Uşaqlıqda mənim başımın hər yeri qırxılırdı, amma tamam kəlləmdə bir qədər tük qalırdı. Bunun adına kakil deyirlərdi. Mənim kakilim çox uzun idi. Bir də qulağıma qızıldan sırğa kimi bir şey taxmışdılar, adına heydəri deyirlərdi. Mənim anam nəzir eləmişdi ki, mən yeddi yaşa çatanda məni aparsınlar Bakıda Bibiheybətə, kakilimi orada qırxdırsınlar, heydərini də orada açsınlar… Bir gün qulağımda heydəri çıxmışdım küçə qapısına, gördim bir nəfər yekə oğlan gəldi əlində taxtadan yonulmuş bir at. Mənə dedi: “Ala bax, bağışlayıram sənə, gör nə yaxşı atdı!” Mən bunu görcək sevinə-sevinə atı aldım, o oğlan atı verdi əlimə, əlin uzatdı qulağımdan heydərini çıxartdı. Amma mənim heydəri nə vecimə gəlir. Çox şad əlimdə at getdim evə. Anam məni görcək dedi: “Adə, o at nədi?” Dedim: “Küçədə bir əmi verdi”. Dedi: “Vay başı daşdı, hanı heydərin?” Dedim: “Əmi apardı”. Anam qışqırdı, bağırdı, nənəm gəldi, xalam gəldi, bibimə adam getdi. Qərəz, bir qiyamət qopdu ki, gəl ki görəsən. Amma indiki kimi mənim yadımdadır ki, o küy-kələk, o qiylüqal heç mənim qulağıma girmirdi. Mən ancaq at ilə məşğul idim, onu oynadırdım. Vaqeən gərək də elə olaydı, çünki onda mənə oyuncaq lazım idi, iqruşka ilə şad olurdum. Bu qalsın burada.

Əmiri-Əfğanıstan öz səyahətnaməsində yazır: Vəqta ki mən Əfğanıstandan qaçıb Əmiri-Buxaraya pənah apardım, Əmirin gözü mənim yanımda olan bir gözəl oğlana düşdü, istədi onu mənim əlimdən alsın. Bunun üstündə aramız pozuldu. Buxaradan getməli olduq. Mənim müqərriblərimdən dedilər ki, gedək Səmərqəndə, Rusa pənah aparaq. Mən dedim: Bu necə ola bilər: olar kafir, biz müsəlman? Dedilər: Doğrudur, rus kafirdir, amma müsəlmanlığın rəvacına bizdən artıq çalışır. Dedim: Necə? Dedilər: Səmərqəndi ki təzə alıb, orada car çəkdirib ki, hər kəs cümə namazına gəlmə sə iyirmi beş manat cəriməsi var.

Bu da vaqeən gərək belə olaydı. Çünki mənə oyuncaq lazım olan kimi onlara da cümə namazı lazım idi: Səmərqənd, Daşkənd, Xoqənd lazım deyildi.

Avstriya dövləti ki Bosna-Hersəgi öz mülkünə mülhəq edib, Bos-na-Hersəgdən bəzi müsəlmanlar ümum ora müsəlmanlarından vəkalətdən getmişdilər Venaya ki, Avstriya dövlətindən rizaməndlik etsinlər: “Çox sağ olun, Allah sizin ömri-şərifüzi artıq eləsin ki, bizi özünüzə rəiyyət etdiniz”. Avstriya dövləti də axı gərək bulara bir şey verəydi. Vaqeən verdi, yəni qət etdi ki, Venada onların yadigarlığına bir məscidi-ali bina olunsun.

Yadımadı qulağımdan heydərinin getməyi evimizdə nə qədər qiyamət qopartdısa da, mən əlimdəki oyuncaqdan çox ləzzət aparırdım, çünki mənə o lazım idi. Amma, öz aramızdı, avropalılar bizi necə yaxşı tanıyıblar.

Qızdırmalı

“Molla Nəsrəddin”, 7 dekabr 1908, №49

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire