Dinsizlik
Pənah aparıram bir Allaha ki, onun mərhəmətinin intəhası yoxdur. Və məhz belə bir Allahın mərhəmətinə arxalanıb, bu aşağıdakı sözləri cürət edib yazıram. Yoxsa, bu sözlərin hər birindən qan qoxusu gəlir.
Söhbət Holbax filosofun barəsindədir. Bu şəxs, Fransanın ən məşhur filosoflarındandır ki, on səkkizinci qərinədən bu günə kimi bunun kitabları Avropanın cəmi darülfünunlarında oxunur.
Amma çifayda! Ax, ax...
İnsanlar necə qəflətdə imişlər, gör nəyə etiqad ; edirlər, gör nəyə etina edirlər və gör nə cür cəfəngiyatın adını “elm” qoyub, onu hələ darülfünunlarda da təhsil edirlər!
Kimdir Holbax və nədir bunun yazdığı?
Vallah, billah, heç bir şey deyil: bu dinsiz filosof gör nə deyir: deyir ki, Allaha isnad verilən sifətləri biz maddədə görürük, yəni Allahın özü gözə görünən kainatın içindədir və bəlkə həmin kainatın özündən ibarətdir.
Holbax filosofun bu fitnə-əngiz sözünün nəticəsi olaraq Qərb maddiyyunları öz tutduqları batil yolda daha da bərkiyib, bari pərvərdigarın varlığını elə qırmızıca inkar eləməyə başladılar ki, Qərb məmləkətlərində və ələlxüsus Almaniyada bu iki yüz illik müddətində dinsizlər cəmiyyətləri və mülhidlər klubları ələni surətdə yaşamağa başladılar.
Qardaş, axı bu nə işdir? Bu nə həngamədir? Necə yəni dinsizlik, necə yəni Allahsızlıq?
Doğrudur, bu sözlərin biz müsəlmanlara dəxli yoxdur; bu söhbətlər xaçpərəstlərin aləmində baş verib, yaxşısı və yamanı onlara racedir və inşallah-taala biz pak müsəlman millətləri bu növ fəsaddan uzağıq (təşəkkür edirəm xudavəndi-aləmə). Amma bununla bərabər Holbax kimi bir ərbabi-fəsadın kitabları bu axır vaxtlarda bir para mərdümazar kitabfü-ruşların cib mənafeyi babətindən kitab mağazalarında gözə çarpmağa başlamışdır. Cəmi cavan tələbələrimizi xəbərdar edirəm ki, məbada öz milli şairlərimizi qoyub, Holbax filosofiyası kimi hədərən və pədərənə yavuq düşələr.
Nümunə üçün o kitabların birindən bir neçə sətri burada yazdım. Əgər o sözləri yazanın bir zərrə qədər insafı varsa, Allah mənə lənət eləsin! Gör zalım oğlu nə yazır:
“Avam məxluq deyir – Allahür-rəhmanür-rəhimdir. Amma bir insana rast gələ bilməzsən ki, bu dünyada Allahın sayəsində özünü xoşbəxt hesab edə.
Deyirlər – Allah adildir. Bir surətdə ki, yaranmışların biri yağla bal içində üzür, biri gecələr soyuqda qır tiyanlarının altında yatır.
Deyirlər – Allah hər şeyi görür. Amma görürük ki, bir quldur yazıq bir yol adamının başını kəsir ki, iki qəpik puluna sahib olsun. Bunu görə-görə o quldura demir ki, qan tökmə”.
Xülasə, filosof belə-belə hədyandan çox danışır.
İndi mən cavanlarımızdan soruşuram; insafdırmı öz milli şairlərimizin kitablarını qoyaq və gedək Holbax kimi Allahı danan filosofların kitablarına öz əlimizlə pul verək, alıb oxuyaq (Yaxşıca mabədi var).
Dəli
“Molla Nəsrəddin”, 29 noyabr 1924, №25
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-dinsizlik
Use ← → keys to move, R for a random poem
More by this author
Nəzm ilə*Şairlərimiz şəhərlərdən belə xəbər verirlər:
Sən qanmasanSən qanmasan, eybi yoxdur, utanma,Çünki mən qanıram, mən utanıram.
YorğanÇün yoxdu pulun ətləsə, dibayə, qumaşə,Çün çatmır əlin küftəyə, bozbaşa və aşə,
MürəbbeAnın üçün uymaz qeyriyə könlüm,Bir əcəb molladır mənim sevdiyim,
Poems by other poets · Satire
Çox da Rusiyyədə nəşr oldu ədalət, bizə nə?Qoymuruq biz ki, ona zərrəcə qiymət, bızə nə?
Olacaq(Olacaq-olmayacağa cavab)Uyaraq molla, seyid məkrinə, sapsam yoldan,
Saqi dolanım başına, Allahi sevərsənSaqi, dolanım başına, Allahı sevərsən,Bir cami-şoveqgun ilə qıl könlümü rövşən.
Fə’lə, özünü sən də bir insanmı sanırsan?!Fə’lə, özünü sən də bir insanmı sanırsan?!Pulsuz kişi, insanlığı asanmı sanırsan?!