Təbrizdə bu saat qəhətlikdir və əhali çörək üzünə həsrətdir. Dəyirmanların sularını kəsiblər ki, dəyirmanlar yatsınlar. Şəhərin ətrafını atlılar bürüyüblər və hər yandan tərəddüd kəsilib. Məşrutə tərəfdarlarının övrət-uşaqlarının tələf olanı olub, olmayanı Ermənistana pənah aparıblar. Bağmeşə, Bilanku, Pürsənku, Xiyaban, Bazarçay, Maralyan məhəllələri təmamən dağılıb talan olublar.

Burada bir mətləb var.

İşdən xəbərdar olmayan elə xəyal eləyə bilər ki, Təbriz davası politika davasıdır; yəni elə xəyal eləyə bilər ki, məşrutiyyət tərəfdarları çoxdur ki, qalib olur və basır. Belə deyil.

İranda Məmmədəli şahın tərəfdarı məhz bir neçə adamdır ki, öz şəxsi mənfəətləri üçün, yəni kimi rüşvət alıb və kimi vədə alıb, şaha kömək eləyirlər; məsələn, Təbrizdə Hacı Mirzə Həsən müctəhid, İmam Cümə, Mir Haşım, Hacı İbrahim sərraf, Hacı Mir Manaf, Hacı Nizamüddövlə, Şücai-nizam, Hacı Fəramərz, Zərğam, Lotu Kazım, Lotu Həsən, Lotu Əskər; yəni Təbrizdə ancaq on iki adamdır. Tehranda da həmçinin.

Amma biz görürük ki, bütün Təbriz camaatı hücum çəkib məşrutəçilərin məhəllələrini dağıdıb, özlərinin qanını içirlər. Heç kəs deməsin ki, hücum çəkənlərin qəsdi padşahın düşmənlərini yox eləməkdir və köhnə idarəni geri qaytarmaqdır. Xeyr, saydığımız on iki adamdan savayı dəxi Təbrizdə bir adam tapılmaz ki, buna razı olsun. Bəs bu nə qovqadır?

Bir az işlərə diqqətlə baxsaq, görərik ki, burada bir belə hikmət var: Hacı Mirzə Həsən Təbriz meşələrində ot otlayan müsəlmanları inandırıb ki, məşrutiyyət istəyənlərin hamısı babidir. Dəxi qurtardı getdi. “Dədəm mənə kor deyib”.

– Ədə, qoyma, tut bu pədər süxtə babini!

– Vur, tut!

– Haray, qoyma qaçdı!

– Al gəldi, qırın bu babiləri!

– Urra, urra!

Budur Təbriz davası!

Və özgə cür də ola bilməzdi. Məslən, mənə deyirlər ki, flankəs babidir; yəni mürtəddir. Mən də bilirəm ki, onun qətli vacibdir. Dəxi qurtardı getdi. Yoxsa bir də özümə zəhmət verib başlayım sual-cavabı ki, aya doğrudanmı flankəs babidir, yainki hürriyyəti-vicdan adına durum hələ bir az fikir də eləyim? Qadan alım, Dəvəçi məhəlləsi hara, hürriyyəti-vicdan hara. Bu işlər bizim vilayətdə yeriməz, vəssalam.

Budur Təbriz davası.


Müctəhid, bəli, müctəhid…

Hacı Mirzə Həsən ağa müctəhidin gözünün qabağında Təbrizdə bir müsəlman uşağını ayıb olmasın müsəlman qaydası ilə bihörmət eləyiblər.

Hacı Mirzə Həsən ağa müctəhidin gözünün qabağında minlərcə müsəlman övrət-uşaqları Ermənistana qaçıb əcnəbilərin evində gizləniblər. Amma rus bankının rəisi Bidoloviç beş min tümən xərcləyib və sahibsiz qalan ac müsəlman övrət-uşağına çörək verib ki, aclarından tələf olmasınlar.

Biz keçən vaxtdan yazmışdıq ki, müctəhidlər palçıqda hambalların dalına minir, bizdən incimişdilər. İndi təvəqqə edirik ki, Hacı Mirzə Həsən ağa müctəhidi də görsünlər. Görsünlər ki, belə lotular və quldurlar da dünyada ola bilərmişlər.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 30 iyun 1908, №26

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ər

Dörd məclisdən ibarət komediyaİŞTİRAK EDİRLƏR

1 min
Əvvəlinci məclis

Mərcan xanım qolu çırmalı mizin üstə xamır qatır. Püstə durub onun yanında tamaşa eyləyir. Bir qədər keçəndən sonra Cahangir girir və o biri otağa keçir. Anasını görüb soruşur.Cahangir. Ana, nə qayırırsan?

44 min
İkinci məclis

Dəlixanada salon otağı, ortalıqda miz, ətrafında üç-dörd səndəlliyə, mizin üstə kağız, qələm, mürəkkəb qabı, zəng. Divardan saat asılıb. Mıxdan həkimin papağı, paltosu asılıb. Mizin qabağında dəlixananın müdiri doktor Ruhzad və yanında 5-10 nəfər tələbə. Bir tərəfində dəlilərin qilü-qalı eşidilir. Hərdənbir xəstələr hırıldayıb gülürlər. O dərəcədə ki, dam-divar uçmaq istəyir. Və gah sakit olurlar. Dəlilərə tərəf açılan qapının yanında bir kişi xidmətçisi durub, müdirin hökmünə müntəzirdir və dəlilərin mərəkəsi ucalan zaman qapını yavaşca açır, ucadan deyir:Qapıçı. Qalmaqal olmasın (Qilü-qal yatır).

15 min
Üçüncü məclis

Mərcan xanımın evində böyük qonaqlığa hazırlaşırlar. Zal otağında uzun stol açılıb. Üstündə belə qonaqlıqlara yaraşan hər növ qab-qacaq, hər növ içki, meyvəcat, şirniyyat, qəlyanaltı və qeyri düzülüb hazırdır. Stolun ətrafında dolanan Mərcan xanım,38 Zərəfşan xanım, Çiçək, Püstə, Həsrət xala, Şərəf xala, Vələmir (kişi qulluqçusu) . Hərdənbir İzzət nənə də vayıldaya-vayıldaya görsənir. Mürşüd dayı da hərdənbir bazardan gəlib, bazarlıq işlərinə dair baş çəkmək xidməti göstərir və gedir. Pərdə açı-landa otaqda olur Mürşüd dayı, Mərcan xanım və Zərəfşan.

15 min

Poems by other poets · Satire