Allahü əkbər, Allahü əkbər! Məni bir başa salan yoxdur ki, təzə hökumətimizin xariciyyə vəziri Milyukov axır nə deyir. – Deyir ki, gərək İstambuldan türkləri yerli-dibli qovaq. Dardanel boğazını tutub onlardan alaq!..

Allahü əkbər, sübhanallah!

İndi biz nə tövr başa düşək? Ayə görək cənab Milyukov zarafat eləyir, yainki ciddi sözüdür. Əgər zarafat eləyir, – çox əbəs yerə eləyir; qəsdən də əbəs yerə eləyir. Belə zarafat bir qəpiyə dəyməz.

Əgər doğru sözüdür, onda bəs bunu nə tövr başa düşək ki, bir yandan Rusiya əhalisinə yalvarır-yaxarır ki, “ay amandı, haray, dad! Ey camaat Vilhelm yapışıb boğazımızdan, istəyir bizi boğub öldürsün və təzə azadlığımızı əlimizdən alsın, yenə öz qohumu və dostu Nikolayı taxta mindirsin.. . ”.

Allahü əkbər! Vallah, billah, başa düşmürəm. Ay Allahın mömin bəndələri, and verirəm sizi Nuxanın yüz min manatlıq gimnaziyasından ötrü həftədə iki ulaq yükü daşınan binövrə daşlarına, bir məni başa salın görüm, aya Vilhelm bəy ki, doğrudan da Milyukovun boğazından yapışıb istəyir boğsun, dəxi Dardanel boğazının günahı nədir ki, Milyukov da ora istəyir “şətəl” qatsın?

Allahü əkbər, sübhanallah!

Odur ki, atalar deyiblər: “Dəvədən yıxılıb höt-hötünü əldən qoymur”.

A balam, get işinə-gücünə. Mən ölüm get özünə iş axtar.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 30 mart 1917, №8

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dayan

Bir neçə vaxt bundan irəli İran məmurlarının biri Tiflisə təşrif gətirən vaxt iranlılar cəm olmuşdular məmurun görüşünə. Bu məclisdə İran qulluqçularından başqa ticarət əhlindən də çoxluca əşxas hazır idi.Nə olar ki, möhtərəm qonağın ziyarətinə gəlmək yaxşı şeydir.

1 min
Səkkiz yüz molla

“Səadət”, “Nəşri-maarif”, “İttihad”…Axırıncı iki ilin müddətində çıxan qəzetlərimizin sütunları bu sözlərlə doludur. Həmişə müsəlman qəzetlərinin köhnə nömrələrinə gözüm sataşanda elə ha görürəm ki, yazılıb: maşallah “Məktəbi Səadət”, mərhəba “Məktəbi-Nəşri-maarif”, zindəbad “Məktəbi-İttihad”…

2 min
Babilər

Təbrizdə bu saat qəhətlikdir və əhali çörək üzünə həsrətdir. Dəyirmanların sularını kəsiblər ki, dəyirmanlar yatsınlar. Şəhərin ətrafını atlılar bürüyüblər və hər yandan tərəddüd kəsilib. Məşrutə tərəfdarlarının övrət-uşaqlarının tələf olanı olub, olmayanı Ermənistana pənah aparıblar. Bağmeşə, Bilanku, Pürsənku, Xiyaban, Bazarçay, Maralyan məhəllələri təmamən dağılıb talan olublar.Burada bir mətləb var.

2 min
Müsəlman

Bakıda indi belə adət düşüb: məsələn, istəyirsən bir ev kirayə eləyəsən və görürsən ki, divara elan yapışdırıblar ki, “burada bu qədər otaq kirayə verilir”.Qapını döyürsən, ev sahibi çıxır qapıya. O da müsəlman, sən də müsəlman.

1 min

Poems by other poets · Satire