Dəniz göylüyündə qalıb eləcə,Sahil qayaları elə həmindi.Girib xəyalımın qoluna təkcəÖzümlə həmsöhbət olmuşam indi.

Səhərin, axşamın rəngi dəyişməz,Gündüz günəşlidir, gecə aylıdır.Baxıram rənglərə, rəngimə düşməz,Gülüşlər ayrıdır, səslər ayrıdır.

O vaxt dalğalara gənclik demişdik,Sular o təkanla yenə çalxanır.Qumlara söz-hənir səpələmişdik,Ayağım altında səs ayaqlanır.

Hanı o? – Ulduzdu, şəfəqdi, nəydi?Dənizdə dalğaydıq, sahildə qaya.Təklənən talelər gözümə dəydi.Mənim təkliyimə kim məhəl qoyar.

Təklənən ləpirlər yağış çalası,Təklənən yarpağı şaxta yedəklər.Taledir, kimlərsə tənha qalası,Kimlərsə baş-başa ömr edəcəklər.

Mənəm o yüyənsiz cavanın biri,Gəl bəri, dərdləşək, a cavan oğlan.Mən nə qazanmışam səni itirib,Sən nə qazanmısan mən olmağınan.

On beş il əvvələ yol yoxdur daha,On beş il sonra da düyünlü düyçə,Bu günü döşündən asandı dahi,Bu günün göyünə baxandı göyçək.

Didilir bir ömrün yaşıl köynəyi,Yorğun xatirələr yollarda yortur.Nə qədər gözün var, gözlə, ürəyim,Nə qədər sahil var, sahildə otur...

Pitsunda, 28 sentyabr 1981

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets