Page 2 of 9 · 11%

– Yaxın gəl, qızım Nailə, utanma! – deyə qoca ayağa qalxıb gəlininə yanaşdı, onun boynunu qucaqladı, bu dəfə özünü saxlaya bilmədi, uşaq kimi hönkürdü, lakin öz-özündən utanıb ağlamağına tezcə də ara verdi. – Ananın südü sənə halal olsun, bala! – dedi.

Paşanın səbri tükənirdi. O, arvadının hər şeydən tez xəbər tutmasının, tez də ürəyini açıb söyləməsini arzu eləyirdi. Əgər Nailənin üzündən narazı göründüyünü azacıq olsa da hiss etsəydi, bu qədər yolunu gözlədiyi üçün ona təşəkkürünü bildirər: – “sən məni şikəst ikən sevməmişdin, indi ixtiyar sənindir” deyərdi.

Ramazan ürəyində qövr edən dərdi elə bil göz yaşının köməyilə azaldıb bir qədər yüngülləşdi, yavaş və ağır addımlarla eşiyə çıxdı.

Nailə ərinin üzünə baxdı. Onların gözü bir-birinə sataşdı. Sanki heç birinin tərpənməyə taqəti yox idi, yenə də həmişəki kimi məsum bir qız utancaqlığı ilə durmuş Nailə, ilk hərəkəti ərindən gözləyirdi. Paşanın dərdi isə get-gedə dağ kimi ağırlaşırdı. Elə bil ayaqları yerə mıxlanmışdı. O da ilk sözü Nailədən gözləyirdi.

İçəridəki sükut elə gərgin, elə həyəcanlı idi ki, onların hər biri ayrı-ayrılıqda öz ürəyinin döyüntüsünü belə eşidirdi.

İnsan nə qədər səbir edə bilərdi? Cəbhədə hər şeydən çox təmkinli və səbirli olmağa öyrənmiş Paşa üçün bu o qədər də çətin deyildi. Ancaq Nailə? Yox, o, dörd illik intizardan sonra daha dözə bilməzdi.

– Paşa, – dedi, – mən səni öz evimizdə gözləyirdim.

– Mən buna həmişə arxayın idim.

– Görünür, arxayın deyilsənmiş...

– Yox, yanılırsan... – Paşanın kirpikləri titrədi. O, gözlərini yerə dikdi. – Arxayın olmasaydım, sən məni bir də görə bilməzdin. Ancaq mən...

Nailənin qolları onun boynuna dolandı. Heç birindən səs çıxmadı.

2

Qüdrət İsmayılzadə cavan fəhlələrin ümumi yaşayış evi yanında yeməkxana açdırmışdı. İndi, əvvəlki kimi, tramvayla üç kilometrlik yol getməyə ehtiyac yox idi. Yeməkxana ümumi yaşayış evinin alt mərtəbəsində yerləşirdi. Həftədə bir dəfə axşamlar burada siyasi məşğələlər keçirilir, sonra da özfəaliyyət dərnəyinin müsamirəsi olurdu.

Bir gün Dadaşlı özü ilə bərabər yeni bir mühazirəçi gətirib gəlib. Bu adamı cavanlar ilk dəfə görürdülər. Çünki onlar Bakıya, mədənlərə gələndə, həmin mühazirəçi cəbhəyə getmişdi. Tahir, Səməndər, Cəmil, Biləndər və bütün bayramlılar yeməkxananın ensiz uzun salonunda, lap qabaq cərgədə oturub onu gözləyirdilər. Görünür, Dadaşlı təzə mühazirəçi haqqında bərk təbliğat aparmışdı. Mühazirəçi təşkilat katibi ilə bərabər içəri girəndə, hamının gözü ona zilləndi. Doğrudan da təzə mühazirəçi o birilərinə bənzəmirdi. Bunun döşləri hərbi ordenlərlə dolu idi. Paqonları olmasa da, libasına baxanda hərbi vəzifədən yenicə qayıtdığı dərhal bilinirdi. Dadaşlı onu cavanlara təqdim edəndə, onların təzə mühazirəçiyə marağı daha da artdı.

– Gəlməyənlər sonra peşman olacaqlar ha!.. – deyə o, salondakılara göz gəzdirdi, mühazirəyə toplaşmış cavanların sayından razı qaldığı halda, yenə də başını buladı. – Gəlməyənlər öz bəxtindən küssünlər. Rayon partiya komitəsinin xahişinə görə bu gün sizə Paşa İsgəndərzadə yoldaş “müasir gənclərin əxlaqi məziyyətləri haqqında” mühazirə oxuyacaq. Yəqin ki, siz Paşa yoldaşı tanıyırsınız.

Heç kimdən səs çıxmadı. Deyəsən onu tanıyan yox idi. Dadaşlı bunu hiss edib, bir neçə kəlmə onun barəsində məlumat verdi:

– Usta Ramazanı necə, tanıyırsınızmı?

Cavanlar hər tərəfdən səs-küy qaldırdılar:

– Tanıyırıq, tanıyırıq!

– Bax, Paşa yoldaş Ramazan dayının oğludur.

Cavanlar əl çaldılar.

– Cəbhədən yenicə qayıtmışdır. İndi sakitcə oturun, diqqətlə qulaq asın, sualınız olsa, bir yerə qeyd eləyin, mühazirə qurtarandan sonra xəbər alarsınız. Yaxşı?

Dadaşlı Paşanı hələ müharibədən əvvəl tanıyırdı. Vaxtilə özü mədəniyyət sarayında onun bir neçə mühazirəsinə qulaq asmışdı. O zaman Paşa beynəlxalq vəziyyətdən və xüsusilə alman faşizmindən çox danışırdı. Onun mühazirələri zahirən o qədər parlaq olmasa da, cavanları həmişə razı salardı. Çünki Paşa ümumi siyasi mülahizələrlə yanaşı, qəribə dəlillər gətirər, mühazirəsini maraqlı bir nağıl şəklinə salar və qulaq asanların qəlbində düşmənlərə qarşı dərin bir nifrət oyatmağı bacarardı.

O vaxtlar Dadaşlı sıravi təşkilatçı idi. Onu mühazirəyə çağırardı. İndi isə bu vəzifə onun öz öhdəsinə düşürdü.

Paşanın hərbi qulluqdan azad olunub qayıtmağından xəbər tutanda, o çox sevinmiş və evinə zəng eləyib, görüşməyə icazə istəmişdi. Paşa ilk günlərdə heç bir vəzifəyə təyin olunmadığından, evdə oturub, müharibə dövründə Bakıda çıxmış kitablarla tanış olurdu. O, xüsusilə bədii əsərləri daha diqqətlə oxuyur, arxa cəbhədə baş vermiş hadisələri bu vasitə ilə daha dərindən öyrənmək istəyirdi.

Dadaşlı qapını döyəndə, onu Paşa özü qarşıladı, içəri gətirib oturmağa yer göstərdi, kim və nəçi olduğunu xəbər aldı. Dadaşlı ona cavab verib əlavə, nə məqsədlə gəldiyini də söylədi:

– Yoldaş İsgəndərzadə, gənclər təşkilatının ən mühüm vəzifəsi siyasi təhsillə məşğul olmaqdır.

– Yaxşı, sizdə təhsil işləri necə qurulub? – deyə Paşa onun sözünü kəsdi.

– Pis deyil. Ancaq mən vəziyyətimdən o qədər də razılıq eləyə bilmərəm.

– Niyə ki?

– Bilirsinizmi, yoldaş İsgəndərzadə, kitabları oxuyub məzmununu təkrar eləmək azdır. Hər bir məşğələ gərək cavanların ürəyinə od salsın, onların entuziazmını birə yüz artırsın, yəni mühazirə yuxu gətirməsin.

– Düzdür, düzdür, – deyə – Paşa onun fikrini təsdiqlədi.

– Dediyim odur ki, əgər biz mədəndə işləyiriksə, gərək hər bir mühazirədən sonra qolumuza qüvvət gəlsin. Biz gördüyümüz işin mənasını daha yaxşı başa düşək. Bilək ki, dünyada nələr olur, niyə olur, bizim öhdəmizə düşən vəzifə nədir. Bir də mühazirəçi gərək uşaqlarda qiymətli kitablara məhəbbət oyatsın. Daha elə danışmasın ki, biz onları əlimizə götürüb oxumaq istəməyək.

Paşa yenə başını tərpədib onunla razılaşdığını bildirdi.

– Doğrudur.

– Bir də, yoldaş İskəndərzadə, mühazirəçi gərək hər gün mədəndəki əhvalatlardan xəbər tutsun. Elə danışsın ki, hər kəs onun dediyindən öz payını götürsün.

– Bəlkə mən bunu bacarmadım, hə? Onda necə? – deyə Paşa gülümsədi.

– Yox, yox, bacararsınız. Davadan qabaq oxuduğunuz mühazirələr yadımdadır. Yəqin indi ondan da yaxşı bacararsınız.

Paşa mühazirənin mövzusunu və gününü təyin edib Dadaşlını ötürdü:

– Mən həmişə hazıram, – dedi, – camaatı yığmaq səndən, mühazirə məndən.

– O barədə arxayın olun. Mühazirəçi yaxşı olanda, zalda oturmağa yer tapılmır.

O gündən sonra Dadaşlı təşkilat üzvü olanları da, bitərəf cavanları da bu mühazirəyə yığmaq üçün dəymədiyi buruq qoymadı. İndi isə çox şaddı ki, salonda iynə salmağa yer yox idi.

– Buyurun, söz sizindir, yoldaş İskəndərzadə, – deyə nəzakətlə Paşaya xitabət kürsüsünü göstərdi.

Paşa, cərgələrin qabağında qoyulmuş balaca stoldan bir az aralanıb, düz Tahirin qənşərində dayandı. Onun tək əli bomboş idi. O biri mühazirəçilər kimi notlarını əvvəlcədən yazıb gətirməmişdi.

– Mən bu gün cəbhədə gördüyüm işlərdən danışmayacağam, – deyə Paşa sakit bir səslə sözə başladı. – Lazım olsa, bu barədə sonra sizə söhbət edərəm. Məni ən çox maraqlandıran müasir gənclərimizin əxlaqi məziyyətləridir... Əxlaq özü nədir?

Paşanın gözləri salondakılara deyil, hara isə başqa bir nöqtəyə dikilmişdi. Amma o bütün dinləyənləri birdən-birə ələ aldı:

– Mən Avropa ölkələrini bir dəfə də olsun görməmişdim. Onların mədəniyyətindən danışılanda mən daima heyrətlə dinlərdim. Mənə elə gəlirdi ki, hər bir avropalı, bizdən ən azı iki əsr irəlidədir. Ancaq əsil həqiqətdə nə gördüm? Gördüm ki, bu vaxta qədər bizi ən adi bir əfsanə ilə aldadırlarmış. Mən gördüm ki, ən sadə bir azərbaycanlı da tərifli avropalılardan qat-qat üstündür. Yaxşı avropalının gözü isə bizdə, bizim mədəniyyətimizdədir. Mən qərb ölkələrində yaşayan xalqlara baxanda, bizim gənclərə məhəbbətim birə yüz artdı. İndi mən hər dəfə küçə ilə gedəndə, iclasa gələndə, buruqlara yolum düşəndə, hər bir cavan oğlana, hər bir cavan qıza ürək döyüntüsü ilə baxıram. Vaxtilə onların əxlaqında qüsurlu saydığım cəhət də indi mənə xoş gəlir. Biz çox vaxt onların zahirən qaba görünən hərəkətlərinə baxıb deyirik: “Bu cavan nə pozğundur!” Amma biz yanılırıq! Biz çox tələsik nəticə çıxarırıq. Bax, sizin trestdən bir nəfər oğlan işini buraxıb kəndə qaçmışdı. Siz onu üzvlükdən çıxarmaq istəyirsinizmiş. Nə üçün? Sizin yerinizə mən olsaydım, tələsməzdim.

Tahir qıpqırmızı olmuşdu. Bu sözlərin özünə aid olduğunu yaxşı bilirdi. Yəqin “ustadan eşidib” deyə düşünürdü. O, gözlərini geniş açıb, Paşanın dodaqlarına zilləmişdi. Adını da çəkəcəyindən qorxurdu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ağır günlərin sonu

Məni inşaat materialları institutunda öz işimə qaytarmışdılar. Burda rəfiqələrimin yalnız biri qalmışdı: Rima. Məlikə ilə Tura isə ali məktəblərdə dosent vəzifəsində çalışırdılar. Direktorumuz Səmədovu işdən çıxarıb, yerinə baş elmi işçi, dosent Mirzəliyevi qoymuşdular. O məni gülərüzlə qarşılayıb, qolumdan tutmuş və birbaş köhnə otağımıza gətirmişdi. O, hər gün olmasa da, iki-üç gündən bir məni yanına çağırtdırır, dissertasiyam üzərində çalışarkən necə çətinliyə rast gəldiyimlə maraqlanır:– Heç qəm yemə, qızım, – deyirdi, – geri qalmağında sən müqəssir deyilsən. Hamımız sənə kömək edəcəyik, amma sən utanma, nə lazım olsa gəl, mənə söylə.

22 min
Birinci fəsil

1**Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.

1 h 10 min
İkinci fəsil

1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.

1 h 5 min
Üçüncü fəsil

1**İsmayılzadə buruğu tərk edib gedəndən bir azca sonra artıq dan yeri ağarırdı. Dəniz üzərində pambıq tayaları kimi bir-birinin üstünə qalaqlanmış ağ buludlar ağır-ağır hərəkət edib cənuba doğru sürünürdü. Gecədən əsməyə başlamış yay küləyi, yavaş-yavaş qüvvətlənir, dənizin dalğaları ləngər vururdu. Üfüqdən baş qaldıran günəş indi bozumtul, qırmızı rəngə çalırdı.

49 min

Poems by other poets