Zənciri-müqəddəs
Aprelin 15-də Bakıda əmələ gələn yığıncağın Molla əmiyə iki mənfəəti oldu: biri budur ki, təzə bir “qurultay” sözü qazandıq. Hərçənd qabaqca bir az ülkən kimi oldum, amma tez vaxtda adət elədim. İndi bu saat elə bilirəm, elə atam-anamdan öyrəndiyim sözdür.
Doğrudur, çox yerdə müsəlman qardaşlar bir çox başlar sındırdılar, bir çox lüğət kitabına baxdılar ki, qurultayın vətənini öyrənsinlər. Amma nə fars, nə ərəb kitablarında bir işarə tapa bilmədilər və tapa bilməzdilər də; çünki “qurultay” sözü tək bircə Dağıstan tərəfində [.. . ] qardaşlarımızın cığataylı əmi oğullarının arasında Nadir şah əsrində işlənən söz.
Aprel qurultayının mənim üçün ikinci mənfəəti də bu oldu ki, haman qurultay[dakı] gurultulu alqışlardan mənə yəqin oldu ki, yer üzündə xoşbəxt millətlərin ən xoşbəxti bizik ki, hacı əminin “mən ölümü” ilə ağa əmi tikdiyi o yekə-yekə “Şah Abbas” binasının Əsgəran divarlarını laxlatmağa yavıq olan və bəlkə də laxladan gurultulu alqışlar bunu sübut elədilər ki, Rusiya azadlığını qazanan heç bir kəs deyil imiş, məhz Bakı qurultayının gurultulu alqışlanan üzvləri imiş. Yaşasın millət başçıları, yaşasın Bakı və Şamaxı solistləri, yaşasın kafirlər cümhuriyyəti, yaşasın “Camei-Abbas” azadlığı!..
Amma, qardaş, bilirsən mənim fikrimə nə gəlir? Bilirsən mənim yadıma nə düşür? Bilirsən qulağıma nə sədalar gəlir? Mən, doğrusu, özüm kasıb-kusublar içində dolanan bir adamam. Mən özüm kəndliyəm və mahallarda, kənd-kəsəkdə çox vaxtlar keçirmişəm. Mən özüm əsnafam və avam, nadan füqəranın qaranlıq məhlələrində anadan olmuşam və oralarda tərbiyə tapmışam.
Ərzim orasındadır ki, aprel qurultayının gurultulu alqışlarını eşidəndə mənim qulağıma bir özgə səs də gəlirdi.
Ağlaram ağlar kimi,
Dərdim var dağlar kimi.
Kimdir o ağlayan?
Fatmanisə xalalar, Nurcahan xalalar, Sona bacılardı.
Niyə ağlayırlar?
Ondan ötrü ağlayırlar ki, ərləri çoxdan bunları boşlayıb bir ayrı övrət alıblar. Bunları da boşamaq istəmirlər. Bəs, bunun çarəsi nədir? Heç çarəsi yoxdur, məgər ölməkdən savayı; çünki müsəlman təlaqını bizim şəriətmədarların dövlətindən tək bir ölüm qurtara bilər. Müsəlman arvadı ölməsə, ərindən xilas ola bilməz. Amma əri nə vaxt istəsə, övrətin təlaqını verə bilər; yəni açığı budur ki, ixtiyar tək bircə kişidədir. Və çünki mən özüm camaat içində dolanan adamam, çünki mən knyaz, xan deyiləm, çünki mən özüm həmi kəndli və həmi də rəiyyətəm, mən kəbin altında qalan ömürləri müqəddəs zəncir altında çürüyən müsəlman övrətlərinin gözyaşlarını çox görmüşəm.
Ağlaram ağlar kimi,
Dərdim var dağlar kimi.
Bəs, doqquz yaşında zornan ərə verdiyimiz balacalarımıza nə deyirsən? Mən səndən soruşuram, ay canilərimizi gurultulu alqışlayan qurultay üzvləri?
[...] yaşında ağlar qızların göz yaşlarını çox görmüşəm; keçən vaxtlarda yox, çox uzaq yox, elə günün bu saatında görürəm.
Qorx, qorx! Ehtiyat elə ki, birdən solist yoldaşlarımız kəbin altında çürüyən və doqquz yaşında ərə verilən övrətlərimizin və qızlarımızın ağlar sədasını naqafil görüb və eşidib bizi utandıra bilərlər.
Bəlkə bizdən sual elədilər ki, ey müsəlman yoldaşlar, siz hələ nə istəyirsiniz? Siz hara, azadlıq hara? Siz hara, müsavat hara?
Qorxuram onda xəcalət çəkək.
Çox qorxuram.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 5 may 1917, №11
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-zenciri-muqeddes
Use ← → keys to move, R for a random poem
More by this author
“Mədfən”–ərəb ləfzidir. Mədfən o yerə deyilir ki, orada ölü dəfn olunur, yəni ölü basdırılır. Biz ona türk dilində “qəbr” deyirik; “qəbr” də ərəb sözüdür.Bir də var “mədfəni-fikr”; yəni elə bir yerdir ki, orada fikir dəfn olunur, yəni fikir basdırılır.
Qarabağda aşuraBu il Qarabağda aşuraya rövnəq verən yenə qoçaq iranlılar oldular.Ağdamda aşura günü məscidin həyəti çadralı qadınlarla dolmağa başladı. Amma bu qadınların içində çoxluca iranlı qadınlar da var idi.
Dindarlığın axır nəfəsiÇox yerlərdən xəbər gəlir ki, bu il məhərrəmlik büsatı keçmiş illərə nisbətən bir balaca istədi mıqqıldasın.Bir para yerlərdə qara camaat və qumarxana lotuları və uşaqbazları hətta baş yarmaq arzusuna da gəlib çatmışdılar. Və bu fəqərə xüsusunda çoxları yazıb idarəmizdən soruşurlar ki, aya bunun illəti nədir ki, suri-İsrafilin bu uzun illər çaldığı bir əsrdə ki, hətta ölülər də dirilməyə üz qoymaq fikrindədirlər, aya səbəb nədir bizim nadan müsəlmanlar fırıldaqçı mollaların torundan yenə çıxıb qaçmaq istəmirlər və yenə bambılı İran mərsiyəxanları mərsiyə və şəbehlərinin dalınca gedirlər?
Kooperativ bayramıBu kooperativ bayramını mən heç başa düşmədim və heç bilmədim ki, insanlar neyləmək istəyirlər? Axırı, deyəsən, lap zarafat oldu.Kooperativ – yəni dövlətməndliyi aradan götürmək, yəni sərmayədarçılığın qarşısına birləşmək və ümum zəhmətkeşlərin hərəsinin saqqalından bir tük ayırıb milyonçu yaratmağın qabağını almaq.
Poems by other poets · Satire
Hey özündən deyirsən hər yerdə,Təpəyə dağ deməklə dağ olmaz.
Zəmanənin tənqidiEy xudavəndi-cəhan, aləmi əsrari-xəfi,Bu nə kavuşü, nə qovğavü, nə cəngü, nə cədəl?
Hacı Nemət kişiGözlərin aydın olsun, ay Hacı Nemət kişi!Sən daha bundan belə eyləmə xiffət, kişi!
Ədəbiyyat (“Bəsdi daha “Kəlniyət!”)Bəsdi daha “Kəlniyət”,Yazma Belə yazını,