Page 6 of 8 · 63%

Rəhimzadə, “bu daha gözəl” deyə xəyalından keçirərək Aslanın əlini sıxdı:

– Get, əziz dostum, ancaq mən yoldaşlığımızın xatirinə bu cinayəti son nöqtəsinə qədər açdırmamış bir dəqiqə belə rahat olmayacağam – Rəhimzadə Aslanın zəhmli baxışlarına dözə bilməyib gözlərini yerə dikdi – heç ömrümdə belə dolaşıq işə rast gəlməmişdim...

Aslan bir az əvvəl Sürmənin danışdığı əhvalatı ona söyləyəndə, Rəhimzadənin rəngi çox tutuldu, yenə əlləri titrəməyə başladı. Bu təfərrüat Aslanın diqqətli baxışlarından yayınmadı. “Mənim dərdimə şərik olduğunu göstərmək istəyir” deyə düşündü.

– O iki günün tarixini də Sürmədən öyrəndi. Aprelin on beşində, on altısında Gülcamal evdə olmamışdır. Müstəntiqlər bu nöqtəyə fikir veriblər, ya yox?

– Doğrusunu deyə bilmərəm – Rəhimzadənin nəfəsi tutulan kimi oldu – hər halda... Bu faktı onların yadına salmaq pis olmaz. Axşama kimi möhlət vermişəm. Əgər bir şey çıxmasa onların özünü həbs etdirəcəyəm: Onlar yəqin kimdənsə rüşvət alıb, məsələni ört-basdır etməyə çalışırlar. Mən bu rüşvətxorlarla mübarizədə qocalıram. Partiyanın siyasətini təhrif edən alçaqları yerindəcə güllələmək lazımdır!..

Aslan, ehtirasla deyilən bu sözlərə o qədər də diqqətlə qulaq asmırdı. Ona elə gəlirdi ki, bu nitqlərin faydası yoxdur. Gülcamalın ölümündə müqəssir olan cani hardasa gizlənib, yəqin ki, bu istintaqlara gülür, uzun-uzadı danışıqları istehzaya qoyub sevinirdi.

– İki gün məsələsi... – deyə Aslan yenə təkrar etdi. – Sən nə üçün bundan xəbərsizsən?..

– Yəqin kəndlərdə olmuşam... İşim o qədərdir ki, bəzən həftələrlə idarədə olmuram...

– Axı, sən mənim yaxın yoldaşımsan!..

– Buna şübhənmi var?..

– Yoldaş sözünü təhqir edən bir alay komandanını əsgərlərin qabağında güllələdilər.

– Heç bilmirəm, bununla nə demək istəyirsən, Aslan?

– Onu demək istəyirəm ki, mən cəbhədə idim, Gülcamalın həyatilə maraqlanmaq sənin yoldaşlıq borcun idi!..

– Əlbəttə əlbəttə... Maraqlanmadığımı sənə kim dedi?

– Kim?.. Mən deyirəm!..

Rəhimzadə incik halda masaya yanaşdı. Borjom şüşəsini açdı stəkanı doldurub birnəfəsə içdi.

– Mən bu danışıqları yersiz hesab edirəm, Aslan... Kənardan baxan olsa deyər ki, cani mənəm, müstəntiq də sən... Əgər məqsədin məni təhqir etməkdirsə, sözüm yoxdur. Məhz bir dost kimi xatirinə dəymirəm. Ancaq unutma ki, mən sənin uşaqlarına atalıq eləmişəm, səndən ölüm xəbəri gələndə əlimdən gələn köməyi əsirgəməmişəm.

Rəhimzadənin səsindəki titrəyiş Aslana da təsir etdi. O, həddindən artıq sərt danışdığını duymuş kimi, zəhmli nəzərlərini Rəhimzadənin üzündən çəkdi, pəncərəyə sarı getdi.

– Əgər sən mənim yerimdə olsaydın, – dedi, – güman edirəm ki, məndən mülayim danışmazdın.

Rəhimzadə bu cavabla kifayətlənib, divanda oturdu, qulluqçusunu çağırıb şam yeməyi hazırlamağı tapşırdı.

– Sorğu-suala başım qarışdı, səni heç qonaq da eləmədim, – deyə gülümsəyərək Aslana baxdı, papirosunu yandırdı.

Qulluqçu o biri otağa keçən kimi yenə qapı açıldı. Bir nəfər oğlan uşağı teleqram gətirib Rəhimzadəyə verdi: onu Bakıya çağırırdılar, mühüm bir müşavirə vardı, o:

– Çox yaxşı oldu. Bir yerdə gedərik!.. – deyə Aslana baxdı.

IX

Aslanın səbirsizliklə gözlədiyi müstəntiqlər də gəlib çıxdılar. Lakin onların heç biri əsil müqəssiri tapa bilməmişdi. Bu mümkün deyildi. Vicdanla çalışan istintaq işçilərini danlayarkən, Rəhimzadə yalnız öz günahını məharətlə gizlətməyə səy edir, hər addımda onları çaşdırırdı. Onun əsil məqsədi ipin ucunu əlində daha möhkəm saxlamaq, sonra da müstəntiqləri ləkələyib həbsə aldırmaq idi. Lakin hələ əlində ciddi bir əsas olmadığı üçün, canfəşanlıq etdiyini heç olmasa Aslana göstərməli idi:

– Hamınız vicdansızsınız! – deyirdi. – Mən bu rayonda bir nəfər saf adama rast gəlmədim. Hamı öz cibini güdür. Caniləri ört-basdır edib ən yaxşı adamları ləkələmək istəyirsiniz! Bu nədir? – Rəhimzadə kağız qovluğunu açıb toplanmış materialları göstərdi. – Guya Gülcamal iki gün həbsdə yatmışdır. Bu nə axmaq sözdür! Prokurorun icazəsi olmadan kim onu həbs edə bilərdi? Belə boş istintaqdan nə fayda? Gedin, özünüzə iş tapın! Sizə insan həyatını tapşıranlar özü axmaqdır. Mən heç heyvanları da sizin ümidinizə buraxmaram!..

Rəhimzadə az qala ağzı köpüklənə-köpüklənə danışır, həm kəlməbaşı əlini masaya çırparaq onları hədələyirdi:

– Buyurub gedə bilərsiniz!.. Çox təəssüf ki, mən bir azdan Bakıya yola düşürəm. Qayıdanda bütün məhkəmənin altını üstünə çevirəcəyəm!..

Onlar son dərəcə məyus halda kağız-kuğuzlarını götürüb Rəhimzadənin kabinetindən çıxarkən Aslan ayağa qalxdı:

– O iki gün həbs məsələsini çox nahaq yerə axmaq iş adlandırırsan, Əziz... Məncə bu nöqtəyə diqqət yetirmək lazımdır!

Bu sözləri deyən zaman, Aslan yenə Rəhimzadənin rəng verib-rəng aldığını gördü. Üzündəki bozumtul ləkələr indi daha aydın seçilirdi.

– Yox, canım, – deyə tez özünü ələ aldı. – Bunlar hamısı fırıldaqdır. Gülcamalı həbsə almağa, kim cəsarət edə bilərdi. Mən ölməmişdim ki?

Bu söhbət zamanı Rəhimzadənin gözləri bir dəfə də olsun yerə zillənmirdi. O indi düz Aslana baxırdı.

– Mən güman edirəm ki, rayon istintaq orqanının bütün heyəti dəyişilmədikcə, istintaq düz istiqamət almayacaqdır... – deyə, o danışıqlara yekun vurdu.

Onlar şam yeməyinə oturanda Aslan əvvəlkindən də fikirli idi. O, Rəhimzadənin suallarına da könülsüz cavab verirdi. Artıq bütün ümidləri boşa çıxmışdı.

X

Bakıya gələndə Aslan bir daha bu xüsusda düşünməyəcəyinə söz verdi. Lakin birdən yenə Gülcamalın portreti gözünə sataşdı. Bu dəqiqədən etibarən hər şey yenidən başlandı. O qara gözlər indi daha böyük bir məzəmmətlə baxır, elə bil Aslanın acizliyinə işarə edirdi.

– Nə oldu, qadan ürəyimə? – deyə qoca anası xəbər aldı. – Bir şey öyrənə bilmədinmi?

– Yox, ana... öyrənə bilmədim. Gülcamal bütün sirlərini özü ilə bərabər qəbrə aparıb... – deyə Aslan kövrək bir səslə cavab verdi.

Ana ilə balanın söhbəti uzun çəkmədi. Aslan uşaqlar yatan otağa keçdi. Əvvəlcə Gülüşə, sonra da aydına baxdı. Hər ikisinin üzünə yenə də kədər nişanələri qonmuşdu. Aydın ağlamsınan kimi yatırdı. Gülüş isə qaşlarını çatmışdı.

Aslan yerində uzanıb gözlərini yumdusa da, yata bilmədi. Qaranlıqdan yüzlərcə göz ona zillənmişdi.

O, qara gözlərin məyus ifadəsi Aslana o qədər tanışdı ki, bu zil qaranlıqda belə onları çox aydın görə bilirdi. Sanki Gülcamal birdən dilə gəldi, nə isə dedi. Aslan nəfəsini belə çəkmədən onu dinlədi. Lakin Gülcamal bir daha dinmədi.

– Ana, ana, bir yanıma gəlsənə!.. – deyə Aslan sağa tərəf buruldu.

Ancaq onun çağırışına səs verən olmadı. Görünür qoca arvad yorulub yatmışdı. O gözlər isə hələ də çəkilib getmirdi.

Aslan yorğanı başına çəkdi, gözlərini bərk-bərk yumdu. Yox, Gülcamal ondan ayrılmayırdı. “Bəs indi mən nə edim” – deyə Aslan həyəcanla düşündü. Az qala nəfəsi darıxırdı. Tez ayağa qalxdı, portret asılmış otağa keçdi, işığı yandırdı. Çoxdan açılmamış kitab şkafının açarını burdu. Bir zamanlar mütaliə etdiyi romanlar, fəlsəfi əsərlərə, qırmızı qələmlə səhifələrin kənarında yazdığı qeydlərə göz gəzdirdi. Bu evdə gördüyü hər şey, ona Gülcamalla keçirdiyi xoşbəxt ailə həyatını xatırladırdı. Hətta bu kitablardan belə Gülcamalın ətri duyulurdu. Birdən Aslanın xəyalından qəribə bir fikir gəlib keçdi. “Portreti aparıb böyütdürəcəyəm. Qoy bu şəkil Gülcamalın özü boyda olsun. Mən ona baxdıqca ölümünü unudacağam. O mənim qarşımda diri kimi görünəcəkdir”.

Həmin fikirlə də Aslan divara yanaşdı, portreti yerə endirdi.

...Bu halda portretin arxa tərəfindən bir qalaq müxtəlif biçimli kağızlar şırıltı ilə yerə töküldü.

Aslan portreti üsulluca masanın üstünə qoydu. Daha da həsrətlə ona baxdı. Elə bil gözləri nə isə yeni bir şey axtarır, neçə gündən bəri bütün varlığını sarsıdan sualların cavabını onlardan almaq istəyirdi

İndi Gülcamalın gözləri artır, milyonlar, milyardlarca gözə dönür. Təəccüblə Aslana baxırdılar. Ah, o bircə dəqiqə dilə gəlib bu ölümün sirrini özü söyləyə bilsəydi!.. Aslan ona çox baxdı, lakin yenə də hər şey müəmmalı olub qaldı.

Aslan birdən yerə tökülmüş məktubları xatırladı. Portretdən ayrıldı. Onları səliqə ilə topladı, yazı masasının üstünə portretin yanına qoydu. “Yəqin mənim məktublarımdır” deyə fikirləşdi. Qəlbinin ən alovlu dəqiqələrindən yadigar qalmış bu kağız parçaları indi onun nəzərində birdən-birə daha əziz, daha qiymətli oldu. Aslan onlardan birini açdı, nüfuzedici gözlərlə hər bir kəlməyə diqqət yetirdi. Buradakı xatirələr həyat qədər şirin, insan məhəbbəti qədər cazibəli idi. O birisi məktubu açdı. Gülcamalın xəttini görüb təəccüblə çiyinlərini çəkdi. Aslan öz adına yazılmış bu kağızı oxumağa başladı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets