Qara gözlər
Page 5 of 8 · 50%
Səlimə bir saatlıq söhbəti iki dəqiqənin içində belə qırıq-qırıq təkrar edib qurtardı. Onun səsində də, hərəkətində də saf, səmimi bir əda vardı. Gülcamal haqqında dediyi sözlər, Rəhimzadənin həyəcanını hər an artırırdı. O, “artıq ölmüş bir qadından nə üçün bu qədər danışırsınız?” – deyə Səlimənin sözünü kəsdisə də təmiz ürəkli, sadə təbiətli bu qız başqa bir mətləbə keçmədi, yenə Gülcamaldan bəhs etməyə başladı:
– O, doğrudan da məlakə idi. Müəllimlər onun başına and içirdilər. Mən də ona bənzəyə bilsəydim, ömrümdə heç dərdim olmazdı. Sən bilmirsən, o, Aslanı Allah bilirdi. Bu cürə sevgi mənim idealımdır.
Rəhimzadə Səliməyə lap yaxın gəldi. Onların nəfəsi bir-birinə dəydi:
– Mən yüz qat ondan qüvvətli sevməsəm, bir an da yaşamaram!.. – deyə Rəhimzadə dilləndi, onun səsi titrədi, – mənim sevgim Otellonu heç məqamına endirəcəkdir!
Səlimə gülümsədi. Qızların adətidir: öz məhəbbətini belə açıq etiraf edən oğlanları çox bəyənirlər. Onlar üçün titrək nəfəslə həqiqi məhəbbət arasında elə böyük bir fərq yoxdur. Səlimə də bu sadə qızlardan biri idi. Ona elə gəlirdi ki, Rəhimzadənin hərarətli nəfəsi, hərarətli ürəyilə bağlıdır. O, güman edirdi ki, həqiqi sevgili bir nəvazişə yüz nəvazişlə cavab verə bilmirsə, demək onun qəlbi həqiqi məhəbbətlə döyünməkdən acizdir.
– Yox, əzizim, mənim üçün Gülcamal ən böyük idealdır!.. – deyə o yenə öz sözünə qayıtdı, – mən bilirəm ki, onun intihar etməsi də məhəbbətdəndir.
Rəhimzadə Səliməni qucaqladı. Dodağından öpmək istədi, o dartınıb Əzizin qolları arasından çıxdı.
– Sən Otellodan danışırdın... Unutma ki, bir nəzəriyyəyə görə o, Dezdemonaya toxunmamışdır...
– Bu nə sözdür, Səlimə?
– Demək istəyirəm ki, o nəzəriyyəyə görə Dezdemona öləndə də qız ölmüşdür...
Bu mübahisənin Rəhimzadəyə xeyri dəydi. Səlimə özü də fərqinə varmadan, mətləbi dəyişdi.
– Niyə təəccüb edirsən?.. Ərəb ona toxunmamışdı. Mən bunun nə dərəcədə doğru olub-olmadığını bilirəm. Ancaq belə bir nəzəriyyə varsa, demək Otellonun sevgisinin ilahi bir sevgi olduğunu güman edənlər də yox deyildir...
– Mən bu mübahisəyə qarışmaqdan qorxuram, – deyə Rəhimzadə acı-acı güldü, – çünki, ədəbiyyatda mən piyadayam. Siyasət başqa... Əgər məndən soruşsan, Otello kimi bir vəhşi, sən deyən kimi sevə bilməzdi...
– Onu Şekspirdən xəbər al... Ən qəddar insanların da qəlbində vicdan əzabı doğuran bir düha bu məharətdən məhrum ola bilməzdi...
– Vicdan əzabı?..
Rəhimzadənin gözləri Səlimənin üzünə dikilib qaldı. “Vicdan əzabı” – sözünü eşidərkən, ürəyi az qala yerindən qopdu.
– Sən gəl, bu mübahisəni bir tərəfə qoy... – deyə Səliməni qucaqladı. Onu öpərkən birdən Aslan gəlib gözlərinin önündə durdu. Rəhimzadənin rəngi kətan kimi ağappaq oldu. Bunu dərhal sezən Səlimə həyəcanla soruşdu:
– Nə oldu sənə, Əziz?
– Heç... Başım hərlənir... Yorğunam...
O Səlimədən aralanıb divanda oturdu, başını arxaya sarı əydi, gözlərini yumub bir neçə dəqiqə səssizcə dayandı. Amma Aslan onun təsəvvüründən ayrılmadı. Sanki “gözümün içinə düz bax!” deyə dönə-dönə səslədi:
– Sənə nə oldu, Əziz?
– Heç... Gözüm qaralır... Bərk yorğunam...
VII
Aslan Gülcamalın dərs verdiyi məktəbə yollandı. Müəllimlərin çoxusunu tanıyırdı. Bütün qəsəbədə öz nümunəvi əxlaqilə məşhur olan bu ziyalılar, gözəl bir məktəb yaratmışdılar. Buradan minlərcə xalq müəllimi buraxılmışdı. Respublikanın ən uzaq kəndlərində bu məktəbin tərbiyə edib böyütdüyü gənclərə tez rast gəlmək olardı. Aslan özü də orta təhsilini bu məktəbdə almışdı.
O, içəri girəndə bütün şagirdlər, müəllimlər toplaşdı, təbrik məclisi quruldu. Sevincdən gözləri yaşaran qoca bir müəllim Aslana yanaşdı:
– Oğlum, – dedi, – son uşaq ikən də mənim tələbələrimdən seçilərdin. Səninlə ürəkdən fəxr edirəm. Mən bütün gənclik illərimi bu məktəbin divarları arasında keçirmişəm. Çəkdiyim əməyə heyfsilənmirəm. Doğma balalarımı bu mərtəbəyə yüksəlmiş görəndə öz-özümə deyirəm: “Yox, zəhmətim hədər getməmişdir”.
Qoca müəllim o qədər ürəkdən danışırdı ki, dinləyənlər arasında da gözü yaşaranlar oldu.
– Biz, müharibənin bu ağır illərində heç bir çətinlikdən qorxmadıq, oğlum... – deyə qoca müəllim sözünə davam etdi. Cəbhədə sizinlə bərabər biz də qalib gəldik. Alman müəllimi cəbhəyə cəllad ürəkli soldat böyüdüb yollamışdı, amma biz qəhrəman cəngavər yetişdirib yolladıq. Mən özüm də bir qəhrəmanam... Müəllim yoldaşlarım da qəhrəmandır. Dünyanın ən böyük yazıçıları mənim də, yoldaşlarımın da adına təşəkkür teleqramı göndərmişlər. Mən yenə də yaşamaq, çalışmaq istəyirəm. Xalqı yüksəldən gözəl məktəb, məktəbi yaradan da vicdanlı müəllimdir. Məktəbimiz səninlə fəxr edir, oğlum... Mənim təxmini hesabıma görə bizim tələbələrimizdən iki yüz əlliyə qədər təltif olunan, üç də Sovet İttifaqı Qəhrəmanı vardır. Biz öz məktəbimizlə fəxr edirik!..
Qoca müəllim sözünü bitirib Aslanın boynuna sarıldı. Onun titrək əlləri Aslanın çiyinlərində gəzindi. Onun ağ saçları, Aslana ordu komandanını xatırladırdı... Bu iki qocanın nəvazişində də qəribə bir bənzəyiş vardı. Hər ikisi eyni dərəcədə səmimi, eyni dərəcədə mehriban idi. Aslana elə gəlirdi ki, harda olursa-olsun tələbəni də, əsgəri də həqiqi qəhrəmanlığa sövq edən yalnız belə müəllimlərdir. Dəyənək gücünə tərbiyə olunan tələbələri də, əsgərləri də o, yaxşı tanıyırdı: Alman əsgəri bunun ən parlaq nümunəsi idi!..
Təbrik məclisi qurtardıqdan sonra Aslan yenə istintaqa başladı. Gülcamalın rəfiqələrindən biri ona belə bir əhvalat nəql etdi:
– Bir axşam dərsdən çıxanda Gülcamalı axtarıb tapmadım. Həmişə ya o məni, ya da mən onu gözlərdim. Evə birlikdə qayıdardıq. Yoldaşlardan soruşdum, onun yerini deyən olmadı. Evinə getdim. Orada da tapmadım. Uşaqlar ağlaşırdı. Gülcamalı soruşdum, dedilər ki, hələ evə gəlməyib... – Bəs haradadır? – bilmirik... – dedilər. Doğrusu mən şübhəyə düşdüm. O tanışa, bu tanışa müraciət elədim, ondan xəbər-ətər çıxmadı. Bir gün səhər tezdən yenə onun evinə gəldim. Gördüm ordadır...
Soruşdum hara getmişdin? Dedi sonra deyərəm. Bir neçə kərə israr elədim, demədi. Amma çox kədərli idi, gözümə bir təhər dəyirdi. Bir az qocalan kimi olmuşdu. Əzab çəkmiş adamlara oxşayırdı.
– Bəs hara getdiyini öyrənə bilmədin? – deyə Aslan səbirsizliklə xəbər aldı.
– Bakıya qayıdana qədər ondan bir kəlmə qoparda bilmədim. O sirri, yazıq özüylə bərabər qəbrə apardı.
– Sənin fikrincə o hara gedə bilərdi? – deyə Aslan daha səbirsiz halda soruşdu.
– Nə deyim vallah?..
Aslanın gözləri böyümüşdü. Gicgahının damarları şişib bərk-bərk atırdı. Onun ürəyini qara bir şübhə gəmirməyə başladı: “bəlkə mənə xəyanət etdiyi üçün dözə bilməyib özünü zəhərləməyə məcbur olmuşdur?”
– “Həqiqəti məndən gizlətmə, Sürmə!..” – deyə Aslan nəfəsi darıxa-darıxa qəzəblə parıldayan gözlərini müəlliməyə dikdi. – Sən bilirsən, amma nə üçünsə gizlədirsən!..
– Yox, Aslan, əziz canına and olsun ki, nə bir kəlmə artırıram, nə də bir kəlmə əksildirəm.
– Gec-tezi var. Mən əvvəl-axır biləcəyəm. Nahaq gizlədirsən. Lap dəhşətli bir xəyanət eləmiş olsa da artıq mənim üçün fərqi yoxdur!
– Sən nə danışırsan, Aslan? Heç düşmən də onun barəsində bu sözü deməyə cəsarət eləməz. Gülcamalın adına söz çıxardanın dilini kəsərlər...
– Elə isə de görüm o hara gedə bilərdi?
– Nə üçün mənə inanmırsan, qardaşım? Vallah bilmirəm.
– Yox, yox, hamınız əsəblərimlə oynayırsınız... Bu yoldaşlıq deyildir. Nə üçün gizlədirsiniz, yoxsa elə zənn edirsiniz ki, bu mənim iztirabımı azaldacaqdır?
Aslan cəld addımlarla Sürmədən uzaqlaşdı. Sarmaşıqlarla örtülmüş eyvanda gözdən itdi. Sürmə onun dalınca küçəyə çıxarkən, Rəhimzadəgilə getdiyini görüb rahat oldu: “Lap ürəyim düşdü, dedim, görəsən nə fikri var? Rəhimzadə ona təsəlli verər”.
VIII
Aslan Rəhimzadənin qapısından içəri girəndə, onu telefonla danışan gördü. Üzü o tərəfə durub kimi isə danlayırdı.
– Bu gün də cani tapılmasa özün həbs olunacaqsan. Artıq bu səhlənkarlığa dözmək olmaz. Orasını özün bilərsən, yerin dibindən tap-çıxart!..
O, ayaq səsi eşidib Aslana tərəf dönəndə telefonun dəstəyi əlindən düşdü. Aslan bu hərəkətə o qədər də pis məna vermədi, adi bir təsadüf nəticəsində adam da büdrəyib yıxılar, nə olsun ki?
Rəhimzadə cəld aşağı əyilib dəstəyi yerdən götürdü, sözünü tamamladı:
– Axşam, idarədə işin nəticəsini mənə bildirməlisən, vəssalam! – deyib dəstəyi yerindən asdı.
Aslan ona salam verməyi unutdu:
– Mən bu gecə Bakıya yola düşürəm, – dedi, – bütün qəsəbəni danışdırdım. Mənə həqiqəti söyləyən bir adam tapılmadı. Görünür, bu sirdən heç kim xəbərdar deyildir.
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-qara-gozler
Use ← → keys to move, R for a random poem
More by this author
Cavanşirin sarayı*Elçin**
Yeddinci şəkilCavanşirin sarayı*Söhrab**
Səkkizinci şəkilCavanşirin sarayı, Cavanşir, Elçin, Zibeydə oturublar. Kütlə də səhnədədir.*Fərid daxil olur.*
Doqquzuncu şəkilCavanşirin saray otaqlarından birinin həyəti. Elçin səhnəyə daxil olur və gedir. Zibeydə xatun və Aybəniz daxil olurlar.*Zibeydə**
Poems by other poets
Dünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
MənəGün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı