Xəyalım möhtərəm oxuculara artıq başağrısı vermək deyil. Onsuz da hava istidir: nə uzun-uzadı yazmağa damağım var, nə uzun-uzadı oxumağa xalqın həvəsi var. Bir neçə söz müxtəsər ərz edib, qoyacağam qələmi yerə.


Bircə bunu soruşmaq istəyirəm: nə əcəb Rusiya hökuməti razı oldu ki, Helmi paşa Rusiyanın müsəlman şəhərini gəzib dolansın, müsəlmanlarla görüşüb danışsın? Qəzetlərdən məlum oldu ki, Helmi paşa Peterburqun müsəlman camaatının içində oldu, onlarla qonuşdu, sonra Moskvaya, Kazana, Orenburqa və Samaraya getdi və müsəlmanların başçılarının məclisində söhbətlər elədi, nitqlər oxudu. Buna nə əcəb Rusiya hökuməti razı oldu?

Cavab.

Cavabı budur ki, Helmi paşanı Rusiya hökuməti yaxşı tanıyırmış və Stolıpin bilirmiş ki, bu kişi müsəlmanlara nə danışa bilər. Belə olanda nəinki Rusiya dövləti Helmi paşanın səyahətinə mane olmazdı, bəlkə əli ilə bir şey də verərdi ki, bu səyahət baş tutsun.


İndi biz bilirik ki, Helmi paşa Peterburqda nə danışıb; biz bilirik ki, Peterburq darülfünununda hüquq elmi oxuyan bir müsəlman qızına Helmi paşa nə söyləyib; biz bilirik ki, Kazan şəhərində müsəlman xatunlarına Helmi paşa nə deyib. Babalı Əbdürrəşid İbrahimovun boynuna, əgər rəvayət doğru olsa, halal olsun Helmi paşaya o çörək ki, müsəlmanların səmimi dostu “Novoye vremya” qəzetinin sahibi Suvorinin xanəsində yeyib. Məlumdur ki, əgər Suvorin bilsə idi ki, Helmi paşa müsəlmanların gözlərinin açılmağına bais olan bir kəlmə söz danışa bilər, nə Helmi paşanı evinə qonaq çağırardı, nə də onun Rusiya torpağına ayaq basmağına izn verərdi.


Havalar istiləşib, çox yazı yazmaq olmur. Helmi paşa Türkiyənin sabiq sədri-əzəmidir. Çox əcəb, bəs bunun mənə nə dəxli var? Bəs mənə dəxli yoxdur, niyə damın üstünə çıxıb çığırıb, hələ qonşuları da çağırıram ki, “adə, durmayın, çıxın dama, Helmi paşa gəlir!” Dəxi mənə nə dəxli var, gəlir? Qoy Əbdürrəşid İbrahimov sevinsin.

Amma bu gün hava çox istidir.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 6 iyun 1910, №22

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Siyasi məsələ

Səttərxan şahın qoşunlarını basdı və günbəgün qabağa getməkdədir. Bunnan işimiz yoxdur. Az qalıb ki, bütün Azərbaycana padşah olsun. Bunnan da işimiz yoxdur.Şüca Nizami, Eynüddövləni, İzzətullah xanı və qeyriləri çox asanlıqla basıb dağıdır.

1 min
Zəhrimar

A kişi, bu Tiflis məscidinin mövqufatı lap əngəl oldu. Bu zəhrimar qoymur Allah bəndələrini rahat evlərində yatsınlar. Nə bilim, hansı rəhmətliyin də işi-gücü yox imiş, gedib Tiflis məscidinə, nə bilim, nə qədər mülk-maş vəqf eləyib.Hələ mülk-maş qalsın kənarda. İndi bu saat padşahlıq xəzinəsində Tiflis məscidinin həştad min manat pulu var. Ay balam, bu pul olub bir dərd, bəla. Dəxi nə deyim? Nə gedib xəzinədən götürmək olur ki, bu zəhrimar birədi puça çıxsın, nə də oğurlamaq, çalıb talamaq olur. Xülasə, bir böyük əngəl.

3 min
Şahzadə

Qabaqca bunu gərək deyək ki, Məhəmmədəli şahın qardaşı şahdan küsüb gedib Rusiyada Varşava şəhərində olur.Əvvəllər hökumət məmurları şahzadəyə heç məhəl qoymurdular, çünki görürdülər ki, Məhəmmədəli şahın qardaşıdır.

1 min
Bosna və Hersək məsələsi

Uşaqlıqda mənim başımın hər yeri qırxılırdı, amma tamam kəlləmdə bir qədər tük qalırdı. Bunun adına kakil deyirlərdi. Mənim kakilim çox uzun idi. Bir də qulağıma qızıldan sırğa kimi bir şey taxmışdılar, adına heydəri deyirlərdi. Mənim anam nəzir eləmişdi ki, mən yeddi yaşa çatanda məni aparsınlar Bakıda Bibiheybətə, kakilimi orada qırxdırsınlar, heydərini də orada açsınlar… Bir gün qulağımda heydəri çıxmışdım küçə qapısına, gördim bir nəfər yekə oğlan gəldi əlində taxtadan yonulmuş bir at. Mənə dedi: “Ala bax, bağışlayıram sənə, gör nə yaxşı atdı!” Mən bunu görcək sevinə-sevinə atı aldım, o oğlan atı verdi əlimə, əlin uzatdı qulağımdan heydərini çıxartdı. Amma mənim heydəri nə vecimə gəlir. Çox şad əlimdə at getdim evə. Anam məni görcək dedi: “Adə, o at nədi?” Dedim: “Küçədə bir əmi verdi”. Dedi: “Vay başı daşdı, hanı heydərin?” Dedim: “Əmi apardı”. Anam qışqırdı, bağırdı, nənəm gəldi, xalam gəldi, bibimə adam getdi. Qərəz, bir qiyamət qopdu ki, gəl ki görəsən. Amma indiki kimi mənim yadımdadır ki, o küy-kələk, o qiylüqal heç mənim qulağıma girmirdi. Mən ancaq at ilə məşğul idim, onu oynadırdım. Vaqeən gərək də elə olaydı, çünki onda mənə oyuncaq lazım idi, iqruşka ilə şad olurdum. Bu qalsın burada.Əmiri-Əfğanıstan öz səyahətnaməsində yazır: Vəqta ki mən Əfğanıstandan qaçıb Əmiri-Buxaraya pənah apardım, Əmirin gözü mənim yanımda olan bir gözəl oğlana düşdü, istədi onu mənim əlimdən alsın. Bunun üstündə aramız pozuldu. Buxaradan getməli olduq. Mənim müqərriblərimdən dedilər ki, gedək Səmərqəndə, Rusa pənah aparaq. Mən dedim: Bu necə ola bilər: olar kafir, biz müsəlman? Dedilər: Doğrudur, rus kafirdir, amma müsəlmanlığın rəvacına bizdən artıq çalışır. Dedim: Necə? Dedilər: Səmərqəndi ki təzə alıb, orada car çəkdirib ki, hər kəs cümə namazına gəlmə sə iyirmi beş manat cəriməsi var.

2 min

Poems by other poets · Satire