarkən, çarpayısının başı üzərində yandırdığı qara başlıqlı lampanın yalnız kiçik bir dairəyə düşən işığından qızını aydın görə bilməzdi. Şirmayıya baxıb gülümsədi. O, əlinin birini böyrünə, birini də başının altına qoyub mışıltı ilə yatırdı.
Qüdrət ona baxa-baxa Laləni də yadından çıxara bilmirdi.
Onun yola düşdüyü vaxtdan çox keçmişdisə də, Qüdrətə elə gəlirdi ki, Lalə artıq buruqdakı bədbəxt hadisənin qabağını almaq üçün təcili tədbir görmüş, indi hamı ona təşəkkür edir, belə bir çətin anda onun köməyinə gəldiyini görən üstü mazutlu fəhlələr, onun xətrini əvvəlkindən də çox istəməyə başlayırlar. Hər bir şeydən xəbərsiz olan Şirmayı isə bəzən dodaqlarını tərpədir, yuxuda nə isə görüb qayğısız və xəfifcə bir tərzdə gülümsəyirdi. Lakin Qüdrət birdən gözlərini məchul bir nöqtəyə zilləyib, Şirmayının başı üzərində hərəkətsiz qaldı. Əgər belə deyilsə? Məhv olub gedən sərvəti xilas etmək üçün Lalə özünü irəli atıb yaralanmışsa? Şikəst olmuşsa?
Şirmayı gülümsəyirdi, amma Qüdrətin geniş açılmış gözlərinə o deyil, Lalə görünürdü.
Qüdrət yemək otağına keçib işığı yandırdı. Telefona yanaşdı. Lalənin trestinə zəng etdi. Növbətçi qadın, mürgüdən hövlnak ayıldığını göstərən tutqun və kal bir səslə cavab verdi. Qüdrət ondan dördüncü buruğun vəziyyətini soruşdu. Hələ heç bir şey məlum deyil. Buruğun telefon xətti xarabdır. Yoxsa zəng edib soruşardı. Lakin yanğın olmamışdır. Deyirlər ki, yaralanan vardır. Növbətçi qadın da bunu hələ qəti deyə bilmir.
Telefonun dəstəyini yerinə qoyanda Qüdrətin ürəyi daş kimi ağırlaşdı. Öz trestinə zəng etdi. Növbətçi cavab vermir. Yox, bu yaramaz. O haradadır? – Deyəsən yatmışdır. Qudok səsləri aydın eşidilir. Növbətçi dəstəyi götürür.
– Danışan kimdir? Hansı Zonin? Alyoşa, yoxsa Volodya? Bura bax, Volodya maşın lazımdır. Mənim şoferimi axtar. Tapılmasa, yük maşınını göndərsinlər.
İsmayılzadənin trestində sakitlikdir. Volodya Qüdrətin nə üçün həyəcanlandığını soruşur. Onlar iki qardaşdır. İsmayılzadənin xətrini çox istəyirlər.
Hər ikisi trestdə çalışır. Qüdrət də onlardan razıdır.
– Lazımdır, Volodya, lazımdır! – deyə Qüdrət darıxmış kimi üz-gözünü turşutdu. – Əgər yük maşını da olmasa, gör nə edə bilərsən. Nə üçün gec cavab verirdin? Balkonda gəzinirdin? Eybi yoxdur, eybi yoxdur.
Qüdrət dəstəyi asdı. Bu anda qapı ağzında Tükəzban qarı göründü. O, səsə oyanıb oğlunun danışığını dinləyirmiş. Gecə yarıdan sonra Qüdrətin maşın istəməsi onu da həyəcanlandırmışdı.
– Nə olub, qadan ürəyimə?
Qüdrət, gəlib böyründə dayanan anasının nəfəsini duydu. Telefonda qəsdən yavaş danışdığına baxmayaraq, onu yenə də yuxudan oyatmışdı.
– Heç, ana... – deyə Qüdrət əlini onun çiyninə qoyub, azacıq özünə tərəf çəkdi, – get yat, ana can, vallah heç bir şey olmamışdır.
Qüdrət anasının yanında həmişə bu cür and içər ancaq heç bir yalan deməzdi. Bəs indi onu nə üçün aldadırdı?
– Bəs maşını neyləyirsən?
Divar saatı üçün yarısını vurdu. Tükəzban oğlunun yataq otağına baxdı:
– Lalə hanı?
İndi Qüdrət ondan heç bir şey gizlədə bilməzdi: ananın gözlərini aldatmaq, onun qəlbini aldatmaq qədər çətin idi. Bu anda telefonun zəngi yenə cingildədi. Qüdrət dəstəyi götürdü. Öz trestindən maşın göndərildiyini xəbər verirdilər.
– Kimdir, oğul? – deyə Tükəzban, qanı qaçmış dodaqlarını elə bil güclə tərpədərək, səbirsizliklə xəbər aldı.
Qüdrət düzünü dedi:
– Lalənin mədənində nə isə olmuşdur. Gərək mən də ora gedəm. Ancaq sən darıxma, ana. Bu saat qayıdarıq...
5
Dördüncü buruq şəhərin ucqar tərəfindəki böyük binalar altında qazılırdı. Bu evlər tikilən zaman geoloqlar burada neft olduğunu bilmirdilər. İndi isə, elmin qüdrətilə burada zəngin neft yataqları tapılmışdı. Evləri uçurub, onların yerində buruqlar qoymağı təklif edənlər də vardı. “Bizə neft lazımdır. Binaları başqa yerdə də tikmək olar” deyirdilər. Onlar neft haqqındakı amerikan aforizmini təkrar etməyi sevirdilər: “Əsrimiz neft əsridir. Onun istehsalını dayandırmağa çalışmaq, Niaqara şəlaləsinin qabağını saxlamaq kimidir”. Doğrudan da neft şəlaləsinin qabağını kəsmək mümkün deyildi. Bir də, neft, ölkənin qəlbinə axan təzə qan demək idi. Onun qabağını kəsmək olmazdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-dorduncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Düşərgəyə gəldiyimiz vaxtdan çox keçməmişdi, buna baxmayaraq, bir-birinə bənzəyən günlərin sayını-hesabını itirmişdim. Məzmunsuz və faydasız keçən günlər deyil, dəqiqələr belə bəzən insana əbədiyyət qədər qəmgin və intəhasız görünür. Son zamanlarda mən hər şeyə nə isə çox laqeyd və biganə baxırdım. Az qalırdı, hətta, qızlarımın da taleyini unudam. Fürsət düşdükcə Bakıya məktub yazıb evimizdən cavab almasaydım, doğrudan da onları yadımdan çıxara bilərdim. Düşərgə həyatı, xüsusən leytenantın ən cüzi bir şey üstündə hədsiz dərəcədə kobud rəftarı yalnız məndə deyil, çoxunda ümidsizlik, bəlkə də bədbinlik hissi oyatmışdı. Leytenant ən adi sözümüzə və hərəkətimizə irad tutur, qanunsuz olaraq çörək payımızı kəsir, bəzimizi günlərlə ac-susuz qoyub, həbsdə saxladırdı. Əlbəttə, bu hamının bildiyi həbsxana deyildi. Müqəssir saydığı adamları özünə ram etmək üçün leytenant Rudəki kolxozundan bir otaq alıb, pəncərəsinə dəmir barmaqlıq vurdurmuşdu. Bu otaağa düşənlərə çörək və su vermək leytenantın keyfindən asılı idi. Vaxtı ilə hansı səbəbdənsə həbsə düşmüş adamlar bu hərki-hərkiliyi gördükcə deyirdilər:– Orda heç olmasa intizam var. Məsələn, bilirsən ki, səhər tezdən həyətə çıxardıb, təmiz havada gəzdirəcəklər, saat səkkizdə, məsəl üçün, bir parça çörəyin, bir stəkan isti suyun var, saat üçdə pisdən-yaxşıdan nahar gətirəcəklər. Müəyyən vaxtlarda nəzarətçiyə pul verib, bazardan yemək şeyləri aldırmağa ixtiyarın var...
Ağır günlərin sonuMəni inşaat materialları institutunda öz işimə qaytarmışdılar. Burda rəfiqələrimin yalnız biri qalmışdı: Rima. Məlikə ilə Tura isə ali məktəblərdə dosent vəzifəsində çalışırdılar. Direktorumuz Səmədovu işdən çıxarıb, yerinə baş elmi işçi, dosent Mirzəliyevi qoymuşdular. O məni gülərüzlə qarşılayıb, qolumdan tutmuş və birbaş köhnə otağımıza gətirmişdi. O, hər gün olmasa da, iki-üç gündən bir məni yanına çağırtdırır, dissertasiyam üzərində çalışarkən necə çətinliyə rast gəldiyimlə maraqlanır:– Heç qəm yemə, qızım, – deyirdi, – geri qalmağında sən müqəssir deyilsən. Hamımız sənə kömək edəcəyik, amma sən utanma, nə lazım olsa gəl, mənə söylə.
Birinci fəsil1**Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.
İkinci fəsil1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.