“Səadət”, “Nəşri-maarif”, “İttihad”…

Axırıncı iki ilin müddətində çıxan qəzetlərimizin sütunları bu sözlərlə doludur. Həmişə müsəlman qəzetlərinin köhnə nömrələrinə gözüm sataşanda elə ha görürəm ki, yazılıb: maşallah “Məktəbi Səadət”, mərhəba “Məktəbi-Nəşri-maarif”, zindəbad “Məktəbi-İttihad”…

Amma bircə səhv burada eləmişik ki, əcnəbi millətlərin gözlərinin qabağında papağımızı əlimizə alıb, ura çəkə-çəkə məktəblərimizi tərif edəndə lazım idi ki, həmişə bunu da axırda deyək: “Allah bədnəzərdən saxlasın”. Mənim yenə etiqadım bunadır ki, adama göz vurarlar.


Ermənilər gördülər ki, Bakının müsəlman camaatı başlayıblar yavaş-yavaş şəhər məktəblərindən, gimnaziyalardan və qeyri məktəblərdən uşaqlarını çıxarıb, “Səadət”ə, “İttihad”a və “Nəşri-maarif məktəbi”nə göndərməyə, çox əcəb, bunlar da dinməz-söyləməz götürüb şəhər idarəsinə ərizə verdilər və ərizələrində yazıblar ki, indi, şükr Allaha, müsəlman qonşularımıza dəxi şəhər məktəbləri lazım deyildir; çünki, Allaha şükr, indi onların “Səadət”i, “İttihad”ı, “Nəşrimaarif”i var. Biz erməni camaatı şəhər idarəsindən təvəqqə edirik ki, bizə şəhər xərci ilə on iki məktəb açılsın. Ermənilərin ərzini şəhər də qəbul elədi; çünki kişilərin sözü haqdır.

İndi görürük ki, ermənilər üçün on iki məktəb açılır və hazır şəhər məktəblərindən də müsəlman uşaqları köçüb gedirlər “Səadət”, “Nəşri-maarif” və “İttihad”ın ibtidai məktəblərinə.


Hələ şəhər məktəblərindən əlavə, qeyri məktəblərdən də müsəlmanlar qaçmağa başlayıblar. Məsələn, bu il Bakının realni məktəbinə 150 imtahan tutan şagirdlərin ancaq altı nəfəri müsəlman idi; habelə gimnaziyalar, ticarət məktəbləri və qeyriləri. İndi yenə qəzetlərimizdə elə bir ucdan ha oxuyuruq: maşallah “Səadət”, mərhəba “Nəşrimaarif”, yaşasın “İttihad” məktəbləri. Amma qeyri millətlərin gözünün qabağında bu sözləri yaza-yaza, əlbəttə, gərək bunu da yazaq: “Düşmənin gözü kor olsun, Allah bədnəzərdən saxlasın”.


Mən deyirəm ki, bu il Kutais gimnaziyasında gürcü tayfasından altmış nəfər cavan qurtarıb, amma bütün Qafqazda gimnaziya qurtaran müsəlman şagirdlərinin sayı altmışa çatmaz.

Ermənilər qalsın kənarda, yəhudi uşaqları Qafqazın vəsəti məktəblərində müsəlman uşaqlarından çoxdur. Bunlar oxuyub olacaqlar incinar, təbib, yurist və hər qism mənsəb sahibi. Və halonki səadət, nəşri-maarif, ittihad, bəhcət, cənnət, məlaikə, huri və qılman

– bu məktəblərdə oxuyan yazıq uşaqlar nə özləri, nə ataları, nə də məktəb sahibləri bilmirlər ki, məktəbi qurtarandan sonra şagirdlərin axırı nə olacaq. Ondan ötrü ki, bu məktəblərin hələ indiyədək proqramı yoxdur (amma formalarına nə demişəm! Ax, nə forma, nə forma! Kaş mən də uşaq olaydım!)...


İndi bu işlərin vücudu ilə əgər əlimizə bir durbin alıb, gələcəyə baxsaq, görərik ki, dörd ildən sonra “Səadət”, “Nəşri-maarif” və “İttihad” məktəblərindən səkkiz yüz molla və Ərdəbil hakimi çıxacaq. Amma bunu da görərik ki, gözəl məmləkətimizin hər bir ixtiyarı, sərvəti və neməti keçib qonşularımızın əlinə. Odur ki, mən yenə deyirəm: Bakının müqəddəs məktəblərini həmişə tərifləyəndə gərək ehtiyat üçün həmişə bunu da artıraq: “Allah bədnəzərdən saxlasın”.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 23 iyun 1908, №25

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Altı milyon

Osmanlı qəzetləri yazırlar ki: “İstambul şeyxülislamı fitva verib Kərbəla mövqufatı satılsın və vüsul olan altı milyon manata Kərbəlada bir xəstəxana və Bağdadda bir darülfünün təsis olunsun”.Qəribə budur ki, qəzetlərimizin çoxusu bu xəbərə sevindilər və hətta “Bürhani-tərəqqi” belə yazır:

1 min
Teatr

Təəccüb etməli işdir ki, hələ indiyə kimi eləyə bilmirik teatr işində də özgə millətlərə möhtac olmayaq.Hələ müsəlman xanımlarının səhnəyə çıxmağı qalsın kənarda; müsəlman qızına nə biz, nə də “İşıq” izn verir ki, teatr oyunbazlarının içinə girib səhnədə oynasın. Biz hələ kişiləri deyirik: Allahın kişiləri də teatrdan qaçırlar, oynamaqdan qaçırlar və bizi o günə qoyurlar ki, gedirik ruslardan, ermənilərdən yalvarıb artist gətiririk ki, bizə müsəlman teatrı çıxartsınlar.

1 min
Zina

Hər adam istəyir hirsini yesin, dinməsin, insanı öz başına qoymurlar, dindirirlər.Yenə bir para ata-analarına lənət olmuşlar başlayıblar millətimizi çaşdırmağa, azdırmağa. Yenə bir para yeddi arxadan dönənləri tünbətün düşmüşlər qələmi murdar əllərinə alıb müsəlman qardaşları mədəniyyət aləminə dəvət eləyirlər, maarif yoluna çağırırlar, oxumaq və yazmaq dünyasına itələyirlər və bunun kimi bizlərə yaraşmayan əməlləri nişan vermək istəyirlər.

4 min
Mustafabəy Əlibəyov

Bakıda çıxan “Nicat” qəzetinin 36-cı nömrəsi bu gün düşdü əlimə və istədim açıb oxuyam. Sağ tərəfdən müsəlmanca yazılıb: “İran vüqüatı barəsində”, sol tərəfdən rusca yazılıb: “Mustafabəy Əlibəyov həzrətlərinin tərcümeyi – halı”.Hansını oxumaq lazımdır? Əlbəttə, sağ tərəfdə müsəlmanca yazılanı. Ondan ötrü ki, mən müsəlmanam və bir də Mustafabəynən mənim nə alıb verəcəyim var; amma İran işlərini oxuyub bilmək mənə vacibdir.

3 min

Poems by other poets · Satire