Yeddinci fəsil
Page 3 of 9 · 22%
– Mən tələsməzdim ona görə ki, həmin oğlan burada, bu qızıl sovet torpaqda anadan olmuşdur. Mən əvvəlcə onun xasiyyətlərini yaxşıca öyrənərdim, niyə qaçdığını aydınlaşdırardım. Bu səbəbi tapandan sonra tədbir görmək asandır. Onun səhvi nədədir? O oğlan vətənini sevir, işini sevir. Ancaq onun fikrincə ən böyük vətən, dağ döşündəki İrəmə kəndi, ən böyük ana da Fatmanisə xaladır.
Cavanlar gülüşdülər.
– Onun qaçmağına səbəb budur, yoldaşlar. Onun vətəni balaca, məhəbbəti balacadır. Günah kimdədir? Əlbəttə bizdə. Biz ona deməli idik ki, doğrudur, səni doğan ana Fatmanisa xaladır, amma əsil böyük anan bu ucsuz-bucaqsız vətənindir. Kəndini də sev, köhlən atını da sev, amma unutma ki, bunları ayrıca təsəvvür etsən, ürəyin balacalaşar. İrəmə kəndi vətənimizin ən dilbər guşələrindən biridir (“Mən özüm də orada olmuşam” deyə Paşa daha da səsini yavaşıdıb əlavə etdi). Ancaq böyük vətən olmasa, bu gözəllikdən nə fayda? Gərək siz, təzə quyuları bircə metr qazanda biləsiniz ki, Bakının qüdrətini yalnız tonların sayı ilə ölçmək olmaz. Bu qüdrəti yaxşı təyin eləmək üçün gərək saysız-hesabsız fabriklərimizi, zavodlarımızı, uzaq-uzaq ölkələrə uçan təyyarələrimizi gözünüzün qabağına gətirəsiniz. Biləsiniz ki, hər bir buruğu həmin ucsuz-bucaqsız ölkəmizin qan damarı saymasanız, gördüyünüz işin qiymətini başa düşə bilməzsiniz.
Paşa bir qədər duruxdu. O indi uzaqlara yox, salondakılara baxırdı. Onun əsil məqsədi, xəyalən qət etdiyi bu məsafələri qarşısında oturmuş cavanların da təsəvvürünə gətirmək idi. Paşa özü Ukrayna, Moldaviya, Macarıstan çöllərində vuruşan zaman, yalnız İrəmə kəndinin deyil, yalnız Bakının və Azərbaycanın deyil, böyük bir diyarın taleyi həll edildiyini öz qanında, canında, əsəblərində hiss etmişdi.
– Bax, bizim cavanlar bunu bildiyi üçün də, mən onlara baxanda ürəyimdə sonsuz bir iftixar hissi duyuram. Bu şüur, öz gözümlə gördüyüm Avropa cavanlarında yoxdur və ola da bilməz. Siz Krasnodon qəhrəmanlarını xatırlayırsınızmı? “Gənc qvardiya” əsərini oxumusunuzmu?
– Hələ də gözləyirik ki, Azərbaycan dilində çıxsın! – deyə Cəmil yerindən söz atdı.
Paşa narazı halda başını buladı:
– Çox təəssüf, çox təəssüf... – dedi. – Siz onları tanımırsınız, mütləq tanımalısınız! Donbas ilə Bakının dostluğu həmişə möhkəm olmuşdur. Siz Krasnodon qəhrəmanlarının hər birini tanımalısınız!
Paşa “Gənc qvardiya” romanından bir xeyli danışdı. Bəzən o özü də hiss etmədən cuşa gəlir, mühazirə dönüb maraqlı bir hekayətə çevrilirdi. Dinləyənlər o qədər sükuta dalmışdılar ki, salonda uçan payız milçəyinin vızıltısı belə aydın eşidilirdi. Dadaşlı özü romanı yaxşıca xatırladığı halda, Paşanın təhlili zamanı heyrət içində donub qalmışdı. Çoxları Krasnodon fədailərindən Sergey Tülenini xoşlayırdı. Hamıda da onun arzuları oyanırdı.
– Bax, sizin də aranızda bu cavanlardan geri qalmayan yoldaşlar çoxdur. Mən buna inanıram. – Krasnodon qəhrəmanlarının öz analarına çox böyük məhəbbəti vardır, çünki onlar vətəni sevməyi bacarırdılar. İndi fikrim aydındır, deyilmi?
Hamı Paşanın mühazirəsini alqışladı.
– Bax, bu cür lektora varam! – deyə Biləndər Dadaşlıya baxıb, baş barmağını dimdik tutdu və bir-iki dəfə qaldırıb saldı. Tahir, məftuniyyətlə parıldayan gözlərini elə bil, mühazirəçidən ayıra bilmirdi. Onun təsəvvürünü yalnız Krasnodon fədailəri çulğalamışdı. O, azacıq yan tərəfə baxanda, iki cərgə geridə oturmuş Lətifəni görə bildiyi halda, onu da büsbütün unutmuşdu.
Tənəffüs verdilər. Bir azdan müsamirə başlanacaqdı. Yalnız sonradan-sonraya dərin xəyallarından ayrılan Tahir, yoldaşları ilə bərabər eşiyə çıxanda Zivərlə yanaşı gələn Lətifə, Tahirə baxmadan ötüb keçdi: “Yeri deyil, yoxsa ona bir-iki söz deyərdim. Sonra ayırd elərik...”
– Bura bax, Səməndər, bu gün usta gələcəkmi? – deyə soruşdu.
– Çağırmışıq. Yəqin ki, gələr.
– Bir onun forsuna bax, – deyə Tahir oğrun-oğrun Lətifəyə sarı baxıb dodağının altında mızıldandı. – Əgər Ulya elədiyinin mində birini eləsəydi, dünyamı dağıdardı...
– Kim, kim?
Tahir söhbətlərinin Cəmillə Biləndərin də eşitdiyini görüb, bir daha dinmədi.
– Balam, günah səndədir. Xətrinə dəymisən. Yaman dikbaş qızdır. Nə bilirsən, “Gənc qvardiya”nın düşdüyü vəziyyətdə olsaydı, bəlkə heç Ulyadan geri qalmayacaqdı?
– Eh!.. – deyə Tahir əlilə havanı yardı.
3
Bu zaman Qüdrət Azərneft rəisinin kabinetində ayaq üstündə durub, alnının tərini tez-tez silərək, iki saatdan bəri üzərinə atılan ağır ittihamları bir-bir rədd edirdi. Amma görünür, yazı stolunun dalında oturmuş rəis də, onun qarşısında əyləşmiş o biri adamlar da Qüdrətin dediyi sözlərə deyil, Mirzəyevə daha çox inanırdılar. Çünki onun haqlı olduğu nöqtələr də vardır. O, Qüdrətin trestində hələ də möhkəm dönüş yaranmadığını deyərkən, kim ona etiraz edə bilərdi? Bütün Abşeron yarımadasındakı trestlər müharibədən sonrakı aylar içində iş sürətini artırıb ölkəyə borcundan da artıq neft verdiyi halda, Qüdrət plan səviyyəsindən hələ də aşağıda idi. Əlbəttə, bunu əlində əsas tutmuş Mirzəyevi məğlub eləmək o qədər də asan deyildi.
– Məni qəzəbləndirən başqa şeydir, – deyə Qüdrət səsini ucaltmadan və əsəbiləşdiyini gizlətməyə səy edərək, Azərneft rəisinə baxdı.
– İxtira ilə məşğul olmaq haqqını kim bizdən almışdır?
Rəis onun sözünü kəsərək:
– Yoldaş Qüdrət, – dedi, – buradakı anlaşılmazlıq ayrı şeydən irəli gəlir.
– Nədən? – deyə İsmayılzadə duruxub, rəisin izahını gözlədi.
– Ondan irəli gəlir ki, siz şəhər partiya komitəsinin göstərişindən sonra gedib buruqlara baş çəkməkdənsə, işə operativ rəhbərlik etməkdənsə, bizim ixtira bürosunun vəzifəsini əlindən alırsınız.
– Qətiyyən! – deyə Qüdrət etiraz səsini ucaltdı. – Məlumdur ki, həmin büro Mirzəyevə tabedir, mən də onun xasiyyətini yaxşı bildiyim üçün, hər növ yenilikdən ürkdüyüm özüm şahid olduğum üçün, Minayevin ixtirası ilə maraqlanmalı idim.
– Sən nə haqla belə ittihamlara əl atırsan?
Mirzəyev kükrəyib coşmaq istədisə də, Qüdrət buna əhəmiyyət verməyib fikrini tamamladı:
– Onu yalnız gündəlik plan maraqlandırır, amma mən indidən əllinci ilin perspektivini nəzərdə tuturam. Demək, bizim aramızda anlaşılmazlıq deyil, dərin bir uçurum var. Onun dediyi yolla getsək, əlbəttə, iki-üç ay plan dolacaq, amma sonra on il kəsirdən çıxa bilməyəcəyik. Mən isə bu rüsvayçılığa üç ay dözürəm, amma on il dözmək istəmirəm.
– Bu necə məntiqdir? – deyə Mirzəyev yenə təkəbbürlə soruşdu.
– Belə məntiq məndə artıq vərdiş halına gəlmişdir. Mən idarə etdiyim trestləri həmişə bu yolla aparmışam.
– Keçmiş xidmətiniz sizi xilas etməyəcək!
– Mən dünənki işimlə öyünməyə ehtiyac görmürəm! – deyə Qüdrət yenə atmacaladı: – Öz xasiyyətinizi məndə nə üçün axtarırsınız?
– Görünür, sülh baş tutmayacaq, yoldaş Qüdrət, – deyə rəis də Mirzəyevin tərəfini saxladı.
– Elə görünür... – deyə İsmayılzadə təsdiqlədi.
– Bilmirəm, siz nə üçün Minayevin ixtirasına bu qədər ümid bəsləyirsiniz? Doğrudanmı o, trestinizi rüsvayçılıqdan qurtara bilər?
Rəisin sualında artıq istehza oxunurdu.
– Məncə bu münaqişəni şəhər komitəsi katibi həll edəcək. Çünki siz hamınız onun adından məni töhmətləndirirsiniz. Mirzəyev də öz haqsızlığını rütbəsinin gücü ilə ört-basdır eləməyə çalışır. İzin verin hökumət telefonu ilə katibə zəng edim.
– Bizi nahaq qorxudursuz, yoldaş İsmayılzadə, mən yalnız partiyanın dediyini həyata keçirirəm.
– Daha yaxşı. Demək, mən onda haqsızlığımı görüb, birdəfəlik susmağa məğbur olaram.
– Olacaqsınız, mən buna əminəm!
Qüdrət telefon aparatları qoyulmuş balaca, dəyirmi stola yanaşdı:
– İzin verin, sizin yanınızdan ona zəng edim.
– Buyurun, buyurun!
Qüdrət dəstəyi götürüb nömrəni yığdı:
– Axşamınız xeyir, yoldaş Aslanov, – dedi. – Bilirəm çox məşğulsunuz. Lakin mən işin xatiri üçün beş-on dəqiqə vaxtınızı almaq istəyirəm... Bəli, yaxındayam. Çox gözəl, sağ olun! – Qüdrət dərindən nəfəs aldı və yenə rəisə baxdı:
– Bir saatdan sonra görüşərik. İcazə verin mən gedim hazırlaşım.
Mirzəyev qıpqırmızı olmuşdu: “Katib bizi çağırmasa, bu özünü təmizliyə çıxarıb, hamımızın kölgəmizi qılınclayacaq” deyə düşündü.
Rəis Qüdrətin xasiyyətinə yaxşı bələd olduğu üçün, yalnız bu sözləri dedi:
– Təbii ki, şəxsi məsələləri yadınızdan çıxaracaqsınız.
– Ona şübhə etməyə bilərsiniz! – deyə Qüdrət qapıya yönəldi.
Mirzəyev şəhadət barmağı ilə Qüdrəti hədələdi:
– Bax, namərdlik eləmə ha!
– Tərcümeyi-halınızı danışmayın, mən ona yaxşı bələdəm, – deyə İsmayılzadə rəisin kabinetindən çıxıb, maşınını Lalənin trestinə sürdürdü. Minayevi tapdı, tez çertyojlarını və ixtirasının maketini istədi. Dmitri maşınla evinə yola düşəndən sonra, Qüdrət arvadı ilə üzbəüz oturdu.
Lalə dünən baş mühəndisin texniki imtahandan keçirdiyi adamlara dair yazıb verdiyi xasiyyətnamələrlə tanış olurdu. O, Qüdrətin həyəcanlı gəldiyini görən kimi ayağa qalxdı, nə üçün belə əsəbiləşdiyini soruşdu.
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-yeddinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Məni inşaat materialları institutunda öz işimə qaytarmışdılar. Burda rəfiqələrimin yalnız biri qalmışdı: Rima. Məlikə ilə Tura isə ali məktəblərdə dosent vəzifəsində çalışırdılar. Direktorumuz Səmədovu işdən çıxarıb, yerinə baş elmi işçi, dosent Mirzəliyevi qoymuşdular. O məni gülərüzlə qarşılayıb, qolumdan tutmuş və birbaş köhnə otağımıza gətirmişdi. O, hər gün olmasa da, iki-üç gündən bir məni yanına çağırtdırır, dissertasiyam üzərində çalışarkən necə çətinliyə rast gəldiyimlə maraqlanır:– Heç qəm yemə, qızım, – deyirdi, – geri qalmağında sən müqəssir deyilsən. Hamımız sənə kömək edəcəyik, amma sən utanma, nə lazım olsa gəl, mənə söylə.
Birinci fəsil1**Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.
İkinci fəsil1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.
Üçüncü fəsil1**İsmayılzadə buruğu tərk edib gedəndən bir azca sonra artıq dan yeri ağarırdı. Dəniz üzərində pambıq tayaları kimi bir-birinin üstünə qalaqlanmış ağ buludlar ağır-ağır hərəkət edib cənuba doğru sürünürdü. Gecədən əsməyə başlamış yay küləyi, yavaş-yavaş qüvvətlənir, dənizin dalğaları ləngər vururdu. Üfüqdən baş qaldıran günəş indi bozumtul, qırmızı rəngə çalırdı.
Poems by other poets
Sən məni sevsəydin nolardı görən?Görən olardımı bir dərdim onda?
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"