Page 1 of 2

I

Boş qalmış kəndlərdə bir dəstə alman piyadasına kəndlilərdən Mariya Karpovna adlı bir qadın bələdçilik edirdi. Onun qırış-qırış olmuş üz-gözü qan-tərə batmışdı. Ayaqlarını güclə atırdı. Görünür çox uzun yol gəlmişdi. O, arıq, uzun, soyuq baxışlı, həmişə dartınaraq yeriyən, yalnız tökdənbir çox könülsüz bir tərzdə gülümsəyən alman zabiti ilə yanaşı gəlir, onun suallarına tez-tez, elə bil tələsə-tələsə cavab verirdi.

Zabit bu qadından evlərdə, həyətlərdə qalmış ən xırda şeylərin sayını belə öyrənmişdi. Kolxozçular kəndi tərk edib uzaq meşələrə çəkilərkən, özləri ilə tutub apara bilmədikləri toyuqlar, çolpalar, orada-burada gizlənmiş çoşqalar, meyvəsi dərilməmiş bağlar-bağçalar bütün dəstəni sevindirirdi. Üç gündən bəri yarıtox, yarıac yol gəlmiş soldatlar Mariya Karpovnanı dinlədikcə, ağızları sulana-sulana, daha da həvəslə addımlayırdılar.

Zabit kəndin girəcəyində dəstəni saxlayıb “farağat” komandası verdi. Onun fikrincə başıpozuqlar kimi belə nizamsız və dağınıq halda kəndə girmək yaxşı təsir bağışlamazdı. Soldatların üst-başı və yaraqları kimi, addım səsləri də kənardan tamaşaya çıxanları ilk baxışda heyran etməli idi.

Dəstə yenidən hərəkətə gələndə, zabit özü qabaqda, Mariya Karpovna isə, ondan iki addım aralı sağ tərəfdə, yenə danışa-danışa irəliləməyə başladı.

İndi bütün kənd görünürdü. Cərgə ilə tikilmiş təzə ağ evlər, küçənin hər iki yanından sakit-sakit axan balaca arxlar, göz işlədikcə uzanan dümdüz şose yolu, hər addımda rəng verib, rəng alan güllü-çiçəkli bağçalar – bir sözlə, illərdən bəri insan əli ilə cənnətə çevrilmiş geniş düz, ətirlə nəfəs alan gözəl dilbər bir guşə görünürdü.

Amma hər tərəf sükut içində idi. Səhərlər, günəş uzun şam ağacları arasından kəndə baxanda, səs-səsə verib ötüşən, pırıltı ilə budaqdan-budağa uçuşan balaca quşlar, indi nizamlı yürüşü pozmadan şose yolu ilə yeriyən piyadaların ayaq səsindən hürküşüb qaçışır, yoldan xeyli kənarda, meşənin dərinliyində gözdən itirdilər. Bundan sonra ətraf daha da sakitləşirdi.

Zabitin təəccüblə kəndə baxdığını görən Mariya Karpovna onun nə axtardığını bilmək istədi, həmişəki kimi qorxa-qorxa soruşdu:

– Nə olmuşdur, cənab zabit?

– Bəs hanı kəndlilər, nə üçün bizi qarşılamırlar?

Qorxudan gözləri daha da böyüyən Mariya Karpovna tələsik cavab verdi:

– Qaçmışlar, cənab zabit!

Bu sözlərdən qaşı çatılan zabit öz batqın səsi ilə bir az da ucadan xəbər aldı:

– Haraya?

– Partizanlığa...

– Nə? Partizan?.. Bu nə sözdür?

Zabitin gözləri kəlləsinə çıxdı. Ona elə gəldi ki, elə bax, bu dəqiqə sağdan-soldan, daldan-qabaqdan üstlərinə güllə dolu kimi yağacaq və hamısı bir-bir düzün ortasında uzanıb qalacaqdır. Amma yenə də hər tərəf sakit idi. Yalnız uzaqlara qaçmış quşların həzin nəğmələri eşidilirdi.

– Demək hamısı partizan? – deyə zabit udqunaraq hər iki yanına boylandı, qəzəbini gizlədə bilməyib təkrar soruşdu:

– Demək hamısı?

– Yox, burda qalanı da var, cənab zabit.

– Elə isə, nə üçün bizi qarşılamırlar, xanım?

Mariya Karpovna başını aşağı saldı, dinmədi.

– Burada qalanlardan qaçanların yerini xəbər alarıq, deyilmi?

Mariya Karpovna bu sualı da cavabsız qoydu. O xeyli fikrə getdi. Sonradan-sonraya, zabitin gözü kənd evlərinə zillənərkən, o yalnız özünün eşidə biləcəyi bir səslə dedi:

– İnanmıram deyən olsun... Mən özüm də onların yerini bilmirəm, cənab zabit.

Ətrafdan bir an belə gözlərini çəkməyən zabit, heç kimə müraciət etmədən, kinli-kinli, hətta bir az rəsmi cavab verdi:

– Mən dedirdərəm!

Bu sözlər Mariya Karpovnanı təəccübləndirdi. “Bunun qulağı nə yaman itidir” deyə sürətlə xəyalından keçirtdi və dəstəni birbaş kənd sovetinin iki mərtəbəli daş evinin qabağına gətirdi.

Zabit soldatlardan bir neçəsini yollayıb, kənddə qalmış adamları buraya toplamalarını əmr etdi, özü isə divara söykədilmiş skamyada oturub, çəkməsinin toz basmış boğazını yuxarı çəkdi və cibindən papiros çıxarıb yandırdı.

Mariya Karpovna onun yanında oturmağa cəsarət etmirdi; izin istəməyə də üzü gəlmirdi. Amma, doğrusu qıçları yamanca sızıldayırdı. Ayaqlarının altı yəqin sudur olmuşdur. Zarafat deyildi, pay-piyada on-on iki verst yol, özü də qadın xeylağı, hələ zabitin bir-birindən çətin sualları – xülasə indi hər şey yaddan çıxmışdı: yorğunluq güc gəlirdi. Zabit iltifat edib “otur” desəydi, Mariya Karpovna ona dönə-dönə təşəkkür edərdi. Lakin nə zabit “otur” dedi, nə Mariya Karpovna təşəkkür edəsi oldu.

Soldatlar bütün evlərin altını üstünə çevirib əllərinə keçən xırdaxuruşları və kənddə qalan qarıları toplayıb gətirdilər. Soldatların birinin qoltuğunda iynə-sapla dolu balaca bir qutu vardı. O biri köhnə bir qadın tuflisi gətirmişdi. Üçüncüsünün əlində balaca, kök bir çoşka çır-çır çığırırdı.

Mariya Karpovna gətirilən adamları saydı. Hamısı altı nəfər qadın idi.

O, Zabitə yanaşdı, tərli alnına yapışmış saçını geriyə tərəf sığallayaraq, “raport” verdi:

– Kənddə bunlardan başqa bir nəfər də qalmışdır, cənab zabit... – sonra soldatlara müraciətlə soruşdu: – Bəs o hanı?

Zabit qəzəbindən ayağa qalxıb, adəti üzrə, dartılmış bir vəziyyət aldı:

– Bu nə cəsarətdir?

– Yəqin hardasa gizlənmişdir. Yaxşı axtarın. Bax, o evi görürsünüzmü, kolxozun anbarıdır. Orada tapmasanız, klubun dalını axtarın... Suflyor budkasına baxın.

Zabit soldatları bir də yolladı. Onlar çox axtardılar. Yenə tapa bilmədilər.

– Bəlkə qaçmışdır?

Mariya Karpovna təkid elədi:

– Buradadır, buradadır, mən getsəm taparam...

O, soldatların qabağına düşüb anbarı, klubun zalını, evləri gəzməyə başladı gümanı gələn yerləri daha diqqətlə, dönə-dönə yoxlatdı. Qulluğunda sona kimi sədaqət göstərəcəyinə and içmişdi. Bağlara, bağçalara qədər, hər yeri gəzdilər, lakin o adam tapılmadı.

Mariya Karpovna pərt oldu. Bu vaxtacan səbirlə gözləyən zabit, ona bərk təpindi:

– Onu tap! – dedi, – yəqin duyuq düşmüşdür.Təqsir səndədir!

Mariya Karpovnanın bədənindəki sızıltı yox olub getdi, zabitin qabağında əyilərək, səsi titrəyə-titrəyə yalvardı:

– Xahiş edirəm, bir saat möhlət verin, mən onu yerin dibində də olsa, tapıb gətirəcəyəm.

– Yaxşı, olsun, – deyə zabit cavab verdi. – o tapılmasa, siz cəzalanacaqsınız.

Mariya Karpovna bir nəfər soldatla bərabər getdikdən sonra, zabit altı nəfər qadının üstünə gözətçi təyin edərək, kənd soveti sədrinin kabinetinə girdi. Yazı stolunu yemək stoluna çevirdi. Yarım saat belə keçməmişdi ki, bütöv qızardılmış çoşqanı gətirdilər.

II

Bir saata qayıtmağı vəd edən Mariya Karpovna, üç saatdan sonra da qayıtmamışdı. Yanınca getmiş soldatın təkid etməsinə baxmayaraq o, inadından dönmədi və meşənin qalın yerlərini, xəndəkləri gözdən keçirərək, nəhayət meşə gözətçisinin daxmasına gəlib çıxdı.

– Burada da olmasa, demək, qaçıb partizanlara qoşulmuşdur... – deyə Mariya Karpovna pıçıldadı, üzünün tərini silməkdən qara oskiyə dönmüş yaylığını çıxartdı, bir də alnının tərini sildi, – amma çox ehtiyatlı tərpənməliyik, meşə gözətçisinin tüfəngi var, o buradadırsa, ikimizi də öldürər. Özü köhnə partizandır. Faşistləri görməyə gözü yoxdur...

Soldatın rəngi dümağ oldu. Onun fikrinə gəldi ki, birdən Mariya Karpovna partizanlarla əlbir olar, qəsdən onu aparıb təslim edər, onlar da kəndə hücum çəkib bütün dəstəni qırar. Odur ki, Mariya Karpovna “bəri gəl” deyib meşə gözətçisinin daxmasına tərəf addımlayanda soldat yerində mıxlanıb qaldı, onun xırdaca gözləri bir an içində böyüyüb hədəqəsindən çıxmaq dərəcəsinə gəldi.

– Bəri gəl, cənab, – deyə qadın təkrar edərkən, soldat bir neçə addım da gerilədi, cəld tüfəngini atəşə hazırladı:

– Siz baxın, – dedi, – mən burada gözləyəcəyəm qorxmayın, xanım, nədən qorxursunuz? Gedin, içərini yoxlayın, lazım gəlsə, mən sizi müdafiə edərəm... Qorxmayın, xanım, qorxmayın!..

Mariya Karpovna daxmanın qapısını açdı, astaca addımlarla içəri girdi. Xəyalından min cür fikir gəlib keçən soldat isə, tüfəngini irəliyə sarı uzatmış olduğu halda, yerində donub qalmışdı.

Birdən Mariya Karpovna göründü və səsini çıxarmadan soldata əl elədi: “Bəri gəl, buradadır”.

Onlar birlikdə içəri girərkən, soldat əvvəlcə zil qaranlıqdan başqa heç nə görmədi. Bir qədər duruxdu. Gözləri qaranlığa alışdıqdan sonra, dibdə oturmuş bir qadın kölgəsi nəzərini cəlb etdi: onun qabağında dahüstə uzadılmış bir uşaq vardı.

– Ölmüşdür, – deyə Mariya Karpovna sevincini gizlədə bilməyib gülümsündü, – bolşevik özündən sonra onu bizim başımıza bəla eləmək istəyirdi, amma vaxtında ölmüşdür.

İndi ölmüş körpənin cavan anası lap aydın görünürdü. O, danışılan sözləri yaxşı eşidirdisə də, üzündəki ölgün ifadə zərrə qədər də dəyişmədi. Dolğun, ağ yanaqlarına tökülmüş qonur saçları, qeyri-müəyyən bir nöqtəyə dikilmiş iri gözləri, yalnız bir şeyi ifadə edirdi: Kədər...

– Dur, biz səni aparmağa gəlmişik, – deyə soldat ucadan əmr verdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets