Üçüncü şəkil
Page 2 of 2 · 50%
Əminət
Bu dünyada öz qardaşının ölümünü hansı bacı istər?..
Soltan
Elə isə, mənə kömək ver, düşmənimi öldürüm. Özümün də, sənin də hayıfını alım...
Əminət
Sən dəlimi olmuşsan?..
Soltan
O ölməsə, mən ölməliyəm...
Pauza
Əminət
Mən Şamilin məhəbbətini ürəyimdən qopardıb ata bilmərəm. Öldür məni, əgər doğrudan da binamus bacıyamsa, yalnız mənim yaşamağa haqqım yoxdur. Öldür!.. Bax buradan, sinəmin düz ortasından vur, amma məni Şamildən ayırma... Onun belə qəmli günlərində, mən onun günahlarından keçərəm.
Soltan
Ər məhəbbəti, səndəki qardaş məhəbbətini öldürmüşdür... Oh, bu dünyada mənim heç kimim yoxdur... Şamilin qanını axıtmaq mənim əlimdə su içməkdən də asandır... Amma Hacı Muraddan qorxuram... Onun adı gələndə dizlərim əsir... Şamili öldürüb qaçsam, Hacı Murad məni axtarıb tapar. Hara getsəm tapar... İndi də ki, Şamil onun yeznəsi olacaq, əlbəttə, onun qanını yerdə qoymaz. Sən get, Əminət, Şamilin anası bura gəlir. Ürəyinə nə gələr, nə gəlməz...
Əminət
Sən bu fikirlərdən əl çək, qardaş... Məni dirigözlü öldürmə... (Gedir)
Ana (gəlir)
Oğlum, Soltan, xörək hazırlamışam... Bunlar hara getdilər?
Soltan (köksünü ötürür)
Eh... Hacı Murad küsdü. Elə adamlar Şamilin qədrini nə bilir, a ana?
Ana
Sən nə danışırsan, ay oğul?.. Onlar and içib, əhd eləyiblər... Yaxşı dostları qılınc da ayırmaz.
Soltan
Görünür, Hacı Murad üzdən dostluq edirmiş, ana... Yəqin ürəyi ilə yox... təkcə dililə and içibmiş...
Şamil (Hacı Muradla bərabər qayıdır)
Siz uşaq kimi boğuşursunuz... İndi belə xırda, mənasız sözlər danışmaq vaxtı deyildir... Soltan, sən də mənə qulaq as. Müharibə edən insanda gərək od kimi qızğın ürək, buz kimi də soyuq baş olsun... Ancaq sizin ürəyiniz buz kimi soyuq, başınız isə od kimi qızğındır... Hacı Murad, bu gün generala xəbər yolla ki, onların tərəfinə keçirsən.
Hacı Murad
Sən nə danışırsan, Şamil?
Şamil
Sözümə qulaq as. Müridlərdən bir-ikisini yolla... Özün də get, hazırlaş... Guya ki, məndən ayrılırsan... Guya aramızdakı o köhnə ədavət təzələnmişdir. Sənə inanıb qoşun verərlər... Sonrası asandır, bildinmi?
Soltan
Gözəl fikirdir, çox gözəl fikirdir, imam...
Şamil
Sən də Soltan, mənimlə gedəcəksən... Baxarıq, sədaqətini mənim yanımda yox, vuruş meydanında göstərərsən.
Soltan (səsinə olduqca mehriban ahəng verərək)
Mən ömrümdə Hacı Murada ağır söz deməmişdim... Amma bu gün məcbur oldum... çünki, mən də bu torpağın doğma oğluyam... Mən də bu yolda canımı qurban verməyə hazıram.
Şamil
Barışın!.. Ürəkdən barışın!..
Pauza
Hacı Murad
Mən sənin sözündən çıxmaram... Belə ağır bir vaxtda səni meydanda tək qoyub qaçmaq, doğrudan da, kişilikdən deyildir...
Soltan
Mən də and içirəm ki, yalnız ölüm məni səndən ayıracaq...
Qucaqlaşıb barışırlar. Atay iki nəfər müridlə bərabər qolları bağlı Səidi gətirir.
Atay
Yarnalın zabitlərinə bələdçilik edəndə tutdum, imam... Zabitlər qaçıb gizləndilər... Axtarıb tapa bilmədik...
Şamil
Səid, mənim əlimdən qaçıb kimə pənah aparmaq istəyirdin?
Səid
Heç kimə... can şirindir... Ölmək istəmirdim, imam.
Şamil
Gərək ki, sən söz verdin, Qurana and içdin.
Səid
Doğrudur.
Şamil (onun sözünü kəsərək)
Sənin heç bir sözünə inanmaram... Müqəssir də yalnız özünsən. Hacı Murad, bunun cəzasını sən ver.
Soltan
İmam, icazə ver, bu xaini mən öldürüm.
Səid
Aha... sənmi?
Soltan
Kəs səsini, alçaq. Mən sənin dərini boğazından çıxardıb, günahsızların intiqamını alacağam...
Şamil
Hacı Murad, onu özün apar... Nə cəza versən azdır... Avar xanlarının ən axırıncı yadigarı sən Səid... Onlar xalqı əzdilər, təkcə özlərini doydurub, ölkəni aclar, səfillər yuvasına çevirdilər. Mən buna dözməzdim... Yəqin ki, yadındadır, onların hamısını qılıncdan keçirdib, günahsız xalqın canını qurtardım... İndi də sənmi onları əvəz etmək fikrindəydin?
Səid
Yox, imam, mən islamın düşməni deyiləm... Mən din yolunda canımı fəda etməyə yenə də hazıram. Mən kafirlərin düşməniyəm...
Şamil
Sən də kafirsən... Çünki xalqı çara satırsan... Bu baş gərək sənin bədənində qalmasın... Atay!.. Bunu apar, ağlar qalmış anaların gözü qarşısında edam et. Hamıya da xəbər ver ki, Şamilin qılıncı yalnız belələri üçündür... Apar!..
Səid (diz çökür)
Yalvarıram, imam... Məni Allaha bağışla...
Şamil
Gündə beş rükət namaz qılan kafər!.. Sən yalnız ölüm cəzasına layiqsən... Aparın!..
Atay (Səidi yerdən qaldırır)
Gəl, Şamilin bir sözü heç vaxt iki olmamışdır!.. (Səidi aparırlar)
Bir neçə an sükut davam edir.
Şamil (Hacı Murada)
De görüm gedirsənmi?
Hacı Murad
Şamil! Doğrusu, mən bu fikrini başa düşmürəm.
Şamil
Qüvvəmiz azdır... Vəziyyət ağırdır... Sən ki, bunu bilirsən...
Hacı Murad
Demək, hiylə işlədirsən?..
Şamil
Generalın mayası hiylədən yoğrulmuşdursa, nə üçün biz onun öz silahilə özünü vurmayaq?.. Düşməni hiylə ilə tora salmaq özü də qəhrəmanlıqdır.
Hacı Murad
General o qədər də sadəlövh adam deyil. İşi o dəqiqə başa düşər... Yalnız indiyə kimi gördüklərim üçün məni dar ağacından asdırar...
Şamil
Demək qorxursan?..
Hacı Murad
Yox, ehtiyat edirəm. Şamil...
Şamil
İnsan adlanan məxluq üçün birinci şərt – igidlikdir... Nifrətə layiq olan birinci şey – qorxaqlıq... Get: ya ölüm, ya qalibiyyət... Başqa yolumuz yoxdur. Zəiflik və qorxaqlıq heç bir zaman, heç kimi xilas etməmişdir.
Hacı Murad, inan ki, iki başlı qartalın qanadları bizim iti qılınclarımıza dəyib parça-parça olacaqdır!..
Hacı Murad
Gedirəm, Şamil... gəl, görüşüb ayrılaq, mən ölsəm, oğlum Yusif məndən sənə yadigar qalsın. (Qucaqlaşıb öpüşürlər) Hələlik. (Gedir)
Şamil
Soltan, sən də get hazırlaş... Generala özümüz cavab verərik... (Gedir)
Soltan
Hacı Murad öz ayağilə ölümə gedir... Generalla görüşüb, ona xəbər verəcəyəm.(Bu anda güllə səsi eşidilir)Bu ölən Səiddir!.. Bəlkə mən də onun gününə düşəcəyəm?.. Canımı üşütmə bürüdü. (Əllərilə gözlərini örtür)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-seyx-samil-ucuncu-sekil
Use ← → keys to move, R for a random poem
More by this author
I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.
Yazıçı və tarixBirinci məqaləBizdə tarixi mövzulara böyük bir meyl oyanmışdır. Bu son dərəcə qanuni bir hadisədir. İndiyə qədər yaranmış əsərlər sayca çox az olsa da, bizim əsas yazıçı kadrlarımızın bədii yaradıcılıq şüurunu son zamanlarda tarix çox məşğul etməkdədir. Dövlət xadimlərinin, şairlərin, böyük xalq hərəkatı rəhbərlərinin həyat və mübarizəsi indi artıq bədii yaradıcılığımız üçün zəngin bir mənbə olmuşdur. Bu hadisənin özü xalqımızın şüurunda həqiqi bir intibah dövrünün başlandığına dəlalət edir. Xalqımız öz keçmişinin həqiqi bir məhəbbətlə əks olunmasını tələb edir. Xalqının mənəvi ehtiyacını az-çox duya bilən bir sənətkar isə, bu tələbə qətiyyən göz yuma bilməz. Yazıçı, hər şeydən əvvəl öz xalqının oğludur.
Zəngin xəzinələrBu vaxta qədər nəşr edilmiş ayrı-ayrı bayatı kitabçaları nəzərə alınmazsa, M.H.Təhmasibin tərtib etdiyi “Bayatılar” məcmuəsi¹ ədəbiyyatımızın zəngin janrlarından birini tədqiq edib öyrənmək işində ilk ciddi addım sayılmalıdır. Bayatıların toplanışı və nəşri çoxdan başlanmış olsa da, bu sahədə görülən iş hələ də böyük bir səmərə verməmişdir. Halbuki, xalq şerinin bu sahəsini tədqiq edib öyrənmək, nisbətən daha maraqlı bir işdir. Elmi qüvvələrimizin səyini müəyyən bir yola salmaqla az bir zaman içərisində biz bu işi müvəffəqiyyətlə başa çatdıra bilərik. Xüsusən, bayatının xalqımız tərəfindən sevildiyi nəzərdə tutularsa, müxtəlif variantları müqayisə etmək, tutuşdurmaq və daha gözəl bir tekst əldə etmək üçün hər bir imkan vardır. Dürüst elmi nəticələr çıxarmaq istəyən hər növ folklorçu üçün bu birinci növbədə lazımdır.Lakin biz bu qısa qeydlərimizdə yalnız bir cəhəti göstərməklə kifayətlənəcəyik: bu əsərlərə münasibətimizi aydınlaşdıracayıq.
Səadət və məhəbbət müğənnisiI**Nizaminin əsərlərində səkkiz əsrə yaxın uzun bir dövrün ağır imtahanlarından çıxan və köhnəlməyən cəhətlər hansıdır?
Poems by other poets
O məftun olduğun əngin dənizə,Sular içrə doğan qızıl günəşə,
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
SəndədirGetmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,