Nəhrləri döndər belə haqqa sarı,Haqq qapısın açmır, atam, haqq açarı.İmanınla, gümanınla haqqa sarın,Bu millətin dərdi-səri min şaxəli.

Hökmü bircə: yüz niyyətin, min niyyətin,Asan yolla asan yola çıxmaq çətin;Sayğısı çox, qayğısı çox bu millətin;Bu millətin dərdi-səri min şaxəli.

Tanrım, məni tuş eləmə satqına, tuş;O, milləti şöhrətinə girov qoymuş,Heç görmədim qan tökəni qannan doymuş,Bu millətin dərdi-səri min şaxəli.

Özü hakim, özü dustaq öz içində,Qızıl sözü itir lilli söz içində;Milyonları sel ağzında, toz içində...Bu millətin dərdi-səri min şaxəli.

Gözgörəli taxtdan salır əyri düzü,Əyri qələm, əyri fikir, əyri düzüm,Bu düzlükdə düzlük özü əydi düzü,Bu millətin dərdi-səri min şaxəli.

Bu, beləcə içimizdən gələn səsdi,Bu, beləcə yolumuza çıxan dərsdi;Düşmən əli əlimizlə bizi kəsdi,Bu millətin dərdi-səri min şaxəli.

Dağ Aranda, Aran dağda olan yerdə,Yurddaş adlı yurd dağıdan olan yerdə.Baş gödəndən aşağıda olan yerdə,Bu millətin dərdi-səri min şaxəli.

3 iyun 1992

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love