Sizə yetim deyən olsa
Son anımda qəlpələnmək istərəm –Araz boyu səpələnmək istərəm.Gözünüzdən od ələnə, istərəm,Sizə yetim deyən olsa, qızlarım!
Namərd dili bir ağızda qıvrılan,Zəhərli söz balalayan bir ilan.Məzar daşım bir ox kimi sıyrılar,Sizə yetim deyən olsa, qızlarım!
Arzum olub ömrüm boyu oyanam,Günəşlə bir yurdumuza boyanam.Səhər-səhər dan yerinə boylanın,Sizə yetim deyən olsa, qızlarım!
Söz meydanım bu Muğandı, bu Mildi;Mənim şerim atalıdı min ildi.Nəsiminin inadını dirildin,Sizə yetim deyən olsa, qızlarım!
Mən əyilməz ata adı saxladım,Vicdanımı ovuclara sağmadım,Bu dünyanın məhvərini laxladın,Sizə yetim deyən olsa, qızlarım!
Demək, günəş yer üzünə qarğıyıb,Demək, sənə, Vətən eşqim, qar yağıb.Demək, kardı Azərbaycan torpağı,Sizə yetim deyən olsa, qızlarım!
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-size-yetim-deyen-olsa
Use ← → keys to move, R for a random poem