Page 9 of 9 · 89%

– Ağlama! – dedi. – Onun döşündəki göy ləkələrə baxanda bildim ki, o, güllə qabağına da mərdliklə gedərdi.

6

Tükəzban qarının da, Şirmayının da üzü gülmürdü. Ailə üzərinə qəm-qüssə kölgəsi enmişdi. Piano həmişəki kimi ucadan səslənmir, evdən bir dəfə də olsun qəhqəhə yüksəlmirdi. Dərsdən qayıdan kimi adəti üzrə hər gün Laləyə zəng edən, ata-anasından plana dair söz soruşan Şirmayı, son vaxtlar telefona yaxın gəlmir, tez-tez köksünü ötürə-ötürə dərsini alayarımçıq hazırlayır, sonra gəlib nənəsinin dizləri üstünə başını qoyur, ondan təzə nağıl söyləməyi belə xahiş etmədən, paltarlı-paltarlı yuxuya gedirdi. Nənəsi, onu oyatmamaq üçün, yavaşcadan paltarını soyundurur, qollarının üstündə götürüb aparır, çarpayısına uzadırdı. Evdə qanad gərən bu kədəri yalnız ailə üzvləri deyil, qonum-qonşular belə hiss etmişdilər. Çünki Lalə səhər işə gedəndə, axşam evə qayıdanda küçə qapısında və pilləkəndə rast gəldiyi yaxın tanışlardan əvvəlki kimi hal-əhval bilmir, yalnız soyuq bir tərzdə salam verib, çox vaxt da başı sinəsinə enmiş halda keçib gedirdi. Onu bu qədər kədərləndirən yalnız dördüncü buruğun gözlənilən vaxtda hazır olmamağı deyildi (əlbəttə, bu da trest müdiri üçün, xüsusən adı daima yaxşılar sırasında çəkilən Lalə üçün az rüsvayçılıq sayılmırdı), ən çox, bəlkə də birinci növbədə Mehmanın ölümü idi. Lalə təbiətcə nərmənazik bir qadın olmasa da, o dəhşətli ölümü, ay işığında gördüyü o solğun simanı, Mehmanın döşündəki o göy ləkələri unutmur, unuda bilmirdi.

Qüdrət də onun kədərinin səbəbini yalnız bununla izah edirdi. O, Mehmanın ölümündən sonra Lalənin əhvalında çox ciddi bir dəyişiklik əmələ gəldiyini aydın gördüyü üçün, gec də olsa işdən üzülüşüb gəlir, hər gün evdə gecələyir, müxtəlif yollarla arvadına təsəlli verməyə çalışırdı. O, bəzən Laləni güldürməyə belə müvafiq olurdusa da, onun laübali bir tərzdə baxan gözlərindən heç bir vaxt kədər ifadəsi silinib getmirdi. O, çox az danışır, qayınanasının təkidilə, iştahsız halda xörəyini yeyəndə, çayını içəndə və bəzən də Qüdrətin kitablarından birini götürüb mütaliə etmək istəyəndə, onun baxışları həmişə qeyri-müəyyən bir nöqtəyə dikilib qalırdı. Lalə get-gedə zəifləyir, tez-tez gözləri qaralır, başı hərlənirdi. Bunun səbəbini gəlininin yorğunluğunda görən Tükəzban qarı, Laləni tez yatırmağa çalışır, amma o, hər an gəlib gözlərinin qabağında duran Mehmana baxa-baxa köksünü ötürür, solmuş yanaqlarından sakit-sakit göz yaşı axıdırdı: “Onun ölümü üçün heç kəs mənə ağır bir söz demir. Mən bilirəm ki, qadın olduğuma görə demirlər. Bu daha ağırdır”. Lalə Qüdrətin gəlişini gözləyir, yenə bir təsəlli eşitmək və ürəyinin ağrısını azaltmaq istəyir, amma yenə üzüntülü düşüncələrdən sonra narahat bir yuxuya gedirdi.

Qüdrət istirahət gününün səhərisi trestdə yeni təbəqələri işə salan briqadaları gəzdikdən sonra axşamüstü evə qayıdarkən, dəniz buruqlarından birində gözlənilən neft əvəzinə su gəldiyini eşidib, pərt halda ora getmişdi, trestin baş mühəndisilə bərabər su fantanının səbəbini öyrənib, yalnız gecə saat dörddə evinə dönə bilmişdi.

Bu zaman Lalə artıq qarışıq röyalar görə-görə, arabir də sayıqlayaraq yatırdı.

Dəniz buruğundan daha da qanı qara qayıtmış Qüdrət, Laləni yuxudan oyatmadı, çarpayısına uzanmamış qara papaqlı lampanı yandırdı, yeni gəlmiş məcmuələri gətirib balışının böyrünə qoydu. Lakin onun fikri yenə trestdə, su verən buruqda idi. Hələ bu gün səhərki telefon zəngi, “Azərneft” birliyindən deyilən “siz nə vaxta qədər geridə qalacaqsınız?” sözləri, indi də onun qulağında səslənirdi. Doğrudan da, Qüdrət trestə göndəriləndən bəri planın ödənilməsində elə gözə dəyən bir dəyişiklik olmamışdı. O, şəxsən öz ünvanına yağdırılan ittihamları rədd etməyə haqlı deyildi. O, bütün ümidlərini yalnız gələcəyə, hər gün sərf elədiyi əməyin səmərəsinə, gördüyü mühüm tədbirlərin nəticəsinə bağlamışdı. Bu səbəbdən də, bütün tənbihlərin ağırlığına dözməli, “doğrudur, siz haqlısınız, düzələr” deməli idi. Ancaq bunu deyəndən sonra da Qüdrətin ürəyindəki narahatlıq azalmırdı. Yenidən verdiyi vədlər onun üzərinə düşən ağır məsuliyyəti daha da çoxaltdığı üçün, mədənlərdə baş verən ən kiçik qəza belə Qüdrətin daxili iztirablarını birə on artırırdı.

Qüdrət ixtiyarsız olaraq Laləyə tərəf baxdı. Yalnız öz çarpayısının baş tərəfini işıqlandıran dairəvi lampa, arvadının üzünü aydın görməyə imkan vermirdi. Ancaq buna baxmayaraq, Lalənin gicgahına enmiş ağ tüklər gözünə dəydi: “Bu nə vaxt ağarıb?” deyə təəccüblə öz-özündən soruşdu. Lampanın başlığını üsulluca, bir az yuxarı qaldırdı. Daha da diqqətlə Laləyə nəzər saldı. Yox, gözləri onu aldatmamışdı. Lalənin yalnız gicgahında deyil, alnının lap yuxarısından sürüşüb tökülən seyrək saçları arasında da ağ tüklər görünürdü. Bəs Qüdrət bunları nə üçün dünən, ya da srağagün sezə bilməmişdi? “Fikirdəndir. Mehmanın ölümü onu hələ də düşündürür” deyə xəyalından keçirib dərindən köksünü ötürəndə, onun qaşları düyünləndi. Elə bu dəmdə ərinin nəfəsini duyan Lalə, oyanıb, gözlərini açdı və ilk sualı da bu oldu:

– Nə üçün qəmginsən, Qüdrət? Olmaya bir fəlakət üz verib?

Qüdrət gülümsədisə də, onun sifətindəki ən xırda cizgilərə də bələd olan Lalə, bu təbəssümə qarışmış xəfif kədəri elə yuxulu-yuxulu da sezə bildi.

Qüdrət:

– Yox, əzizim, – dedi, – heç bir şey olmayıb. Amma elə yorğunam ki...

Lalə tamam ayılıb ərinin üzünə zənnlə baxanda, yanılmadığını yəqin edib soruşdu:

– Nə üçün məndən gizlədirsən?

Bu dəfə Qüdrət kirpiklərini aşağı endirdi.

– Vallah, heç bir şey olmayıb... – dedi, – çox yorğunam. Sən ki bilirsən...

– Yorulmusan, yat. Məcmuələri bir tərəfə at getsin. Özünü nahaq bu qədər üzürsən.

Lalənin tez-tez qalxıb-enən sinəsini görəndə, ona elə gəldi ki, Qüdrətin nəyi isə ondan gizlətdiyini düşünüb arvadı daha da həyəcanlanır. Qadın ürəyini aldatmağın çətinliyini bir daha yəqin edən Qüdrət, Lalənin boynunu əlləri arasına aldı, həqiqəti açıb söylədi:

– Çox fikir eləmə, Lalə. Biz cəbhədəyik, burada həmişə ölüm-itim olacaq.

– Mən daha o barədə fikir eləmirəm, – deyə Lalə, elə bil öz-özünə təsəlli verən kimi, yavaşcadan və ərinə baxmadan dilləndi.

Qüdrət üzünü onun üzünə söykədi:

– Görürəm, görürəm, – dedi və sağ əlini Lalənin başı altına salıb, o biri əlilə tükləri ağarmış gicgahını sığalladı, – budur, bax, bu da fikirdəndir...

– O nədir ki?

– Ağ tükləri yalnız indi gördüm. Fikirdəndir.

– Bəs niyə köksünü ötürürdün?

– Elə bunun üçün. İndiyə qədər heç diqqət eləməmişdim.

Lalə də qüssəli-qüssəli köksünü ötürdü:

– Yəqin qocalıram, – deyib, qəmgin bir təbəssümlə gülümsündü.

Bu dəfə Qüdrətin səsi titrədi:

– Yox, əzizim... Elə bil sən mənim evimə dünən gəlmisən.

Lakin o, ailə həyatının şirinliyindən doymadığını sözlə arvadına bildirməyi artıq bilib susdu.

Lalə yuxulu gözlərini ərinə dikib bir neçə an hərəkətsiz qaldı:

– Təsəlli?..

– Yox, vallah, düz deyirəm. Hələ biz nə yaşamışıq ki?.. Qırx illik ömür nədir ki?

Lalə dinmədi. O, Qüdrətin həyatdan gözü doymamış, möhtəris bir insan olduğunu, bəzən hətta əziyyətin özündə də feyz axtarmağı bacardığını çox gözəl bilirdi.

Aralığa çökən sükut zamanı, yemək otağından uzun kəfkirli saat beşin yarısını vurdu. Nəhayət, Lalə:

– Doğrudan da mən çox fikir eləyirəm, – dedi.

– Axı nə üçün? Yoxsa məhkəməyə veriblər?

– Məni düşündürən məhkəmə deyil. İstintaq apardılar. Volkovu təqsirləndirirdilər. İndi əl çəkiblər. Onun nə günahı var ki? Dedim, əgər onu məhkəməyə cəlb eləsəniz, Moskvayacan varam. Axı Volkov Mehmanı öz doğma balası kimi istəyirdi. Əgər oğlanı təhlükəli yerə o göndərmiş olsaydı, yenə onu günahlandırmaq olardı. Oğlan özü gedib. Volkov qışqırıb, onu geri çağırıb, özü də bir dəfə yox, beş dəfə. Axı cavanlarımız belə tərbiyə alıb. Ölümünə razı olub, buruğu korlamağa qoymayıb. – Onun xatirəsini incitmək nə üçün?

Lalə susdu. Ağır-ağır nəfəs aldı.

– Bu gün Mehmanın anasıgilə getmişdim, – dedi, – yazıq arvad ağlayırdı. Amma gözündən bir damcı da yaş gəlmirdi. Mehman onun yeganə ümidi imiş. Özü tikiş fabrikində işləyir... Təsəvvür edirsənmi? Göz yaşı tamam qurumuşdu... Mən insanların iztirabına dözə bilmirəm, Qüdrət...

Lalənin gözləri dolmuşdu. Az qala bu saat yaş damcıları yumurlanıb solğun yanaqlarından üzü aşağı töküləcəkdi. Onun daxili bir gərginliklə iradəsini ələ almağa çalışdığı hiss olunurdu:

– Dözə bilmirəm... – dedi və özünü saxlaya bilməyib hönkürdü.

Qüdrət onun saçını sığalladı:

– Tədbir görməliyik, əzizim, – dedi, – qoy bu hadisə bizim üçün dərs olsun.

Sonra isə Qüdrət yerinə uzandı. Onun gözünə yuxu gedəndə, qarışıq röyalar görməyə başladı. Lalə düşünür, düşünür, Qüdrəti oyatmamağa çalışaraq, səssizcə ağlayırdı. Mehmanın anası onun xəyalından bir an belə silinib getmirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Axtaran tapar...

Düşərgəyə gəldiyimiz vaxtdan çox keçməmişdi, buna baxmayaraq, bir-birinə bənzəyən günlərin sayını-hesabını itirmişdim. Məzmunsuz və faydasız keçən günlər deyil, dəqiqələr belə bəzən insana əbədiyyət qədər qəmgin və intəhasız görünür. Son zamanlarda mən hər şeyə nə isə çox laqeyd və biganə baxırdım. Az qalırdı, hətta, qızlarımın da taleyini unudam. Fürsət düşdükcə Bakıya məktub yazıb evimizdən cavab almasaydım, doğrudan da onları yadımdan çıxara bilərdim. Düşərgə həyatı, xüsusən leytenantın ən cüzi bir şey üstündə hədsiz dərəcədə kobud rəftarı yalnız məndə deyil, çoxunda ümidsizlik, bəlkə də bədbinlik hissi oyatmışdı. Leytenant ən adi sözümüzə və hərəkətimizə irad tutur, qanunsuz olaraq çörək payımızı kəsir, bəzimizi günlərlə ac-susuz qoyub, həbsdə saxladırdı. Əlbəttə, bu hamının bildiyi həbsxana deyildi. Müqəssir saydığı adamları özünə ram etmək üçün leytenant Rudəki kolxozundan bir otaq alıb, pəncərəsinə dəmir barmaqlıq vurdurmuşdu. Bu otaağa düşənlərə çörək və su vermək leytenantın keyfindən asılı idi. Vaxtı ilə hansı səbəbdənsə həbsə düşmüş adamlar bu hərki-hərkiliyi gördükcə deyirdilər:– Orda heç olmasa intizam var. Məsələn, bilirsən ki, səhər tezdən həyətə çıxardıb, təmiz havada gəzdirəcəklər, saat səkkizdə, məsəl üçün, bir parça çörəyin, bir stəkan isti suyun var, saat üçdə pisdən-yaxşıdan nahar gətirəcəklər. Müəyyən vaxtlarda nəzarətçiyə pul verib, bazardan yemək şeyləri aldırmağa ixtiyarın var...

40 min
Ağır günlərin sonu

Məni inşaat materialları institutunda öz işimə qaytarmışdılar. Burda rəfiqələrimin yalnız biri qalmışdı: Rima. Məlikə ilə Tura isə ali məktəblərdə dosent vəzifəsində çalışırdılar. Direktorumuz Səmədovu işdən çıxarıb, yerinə baş elmi işçi, dosent Mirzəliyevi qoymuşdular. O məni gülərüzlə qarşılayıb, qolumdan tutmuş və birbaş köhnə otağımıza gətirmişdi. O, hər gün olmasa da, iki-üç gündən bir məni yanına çağırtdırır, dissertasiyam üzərində çalışarkən necə çətinliyə rast gəldiyimlə maraqlanır:– Heç qəm yemə, qızım, – deyirdi, – geri qalmağında sən müqəssir deyilsən. Hamımız sənə kömək edəcəyik, amma sən utanma, nə lazım olsa gəl, mənə söylə.

22 min
Birinci fəsil

1**Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.

1 h 10 min
İkinci fəsil

1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.

1 h 5 min

Poems by other poets