Hey, necə gördün?

A rəhmətliyin oğlu, bu qədər mərəkə və qilü-qaldan sonra yenə mülkədarlıqdan əl çəkmirsən?

Zalım oğlu, qurd ürəyi yeyib.

Bax, gör, nadinc “Kommunist” qəzeti nə yazır:

Yazır ki, Muğan inşaat idarəsi Azərbaycan Xalq torpaq komissarlığı ilə Muğan səhrasında icarəyə götürmüş olduğu yerlər xüsusunda bağladığı müqavilənamə mövcibincə icarəyə götürdüyü həmən yerləri təsərrüfat qaydasınca öz qüvvəsilə abad etməli və kəndlilər də həmən qaydadan istifadə etməlidirlər. Amma torpaq komissarlığına çatan məlumata görə idarə həmən torpaqları öz qüvvəsilə abad etmək əvəzinə əkin və otlaq parçalarını ağır qiymətlərlə yerli kəndlilərə icarəyə verməkdədir.

Məsələn: Qanuna qərar qoyulduğu vəchlə məhsulatın onda bir, fağır kəndlilərdən isə on beşdə bir hissəsini icarə haqqı olaraq almaq əvəzinə, əkin yerlərindən onda üç və hətta bəzi vaxt məhsulatın yarısını almaqdadır.

Otlaq yerlərindən 1914-cü ildə davam edən icarə vergisinin bir desyatininə 20-25 qəpeyk miqdarı əvəzinə hər desyatindən bir manatdan iki manata qədər icarə vergisi almaqdadır.

Buna görə Xalq torpaq komissarlığı Muğan inşaat idarəsinə qəti surətdə təklif edir ki;

Həmən torpaqlar kəndlinin ehtiyacı üçün icarəyə verildiyi halda, yuxarıda göstərilən qanunu qiymətlərdən artığına pul verilməsin. Qanundan kənar qiymətlərlə kəndlilərlə bağlanmış müqavilənamələr dərhal həmin qanuni qiymətlərə çöndərilməlidirlər.

Sözün doğrusu, mən bu məqaləni zarafat üçün yazıram. Çünki əbəs yerə Muğan idarəsinin ürəyini sıxırlar.

Əgər Muğan idarəsi istəyir cəmi yer üzünün mülkədarları kimi heç zəhmət çəkməyə-çəkməyə fağır-füqəra zəhmətkeş kəndlilərin qantər altında qazandıqları mənfəəti asanca ciblərinə doldursun.

Bu özü də Allah məsləhətidir. Əlbəttə, kəndlilərin alnına belə bir müşkül qisməti rəhim Allah öz əli ilə yazıb.

Biz bəndələrin Allahın işlərinə qarışmağa haqqı yoxdur.

Cırcırama

“Molla Nəsrəddin”, 6 dekabr 1924, №26, səh. 4

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire