Page 2 of 2 · 50%

– Uşağını da götür, hə, hə bəlkə səni də, onu da bir qəbirdə basdırdıq...

Bu ana kimi daşdan yonulmuş bir heykəli andıran qadın, birdən sərt bir hərəkətlə Mariya Karpovnaya tərəf döndü, qəzəblə alışıb yanan gözlərini ona zillədi:

– Bu sənin köhnə sənətindir, – dedi və onun səsi titrədi, – indiyə kimi özünü satırdın, indi də bizi satırsan...

– Mən gizlətmirəm, beş günlük dünyadır, kefini çək, vur başa! Hərənin bir şeyə xoşu var, mənim də buna...

– Amma yenə də gözün kişilərdən doymadı, bundan sonra soldatları görərsən.

– Görərəm, niyə görmürəm... Səndən istəsələr, razı olma, ancaq mən zabitlə dünəndən dostlaşmışam...

– Ax, fahişə! – deyə qadın nifrətlə tüpürdü.

Soldat onun qolundan tutub ayağa qaldırdı.

– Gedək.

Mariya Karpovna uşağı göstərərək:

– Qoy götürsün, – dedi. – ana ilə balanı bir qəbirdə basdırmaq daha maraqlı deyilmi?

– Sənin kimi namussuz yaşamaqdansa, ölmək yaxşıdır...

Mariya Karpovna isə gülərək:

– Bu gün mənim bayramımdır, – dedi.

Ana ehmalca uşağı qucağına aldı. Eşiyə çıxdılar. Qüvvətli gün işığında, onun üzündəki qurumuş yaş zolaqlarını Mariya Karpovna da, soldat da aydın gördü.

III

Onlar qayıdana kimi zabit də, soldatlar da yeyib-içib, bərk hallanmışdılar. Bayaq qışqıraraq həyəti başına götürmüş çoşqa, indi həzmrabedən keçmişdi.

Mariya Karpovna sevincindən bütün yorğunluğunu unutmuşdu. Ona bir belə əziyyət verən qadın, artıq zabitin hüzurunda idi.

Zabitin əmri ilə əsir qadınları da həyətə gətirdilər, sıraya düzdülər. İndi onlar yeddi nəfərdi. Zabit hər biri ilə ayrı-ayrı tanış olmaq istədi.

– Bu kimdir?

– Köhnə mülkədar qızıdır. Özü müəllimədir. Amma bizim adamdır, cənab zabit!

– Kolxozda varmı?

– Yox, yox, yazıq deyil?!

– Aha, demək kolxozdakıların hamısı yazıqdır?

– Əlbəttə, cənab zabit!

– Niyə ki?

– Çünki kolxoz...

Zabit onun sözünü kəsdi:

– De görüm, – füreri sevir, ya yox?

– Siyasətə qarışmır, cənab zabit... Dərsini deyib evinə qayıdır...

– Aha, bu yaxşı olmadı... Siyasətdən uzaq gəzmək yaxşı deyil.

– Bundan sonra qarışar, cənab zabit.

Zabit o biri qadına yanaşdı:

– Bu kimdir?

– Duldur... Məktəbin xidmətçisi idi...

– Bizə münasibəti necədir?

Mariya Karpovna qərəz işlətdi (o, meşədə cavan bir oğlanla mazaqlaşarkən, həmin qadın bu əhvalatı görüb aləmə bildirmişdi), hayıf aldı:

– Kommunistlərin quyruğudur.

– Çox gözəl!

Zabit papiros yandırdı. Dərindən bir qullab vurub Mariya Karpovnanın gətirdiyi qadını göstərərək, qaşqabağını turşutmuş halda soruşdu:

– Bəs bu kimdir?

– Kommunistdir, cənab zabit... Həmişə dram dərnəyində oynardı.

– Çox maraqlıdır... Demək, kommunist qadınlar belə olurmuş?!

Zabitin papirosu əlindən yerə düşdü. O bilavasitə qadının özünə müraciət etdi:

– Adın nədir, cənab kommunist?

O dinmədi, gözlərini qucağındakı uşağın göyərmiş yanaqlarına dikib qaldı.

– Adı Tatyanadır, – deyə Mariya Karpovna cavab verdi.

Zabit gülümsünərək, ona lap yaxın gəldi:

– Mən aktrisaları çox sevirəm, – dedi, – müharibədən əvvəl hər gün teatra gedərdim. Sən hansı rolları yaxşı oynayırsan?

Tatyana yenə dinmədi.

– Amaliyanın rolunu... – deyə Mariya Karpovna böyürdən qabağa soxulmaq istədi.

– Amaliya? Bu ad mənə tanış deyil. Görünür, sovet pyeslərinin qəhrəmanlarındandır.

Tatyananı gülmək tutdu. “Yazıq Şiller” – deyə fikirləşdi, nə isə demək istərkən, gözləri yenə uşağına sataşdı, dodağının ucundakı xəfif təbəssüm birdən söndü.

Zabit qadınların hamısını danışdırdıqdan sonra təzədən geri qayıdıb Tatyananın qabağında durdu:

– Məni maraqlandıran bir məsələ var; nə üçün sən partizanlara qoşulmamısan?

Bu dəfə Tatyana dilləndi:

– Uşağım xəstə idi, doktor demişdi açıq havaya çıxmasın.

– Yalandır, o qəsdən qaldı, casusluq etmək üçün...

– Doğrudanmı?

Tatyana cavab vermədi. Onsuz da heç kim sözünə inanmazdı.

Birdən zabit soldatlara bağırdı:

– Divara söykəyin!

Tatyananı uşağı ilə bərabər qarşıdakı evin divarına söykədilər. Həyətdəki qadınların hamısı, elə bil komanda ilə, birdən ona sarı baxdı. Ortalığa dərin bir sükut çökdü. Hamıdan əvvəl dindirilən müəllimə, sıradan bir addım qədər irəli çıxdı. Amma heç kim onun bu hərəkətini görmədi. Tatyana yenə də qızının donmuş yanaqlarına baxırdı. Onun ölümə belə laqeyd olduğunu görəndə, zabit də özündən çıxdı, cəld addımlarla ona doğru getdi:

– Sən qorxmursanmı? – deyə hirsindən boğula-boğula soruşdu.

Tatyana qızının dodağından öpdü:

– Nata, – dedi, – bax, Ukraynanı sevdiyi üçün ananı öldürürlər. Olsun! Amma bizim qanımız yerdə qalmayacaq... qızım...

Güllə açılanda, Nata anasının əlindən yerə düşdü; onun sinəsində üç-dörd yerdə xırdaca qan ləkəsi göründü. Tatyana isə, bütün vzvodun güllələrindən deşik-deşik olub, Natadan bir addım geridə ağzıüstə yerə sərildi.

Hamının gözü onda idi, heç kim, müəllimənin yanaqlarında parıldayan yaş damlalarını görmürdü. O, yaylığını çıxartdı, gizlincə gözünün yaşını sildi. Onun ürəyini bir söz qılınc kimi yardı: “İntiqam!”

Sonra Mariya Karpovnaya yanaşdı:

– Sağ ol! Biz yəqin yenə görüşəcəyik... – dedi.

– Əlbəttə, Anna İvanovna, bundan sonra bir yerdə olacağıq.

Bayaqkı səs isə, yenə ona rahatlıq vermir, qulağında təkrar olunurdu: “İntiqam!”

IV

Gecə idi. Hamı yatmışdı. Axşamdan kəndin üstünü bürümüş çiskinli duman, şimaldan əsən soyuq küləyin qabağınca yavaş-yavaş çəkilib getdikdən sonra, şam ağaclarının üstündə qızıl rəngə çalan, orağa bənzər bir ay doğmuşdu.

Hamı yatırdı. Bütün kənddə yalnız iki adamın gözünə yuxu getmirdi. Bir növbədə duran faşist soldatının, bir də... Anna İvanovnanın.

O, doğrudan da mülkədar qızı idi. Alman zabiti də hamıdan çox ona inanırdı. Axşamüstü əsir qadınları dama doldurduqları zaman, zabit demişdi:

– Onu buraxın!.. Evinə gizləyir, ürəyinə, əsəblərinə, beyninə rahatlıq vermirdi.

O birdən ayağa qalxdı, paltarını cəld geyindi, eşiyə çıxdı. Onun ilk dəfə gözünə dəyən, evin düz pəncərəsində əks edən ay oldu. O nə gözəldi! Hələ səma!.. Anna iyirmi dörd illik həyatında belə saf, belə dərin Ukrayna səmasını görməmişdi. Bu nə üçün belə idi? Bəlkə Annaya belə gəlirdi? Hələ göyün üzünə inci dənələri kimi səpələnmiş saysız-hesabsız ulduzlar, gecənin möhtəşəm sükutu içində yatmış kimi görünən şam ağacları, meh əsdikcə xoş bir ətir verən bağçalar nəyə dəyməzdi!..

Yox, bunlar doğrudan da gözəl idi. Anna həmişə gördüyü bu dibsiz fəzanı, bu uzun şam ağaclarını, ətrafda gözə dəyən hər şeyə xüsusi bir lətafət verən bu sükutu sonsuz bir məhəbbətlə sevdiyini elə bil yalnız indicə anladı və dərindən köksünü ötürdü.

Onun ayağı qapı ağzındakı velosipedə toxundu. Bir əlli ondan yapışıb Tatyananın güllələndiyi həyətə sarı addımladı. Gözətçini görərkən duruxdu, evin böyrünə qısıldı. Gözətçi uzaqlaşan kimi geriyə qayıtdı. Səssizcə yeriyərək şose yoluna çıxdı. Ətrafına boylandı. Nəfəs almadan bir neçə an yerində dayanıb qulaq verdi, ürəyinin şiddətli döyüntüsündən başqa heç bir səs eşitmədi. Yenə irəlilədi. Kənddən bir kilometr qədər uzaqlaşdıqdan sonra, velosipedi minib sürdü...

V

O çox aradı. Amma yorulmadı. Yalnız gecənin qeyri-adi bir sürətlə keçəcəyindən qorxurdu. Vaxtın ətəyindən tutub saxlamaq mümkün olsaydı, Anna heç bir şeyini əsirgəmədən məmnuniyyətlə bu işi görərdi.

Birdən:

– Dayan! – dedilər.

Bu səsi Anna tanıdı; işlədiyi məktəbin müdiri Semyon Burmenko idi.

– Mənəm, Semyon Tarasoviç.

– Sən kimsən?

– Anna!

O, velosipeddən düşüb Burmenkoya tərəf addımladı. Partizanların bir dəstəsi, yolun altında, ağacların dalında, səngər tutmuşdu.

– Nə var, Anna İvanovna?

– İntiqam! – deyə müəllimə hönkürərək müdirinin qolları üstünə düşdü. – Bax! Mən...

Annanın dili söz tutmurdu. Hamı dinməz-söyləməz dayanaraq başçılarının əmrini gözləyirdi.

Burmenko heç bir kəlmə də danışmadı. Cibindən yaylığını çıxarıb Annanın göz yaşını sildi, sonra yoldaşlarına baxdı, tüfəngini yoxladı, papirosunu yandırıb ovcunun içində çəkə-çəkə, dəstədən aralandı.

– Ölümə ölüm!.. – deyə xırıltılı bir səslə dilləndi. – Gedək, yoldaşlar...

VI

Vuruşma uzun çəkmədi. Partizan davasının qaydası belədir. Zabitlə soldatlar hələ dünənki içkidən ayazımamış, həyatla vidalaşmalı oldular.

Mariya Karpovnanı güllə səsləri yuxudan oyatdı.

Onu Tatyananın güllələndiyi yerə gətirdikləri zaman günəş yenicə doğurdu... Ukrayna səması yenə də saf və dərin idi...

Mariya Karpovna, özünüz deyin, sizin cəzanız nə olmalıdır? – deyə Burmenko xəbər aldı.

Ondan səs çıxmadı.

Hamının gözü onda idi.

– Siz deyin Anna İvanovna!..

– Mən?.. Nə deyim? Xalqın qərarı daha ədalətli olar.

Burmenkonun tapançası açıldı.

Sonra ana ilə balanın qəbri üstünə dəstə-dəstə çiçəklər səpələndi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets