“Rusiyada Əbdürrəşid İbrahimov həzrətlərini tanımayan kimsə yoxdur”. Bu adamın barəsində Əhməd bəy Ağayev belə deyir. Və belə deyəndən sonra başlayır hacının hünərlərini və xidmətlərini birbir saymağa. Məsələn, İstambulda “Əsrari-Qasimi” elmlərini oxuyub qurtarandan sonra gəldi Peterburqa və başladı “Ülfət” qəzetini çıxartmağa. Axırda baş götürüb getdi Yaponiyaya və orada 35 nəfər məbus və mühərrirlərdən və vəzirlərdən islam dininə çöndərdi. Elə az qalmışdı ki, Yaponiya imperatoru da islamı qəbul edə ki, dəxi İbrahimov istixarə eləyib, artıq qala bilmədi və oradan düz Məkkəyə tərəf yola düşdü və “Tərcüman” qəzetini elə indiyədək təəccübdə qoydu ki, aya, görəsən, İbrahimov yaponlarla hansı dildə danışırdı; çünki İbrahimov öz dilindən savayı bir qeyri dil bilmir, yaponlar da müsəlmanca bilmirlər.


Bunların heç birini mən hesaba qoymuram. Allah şahiddir ki, Əbdürrəşid İbrahimovu Rusiyada tanımayan yoxdur. Amma söz burasındadır ki, əgər sən elə belə deyib dursan, mən də deyərəm ki, İranda şeyx Fəzllulahı da tanımayan yoxdur. Ya gərək sözünü geri götürəsən, ya da gərək mətləbi açasan; yoxsa İstambulda təhsil tapmaq, sonra “Ülfət” qəzetini çıxartmaq və sonra da “Bəyanül-həqq” qəzetinə müxbirlik eləmək artıq bir iş deyil.

Mömin qardaşlardan təvəqqə edirəm: bir dəqiqəliyə dünya işlərini nəzərdən salıb, fikirlərini versinlər keçəcəyə. Və yada salsınlar Rusiyanın əvvəlinci “duma” məclisini ki, Qafqazdan Peterburqa bizim də bir neçə vəkillərimiz gedib, orada bizim dərdlərimizi ortalığa qoyub danışırdılar. Və günlərin bir günü dumada övrət məsələsi ortalığa qoyulur, müsəlman məbuslarından bir nəfər müsəlman övrətləri üçün də müsavat tələb edir ki, kişilərlə övrətlərin hüququ bərabərləşsin.

Bu söhbəti eşidir “Ülfət” qəzetinin sahibi cənab İbrahimov və eşidən tək götürüb qəzetində yazır ki, “Bakı vəkili cənab Əliyev dumada xilafi-şər söz danışıb və övrət məsələsi barəsində belə və belə rəy verib. Gərək o vəkili müsəlman qaydasınca səngsar etmək”.

“Ülfət” qəzetinin bir nüsxəsi gəlib çıxır Şamaxıya və həmin gün şəhər bir-birinə dəyir və Peterburqa teleqram çəkilir ki, “vəkilimiz danışan sözə biz razı deyilik; əgər sözünü geri götürməsə, şəhərə qayıdanda Girdmançaya basıb boğarıq”.

Allah şeyx Fəzulullahı salamat eləsin!


Budur haman hacı molla Rəşid İbrahimov və hər kəs mənim sözlərimə inanır, insansın, hər kəs inanmır, and olsun “Güllük” məscidindən dörd ədəd xalça oğurlayıb, Nuxaya aparanda tutulub Car qalasına göndərilən molla Alışan əfəndinin kardon papağına ki, bu dediklərim başdan axıradək düz və doğrudur.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 16 may 1910, №19

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Kooperativ

Dünən baqqal Məşədi Qulam gəlmişdi idarəmizə. Deyir:– Dükanımı yığışdırıram.

2 min
Cərimə

Sən nə qədər istəyəsən ki, “Naloq”dan yana kəndlinin yükünü yüngülləşdirəsən. Sən əgər belə tutaq ki, istəyəsən kəndlidən heç bir qəpeyk də “Naloq” almayasan, yenə kəndlinin vergi barəsində elə bir böyük dərdi var ki, heç indi sənin xəyalına gəlmir.Bu dərdin adı cərimədir.

1 min
İnna Lillahi və İnna ileyhi raciun

Xülaseyi-kəlam, bu dünyada hali-həyatımızda nə qədər məsciddən və minbərdən qaçmaq istəsək, yenə öləndən sonra məscidə qayıdacağıq və biz özümüz öləndən sonra məscidə getmək istəməsək, yenə dost-aşnalarımız gəlib, qohum-qardaşlarımıza nəsihət eləyəcəklər ki, cənazə Təzəpir məscidinə aparılmayınca dəfn olunmasın.Qəzetlərdə böyük xətt ilə elanlar yazılacaq ki: “Şura qulluqçusu filanın vəfatı kəmali-təhəssürla dost və aşnalara xəbər verilir və mərhumun cənazəsi saat 10-da Təzəpir məscidindən götürülüb, filan Şura idarəsi qabağında dayandırılıb, idarə yoldaşları tərəfindən nitqlər söylənəndən sonra, qəbiristana aparılacaqdır”.

2 min
Dinsizlik

Pənah aparıram bir Allaha ki, onun mərhəmətinin intəhası yoxdur. Və məhz belə bir Allahın mərhəmətinə arxalanıb, bu aşağıdakı sözləri cürət edib yazıram. Yoxsa, bu sözlərin hər birindən qan qoxusu gəlir.Söhbət Holbax filosofun barəsindədir. Bu şəxs, Fransanın ən məşhur filosoflarındandır ki, on səkkizinci qərinədən bu günə kimi bunun kitabları Avropanın cəmi darülfünunlarında oxunur.

2 min

Poems by other poets · Satire