Page 4 of 8 · 38%

Aslan geriyə döndü. Canındakı üşütməni unudub yeyin addımlarla şəhərə qayıtdı. O, öz evinə yaxınlaşanda hər tərəf yuxuda idi. O yanda küçənin qurtaracağında gəzişən gecə növbətçilərinin ayaq səslərindən başqa hər şey sükuta qərq olmuşdu. Aslana elə gəlirdi ki, evdən çıxdığı vaxtdan bəri azı bir neçə saat keçmişdir. Ancaq əslində o, qırx-əlli dəqiqədən çox gəzməmişdi. O, qapını səssizcə açıb, ayaqlarının ucunda içəri girdi. Yerini o biri otaqdan, uşaqlarının çarpayıları arasından salmaq istədi. Bu anda onun qulağına bir səs gəldi. O, yerində donub bir neçə dəqiqə bu səsi dinlədi: anası öz-özünə danışır, tez-tez köksünü ötürürdü. Qonşu otağın qapısı açıq olsa da, anası onun gəlişindən xəbər tutmamışdı.

Aslan gözlərini bir nöqtəyə zilləyib yerindəcə hərəkətsiz dayandı. Anasını dinləməyə başladı. Qoca arvad kəsik-kəsik danışırdı:

– İndi mən ona nə deyim, ilahi?.. Nədən öldüyünü soruşsa, mən ona nə cavab verim? Axı heç özüm də bilmirəm.

Qarı yenə dərindən köksünü ötürüb susdu, Aslan isə yerindən qımıldanmadı. Qarının üzünü görmürdüsə də, nəfəsini eşidirdi. O, gah iniltili bir ah çəkir, gah da zarıyan kimi olurdu.

– Kaş ki mənciyəz öləydim... Şir kimi oğul böyütmüşəm, gözümün qabağında fikirdən şam kimi əriyib gedir.

Aslan qeyri-ixtiyari yerindən tərpəndi. Onun ayaq səsi qarını fikrindən ayırdı.

– Hə, qadan alım, gəldin?

– Öz-özünə nə deyirdin, ana?..

– Eh, ay oğul, deyirdim ki, bu dünya bir pəncərədir, hər gələn baxıb gedir... Hamı öləcək... Çox fikir eləməyin də faydası yoxdur.

Aslan qarının bu sözlərinə güldü, onun dediklərini eşitdiyinə işarə belə etmədi. Anasına yaxınlaşıb özü ona təsəlli verdi:

– Əlbəttə, ana... Heç kim bu dünyanı tutub durmayacaq. Ancaq səbəbsiz ölüm yoxdur. Əgər mən Gülcamalın nədən öldüyünü bilməsəm, istər-istəməz fikir eləyəcəyəm...

– Mən də onu deyirdim... Vallah bu sirr məni də çaşdırıb... Doktorlar dedi ki, zəhər içib... yenə bunu bircə Allah bilir... Rayondan qayıdanda saçlarına dən düşmüşdü. Onda bildim ki, çox fikir eləyib... Ha soruşdum, bir söz demədi. Gecələr fikir verirdim, birdən hövlnak yerindən qalxıb dəli kimi oyan-buyana hərlənirdi, öz-özünə danışırdı...

Aslan kürsüdə oturdu, papirosunu yandırdı:

– Mən sabah rayona gedəcəyəm, ana... Doktorlar bu sirri açmayıblar, ancaq mən nə təhər olsa açacağam...

– Nə deyim vallah... bir də ki, bundan nə fayda?

Qarı gözlərini yerə dikdi. Yenə dərindən köksünü ötürdü. Bir daha dinmədi. Aslan qalxdı, uşaqlar yatan otağa keçdi.

V

Aslan, qəsəbəyə yola düşdüyünü heç kimə xəbər vermədiyi halda, dəmiryol stansiyası onu qarşılamağa gəlmiş adamlarla dolu idi. Hətta yerli hissənin nəfəsli orkestrini də buraya yollamışdılar. O, vaqondan düşəndə güllər-çiçəklər səpələndi, tuş çalındı, gurultulu alqışlar qopdu.

İzdiham Aslanı ortalığa aldı. Təbrik səsləri ucaldı. Onun qəhrəmanlığı ilə öyünən dostlardan da gələnlər çox idi.

Stansiyanın geniş meydanında böyük bir yığıncaq quruldu. Aslanın məktəb yoldaşı Əziz Rəhimzadə iclası açdı. Nitq söylədi:

– Alman qəsbkarlarına qan udduran qəhrəmanımıza eşq olsun!.. – dedi...

Hamı urra çəkdi. Rəhimzadə Aslanı qucaqlayıb üzündən öpdü:

– Mən sənin kimi yaxın bir yoldaşımla ürəkdən fəxr edirəm!.. – deyə sevincindən yaşaran gözlərini sildi. Aslan qəsəbəyə gətirildi. Təntənəli iclaslardan sonra, o, bir dəqiqə belə itirmədən istintaqa girişdi...

Onun ilk görüşü, Rəhimzadənin evində oldu. O, ali məktəbdən tanıdığı bu yoldaşilə çox açıq danışdı:

– Yoldaş sözü mənim nəzərimdə hər bir sözdən yüksəkdir. Sən üzümdən öpdün, məni alqışladın. Demək biz ürəyimizi bir-birimizə aça bilərik... Səndən yalnız bir xahişim vardır. De görüm, Gülcamal nə üçün intihar etmişdir!..

Rəhimzadənin qaşları çatıldı. Doğrusu o, Aslanın belə tezliklə bu sualı verəcəyini gözləmirdi.

– Nə üçün?..

– Bəli, nə üçün?.. Sən bütün rayonun rəhbərisən, rəsmiyyətə də qalsa, bu suala sən cavab verməlisən!.. Sərt bir ifadə ilə deyilən bu söz Rəhimzadənin təəccübünə səbəb oldu. Aslan bir an belə kirpiklərini qırpmadan onun gözlərinin içinə baxırdı:

– Nə üçün?

Rəhimzadə xeyli tutuldu. O hətta bir neçə dəfə udqundu. Aslana elə gəldi ki, bu, bir gün əvvəlki təntənəli görüşdən sonra, dost bir adamın, yalnız üzdən onun dərdinə şərik olduğunu bildirmək üçün uydurduğu bir hərəkətdir. “Yox, əzizim, sən Gülcamalın ölümünü çoxdan unutmusan... Belə təsəlliyə mənim ehtiyacım yoxdur. Əgər sən həqiqi yoldaşsansa, bu qəribə sirri açmaqda mənə kömək et...” – deyə Aslan xəyalından keçirdi, bir də gözlərini Rəhimzadəyə dikdi. Yenə sərt bir ifadə ilə sözünə davam etdi:

– İntihar, adi bir hadisənin nəticəsi deyil... Görünür, onun başına nə isə böyük bir bəla gəlmişdir.

– Buna heç bir şübhə ola bilməz! Doğrudan da qəribə müəmmadır! – deyə Rəhimzadə onun sözünü kəsdi. – Lakin bilmirəm sən niyə elə güman edirsən ki, biz bu işlə heç maraqlanmamışıq!.. Ay yarımdan bəridir ki, bütün məhkəmə idarələri bunun səbəbini aydınlaşdırmaqla məşğuldur... Burada nə isə böyük bir cinayət olmuşdur. İpin ucu tapılsa, qalanı tez məlum olar... Bilirsənmi, Aslan, mənim zənnimcə bu günlərdə müstəntiqlər müəyyən bir qərara gələcəklər... Əlbəttə, burada ciddi siyasi məsələ vardır. Şəxsən mən özüm hər gün istintaqın gedişilə maraqlanıram... Gülcamala az-çox tanışlığı olan adamların hamısı danışdırılmışdır. Heç kəs müəyyən bir söz deyə bilmir.

Aslan qabağındakı çay stəkanını götürüb, bir qədər özünə tərəf yaxınlaşdırdı. Çay soyumuşdu. Rəhimzadə bunu duymuş kimi yerindən qalxdı:

– Bəri ver, çayını dəyişdirim, – dedi, – niyə içmədin?

– Lazım deyil, sağ ol... Ancaq bilmirəm Gülcamal hansı siyasi məsələlərə əl ata bilərdi?

Rəhimzadə yenə duruxdu, qaşlarını dartdı, fikirli-fikirli Aslanın üzünə baxdı. Onun hər kəlməyə böyük bir diqqətlə qulaq asdığını, hər işarəyə həddindən ziyadə fikir verdiyini görəndə öz-özünə dedi: “Bununla bir az ehtiyatlı dolanmaq lazımdır”.

– Sonra deyirsən ki, müəyyən bir şey söyləyən yoxdur. Elə isə müstəntiqlə, nəyin əsasında qərara gələcəklər? Çayı isti-isti içmək lazım idi...

Aslanın bu sözündən sonra Rəhimzadənin əlləri titrəməyə başladı: “Demək məni təqsirləndirir. İşi gecikdirdiyimə işarə edir” – deyə həyəcanla düşündü. Yanaqlarındakı qızartı birdən silindi, üzünün ortasında bozumtul ləkələr əmələ gəldi. Bu ləkələr də Aslanın gözündən yayınmadı.

– Bu sirri açmamış mən cəbhəyə qayıtmayacağam, – deyə Aslan ayağa qalxdı, – hələlik.

VI

Rəhimzadə həyəcanlı idi. Əgər Aslan onun yalnız bir yoldaş, rəhbər kimi çox zəif hərəkət etdiyini düşünürdüsə də, Rəhimzadəni həyəcanlandıran tamamilə başqa bir səbəb idi. O, şəxsən özünün Gülcamalın ölümündə müqəssir olduğunu bilirdi. O, bilirdi ki, həyatında bundan sonra olduqca böhranlı günlər başlanacaq, xalq qəhrəmanı kimi tanınıb cəbhədən qayıtmış iradəli bir zabit öz sevimli qadının ölümünə bais olan adamı axtara-axtara nəhayət onu tapacaqdır. Bu zaman Aslan ondan müdhiş bir intiqam alacaq, yalnız bir yoldaş kimi deyil, hətta ictimai bir insan kimi onun bütün nüfuzunu qırıb, məharətlə gizlədiyi ikinci üzünü də açıb hamıya göstərəcəkdir. Bu fikir Rəhimzadəni dəhşətə saldı: “İmtahan saatı yaxınlaşır. Əsil vuruş meydanı budur. Burada da qalib gələ bilsəm, artıq mən heç bir zaman məğlub olmayacağam... Müstəntiqlərdən mənim zərrə qədər də qorxum yoxdur. Onlar canini uzaqda, çox uzaqda axtarırlar. Bütün iplərin ucu məndədir. Səbir! İradə... Kim məndən şübhələnməyə cəsarət edə bilər? Hətta Aslan özü belə bu cəsarətdən məhrumdur!..”

Rəhimzadə papirosunu yerə çırpdı. Otağında var-gəl etməyə başladı: “Əgər Gülcamal özü bir yadigar qoyub getməmişsə, bu sirr mənimlə bərabər qəbrə gömüləcəkdir. Yox, o da heç kəsə bir şey deməmişdir. Deyə də bilməzdi. Çünki o, namus ucundan özünü öldürdü...”

Qapını döydülər. Rəhimzadə səksəndi. Boğuq bir səslə soruşdu.

– Kimsən?..

– Mənəm!..

– Aha, Səlimə!.. Bu saat!

O qapıya yanaşdı. Gələn qızı gülərüzlə qarşıladı:

– Nə üçün gec gəldin, əzizim? – deyə xəbər aldı.

– Aslanla görüşməyə getmişdim... Yazıq çox qəmgindir. Zarafat deyil, axı o, Gülcamalı çox sevirdi. Məni yaman sorğu-suala çəkdi. Mən də bildiyimi dedim...

Rəhimzadənin nəfəsi tutulan kimi oldu...

– Nə dedin ki?

– Nə bilirdimsə... Dedim ki, bir məktəbdə dərs verirdik. Hamı onun xətrini istəyirdi. Gecə-gündüz məktəbdə olurdu. Uşaqlarını bağçaya aparıb-gətirirdi. Nə qədər ağır dolansa da onların üst-başını həmişə gül kimi təmiz saxlayırdı... Aslan müəllimlərin adını soruşdu. Hamısını dedim. Sonra qəribə bir sual verdi: “Ona heç əyri gözlə baxan olmadı ki?” Mən güldüm, dedim: bu qısqanclıqdandır. “Yox, mən qısqanc deyiləm”, – dedi. – “Bilmək istəyirəm görüm işlədiyi məktəb necədir?”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets