Page 8 of 8 · 88%

– Yalandır! – dedim, – onun yoldaşlarından kağız almışam. O, vuruşmada həlak olub...

– Ancaq bizim əlimizdə məlumat var ki, o bir il bundan əvvəl könüllü olaraq düşmən tərəfə keçib...

– Bəs mənim uşaqlarım?

– Onları da sizə qatıb sürgün edəcəyik.

– Uşaqların günahı nədir?

– Xainin balaları da xain olar!..

Bu sözü deyən adam Rəhimzadənin yanında işləyirdi. Səsimünüm heç yana çatmadı. Ona nə dedimsə “yox” cavabını aldım.

– Bir parça kağız verin!..

– Yox, olmaz!

– Anama xəbər yollamaq istəyirəm. Uşaqlarım təkdir. Gəlsin, göz yetirsin!

– Yox, olmaz!

– Ərizə vermək istəyirəm.

– Yox, olmaz!..

– Nə üçün?

– Olmaz, vəssalam!

Bu adamdan qeyri heç kimi görmürdüm. Onda başa düşdüm ki, mənim həbs olunmağımdan nə prokurorun, nə Xalq Daxili İşlər Komissarlığı müvəkkilinin, nə də başqalarının xəbəri var. Axşamüstü o özü mənim yanıma gəldi.

– Gülcamal xanım, – dedi, – görürsünüz ki, hökumət mənim əlimdədir. Sizinlə istədiyim kimi rəftar edə bilərəm.

Mən nifrətlə ondan üz çevirdim.

– Lakin bu müvəqqətidir, – dedim, – ölkə sahibsiz deyil. Mənim hayıfımı da alan olar.

– Bu dünya beş gündür. Sabah nə olacaq o məni maraqlandırmır. Bir də məni çoxdan tanıyırlar. Mənim sözümə hər yerdə inanırlar. Çünki...

– Çünki yaxşı tanımırlar. Əgər tanısaydılar, burada mən yox, sən oturardın.

– Ha, ha, ha!..

Ax, o nə qədər iyrənc idi! Mən qəzəbimdən boğulurdum. Birdən o mənə yaxınlaşdı:

– Mən xalq yolunda can qoymuşam. Burada düşmənlər oturur – dedi.

– Sən ki, cavansan, dedim – xalqını sevən öz qüvvətini mənə deyil, cəbhədə düşmənə göstərər. Amma sən hələ küncdə-bucaqda gizlənirsən...

O yenə iyrənc bir səslə güldü:

– Belə lazım görülmüşdür!.. – dedi, – mən hələ xalqıma lazımam!..

– Cəbhədəkilərin hamısı lazımlı adamlardır. Mənim ərim səndən də böyük vəzifədə idi. Cəbhəyə könüllü getdi.

– O, xəyanət üçün getmişdir.

– Bu böhtan da sənə baha oturacaqdır.

– Aslan alman casusudur!

– Ən satqın casus sənsən!

O getdi. Ancaq bir Allah şahiddir ki, mən bir an sənin haqqında deyilənlərə inanmadım. Dünyanın o başına da sürgün olunsaydım, iradəm sarsılmazdı. Ancaq ürəyimə vurulan ləkə məni məğlub etdi, mən artıq yaşamaqda bir məna görmədim. Sən təəccüb edəcəksən: “Ləkə nədir?” soruşacaqsan.

Bir gün sonra məni həmin adam Rəhimzadənin kabinetinə gətirdi. Mən düşündüm ki, yəqin nə isə soruşacaq, günahıma dair mənə yeni bir söz deyəcəkdir. O isə yenə nəzakətlə mənə yanaşdı:

– Olan olub, keçən keçib... – dedi, – gəlin, daşı ətəyinizdən tökün. Uşaqlarınız yazıqdır. Mən onlara atalıq edərəm... Mən sizi imtahandan keçirirdim. Belə namuslu qadın xalqımızın fəxridir.

– Çəkil!.. – dedim, – sənin tərifin mənim üçün ən böyük təhqirdir!.

– Elə isə həbsə gedəcəksiniz! – dedi”.

Məktubun bu yerinə çatanda Aslanın gözləri qaraldı. Oxuduqlarına inanmaq istəmədi. Lakin Gülcamalın özünü yalnız bu hadisələr nəticəsində zəhərlədiyini xatırlayıb yenə qüvvətini toplayıb, məktubun son sətirlərini də oxudu.

“Məni ordan həbsxanaya yox, tanımadığım görmədiyim qaranlıq bir daxmaya apardılar. Mənim bu zaman necə dəhşətə gəldiyimi özün də təsəvvürünə gətirə bilərsən, əzizim... günahsız müqəssirlərlə belə rəftar edən bir rəzilin hələ yaşadığını düşündükcə öz-özümə deyirdim: “Yox, yox!”. Lakin birdən acı həqiqət öz iti dırnaqları, quduz dişlərilə bərabər mənim qarşımda dayandı. Mənim nəzərimdə insandan çox heybətli bir kölgəyə bənzəyən o canavarın heykəli birdən-birə qarşımda göründü.

Mən bu dəfə necə çığırdığımı yazmaqda acizəm. Mənim səsim yalnız onu deyil, özümü də qorxutdu.

– Xoşluqla razı olmadınız, xanım, mənim zorum da yox deyil – dedi.

Yalnız bu sözləri eşitdim. Sonra nələr olduğunu xatırlasam da, yaza bilmirəm. Qələmimin ucu tez-tez kağıza batır. Gözlərimin yaşı mürəkkəb olub kağızın üstə tökülür. Ancaq mənim dərdimi mürəkkəb də, göz yaşı da ifadə etməkdən acizdir. Qolumun damarını kəsib, son sətirləri qırmızı qanla yazıram. Qoy, nələr çəkdiyim sənə əyan olsun, əzizim...”

Aslan qırmızı xətləri görəndə dəli kimi yerindən sıçrayıb qalxdı: “Yox, mən yuxu görürəm” – deyə fikirləşdi, əlini ürəyinin üstə qoydu. Birdən Gülcamal kimi onun da qarşısında bu həqiqət öz eybəcərliyi ilə dikəlib durdu.

Yox, o yuxu görmürdü.

Aslan səhərəcən yata bilmədi. O, intiqam saatını səbirsizliklə gözləməyə başladı. Qanlı vuruşma meydanlarında almanların arxasında, qarda-yağmurda vətən torpağını qoruyarkən o, yalnız bir həqiqətə inanmışdı: “hayıf yerdə qalmaz”, o buna əvvəlkindən çox inanırdı. Bəlkə elə bunun üçün də səbri tükənmişdi. Hər dəqiqə ona bir ildən belə uzun gəlirdi.

Sübh tezdən qalxıb çay hazırlayan qoca anası Aslanı bu halda görərkən təəccübdən böyümüş gözləri ilə baxdı:

– Bu nədir, ay oğul, sən hələ yatmayıbsan?.. – dedi.

Aslanın bədənində bir uçuntu vardı. Bəzən onun dişləri də bir-birinə dəyib şaqqıldayırdı.

– Sənə nə olub? – deyə anası bir də xəbər alanda, o heç bir söz deməyib cəld paltarını geyindi, tapançasını kəmərinə taxdı. “Mən ondan amansız bir intiqam alacağam. Yoldaş sözünü təhqir edən, böyük insan namusuna ləkə vuran o, xaindən yalnız mən deyil, bütün ölkə intiqam alacaqdır!” deyə həyəcanla düşündü...

XI

Aslan, Bakının yuxarısında gecə-gündüz işləyən böyük bir binanın mərmər pilləkənlərilə yuxarı dırmandı. Çoxdan gəlmədiyi otaqlarda hər kəs bir işlə məşğul idi. Aslan əsəbi addımlarla hamının tanıdığı, sevdiyi bir adamın otağına yanaşdı.

– Mən Aslan Haşımzadəyəm, – dedi.

Masa arxasındakı qadın gülümsəyib, nəvazişlə onun üzünə baxdı:

– Sizə kim lazımdır?..

– Yoldaş Cəfərovu görmək istəyirəm, – deyə Aslan cavab verdi.

Qadın böyük salonu göstərdi:

– İclasdadır, – dedi.

Aslan, izin almadan qapını açdı. Salona daxil oldu. İçəridə boş yer tapmadı. Geridə, ayaq üstündə durdu. Xitabət kürsüsündəki adamı görərkən, Aslanın gözləri kəlləsinə çıxdı: danışan Rəhimzadə idi.

– Vətən yolunda həlak olan qəhrəmanların ailəsinə qayğı göstərmək bizim vicdani vəzifəmizdir!”... – deyərək odlu-odlu əllərini ölçürdü.

Aslanın alışıb yanan gözləri salondakıların üzündə gəzdi. Onun səbirsiz axtardığı Cəfərov iclasda yox idi.

O, bu dəmdə qonşu otaqda telefonla danışırdı. Kim isə Gülcamalın əhvalatına dair ona məlumat verirdi.

Cəfərov saysız-hesabsız dövlət işlərindən vaxt tapıb bu məsələni də yoxladırdı.

O, telefonda danışarkən əsəbi halda papiros çəkir, hirsindən qırıq-qırıq nəfəs alırdı.

Birdən telefonun dəstəyini yerinə qoyub çox tutqun halda iclas salonuna gəldi. Xitabət kürsüsündəki natiqə baxdı. Onun iri gözləri sonsuz bir qəzəblə alışıb yandı:

– Mən hələ bilmirəm ki, sən nə üçün bu vaxta qədər güllələnməmisən?

Aslan da qeyri-ixtiyari dilləndi:

– Mən də bilmirəm, nə üçün?

Hamının gözü Aslana zilləndi.

Yanvar – Aprel, 1945

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets