Mən bir quşam, ötən şirin dilim var,Hicran nədir? Yanımda sevgilim var,Bir bağbanam təzə qönçəm, gülüm var;Bahar mənim, bağça mənim, bar mənim.

Bir insanam yoldaşımdır səadət,Sürgün olmuş vətənimdən fəlakət,Bilməyirəm nədir həsrət, zəlalət,Dünya bilir ağ günlərim var mənim.

Mənim özgə aləmim var, çağım var.Hər il təzə nubar verən bağım var,Günə baxan bostanım var, tağım var,Ətirli gül, heyva mənim, nar mənim.

Şeir yazıb kirpiyinə, qaşına,Dolanmadım hər gözəlin başına.Azad elin torpağına, daşınaSəda salan kaman mənim, tar mənim.

Ellərimdir incəliyi fərq edən,Bir iz qoyar bu dünyadan hər gedən.Könül deyir mən qalmaram cərgədən,Hasilimi görür vətən, yar mənim...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring