Bakıda indi belə adət düşüb: məsələn, istəyirsən bir ev kirayə eləyəsən və görürsən ki, divara elan yapışdırıblar ki, “burada bu qədər otaq kirayə verilir”.

Qapını döyürsən, ev sahibi çıxır qapıya. O da müsəlman, sən də müsəlman.

– Hə, nə istəyirsən?

– İstəyirəm evinizi kirayə eləyəm.

Əgər ev sahibi gördü ki, başında papaq var, sənə cavab verəcək ki, “mənim kirayə verilən evim yoxdur”.

– Ay hacı, ay bəy, axır elan yapışdırıbsınız?!

– Xeyr, xeyr. Kirayə verilən evim yoxdur.

Amma ev sahiblərinin çoxu mərdanə sənə cavab verəcək ki, “mən evimi müsəlmana vermərəm”.

Bütün şəhəri gəzəsən, heç bir müsəlman səni evinə qoymayacaq. Axırda çarəsiz qalıb, gedirsən rus, yəhudi və erməni evində otaq tutub qalırsan. Müsəlmanlar da evlərini verirlər ruslara, yəhudilərə, qeyri millətlərə.

Bu adətin iki yaxşı nəticəsi var: biri budur ki, müsəlman evdarları müsəlmanlara evlərini kirayə verməyəndə müsəlmanlar da gedirlər özgə millətlərin evlərində qala-qala bunlarnan üns tuturlar, yavıqlaşırlar, mehribanlaşırlar və bu da axırda millətlərin bir-birilə dostlaşıb, birbirinə qarışmalarına səbəb olur. Müsəlman evdarları evlərinə müsəlmandan savayı hər milləti qoymaqdan həmçinin belə nəticə hasil olur.

Yenə şükr eləmək lazımdır. Necə ki, müsəlmanlar deyirlər: “Lənət heçə”; ruslar da deyirlər ki, “dünyada hər bir pis işin yaxşı tərəfi də var”.

Yenə Allah bərəkət versin!

Qaldı bu adətin ikinci nəticəsi: ikinci nəticəsi də budur ki, Bakı müsəlmanları evlərini müsəlmanlara verməməklərindən bu çıxır ki, müsəlmanlar pis adamdırlar. Bu da ki, köhnə sözdür.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 7 iyul 1908, №27

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire