Page 7 of 10 · 60%

Son günlərdə Tahir ona tez-tez rast gəlirdi və hər dəfə də əvvəllər yaxşı görə bilmədiyi gözəl bir cəhətini kəşf edir, fikrində yanılmadığını görüb sevinirdi. Qızın yoldaşcasına dediyi sözləri Tahir son dərəcə xeyirxah bir məsləhət kimi dinləyir və çox tez ayrıldıqlarına təəssüflənirdi. Hər dəfə gəlib-gedəndə könlündən keçən “səni sevirəm” kəlmələrini deməyə fürsət axtarırdısa da, Lətifənin özündən utanıb dinmirdi. Saz çalıb oxumaqla ürəyini ona açmaq istədiyindən, qayığın buruğa yaxınlaşdığını görüb, səsini daha da ucaltdı və başını dik tutaraq, Lətifənin işlədiyi mədəni budkaya doğru baxdı:

Sallana-sallana gedən Salatın,
Ha yana gedirsən, qız qayıt indi.
Süsəndən, sünbüldən, tər bənövşədən
Dəstinlə qönçəni üz, qayıt indi...

O, sükut edəndə qayıqdakıların üz-gözünü təəssüf ifadəsi bürüdü. Tahir sazını torbaya saldı, iplə bağlaya-bağlaya qımışdı:

– Birinci nömrə qurtardı!.. – deyə ayağa qalxdı. Qayıq buruğa yan alan kimi hamıdan əvvəl düşdü.

Onun baxışlarında indi də sevimli yarını axtaran bir aşiq intizarı vardı. Lakin Lətifə görünmürdü. Tahir onun bu gün gəlmədiyini fikirləşəndə, qəlbi həyəcanla çırpındı. O, bir də mədəni budkaya doğru baxdı: “Bəlkə xəstələnib?” – deyə öz-özündən soruşdu.

Bu anda Tahir onun addım səslərini eşidib, sərt bir hərəkətlə sağ tərəfinə döndü.

Onlar bir an sükut edərək bir-birilərinin üzünə baxdılar. Tahir Lətifəyə nə isə demək istəyəndə, qayıqdan düşən fəhlələr gəlib onların yanından keçdilər. Hər ikisi dinməyib, fəhlələrin uzaqlaşmasını gözlədi.

Tahirin baxışlarından yenə də utancaqlıq sezilirdi. O ürəyindən keçəni deyə bilmirdi. Nəhayət Lətifənin xəfif və incə bir təbəssümlə güldüyünü görüb ürəklənən Tahir:

– Axşamın xeyir, Lətifə! – deyə onu salamladı və səsinin titrədiyini hiss edib udquna-udquna duruxdu.

Lətifə onun salamını aldı, nə üçün belə gec gəldiklərini soruşdu. Tahir, söhbət etmək üçün əlinə yaxşıca fürsət düşdüyünə sevindi:

– Qayığı gözləyirdik. Kapitan yenə də haradasa içməyə getmişdi.

Lakin bu söhbət Lətifə üçün də, Tahir üçün də maraqlı deyildi. Tahir onun tələsdiyini duyub soruşdu:

– Sən hara?

– Növbəm qurtardı, bizim mədəniyyət sarayına “Koroğlu” gəlir.

Tahirin dodağındakı təbəssüm silinib yox oldu və o, qaşqabağını sallayıb, gözlərini yerə dikdi. Lətifə də, dediyinə peşman olmuş kimi, söhbətin istiqamətini dəyişmək istəyərək, Tahirin qoltuğundakı sazı göstərib, yenə eyni yumşaq və mehriban səsilə soruşdu:

– Özüyündürmü?

– Anam kənddən yollayıb. Ürəyim darıxırdı.

Lətifə qaşlarını azacıq yuxarı qaldırıb təəccüblə soruşdu:

– Yəni çala bilirsən də? Bir az bundan qabaq oxuyan kim idi?

– Mən.

– Elə isə qiyamətdir ki...

Tahir, həyəcandan parıldayan gözlərini Lətifədən gizlətmək istəməyərək, başını bir azca da yuxarı qaldırdı, cəsarətlə onun üzünə baxdı:

– Ancaq bunun nə faydası? – dedi. Əgər utanmasaydı, “çalıb-oxumağımdan xoşun gəlirsə, bəs məni niyə sevmirsən?” deyərdi.

Lətifə gənc olsa da, Tahirin ürəyindən keçənləri duyurdu. O, dodağının altında gülümsünüb, başını azacıq yana sarı əydi.

– Düz demirəmmi, Lətifə?

Bu anda usta Ramazanın səsi eşidildi:

– Tahir! Hamı səni gözləyir, bala.

Tahir:

– Sağ ol, mən getdim, – dedi.

Onlar ayrıldılar. Tahir uzaqlaşdı. Cəmilə yanaşdı. Qürurdan çox sevinc ifadə edən bir səslə onun qulağına pıçıldadı:

– Gördün? Mənə vurulub...

Cəmil uzaqda olsa da, Tahirlə Lətifə arasındakı söhbətin məzmununu təxminən bilirdi. O bilirdi ki, hələ onların heç biri vurulacaq qədər bir-birinə yaxın deyil.

Tahir onun azca istehzalı bir ifadə ilə parıldayan baxışlarını duyub soruşdu:

– Görmədin? İnanmırsan?

– Lətifəni gördüm, ancaq sənə vurulduğunu görmədim, – Cəmil öz cavabından xoşlanıb mənalı-mənalı güldü. – Tələsmə, yavaş gedən çox gedər...

Tahir pərt halda ondan ayrılıb ustaya yaxınlaşdı:

– Mən gəldim usta! – dedi.

Usta Ramazan yoğun, çal qaşları altında sərt və incik baxan gözlərilə Tahirə baxdı. Tahir onun baxışlarındakı bu narazılığın Lətifə ilə özü arasında baş vermiş söhbətdən əmələ gəldiyini duydu.

Lakin usta bu xüsusda ona bir kəlmə belə demədi, ucadan hamıya müraciət elədi:

– Başladıq!

Bir an belə keçməmiş buruğun bütün mexanizmləri hərəkətə gəldi.

6

Gecə saat on birə yaxın qazıma borusunun yoxluğu üzündən buruqda işlər dayandı. Borular hələ dünən axşamdan gətirilməli idi. Ancaq indiyə kimi dəniz sahilində yatıb-qalmışdı. Usta Ramazan acığından ora-bura vurnuxaraq, təchizat işlərinə baxan Bədirlini qaba sözlərlə söyür, qazıma idarəsinə zəng edir, heç kimi tapa bilməyib, axırda Qüdrəti axtarmağa məcbur olur, onu kabinetində tapmadığı üçün daha da qanı qaralırdı. Ən axırda o “Çapayev” qayığın kapitanına zəng edib:

– Gəl, məni trestə apar! – dedi.

Qayıq gəldi və usta İsmayılzadəyə şikayətə getdi.

Bu zaman buruqlar arasından siyrilib çıxan ay buruğu işıqlandırdı. Ayın kəsik şüaları indi sakit-sakit ləpələnən dənizə əks etdikcə, dalğacıqlar gümüş pullar kimi parıldaşırdı.

Tahirlə Cəmil quyudan kənarda, işə yaramayan qazıma borularının üstündə oturdular və şəhərə doğru baxdılar. Bu gün Bakı elə bil həmişəkindən də gözəldi. Şəhərin belinə yarımqurşaq kimi dolanan minlərcə sahil işıqları yerə səpilmiş ulduzlar kimi sayrışırdı. Sanki bu işıqlar sulara tökülmüş və dənizin dibinə enmişdi.

Cəmil, yarımdairə halında uzanıb gedən sahili göstərib dedi:

– Bax, mən bu ulduzları deyirdim. Yaxşı bax!

Tahir heç bir söz demədi. Lətifədən ayrılandan sonra onun könlü açılmırdı. Cəmilin mənalı gülüşləri, usta Ramazanın sərt baxışları qəlbinə bərk toxunmuşdu. Lakin məhz bundan kədərləndiyini Cəmilin qarşısında etiraf etmək çətindi. Gözləri sahilə zillənmişdisə də, sayrışan elektrik işıqları əvəzinə hər yerdən Lətifə ona baxır, deyəsən o da Cəmilin kinayəsində həqiqət olduğunu təsdiq edərək, istehzalı bir təbəssümlə gülürdü.

– Hə, necədir? – deyə Cəmil əlini onun böyrünə toxundurduqda, Tahir fikrindən ayrıldı və incik halda başını bulayaraq Cəmilin üzünə baxdı.

– Nə olub sənə? Bəlkə dediklərim xətrinə dəyib, – deyə Cəmil təəccüblə soruşdu.

– Yox, əşi, sən mənə nə demisən ki?

– Bəs niyə mısmırığını sallamısan?

Tahir acığını unudub, gözlərini məchul bir nöqtəyə zillədi:

– Ürəyim darıxır, – dedi, – evdən ötrü burnumun ucu göynəyir.

Cəmil Tahirin zahirən çox sakit söylədiyi bu sözlərdəki əsəbi nidanı dərhal hiss etdisə də, onun ürəyinə yenidən toxunmamaq üçün səsinə mehriban və mülayim bir ifadə verdi.

– Axı, bu kənddə nə görmüsən?

– Hər şey... – Tahir əsəbi bir tərzdə onun sözünü kəsdi. – Nəyim çatışmırdı? Bir atım var idi ki, üstünə qalxanda ürəyim tel-tel olurdu. Bulaq başında səhənglərini dolduran qızların yanından səyirdib keçəndə, hamısı gözünü mənə zilləyib həsrətlə baxırdı...

Cəmil, onun xətrinə dəyməmək üçün sözlərini zarafat tərzində demək istədi:

– Balam, qızlarda, gəlinlərdə işim yox, amma kolxozun atını niyə öz adına çıxırsan?

Tahir dostunun sözlərinə etiraz edib, “kolxoz da elə mənim deyil?” demək istərkən, arxa tərəfdən addım səsləri gəldi. Onlar hər ikisi dönüb baxdı. Buruq ustası müavini Vasilyev, əlində Tahirin sazı onlara tərəf yeriyirdi.

Briqadanın üzvləri arasında Sergey Timofeyeviç Vasilyevin çox böyük hörməti vardı. O, yeddi-səkkiz ildi ki, usta Ramazanla birgə işləyirdi. Özü Bakıda doğulmuş, ta uşaqlıqdan azərbaycanlılarla qapı bir qonşu olmuşdu. Atası 1918-ci ildə alman-türk silahlıları ilə vuruşma zamanı fəhlə dəstəsinin komissarı sifətilə cəbhəyə getmiş və Bakının qəhrəman müdafiəsində əsil igid kimi döyüşüb həlak olmuşdu. Sergey Timofeyeviç özü hələ atası ölməmişdən fəhlə idi. Həmişə də azərbaycanlılarla durub-otururdu. Onun həyat tarixçəsində daima həzin kədərlə xatırladığı bir hadisə baş vermişdi: on altı-on yeddi yaşında ikən qonşularının qızı Fəridəyə vurulmuş və müsəlman qızını sevməyin nə dərəcədə qorxulu olduğunu dərk etməyə başlayandan sonra da bu məhəbbətini ürəyindən qoparıb ata bilməmişdi. Bunu etiraf eləməyə cəsarəti çatmasa da, hərəkətlərindən, baxışından Sergey bunu aydın hiss edirdi. Fəridə yaxşı bilirdi ki, bu əhvalatdan ata-anası xəbər tutsa, şəhərdə rüsvay olmamaq üçün, hər halda onu sağ qoymayacaqlar. Rusa ərə getmək zəmanənin adətinə, ənənəsinə müğayir bir işdi. Nəhayət Fəridə on səkkiz yaşına çatanda onu bir başqasına ərə verməli oldular. Qız nə qədər ah-vay qopartdısa da, özündən otuz yaş böyük dul bir kişinin varına, dövlətinə satılmaqdan yaxa qurtara bilmədi. Lakin bundan sonra da Sergeyin məhəbbəti sönmədi. O, fəhləliyə getdisə də, Fəridəni bir an belə yadından çıxarmadı. Hər axşam Fəridəgil yaşayan hündür binanın qabağında dayanır, xeyli müddət onların pəncərəsinə baxır, Fəridəni görə bilməyib, kədərli halda evə qayıdırdı. Günlərin birində Fəridə ərinin evindən ata-anasıgilə qonaq gəldi. Qızın vərəmli sifətinə baxanda, Seregeyin kədəri daha da artdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets