Dünən gördüm ki, qaçqınların balaca uşaqları acından ağlayırlar.

Balam, bunlar niyə ağlayırlar?

Sahibsizdirlər.

Pəs bunlara baxan cəmiyyəti-xeyriyyə üzvləri haradadır?

Genə eşitdim ki, bir ayrı tərəfdə genə hərbzədələr acından ağlayır. Balam, pəs necə olub ki, bunlara çörək paylayan cəmiyyəti-xeyriyyə üzvləri?

Genə dünən birisi nəql eləyirdi ki, osmanlı yetimləri acından ağlayırdı, çünki cəmiyyəti-xeyriyyə üzvləri yox olub, bu biçarələri sahibsiz qoyublar.

Balam, bəs, haradadır bu cavanlar? Bunlar birdən-birə necə oldular! Və səbəb nə oldu ki, hamısı birdən-birə yox oldu?

Hə, a kişi bunu bayaqdan de də!..

İndi yadıma düşdü ki, bu cavanlar haradadırlar. Mən səhər də, axşam da, günorta vaxtı da, küçədə, bazarda və hər bir məclisdə ki gedirəm, görürəm ki, bir cavan nitq söyləyir və baxıb görürəm ki, bu cavan haman cəmiyyəti-xeyriyyənin üzvüdür ki, ac uşaqları ac qoyub, gəlib nitq desin.

A kişi, bunu mənə bayaqdan de da.. .

Cırcırama

“Molla Nəsrəddin”, 23 mart 1917, №7

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire