Elə haman sözdür ki, neçə dəfə yazmışıq. Yenə köhnə məsələdir…

Kimdir Sultan Əbdülhəmid?

Bu barədə çox danışılıb. İndiyədək sultan barəsində nuxalılar ilə, şamaxılılar ilə və dağıstanlılar ilə bizim aramızda bir növ mübahisə əmələ gəlib; yəni sözümüz bir-birimizə xoş gədməyib.

Sultan söhbəti düşəndə onun gədaları həmişə istəyiblər sübuta yetirsinlər ki, “Sultan Əbdülhəmid-xani-sani əfəndimiz həzrətləri hamiyi-şəriəti-Məhəmmədiyyə, xəlifeyi-islam və himayəgahi-ülum və maarif olan bir zatdır”. Amma biz bunun cavabında həmişə demişik ki, Sultan Əbdülhəmidi-sani Osmanlı məmləkətinin və məmləkətdə yaşayan cəmi millətlərin düşmənidir və Osmanlı taxtına dırmaşıb qalxandan indiyədək, bu otuz altı ilin ərzində, gecə-gündüz fikri o yerdə olub ki, məmləkəti məhv eləsin; yəni puça çıxartsın.

Heç kəs indiyədək bizim sözümü təsdiq eləməyib; hamı elə bilib ki, sultan ilə bizim ata-baba davamız var, şəxsi ədavətimiz var. Bir tərəfdən “Həblül-mətin”lər və Qafqaz qəzetlərimiz sultan barəsində uzun-uzun şahnamələr yazıb camaatı istəyiblər öz tərəflərinə çəksinlər, bir tərəfdən də Avropada və Misirdə Sultan Əbdülhəmidin təqsirnamələrini nəşr eləyən osmanlı mücahidlərinin qəzetləri camaatımızın nəzərinə çata bilməyib.

Odur ki, indiyədək meydanda qalmışıq tək.

Baho!.. İndi gör nə var!

İndi cəmi qəzetlər başlayıblar sultanın vətəninə göstərdiyi düşmənçiliyi isbat eləməyə; çünki indi eşidiblər ki, cavan türklərin qoşunu sultan Əbdülhəmidi istəyir taxtdan itələyib salsın aşağa.

Yenə bunlar hamısı ötüşüb keçən işlərdir: amma bircə şey ötüşüb keçməyəcək. Söz yox, maarifpərvərlərimizdən çoxları tapıla bilər ki, bəzi qəzetləri əvvəlinci nömrəsində ilin axırınadək yığıb kitab bağlayırlar ki, sonra hərdənbir açıb köhnə işləri yada salsınlar. Əgər indi birisi açıb qəzet kitabını vərəqləyə və sultan barəsində yazılan sözləri oxuya, onda baxıb görəcək ki, dünən yazılıb: “Sultan Əbdülhəmid-xani-sani əfəndimiz həzrətləri, hamiyi-şəriəti Məhəmmədiyyə, xəlifeyi-islam və himayəgahiülum və maarif…”; amma həmin qəzetin o biri nömrəsində oxuyacaq ki, Osmanlı məmləkətinin parçalanmağına, ülum və maarifin məhv olmağına və indi də İstambulda qanların axmağına səbəb bir zat olubdur; onun adı – Əbdülhəmidxani-sanidir!

Mən elə bilirəm ki, hər bir şey ötüşsə, bu ötüşməz.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 12 aprel 1909, №15

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire