Page 2 of 3 · 33%

R ü s t ə m b ə y (Mirzə Bəxşəliyə, zəng çala-çala). Cənab, Mirzə, məni bağışlayasınız, xahiş edirəm sözümü qurtarmamış sözümü kəsməyəsiniz. Bəli, heç eybi yoxdur, danışmaq istəyirsiniz, izahat veriniz. Amma xahiş olunur bəyanatınızı müxtəsər söyləyəsiniz.

M i r z ə B ə x ş ə l i (durur ayağa və əlində bir yekə, dəridən cildi, köhnə müsəlman kitabı);

-Gülbahar diqqət ilə qulaq asır.*

Əzayi-giramdan üzr istəyirəm ki, zeyldə məruzeyi-mühəqqərim ağayani-büzürgüvarın dərdi-sərinə şayəd səbəb ola. Ağama ərz olsun ki, elmi-ilahi dərsləri, elmi-nücum dərsləri, heyət dərsləri və xülasətül-hesab dərsləri məktəb proqramlarında,--necə ki, şayistə və əlzəmdir,--arayişt olunmuyub ki, aya xüsuf və küsuf məsələləri bu saydığınız fünunun hansı birisinin dairəsində təhsil olunasıdır və fövqəzzikr fünun hansı müəllimin öhdəsində və təhti-cəvabdehliyindədir. Bəndəyə mühəvvəl olunan elmi-əqdəsi-ilahi dərsləri dövri-ibtidasından--necə ki, məlumdur,--bisti həştümi-rəbiüssani, yövmi-cəharşənbə, qütrün əsəblərinin iki dangı və şəmsin qürsünün tamam səhifəsinin dang yarımı rəs üqdəsinin həvalisində mütəkəssif olub, yəni bəistilahi-türk, gün tutulub və həmin küsuf gün çıxandan beş saat on üç dəqiqədə vaqe olub. Əzayi-əncümən həzrətlərinin hüzuri-mübarəklərinə ərz olsun ki, küsufun keyfiyyəti və onun övzaı küreyi-ərzin cəmi biladlarında müxtəlif surətdə zühr edibdir və məhz küsuf nəqşəsinin naziri-möhtərəmlərinin ittilaından ötəri, bəndeyi-həqir o fikirdə oldum ki, bir tərəfdən əsəri-pürsəməri-cənab fəxamətnisab, Mirzə Həsən xan Nəcmülmülk, əxəvizadeyi-cənab Hacı Nəcmüddövləni dəsturil-əməl mənziləsində tutub, digər tərəfdən heyət elmindən əxz və Şərq üləması tərəfindən təsdiq olunmuş kəvakibi-səyyarənin hərəkatının bəyanatından müstəfid olub, millət balalarına həmin ülumun fəvaidini ixtisar edibən növcavanların nəzəri-diqqətlərinə təbliğ edim.

-Camaatdan və üzvlərdən çoxu mürgüləyir; Zəhra bəyim və Gülbahar da mürgüləyir.*

M i r z ə B ə x ş ə l i (Mirzə Məhəmmədəliyə). Buyur, ağa, növbət sizindir.

M i r z ə M ə h ə m m ə d ə l i (durur ayağa). Fəsli-nozdəhhüm dər bəyani-küsuf və xüsuf; yəni ayın və günün tutulmağı….

Z i v ə r x a n ı m (yavaşca Rüstəm bəyə). Nelzya li sokratit reçi oratorov?

M i r z ə M ə h ə m m ə d ə l i. Əhval ki, kövkəblərə ariz ola, haman övzada ki, bir-birinə nisbətləri var, əz on cümlə haman əhvaldır ki, qəmər şəmsə ariz ola və bir surətdə ki, qəmər bir kəsif cinsdir və afitabdan kəsbi-nur eləyir və çün….

T e y m u r b ə y. Mənim qanacağıma görə, bu qədər təfsil verməyin lüzumu yoxdur.

M i r z ə M ə h ə m m ə d ə l i (hirsli və ucadan). Necə yəni lüzumu yoxdu?

-Camaatın içinə danışıq düşür; bir neçələri deyir: "lüzumu yoxdur", bir parası deyir: "qoy sözünü desin"*

M ə k t ə b ş a g i r d i b a ş ı n d a p a p a q. Küsuf, yəni afitab giriftəgi on halət əst ki, qəmər miyani-afitab hail başəd və küsuf vaqe olanda həmin duanı oxuyurlar: bismillahir-rəhmanir-rəhim, rəbbəna atina fiddünya….

-Mirzə Bəxşəli, Mirzə Məhəmmədəli əllərini qoyurlar həmin şagirdin çiyninə.*

R ü s t ə m b ə y. (zəngi çalır). Ağalar, əzayi-məclis xahiş edir ki, bəyanatı tamam edək və dəxi danışmağa ixtiyar verməyək. Kim buna razıdır, dursun ayağa.

-Üzvlər təmamən durur ayağa, Mirzə Məhəmmədəli başını bulaya-bulaya gedir oturur yerində və bir neçə dəfə deyir: "necə lüzumu yoxdur?".*

R ü s t ə m b ə y (zəngi çalır və bir kağız alır əlinə). Camaat, xahiş olunur acların ərizələrinə qulaq verəsiniz. Ərizə müsəlman cəmiyyəti-xeyriyyəsinə Məşədi Cəfər usta Mehdi oğlu tərəfindən. Ərizədə yazılıb ki, "mən qoca və şikəst adamam və on iki nəfər külfətim var, yomiyyə çörəyinə möhtacıq; cəmiyyəti-xeyriyyədən beş-on manat çörək pulu istəyirik ki, nə qədər canımız sağdır, sizə duaçı olaq".

-Haman ərizə sahibi Məşədi Cəfər yeriyir camaatın içinə və ağlaya-ağlaya pul istəyir.*

R ü s t ə m b ə y. Ağalar, bu barədə sözü olan danışsın.

T e y m u r b ə y. Mən elə bilirəm ki, cəmiyyəti-xeyriyyə bu məsələyə indi əl vura bilməz. Səbəb budur ki, keçən iclasda da acların ərizələrinə kifayət verilmədi və verilməməyinin də səbəbi budur ki, cəmiyyətin sandığında olan pulları zapasnoy fonda qoymaq söhbəti ortalığa qoyulubdur.

R ü s t ə m b ə y. Belə olan surətdə acların ərizələrini bu günkü məclisdə müzakirəyə qoymaq olmayacaq.

-Üzvlərin bir neçəsi deyir: "xeyr, olmayacaq"; bir neçəsi deyir: "gərək müzakirəyə qoyulsun"*

R ü s t ə m b ə y (zəngi çalır). Ağalar, acların ərizələrinə bu gün kifayət vermək istəyənlər dursunlar ayağa.

-Durur ayağa Zivar xanım və Münəvvər xanım.*

R ü s t ə m b ə y (Teymur bəy ilə pıçıldaşandan sonra). Camaat, cəmiyyəti-xeyriyyə belə qərar qoydu ki, acların ərizəsi mövcibincə acların halını yoxlamaq və onların həqiqətdə möhtac olmaqlarını təhqiq eləməkdən ötrü əlahiddə komissiya təyin olunsun və bu səbəbdən həmin məsələnin müzakirəsi bundan sonrakı iclasa qalmağı qərar verildi.

-Aclar ağlaşır. Zivər xanım durur gedir. Məşədi Cəfərə bir gümüş pul verir.*

Z i v ə r x a n ı m. Doğrusu, mənim bu kişiyə yazığım gəlir. Kakoy on jalkiy! İ navernoye qolodnıy.

-Qapıda görsənir Qənbər, Qurban və Zaman. Qurbanın və Zamanın hərəsinin bir əlində uzun çomaq, bir əlində dəstmal bağlaması.*

Z a m a n (kobud çoban səsi ilə). Burdadımı o mal həkimi?

-Camaaat üzünü çöndərir çobanlara tərəf.*

Q ə n b ə r (Zamana). Ədə, heyvan, ədəbli danış. Ağalardan ayıbdı!

R ü s t ə m b ə y (Qənbərə). Qənbər, bir az dayanın, məclis qurtarsın, sonra danışarıq. (Üzünü Aslan bəyə tutur, yavaşca). Aslan bəy, bu bizim sərkarımızdı, o ikisi də qonşu çobanlarındandı. Dünən gəlmişdilər, deyirdilər ki, qoyunlara bir azar düşüb. Cəmiyyət dağılandan sonra bir qədər ayaq saxla, bəlkə bunlara bir dava deyəsən.

A s l a n b ə y. Yaxşı, qalaram.

Q u r b a n (acların ağlamağına diqqət salır və deyir). A balam, niyə ağlayırsınız?

M ə ş ə d i C ə f ə r. Ay qardaş, vallah, acıq. Üç gündü dilimizə çörək dəyməyib.

-Bunu eşidəndən sonra Qənbər, Qurban və Zaman bağlamanın birini açırlar və üç nəfər acların hərəsinə bir çörək və çörək üstə yağ qoyub verirlər.*

A c l a r (çobanlara). Ay qardaşlar, allah sizə kömək olsun, allah atanıza rəhmət eləsin.

Z a m a n. Nuş-can olsun, qardaşlar. Doyunca yeyin. Doymasanız, genə verərik.

-Cəmiyyət durur ayağa və acların yeməyinə tamaşa edir. Gülbahar da diqqət ilə baxır çobanlara.*

R ü s t ə m b ə y. Qospoda, zasedaine obyavlyayu zakrıtom.

-Cəmiyyət əl-ələ verib istəyir çıxa gedə və sonra yenə qayıdıb, aclara tamaşa edir. Xanımlar da qabaqca bir-birilə öpüşür və sonra hazırlaşır çıxmağa. Hamının nəzəri çobanların aclara çörək verməyindədir.*

R ü s t ə m b ə y. Qənbər, Qənbər, yavuğa gəl, sözünü de.

-Qənbər, Qurban və Zaman gəlir qabağa, Aslan bəyin yanına.*

A s l a n b ə y. Yəqin ki, qoyunlarda yara görsənir.

Q ə n b ə r. Bəli, yaralananı da olur, amma yaranın dilini biz bilmirik; qara nöyüt sürtən kimi yaxşı olur. Amma qızdırmanın çarəsini bilmirik.

-Üzvlər çobanların danışağına qulaq verir.*

A s l a n b ə y (bir qədər fikirdən sonra). Yaxşı, bir mənə deyin görüm, qoyunun yarasını siz dezinfeksiya eləyirsinizmi?

Q ə n b ə r. Qanmadıq, həkim ağa.

Q u r b a n. Başa düşmədik, qurbanın olum.

Z a m a n. O nə sözdür, başına dolanım.

-Camaat gülüşür.*

A s l a n b ə y. Bir də mənə deyin görüm, qoyun yaralananda onun temperaturasını ölçürsünüzmü?

Q ə n b ə r. Qanmadıq, həkim ağa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poçt qutusu

Lənkəranda Məşədi Oruc Heydərəli oğluna:Göndərdiyiniz məqaləni çox razılıqla çap edərik, bu şərtilə özünüz Tiflisə təşrif gətirib yazdığınız məqaləni oxuyasınız.

1 min
Niyə məni döyürsünüz?

A mollalar, niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? Olmaya qorxursunuz ki, əyilib camaatın qulağına bir neçə söz pıçıldayam, bir neçə mətləblərdən agah edəm? Olmaya qorxursunuz ki, məcmuənin vərəqlərini nökərlər samavar alışığı edə-edə və şəkillərini uşaqlar oynada-oynada axırda camaat gözünü açıb bəzi işlərdən xəbərdar ola? Olmaya siz başa düşürsünüz ki, bir məmləkətdə iki padşah və bir əsrdə iki molla ola bilməz: ya Molla Xəsrəddin, ya Molla Nəsrəddin?Heç eybi yoxdur, döyürsünüz döyünüz. Amma bunu da biliniz, ey mollalar ki, günlər dolanar, sular axar, zəmanə təzələnər və axırda yetim-yesir və keçəl-küçəl qardaşlarım dostu ilə düşmənini tanıyıb haman yoğun dəyənəkləri sizin əlinizdən alar və başlar… dəxi dalısını demirəm.

3 min
İran təqvimindən

Bu il həmişəki kimi çox toz olacaq. Hərgah yağış yağsa, yerdən nəbatat çox göyərəcək. Sel gəlsə dam-daşı dağıdacaq. Yayda istidən odun təsiri olmayacaq. Böyük kimsələr kiçiklərin sözünə baxmayacaqlar. İran tərəqqi edəcək, Yaponiya tənəzzül. Əgər 1906-cı ildə ixtişaşi-inqilab qeyri – məmləkətlərdə zühur etsə, İranda və Qafqaz müsəlmanlarının arasında meymun oynatmaq və əl quşu saxlamağa bir tərəfdən maneçilik olmayacaq. Bir para millətlərin içində rəylər müxtəlif olacaq.Osmanlı ilə Bolğariya ya dava edəcək, ya etməyəcək. Dava etsə ya Osmanlı basacaq, ya Bolğariya.

1 min
Bir para hikmətli danışıqlar

– Məşədi Pirqulu, nə qayırırsan?– Heç zad.

1 min

Poems by other poets