Dünən getmişdim poçtxanaya atama pul göndərəm, Poçtun qapıları bağlı idi. Soruşdum:

– Nə səbəbə?

Dedilər ki bayramdır. Xaçpərəst bayramıdır.

Yəni xaçpərəstlərin hansı bayramıdır?

Dedilər ki, bu gün müqəddəs İvanı qətlə yetiriblər (Ay namərdlər!).

Keçən həftə getmişdim şəhər idarəsindən paşburt alım; çünki səfərim var, anam tel göndərib durma gəl. Gördüm şəhər divanxanası bağlıdır. Niyə?

Bu gün xaçpərəst bayramıdır?

Yəni xaçpərəstlərin hansı bayramıdır?

Dedilər ki, bu haman mübarək gündür ki, müqəddəs Marqosun ad qoyulan günüdür.

Dəxi o günü paşburt ala bilmədim və yolumdan da qaldım.

Yenə bir neçə gün bundan əqdəm divanxanalar və bazar-dükanlar bağlı idi. O gün yenə soruşdum ki, bu gün niyə dünya və aləm məəttəldir? Cavab verdilər ki, xaçpərəst bayramıdır.

Soruşdum:

– Xaçpərəstlərin hansı bayramıdır?

Dedilər ki, bu gün də həmin gündür ki, müqəddəs Silvestrin dişi laxlayıb.

Sonra yadıma saldım ki, ay dad-bidad, bir geri çön gör, bu minval ilə keçənlərdə biz başıdaşlı müsəlmanların başına nə iş gəlib! Bir yada sal gör, bu müqəddəs ivanların, mübarək silvestrlərin, göydən gələn nikolayların, andreylərin ad qoyulan günləri nə qədər biçarə müsəlman qardaşları bağlı divanxanalar qabağında, bağlı dükan qabağında aciz və avara qoyublar!

Ey dadi-bidad, bir yada sal gör o günləri ki, qaradavoylar və stracniklər şallaq gücünə müsəlmanların dükanlarını bağladıblar ki, bu gün məsələn, “Vladimir bayramı”dır.

– Bəs, bu gün niyə idarələr bağlıdır?

– Bu gün də Qriqorinin başına soyuq dəyib.

– Bəs, bu gün niyə oğlun dərsə getməyib?

– Bu gün də müqəddəs Pyotr yuxu görüb.

– Bəs, bu gün niyə Bakı müəllimləri tətil ediblər?

– Bu gün Pavel bayramıdır.

– Bu gün Aleksandr bayramıdır.

– Bu gün niyə yavansız?

– Bu gün dükan-bazar bağlı idi.

– Niyə bağlı idi?

– Bu gün Dionisi həzrətlərini suya çəkiblər.

– Bu gün İoan Krestitelin boynunu vurublar.

– Bu gün Ksenofont bayramıdır.

Silvestr, Yevstafi, Pulxra, Afanasi, Yeremiya, flan, flan və minlərcə bu cür müqəddəslər var ki, hamısının adını yazsam, fazil Mirzə Baratın məqaləsindən uzun olar.

– Bəs nə vaxtadək, qardaşım?

– Dəxi indi sözün nədir, yoldaşım?

Bəs nə vaxtadək belə zorba-zorluqlar davam edəcək? İndi də ki, gorba-gor düşmüş Stolıpin əsri deyil? Bəs, indi sözün nədir?

Əgər bundan sonra da müsəlmanların üzünə hökumət idarələri müqəddəs Afanasi adı ilə “prazdnik” deyilib bağlanacaq – dəxi nə azadlıqbazlıqdır?! Əgər bundan sonra da müsəlman ölkələrində olan hökumət polisxanaları müqəddəs ivanların naminə bağlanacaqlar, dəxi bu hürriyyət olmadı!!!

İndi sözün nədir, ay belə sənin qadanı alım?

Əgər indi də belə-belə zarafatları eləyəcəksən – dəxi bu ki, oyun-oyuncaq oldu, a belə sənin başına dolanım!

Mən ölüm incimədin ki?

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 12 may 1917, №12

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Hacı İbrahimov

“Rusiyada Əbdürrəşid İbrahimov həzrətlərini tanımayan kimsə yoxdur”. Bu adamın barəsində Əhməd bəy Ağayev belə deyir. Və belə deyəndən sonra başlayır hacının hünərlərini və xidmətlərini birbir saymağa. Məsələn, İstambulda “Əsrari-Qasimi” elmlərini oxuyub qurtarandan sonra gəldi Peterburqa və başladı “Ülfət” qəzetini çıxartmağa. Axırda baş götürüb getdi Yaponiyaya və orada 35 nəfər məbus və mühərrirlərdən və vəzirlərdən islam dininə çöndərdi. Elə az qalmışdı ki, Yaponiya imperatoru da islamı qəbul edə ki, dəxi İbrahimov istixarə eləyib, artıq qala bilmədi və oradan düz Məkkəyə tərəf yola düşdü və “Tərcüman” qəzetini elə indiyədək təəccübdə qoydu ki, aya, görəsən, İbrahimov yaponlarla hansı dildə danışırdı; çünki İbrahimov öz dilindən savayı bir qeyri dil bilmir, yaponlar da müsəlmanca bilmirlər.Bunların heç birini mən hesaba qoymuram. Allah şahiddir ki, Əbdürrəşid İbrahimovu Rusiyada tanımayan yoxdur. Amma söz burasındadır ki, əgər sən elə belə deyib dursan, mən də deyərəm ki, İranda şeyx Fəzllulahı da tanımayan yoxdur. Ya gərək sözünü geri götürəsən, ya da gərək mətləbi açasan; yoxsa İstambulda təhsil tapmaq, sonra “Ülfət” qəzetini çıxartmaq və sonra da “Bəyanül-həqq” qəzetinə müxbirlik eləmək artıq bir iş deyil.

2 min
Şeyxülislam

Mərizxana elə bir yerə deyirlər ki, orada naxoşlar müalicə olunur. Yevropada mərizxana çoxdur, amma İranda və müsəlman məmləkətlərində yoxdur və bunun da səbəbi var; səbəbsiz dünyada heç şey yoxdur. Səbəbi odur ki, əcnəbilər naxoş olanda onlar mərizxanaya və təbibə möhtac olurlar, amma müsəlmanlar naxoş olanda çağırırlar cindar Seyid Bağırı, o da naxoşun qabağında bir tas qurur, içinə su tökür və bir yazılı kağız salır və üfürə-üfürə başlayır oxumağa: “Bağladım, bağladım, çıxın cinlər, şəyatinlər”. Bu cindar işini tamam edir və pulunu alıb gedəndən sonra Qışlaqlı cənab filosof Baxış daxil olur və əlini cibinə uzadıb dərmanlarını çıxarır və bir-bir naxoşun qabağına açıb başlayır tərifləməyə: “Bad zəncburya, quş üzümü, toxmi-xərdəl, inəbüləq-ləb, cövzi-hindi, qaqleyi-kübar, qaqleyi-süğar və dörd dirhəm dərdi mülki-ərzəq. Bunları qarışdırıb naxoşa verəndən sonra nə olsa, haman saat kəsəcək”.Budur mərizxana, budur müalicə, budur təbib. Yoxsa Yevropada bir böyük imarəti mətəl eləyirlər və başdan-başa qravat düzürlər və dünyanın zəhərli və acı murdar davalarını gətirib ortaya yığırlar, çağırırlar binamaz həkimləri və naxoşları doldurub həftələr ilə, aylar ilə orada saxlayırlar ki, nə var, nə var “biz bu naxoşlara müalicə eləyirik”.

3 min
Helmi Paşa

Xəyalım möhtərəm oxuculara artıq başağrısı vermək deyil. Onsuz da hava istidir: nə uzun-uzadı yazmağa damağım var, nə uzun-uzadı oxumağa xalqın həvəsi var. Bir neçə söz müxtəsər ərz edib, qoyacağam qələmi yerə.Bircə bunu soruşmaq istəyirəm: nə əcəb Rusiya hökuməti razı oldu ki, Helmi paşa Rusiyanın müsəlman şəhərini gəzib dolansın, müsəlmanlarla görüşüb danışsın? Qəzetlərdən məlum oldu ki, Helmi paşa Peterburqun müsəlman camaatının içində oldu, onlarla qonuşdu, sonra Moskvaya, Kazana, Orenburqa və Samaraya getdi və müsəlmanların başçılarının məclisində söhbətlər elədi, nitqlər oxudu. Buna nə əcəb Rusiya hökuməti razı oldu?

2 min
İt baxandan

Tiflisdə bizim məhəllədə bir bağ var, adı Botaniçeskidir. Kişilər deyirlər ki, bu bağ bahar vaxtı cənnətin bir guşəsinə oxşayır. Amma mən yazıq hələ indiyə kimi bu bağı görməmişəm; ərim qoymur ki, mən oraya gedəm, ərimdən izinsiz də getsəm, yaxşı olmaz; əvvəla ərimi aldatmış olaram, ikinci də ki, ərim xəbərdar olsa, gəlib məni vurub öldürər.Bu bağ bizim evimizin yanındadır. Bahar daxil olan kimi küçəmizdə iynə salmağa yer olmaz. Elə adamdır ki, dəstə-dəstə gəlib qapımızın qabağından keçirlər Bataniçeski bağa. Gedənlərin çoxusu da bizim kimi arvadlardır. Amma müsəlman arvadı deyillər, rus arvadlarıdırlar, erməni, gürcü, yəhudi, firəng arvadlarıdırlar, müsəlman arvadı yoxdur, çünki kişilərimiz bizə izin vermirlər.

2 min

Poems by other poets · Satire